Azərbaycanda baş vermiş müəmmalı QƏTLLƏR
Baxdığımız xarici və yerli dedektiv seriallarda polislər və ya dedektivlər təxminən, bir saatlıq müddət ərzində baş vermiş cinayətlərin üstünü açır, qatilləri tapır. Təəssüf ki, həqiqətdə belə deyil. Cinayət hadisələrinin üstünü açmağa aylar, illər sərf edilir.
Düzdür, müasir dövrdə texnologiyadan istifadə etməklə ən qatı cinayətlərin də üstünü açmaq mümkündür. Lakin tariximizdə elə qətl hadisələri baş verib ki, aparılan araşdırmalara, istintaqlara, irəli sürülən müxtəlif fərziyyələrə baxmayaraq, həmin ölümlərin üstünü açmaq mümkün olmayıb. Həmin qətl hadisələrinin üzərindən illər keçməsinə baxmayaraq hələ də bir çox nüanslar müəmma olaraq qalmaqdadır.
Sonxeber.az sfera.az-a istinadən Azərbaycandakı müəmmalı qətlləri yada salır:
Səsboğucusu olan silahdan atəş açıb...
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayev 2009-cu il fevralın 11-də səhər saatlarında, Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı 125 ünvanında yerləşən evinin yaxınlığında başından güllələnib. General-leytenantın olduğu maşının sürücüsü həmin küçənin başındakı zibil qutularının yanında saxlayıb və düşüb zibil torbasını qutuya atıb. Sürücü qayıdıb maşına əyləşənə qədər maşına yaxınlaşan killer arxa sağ oturacaqda əyləşən Rail Rzayevə səsboğucusu olan silahdan atəş açıb. Digər gülləni isə maşının arxa təkərinə vurub. Maşının arxa şüşəsini dəlib keçən güllə Rail Rzayevin baş nahiyəsinə dəyərək həyatına son qoyub. Sürücü maşına əyləşəndə Rail Rzayevin ağzından qan töküldüyünü görüb. Ağlına belə gəlməyib ki, general-leytenantı güllə ilə vurublar, onun infarkt keçirdiyini zənn edib. General Müdafiə Nazirliyinin Mərkəzi Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qətl hadisəsi o dövrdə milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudovun yaşadığı evin eyvanının altında törədilmişdi. Eldar Mahmudov evinin pəncərəsindən baxsaydı, killerin Rail Rzayevin maşınına necə yaxınlaşması, 2 atəş açıb zibil qutularının yaxınlığındakı üzüaşağı – "Sovetski" məhləsinə enən pilləkənlərlə qaçmasının şahidi ola bilərdi. Həmin gün Eldar Mahmudov ölkədə olmadığından qətlə şahidlik edə bilməmişdi. Onun yaşadığı bina qudası Cahangir Hacıyevin o dövrdə rəhbərlik etdiyi "Beynəlxalq Bank"ın əsas ofisinin 2-ci mərtəbəsində yerləşdirdi. Qətl bankın dörd bir tərəfində quraşdırılan müşahidə kameralarının əhatə dairəsində törədilmişdi.
İddialara görə, onun ölümündən sonra üzə çıxan faktlar Rail Rzayevin qətlinin üstünün açılması üçün yetərincə ipucları verirdi. Onu öldürməmişdən 1 həftə əvvəldən izləyiblər. Bunu Rail Rzayev raportla o dövrdə müdafiə naziri və birbaşa tabe olduğu Səfər Əbiyevə, həmin vaxt milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudova bildirib. Amma tədbir görməyiblər. Hər 2 nazir raportu alıb oxuyub bir kənara tulayıblar və ölkədən gediblər. Bir də Rail Rzayevin qətlindən sonra geri qayıdıblar.
Sifarişin tikinti mafiyası, narkoticarət, xarici qüvvələrdən gəldiyi haqda çeşidli məlumatlar vardı.
5 il davam edən istintaq, açılmayan sirr
"Azərnəşr"in direktoru Əjdər Xanbabayev 1990-cu il may ayının 30-da Bakının mərkəzindəcə, naməlum şəraitdə qətlə yetirildi. İş üzrə istintaq beş ildən çox davam etdi. Nəticədə istintaqın əhatə dairəsinə nəinki, Azərbaycanın, bütövlükdə SSRİ-nin taleyini həll edən adamların adı düşdü.
Sonradan hakimiyyətə gələn Heydər Əliyev MTN-dəki çıxışında Əjdər Xanbabayevlə dost olduğunu qeyd etmişdi. Onun sözlərinə görə, Əjdər Xanbabayevin qətli "KQB"-də planlaşdırılıb.
Mahmudovçuların tozlu arxivə göndərdikləri iş
"Monitor" jurnalının təsisçisi və redaktoru Elmar Hüseynov 2005-ci ildə evinin qarşısında naməlum şəxs tərəfindən odlu silahdan istifadə edilməklə qətlə yetirilmişdi.
Qətldən qısa müddət sonra Baş Prokurorluğun istintaqçıları cinayətin ilk olaraq 2 icraçısını - Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevi müəyyən edə bildilər. Qısa zamanda killer dəstəsinə texniki dəstək vermiş Turqay Bayramov həbs olundu. Dəstə üzvü Teymuraz Əliyevin yaxın qohumu olan T.Bayramov istintaqçılara öz qohumunu və onun dostlarını necə qarşıladığını, onlar üçün necə ev tutduğunu, onların öz qurbanını necə izlədiklərini danışdı. Məlum oldu ki, killerlər baş redaktorla fevralın 28-də, Elmar Hüseynov Belçikadan, NATO-nun jurnalistlər üçün təşkil etdiyi konfransdan qayıdan zaman Bakı hava limanında haqq-hesab çəkmək istəyiblər. Bu variant alınmayıb. Martın 1-də qətlin qarşısını Elmar Hüseynovun binanın blokuna uşaqla çıxan və pilləkənlərdə təsadüfən qatillə rastlaşan həyat yoldaşı alıb. Martın 2-də isə killer dəstəsi sifarişi icra edə bilmişdi.
Sonra baş redaktorun qətlində iştirak edən killer dəstəsinin daha 3 üzvü - Arçil Kasiya, Nuqzar Bolkvadze və Serqo Davrişov müəyyən olundu. Onların şəxsiyyəti, qətldən əvvəl qaldıqları ev, Azərbaycana qətl törədilən il yanvar və fevral ayında bir neçə dəfə gəlib-getmələri aydınlaşdırıldı. Məlum oldu ki, dəstə üzvləri sonuncu dəfə Azərbaycanı 2005-ci il martın 3-də, səhər saat 8:24-də (Elmar Hüseynov qətlə yetirildiyi gecənin səhəri) tərk ediblər.
Az sonra cinayət işi Baş Prokurorluqdan alınaraq 2015-ci ildə ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinə verildi. Bu günə qədər cinayət işi yerində saymaqdadır.
Cinayət işinin istintaqı da illər əvvəl dayandırılıb. Hazırda ləğv edilmiş MTN-in istintaqçıları demək olar ki, açılmış işi tozlu arxivə göndərdilər. 10 il sonra, 2015-ci ildə özləri də həmin toz-torpağın içində itib-batdılar.
Qətlin təşkilatçısı kimi, ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Akif Çovdarovun adı hallanır. Onun baş redaktorun qətlinin təşkilatçısı olduğunu 2010-cu ildə jurnalist Eynulla Fətullayev gündəmə gətirib. O vaxt həbsxanadan mediaya göndərdiyi məktubda deyilirdi ki, Akif Çovdarov öz rəhbərliyinin tapşırığı ilə bu və digər qətllərin həyata keçirilməsi ilə məşğul olub. Elmar Hüseynovun qətlini araşdıran İctimai Komissiya üzvlərindən olan Şahbaz Xuduoğlu da mətbuata açıqlamasında deyib ki, apardıqları araşdırmalardan belə qənaətə gəliblər ki, E.Hüseynovun izlənməsinə A.Çovdarov başçılıq edib.
Bu gün artıq məhkəməsi keçirilən A.Çovdarova verilən ittihamlar sırasında E.Hüseynovun qətl işi üzrə epizod yoxdur.
Bir məqalə və həzin son
Azərbaycanlı yazıçı, həkim, filosof Rafiq Tağı 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1990-cı ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib.
2006 -cı ilin noyabrında Bakıda nəşr olunan "Sənət qəzeti"ndə çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə həbs olunaraq, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2007 -ci il 4 may tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2011-ci il noyabrın 19-da naməlum şəxslər onu bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Əməliyyatdan sonra vəziyyəti bir müddət stabilləşən yazıçı bu ərəfədə jurnalistlərin suallarını cavablandırmış, hücumun oğurluq motivli olduğuna inanmadığını, "İran və Qloballaşma qaçınılmazlığı" məqaləsi ilə bağlı ola biləcəyini qeyd edib. Rafiq Tağı 2011-ci il noyabrın 23-də Bakının 1 saylı xəstəxanasında vəfat edib.
Akademikin qətlindəki suallar
Z.Bünyadov 1997-ci il, fevralın 21-də öz doğma vətənində evinin önündə qətlə yetirilib. Üzərindən illər keçməsinə baxmayaraq, hələ də bu sual aktual olaraq qalır: akademik niyə və kim(lər) tərəfindən öldürüldü?
Bu suala indi cavab vermək mümkün deyil. Lakin ehtimallar hər zaman var…
Qeyd etdiyimiz kimi, Ziya Bünyadov evinin qarşısında xüsusi amansızlıqla qətlə yetirilib. Bu qətl həmin vaxt həm ölkədə, həm də beynəlxalq aləmdə böyük səs-küyə səbəb oldu. İctimaiyyəti akademiki öldürənlərdən daha çox, qətli kim(lər)in sifariş etdiyi maraqlandırırdı. Ancaq istintaq cəmiyyəti maraqlandıran bu suala inandırıcı cavab tapmadı. Daha sonra qətl "Ceyşullah" dini təşkilatı ilə əlaqələndirildi.
Ümumiyyətlə, heç bir şübhə yoxdur ki, Ziya Bünyadovun qətl işi nə vaxtsa yenidən araşdırılacaq və bütün şübhəli, qaranlıq məqamlara aydınlıq gətiriləcək. Çünki ortada cavabını gözləyən onlarla suallar qalır.
Misal üçün, qətlin təşkilatçıları sayılan Tariyel Ramazanov və Cavanşir Aslanov 2000-ci ildə istintaq tərəfindən müəmmalı şəkildə azadlığa buraxılıb və onlar ölkədən qaçıblar.
Qətlin icraçısı sayılan, yəni akademikə atəş açan şəxs – DİN-in keçmiş zabiti Qabil Babayev isə ölkədən çıxmaq istəyərkən sərhəddə öldürülüb. Bu dəhşətli cinayətlə bağlı Abşeron rayonunun sabiq icra başçısı Adil Nağıyevin oğlu Nizami Nağıyev və bir neçə Lənkəran sakini ittiham olunub və onların bəzilərinə ömürlük, bəzilərinə isə 10-15 il həbs cəzası verilib. İstintaqın versiyasına görə, bu şəxslər İranda təlim görüblər və "Ceyşullah"ın sifarişilə Ziya Bünyadovu qətlə yetiriblər.
Təhlükə mənbəyi...
Azərbaycanda Xalq Biliciləri və Ekstrasensləri İttifaqının, Parapsixoligiya və İlahiyyat İnstitutunun yaradıcısı, ekstrasens Etibar Erkin (Məmmədəliyev) 1999-cu il yanvarın 14- iki oğlu ilə birgə Bayıl qəsəbəsində yerləşən evində qətlə yetirilir. Qətlin "Ceyşullah" radikal dini qruplaşma tərəfindən törədildiyi elan olunub. E.Erkinin qətlinin əsas səbəbi də məhz onun görücülük qabiliyyəti və güclü parapsixoloq olması ilə bağlı idi. Ancaq mərhumun yaxınları bu versiyanı inandırıcı saymırlar. Vaxtilə E.Erkinin öldürülməsinin üstünü açmağa yaxın olan tanınmış kriminalist Rövşən Əliyevin qətlindən sonra bu barədə danışmaq çoxları üçün təhlükə mənbəyi kimi göründü.
Ekstrasensin qətlinin "Ceyşullah" tərəfindən həyata keçirilməsi versiyası da ortaya atılıb. O zaman belə məlumatlar var idi ki, Etibar Erkini öldürən "Ceyşullah" dini təşkilatının üzvü ekstrasensi guya şeytani əməllərlə məşğul olduğu üçün öldürdüyünü elan edib. Həmin şəxs hazırda ömürlük həbsdədir və əfv olunmaq üçün bir neçə dəfə müraciət edib. Hazırda Azərbaycan həbsxanalarında "Ceyşullah"ın üzvü olan xeyli məhbusun cəza çəkdiyi bildirilir.
Bu günə qədər digər müəmmalı qətllərdə olduğu kimi bu işin də istintaqı ilə bağlı şübhələr qalır.
Qızını və arvadını da öldürdülər...
Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş Fərəməz Maqsudov 2000-ci ildə dünyasını dəyişib. 1930-cu ildə doğulan F.Maqsudov 1976-ci ildə Elmlər Akademiyasının müxbir üzvü, 1980-cı ildə həqiqi üzvü seçilib. 1980-1997-ci illərdə eyni zamanda akademiyanın fizika-riyaziyyat texnika elmləri bölməsinin akademik-katibi, 1997- 2000-ci illərdə isə akademiyanın prezidenti olub. F.Maqsudov elmin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə "Əməkdar elm xadimi" adına layiq görülüb, "Xalqlar dostluğu" ordeni ilə təltif olunub. Akademik 300-ə qədər elmi məqalənin və 11 monoqrafiyanın müəllifi olub, onun rəhbərliyi altında 100-dən artıq namizədlik və doktorluq dissertasiyası müdafiə olunub.
F.Maqsudov 1995-ci ildə 5 saylı Culfa seçki dairəsi üzrə deputat seçilmişdi.
2001-ci ildə Fərəməz Maqsudovun evinə silahlı basqın oldu. Həmin basqın zamanı mərhum akademikin həyat yoldaşı Yevgeniya və qızı Elmira öldürüldü, böyük qızı Tamilla isə yaralandı. Həmin vaxt bu qanlı cinayətin tezliklə açılacağı ilə bağlı bəyanatlar səslənsə də, bu günə kimi ortada nəticə yoxdur.
Güllə ilə ağzından vurdular
Digər millət vəkili Əli Ansuxskinin taleyi faciəli olub. 1996-cı ildə güllələnərək öldürülən deputat Əli Ansuxskinin qətli bu günə qədər müəmmalı qalıb. O, bitərəf kimi 1995-ci ildə keçirilən seçkilərdə 54 saylı Balakən seçki dairəsi üzrə deputat seçilib. Deputat ağzından güllələnib. Deputatın qatili olduğu deyilən şəxs həbsdədir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Pensiyalar bu tarixdə tam ödəniləcək
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Meyxanaçı Kərim vəfat etdi
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Sabah hava necə olacaq?
Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO