Cəbrayılda hərbçi minaya düşərək həlak oldu - YENİLƏNİB
Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Musazadə Əsgər Nicat oğlunun partlayış nəticəsində ölməsi faktı əsasında Füzuli Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.
Sonxeber.az xəbər verir ki, fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır.
10:36
Cəbrayılda hərbçinin minaya düşərək həlak olması faktı ilə bağlı araşdırma aparılır.
Sonxeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Musazadə Əsgər ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.
10:07
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna aparılıb.
Ə.Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Sonxeber.az

Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş