Müdafiə çıxışları bitdi - Arayikgil son söz deyəcəklər

Müdafiə çıxışları bitdi - Arayikgil son söz deyəcəklərErmənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 4-də davam etdirilib.

"Qafqazifno" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclası təqsirləndirilən şəxslərin müdafiəçilərinin çıxışları ilə davam etdirilib.

Təqsirləndirilən Davit İşxanyanın müdafiəçisi Aqşin Məmmədli çıxışında deyib ki, məhkəmənin vəzifəsi yalnız ittiham aktında göstərilən məsələləri yoxlamaq deyil, həm də ədalət prinsipini, qanunların aliliyini və təqsirsizlik prezumpsiyasını təmin etməkdir. Mövcud qanunvericiliyin, eyni zamanda, Cinayət Məcəlləsinin tələbinə əsasən hökm yalnız şübhəsiz və qəti sübutlar əsasında çıxarılmalıdır.

O, D.İşxanyan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

D.İşxanyanın digər vəkili Elçin Əmirov da müdafiəçisi olduğu şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən Levon Balayanın müdafiəçisi Vəfa Mehdiyeva çıxışında vəkili olduğu şəxsin ifadəsinə istinadla deyib ki, o, 1995-1998-ci illərdə Şuşada, Xankəndidə və Xocalıda yerləşən nömrələrini xatırlamadığı hərbi hissələrdə əsgər kimi xidmət edib. Bu müddətdə ona "AKS 74" konstruksiyalı avtomat silah təhkim olunub.

Vəkil hüquqlarını qoruduğu şəxsin əməllərində cinayət tərkibinin əlamətlərinin olmadığını deyib və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

L.Balayanın digər vəkili Saqi Məmmədov da hüquqlarını müdafiə etdiyi şəxslə bağlı bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən Davit Allahverdiyanın müdafiəçisi Nizami Əliyev deyib ki, hüquqlarını qoruduğu şəxs özünü elan olunan ittihamlarda təqsirli bilmir. O bildirib ki, D.Allahverdiyana qarşı irəli sürülmüş sübutlar əsassızdır və mötəbər deyil. Müdafiəçi D.Allahverdiyan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Onun digər vəkili Elməddin Məmmədov da özündən əvvəl çıxış etmiş müdafiəçinin çıxışında göstərilən xüsusatlarla razılaşdığını deyib.

Təqsirləndirilən Erik Qazaryanın müdafiəçisi Natiq Mustafayev çıxışında hüquqlarını qoruduğu şəxsin özünü təqsirli bilmədiyini, silahını təhvil verərək Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinə könüllü təslim olduğunu bildirib. O, E.Qazaryan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Melikset Paşayanın müdafiəçisi Elnaz Səmədova hüquqlarını qoruduğu şəxsin heç bir aktiv döyüşdə iştirak etmədiyini söyləyib. Vəkil deyib ki, M.Paşayana elan edilmiş ittihamlar öz təsdiqini tapmır, bu səbəbdən də ona bəraət verilməlidir. O, M.Paşayan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən Levon Mnatsakanyanın müdafiəçiləri Oqtay Mədətov və Xəyyam Əsgərov hüquqlarını qoruduqları şəxsin özünü təqsirli bilmədiyini deyərək, onun barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş ediblər.

Təqsirləndirilən şəxs Bako Sahakyanın müdafiəçisi Nigar Mirbabayeva deyib ki, hüquqlarını qoruduğu şəxs arxa cəbhədə xidmət edib, mülki şəxs kimi çalışıb və onun vəzifələrinə ərzaq və geyimin paylanması, dərmanların təminatının təşkili daxil olub.

Vəkil bildirib ki, onun təcavüzkar müharibənin planlaşdırılmasında iştirakı olmayıb, mülki əhaliyə qarşı əməliyyatlarda iştirak etməyib, fəaliyyəti əsasən humanitar xarakter daşıyıb.

N.Mirbabayeva söyləyib ki, B.Sahakyanın hərəkətləri qanuni vəzifələrinin sərhədlərini aşmayıb və heç bir cinayəti törətmək məqsədi daşımayıb. Vəkil bildirib: "Bu şəxs cinayətkar deyil, faciəli bir dövrün canlı şahididir".

O deyib ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.2.3-cü və 42.2.4-cü maddələrinə əsasən, ittihamın təqdim etdiyi dəlillər Bako Sahakyanın təqsirini sübuta yetirmək üçün kifayət qədər əsas vermir. Onun sözlərinə görə, təqsirləndirildiyi cinayətlərin törədilməsinə aidiyyəti olmaması sübut edildiyindən bəraət hökmünün çıxarılması yeganə ədalətli və hüquqa uyğun qərar olardı.

B.Sahakyanın digər vəkili Gülarə İsmayılova müdafiə etdiyi şəxsə bəraət verilməsini məhkəmədən xahiş edib.

Təqsirləndirilən Qarik Martirosyanın müdafiəçisi Rəşadət Axundov deyib ki, hüquqlarını qoruduğu şəxs ifadəsində özünü təqsirli bilməyib. Vəkil bildirib ki, Q.Martirosyanı cinayətkar birliklə bağlayan dəlillər müəyyən edilməyib. O, "hərbi hissədə" sıravi əsgər kimi xidmət edib, sonradan aylıq ödəniş müqabilində posta çıxıb. Müdafiəçi Q.Martirosyan barəsində ədalətli hökm çıxarmağı məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs Arayik Harutyunyanın müdafiəçisi Cavid Rzazadə çıxışında hüquqlarını qoruduğu şəxsə qarşı irəli sürülmüş ittihamlarla razılaşmayıb.

Müdafiəçi 2020-ci ildə 44 günlük müharibə dövründə Gəncənin raketlərlə vurulmasından da danışıb. Bildirib ki, müvafiq qərarları (Gəncənin və digər şəhərlərin raket atəşinə tutulmasını – red.) təqsirləndirilən şəxs verməyib, həmin raketlərin Ermənistan rəhbərliyinin əmri ilə həmin ölkənin ərazisindən atıldığı həm istintaq materiallarından, həm də işin faktiki hallarından birmənalı şəkildə məlum olur.

Vəkil qondarma rejimin "ordusu"nun Ermənistan silahlı qüvvələrinə tabe olduğunu və bu faktın ittiham tərəfindən təkzib edilmədiyini, həmçinin uzaqmənzilli raketlərin vaxtilə işğal edilmiş ərazilərdə deyil, Ermənistanda olduğunu bildirib.

A.Harutyunyanın digər vəkili Anar Məmmədov çıxışında deyib ki, müdafiə etdiyi şəxsə qarşı elan olunan ittihamlar sübut olunmayıb.

O, A.Harutyunyanın əməlində cinayət tərkibi olmadığını deyərək bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Məhkəmə prosesi dekabrın 11-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 672   Tarix: 04 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021