"Bu müəllimlərin yetişdirdiyi tələbələr ölkəmizin dini sahədəki ehtiyaclarını qarşılamağa yetər" - Aqil Şirinovla MÜSAHİBƏ

"Bu müəllimlərin yetişdirdiyi tələbələr ölkəmizin dini sahədəki ehtiyaclarını qarşılamağa yetər" - Aqil Şirinovla MÜSAHİBƏ"İlahiyyat İnstitutunun peşəkar müəllimlərinin yetişdirdikləri tələbələr ölkəmizin dini sahədəki ehtiyaclarını qarşılamağa kifayət edər"

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov Sonxeber.az saytına müsahibə verib.

Həmin müsahibəni təqdim edirik.

- Aqil müəllim, əvvəlcə İlahiyyat İnstitutuna builki qəbulla bağlı məlumat verməyinizi istərdim...

- Hər il olduğu kimi, bu il də Dövlət İmtahan Mərkəzi vasitəsilə Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə qəbul həyata keçirdi. Dinşünaslıq ixtisası üzrə qəbul test imtahanları vasitəsilə aparılır. Hazırda seçimlər başlayıb. Bitdikdən sonra nəticələr elan olunacaq. Hər il İlahiyyat İnstitutunda ballarımız artan trendlə davam edir. Ümid edirəm, bu il də yüksək nəticələr olacaq. İslamşünaslıq ixtisasında isə test imtahanlarından əlavə, Dövlət İmtahan Mərkəzi vasitəsilə və Azərbaycan İlahiyyat İnstitutunun mütəxəssislərinin, eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mütəxəssislərinin iştirakı ilə testdən sonra Dini-Psixoloji Komissiya müsahibə həyata keçirir. Mən deyərdim ki, bu ixtisasa rəğbət yüksəkdir.

Cəmi 36 yerimiz var, amma bu il 100-dən çox müraciət olmuşdu. Seçim edərkən layiq görülən, biliyi, dünyagörüşü ilə önə çıxan namizədləri komissiyadan keçiririk. Daha sonra isə Dövlət İmtahan Mərkəzi onları ballarına uyğun olaraq yerləşdirir. Bu il də bizə müraciət edən tələbələrin bilik və dünyagörüşü baxımından yüksək keyfiyyətə malik olduğunu deyə bilərik.

- İstər Türkiyədə, istərsə də Azərbaycandakı türk məktəblərində din dərsləri tədris olunur. Bizim məktəblərdə də din dərsləri sistemə salınmalıdırmı?

- Ümumiyyətlə, dini təhsil, onun mahiyyəti və keçirilmə tərzi ilə bağlı müxtəlif modellər mövcuddur. Bu modellərin bir qismi Avropa dövlətlərində, Türkiyədə və dünyanın başqa ölkələrində tətbiq olunur. Deməzdim ki, Azərbaycanda dinlə əlaqəli məlumatlar verilmir. Bildiyiniz kimi, Həyat bilgisi fənninin daxilində dinlə əlaqəli müxtəlif məlumatlar verilir. Bir ilahiyyatçı olaraq, bunun tam mənasında yetərli olduğunu düşünmürəm. Ümid edirəm, bu fənn daxilində dinlə əlaqəli məlumatlar daha keyfiyyətli və geniş formada veriləcək. Bununla əlaqəli müəyyən işlərin görüldüyündən xəbərdaram. Mən dinlə əlaqəli təsviri bir fənnin olmasının tərəfdarıyam. Eyni zamanda, bu dərslər normativ əsaslarla keçirilməməlidir. Yəni, "Bu, düzdür" və ya "Bu, səhvdir" şəklində deyil, ölkəmizdə mövcud olan İslam, Yəhudilik, Xristianlıq kimi böyük dinlər haqqında təsviri yolla verilən məlumatları ehtiva etməlidir. Dünya təcrübəsindən də çıxış edərək bildirmək istərdim ki, dinlə bağlı dərslərin keçirilməsi digər ölkələrdə öz müsbət nəticəsini göstərir. Təəssüf ki, sosial şəbəkələrdə xurafata və bəzən də dözümsüzlük və radikalizmə əsaslanan dini təbliğatın mövcudluğu bir faktdır. Belə təbliğata qarşı cəmiyyəti sığortalamağın ən yaxşı yollarından biri dinlər haqqında elmi metodlara, eləcə də səhih mənbələrə əsaslanan biliklərin verilməsidir.

- İlahiyyat İnstitutunun xaricdə hansı ali təhsil müəssisələri ilə əlaqələri var? Birlikdə hansısa layihələr icra edilibmi? Onlardan bir müəllim, bir tələbə dəvət olunubmu, yaxud bizdən onlara gedən varmı?

- İlahiyyat İnstitutu yarandığı gündən etibarən, müxtəlif ali təhsil müəssisələri ilə münasibətlərimiz mövcuddur. Onların arasında Türkiyə universitetləri xüsusi yer tutur. Türkiyənin Marmara, Ankara, Kırıkkale, 29 Mayıs, Sivas Cumhuriyyət, Kocaeli, Sakarya universitetləri və bir sıra təhsil ocaqlarının adlarını qeyd edə bilərəm ki, bizim onlarla əməkdaşlıq protokollarımız var. Həmçinin Malayziyanın İslam, İndoneziyanın Ahmad Dahlan, Omsk Dövlət universitetləri ilə memorandum imzalamışıq. Eyni zamanda, Moskva İslam İnstitutu, Bolqar İslam Akademiyası, Özbəkistan İslam Akademiyası, Qazaxıstanın Nur-Mübarək Universiteti, Pakistan İslam İnstitutu və bir sıra digər ölkələrdəki universitetlərin bir qismi ilə seminarlar təşkil etmişik. Nümunə kimi Özbəkistan İslam Akademiyası ilə keçirdiyimiz vebinarları qeyd etmək istərdim. Bu vebinarlarda elmi müzakirələrimiz, müxtəlif mövzularda faydalı diskussiyalarımız oldu. Kırıkkale Universiteti ilə birlikdə beynəlxalq simpozium keçirəcəkdik, lakin pandemiya səbəbindən təxirə salındı. Bu yaxınlarda isə Pakistanın Khvaja Farid Universitetinin təşkilatçılığı və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan İlahiyyat İnstitutu , Türkiyənin Üsküdar Universitetinin birgə əməkdaşlığı ilə "XXI əsr humanitar və ictimai elmlərdə yeni trendlər" mövzusunda birinci beynəlxalq konfransı onlayn şəkildə keçirdik. Burada alimlərimiz məruzələrlə çıxış etdilər.

Müqavilələrimizdə qarşılıqlı tələbə və müəllim mübadiləsi öz əksini tapır. Çox təəssüf ki, bu, pandemiya dövrünə təsadüf etdi. Həmin səbəbdən hazırda planlaşdırdığımız proqramları həyata keçirə bilmirik, çünki dərslər onlayn formatda keçirilir. Dünyamız pandemiya ilə yaşamağı öyrənir və həmçinin ümid edirəm ki, tezliklə bunlar bitəcək və birbaşa tələbə-müəllim mübadilələri təşkil edəcəyik.

"Bu müəllimlərin yetişdirdiyi tələbələr ölkəmizin dini sahədəki ehtiyaclarını qarşılamağa yetər" - Aqil Şirinovla MÜSAHİBƏ- İşğaldan azad olunmuş ərazilərimizdə dini mədəniyyət ocaqlarımız məhv edilib. Bununla bağlı İlahiyyat İnstitutu tərəfindən digər universitetlərlə birgə və ya təklikdə həmin abidələr barədə məlumat toplusu, yaxud kitab hazırlamağı düşünürsünüzmü?

- Azərbaycan İlahiyyat İnstitutu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindədir. Komitənin Qarabağda dağıdılmış abidələrimizlə əlaqəli xüsusi nəşrləri var. Eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu bu sahədə fəallıq nümayiş etdirir. Gələcəkdə planımız var ki, bizim mütəxəssislər azad olunmuş ərazilərimizə səfər etsinlər. Həmin bölgələrimizdəki qəbir daşlarının, qədim abidələrin oxunmasına, həmçinin dağıdılmış dini abidələrimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfələrini versinlər. Bununla əlaqəli İlahiyyat İnstitutunun özünün də nəşrləri olsun.

- İlahiyyat İnstitutu yaradılandan etibarən, İran və İraqa din üzrə təhsil almaq üçün gedənlərin sayında azalma varmı?

- Azərbaycan müstəqilliyini əldə etdikdə 70 illik sovet dövründən keçmişdi. O dövrdə, bildiyiniz kimi, dini fəaliyyət ya məhdud idi, ya da ümumiyyətlə qadağan edilmişdi. Buna görə də dini sahədə savadlı kadrlara ehtiyac var idi. İlkin dövrlər üçün bunu ölkə daxilində qarşılamaq mümkün deyildi. Dini tədris, demək olar ki, yox idi. Azərbaycandan bir çox insan buna görə Şərq ölkələrinə, oradakı elmi, dini mərkəzlərə üz tutdu. Azərbaycanda, artıq dini təhsil verən ocaqlarımız var. Müstəqilliyimizin ilk illərindən etibarən, Bakı İslam Universiteti və Baki Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsi fəaliyyət göstərirdi. 2018-ci ilin 9 fevralında isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ilə bağlı sərəncam verdi. Bu sərəncamla BDU-nun İlahiyyat fakültəsi Aİİ-nin strukturuna daxil edildi. Buradakı kadr ehtiyatı, keçirilən dərslərin məzmunu, müxtəlifliyi imkan verir ki, Azərbaycandan kənarda oxumadan, Azərbaycan daxilində yüksəksəviyyəli mütəxəssislər hazırlansın. Biz çox savadlı müəllim ehtiyatına malikik. Onlar istər Şərq, istər Qərblə əlaqəli ətraflı məlumata sahibdirlər. Ərəb dilində, fars dilində mənbələri birbaşa oxuyub araşdıra bilirlər. Bu müəllimlərin yetişdirdiyi tələbələr də, şübhəsiz, Azərbaycanın dini sahədəki ehtiyaclarını qarşılamağa kifayət edər. Magistratura, doktorantura səviyyələrində xarici ölkələrə gedib, oradakı təhsillə maraqlanmağın tərəfdarıyam. Kadr potensialı etibarilə, Azərbaycanda dini sahədə savadlı, eyni zamanda milli kadrların hazırlanmasında İlahiyyat İnstitutunun əvəzsiz rol oynayacağından əminəm.

– İlahiyyat İnstitutunun yerli hansı universitetlərlə əlaqəsi var?

– Əlbəttə, bizim universitetlər arasında istər Bakıda yerləşən, istər bölgələrdə fəaliyyət göstərən ali təhsil müəssisələri ilə əlaqələrimiz var. Bakı Dövlət Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və bir çox universitetlərlə yaxın əlaqələrimiz mövcuddur.

- İlahiyyat İnstitutunda təhsil almaq istəyənlər arasında qızlar, yoxsa oğlanlar üstünlük təşkil edir?

- Mən deyərdim ki, həm oğlanların, həm qızların Aİİ-yə rəğbəti var. Müəyyən ixtisaslar var ki, orada qızları, müəyyən ixtisaslar da var ki, daha çox oğlanları görürük. İlahiyyat sahəsində istər "Dinşünaslıq", istər "İslamşünaslıq" ixtisasları üzrə təhsil alan tələbələrimizə diqqət yetirdikdə, həm qızların, həm oğlanların rəğbət göstərdiklərinin şahidi oluruq.

"Bu müəllimlərin yetişdirdiyi tələbələr ölkəmizin dini sahədəki ehtiyaclarını qarşılamağa yetər" - Aqil Şirinovla MÜSAHİBƏ- İlahiyyat İnstitutu deyəndə, hər kəsin ağlına, sadəcə, dini fənlərin tədris edildiyi gəlir. Bilirik ki, dindən əlavə də digər fənlər tədris olunur. Bu barədə məlumat verməyinizi xahiş edirəm.

- İlahiyyat sahəsinə təkcə teoloji bir sahə kimi baxmaq düzgün deyildir. İlahiyyat İnstitutunda, şübhəsiz, ənənəvi İslam elmlərini öyrədirik. Həmçinin İslam dinindən əlavə, dünyanın böyük dinləri də burada öyrədilir. Dinlər haqqında təkcə ilahiyyat aspektindən məlumatlar vermirik. Eyni zamanda, sosioloji, fəlsəfi, psixoloji aspektlərə diqqət edirik. Misal üçün, bizdə Din psixologiyası, Din sosiologiyası fənləri var, amma əvvəlində "din" sözünün olması onları dini fənn halına gətirmir. Din sosiologiyası dinə sosioloji prizmadan baxan bir fəndir. Din psixologiyası da dinə psixoloji nöqteyi-nəzərdən yanaşır, hər ikisi dünyəvi xarakter daşıyır. Din fəlsəfəsi də həmçinin dinin əsas müddəalarının fəlsəfi baxımdan dəyərləndirilməsinə əsaslanır. Yəni bizdə təkcə ilahiyyatla əlaqəli ənənəvi fənlər öyrədilmir. Fiqh, Hədis, Təfsir, Kəlam və digər dini fənləri tədris edirik, amma bununla yanaşı, dinə sosioloji, fəlsəfi və psixoloji prizmalardan yanaşan fənlərimiz də mövcuddur. Həmçinin Azərbaycan tarixi, Multikulturalizmə giriş, Nitq mədəniyyəti və digər dünyəvi fənlər də Aİİ-də tədris olunur.

Azərbaycan İlahiyyat İnstitutu fəlsəfə dərslərinin ən çox keçirildiyi ali təhsil müəssisələrindən biri, hətta birincisidir. Biz ümumi Fəlsəfə, Din fəlsəfəsi, İslam fəlsəfəsi, Fəlsəfə tarixi keçirik. Fəlsəfənin müxtəlif aspektlərinə xüsusi önəm veririk. Ona görə ki, bir ilahiyyatçının dünyagörüşü təkcə dinlə məhdudlaşmamalıdır. İlahiyyatçı, eyni zamanda, həm düşüncə elmlərini, həm də fəlsəfi elmləri yaxşı bilməli və dünyagörüşünü daha da genişləndirməlidir. O, təkcə fəlsəfə deyil, sosial, humanitar elmlərdəki müasir trendlərdən xəbərdar olmalıdır ki, dini müasir dünyanın reallıqlarına uyğun şəkildə insanlara çatdıra bilsin.

- İlahiyyat İnstitutunu bitirən tələbələr hansı sahələrdə çalışa bilərlər?

- Aİİ-ni "Dinşünaslıq" ixtisası üzrə bitirənlər daha çox dövlət idarələrində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, müxtəlif başqa dövlət qurumlarında dinlə əlaqəli bölümlərdə çalışa bilərlər. Həmçinin Azərbaycan İlahiyyat İnstitutu, din sahəsində fəaliyyət göstərən kolleclərdə pedaqoq kimi də fəaliyyət göstərə bilərlər. Həmçinin "İslamşünaslıq" ixtisasını bitirənlərin, ilk növbədə, din xadimi kimi fəaliyyət göstərmələri nəzərdə tutulur. Bundan başqa, məzunlarımız İslam dini ilə əlaqəli pedaqoji sahələrdə də çalışa bilərlər. Deməyim odur ki, məzunlarımızın çalışma sferası genişdir.

Bir məsələni də qeyd edim ki, İlahiyyat İnstitutunda ərəb və ingilis dilləri öyrədilir. Fars dili kursunun açılması nəzərdə tutulur. Magistratura səviyyəsində isə ibri dili tədris olunur. Aİİ-ni yüksək qiymətlərlə bitirən tələbələr dil sahəsində də yaxşı mütəxəssis ola bilərlər.

- Qeyd etdiniz ki, İslam dinindən başqa, digər böyük dinlər də tədris olunur. İslam dinindən əlavə, daha çox hansı dinlər öyrədilir?

- Biz çalışırıq ki, Azərbaycanda mövcud olan dinlər haqqında daha çox məlumat verək. Şübhəsiz, bunlar Yəhudilik və Xristianlıqdır. Bu iki dinin Azərbaycandakı tarixi çox qədimdir. Qafqaz Albaniyasında xristian dini hakim idi və əsrlərboyu torpaqlarımızda Xristianlığın böyük təməllərinin olduğunu gördük.

Bilirsiniz ki, həmin dövrdə kilsələr, monastırlar inşa olunub. Təəssüf ki, ermənilər bunları da özününküləşdirməyə çalışıblar. Bu baxımdan, Azərbaycanın xristian irsinə sahib çıxmalıyıq. Yəhudiliyin Azərbaycandakı tarixi 2500 ildən çoxdur. Ölkəmizdə Yəhudiliyin müxtəlif qolları yaşayır. Ona görə Aİİ-də bu iki dinin öyrədilməsinə xüsusi diqqət ayırırıq. Qeyd edim ki, dünyada bu dinlərdən əlavə də böyük dinlər var. Hinduizm, Buddizm, Konfutsiçilik, Taosizm dinlərinin yüzmilyonlarla mənsubu var. Dinlər tarixi fənni bunları da öyrədir. Tələbə magistratura səviyyəsində "Dinlər tarixi" ixtisasını seçərək istədiyi din haqqında daha çox tədqiqat apara bilər. Dünya artıq qloballaşıb, hətta belə bir deyim də var ki, dünya kiçik bir kəndə dönüb. Bu səbəbdən, dünya dinlərini tanımalı, mövcud olan real vəziyyəti bilməliyik.

- Əcnəbi tələbələrin İlahiyyat İnstitutuna qəbulu həyata keçirilirmi?

- İnstitutumuza hər il əcnəbi tələbələrin qəbulu həyata keçirilir. Bizim əcnəbi tələbələrimiz hazırda mövcuddur. Bunlar daha çox xaricdə yaşayan soydaşlarımızdır. Onlar üçün xüsusi imkanlar yaradırıq – təqaüd ayırır, eyni zamanda, burada qalmaq və yemək xərclərini institut qarşılayır.

- Qeyri-müsəlman tələbəniz olubmu ki, İnstitutunuzda təhsil alıb, İslamı öyrənmək istəsin və daha sonra müsəlman olsun?

- Hələ ki, təcrübəmizdə belə halla qarşılaşmamışıq. Onu da qeyd edim ki, qeyri-müsəlman icmalarla da yaxın əlaqələrimiz var. Ölkəmizdə fəaliyyət göstərən qeyri-müsəlman icmalarla birlikdə müştərək kurslar təşkil etməyi planlaşdırırıq.

"Bu müəllimlərin yetişdirdiyi tələbələr ölkəmizin dini sahədəki ehtiyaclarını qarşılamağa yetər" - Aqil Şirinovla MÜSAHİBƏAysel Səfərzadə


Sonxeber.az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 2048   Tarix: 26 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bizim əsas vəzifəmiz bərpa işlərində yaxından iştirak etməkdir" - Anar Sarıyevlə MÜSAHİBƏ

Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Anar Sarıyev -a müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:. - 44 günlük müharibədəki qələbəmiz haqqında fikirlərinizi öyrənmək istərdik. - 44 günlük zəfər savaşı müstəqil Azərbaycan tarixində şanlı bir səhifədir. Bu tarixi biz

4 avqust 2021
.

"Pandemiya dövründə dəmir yolu ilə daşınan yüklərdə azalma yoxdur" - Babək Əliyevlə MÜSAHİBƏ

"Azərbaycan Dəmir Yolları" QSC-nin Yükdaşımaları departamentinin rəis müavini, Yük və Kommersiya xidmətinin rəisi Babək Əliyev -a müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:. - Son 1 il ərzində həyata keçirilən layihələr haqqında danışardınız. - "Azərbaycan Dəmir Yolları"

11 avqust 2021
.

Tankı yolun ortasına "aşırdılar" – VİDEO

Rusiyalı hərbçilər Saxalində yolun ortasına tankı yerə salıblar. Bu barədə sosial şəbəkələrdə kadrlar paylaşılıb. Bildirilir ki, yolun bu hissəsində hərbi texnika daşınıb. Sürücü ehtimal ki, gənc və təcrübəsiz olub, dairəni dönəndə idarəetməni itirərək tankı aşırıb

13 iyul 2021
.

"Ömrümüzün sonunadək onlara yardımçı olacağıq" - Şamil Tağıyevlə MÜSAHİBƏ

Moskva azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev saytına müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:. - Ötən gün Şuşada oldunuz. 30 ildən sonra biz, işğaldan azad olunmuş torpaqlara qovuşmuşuq. Bununla bağlı hisslərinizi öyrənmək istəyirik. - Şuşaya gediş xəbərini biz alanda çox sevindik

23 avqust 2021
.

"Azərbaycanın Ermənistana etdiyi təklif yaxşıların yaxşısıdır" - Deputatla MÜSAHİBƏ

İstiqamət: İşğaldan azad olunan ərazilərə "Böyük Qayıdış" . deputat Vüqar İskəndərovla olan müsahibəni təqdim edir:. - Azərbaycan Ermənistan tərəfinə ikitərəfli müzakirələrə başlamağı təklif etdi. Siz nə düşünürsünüz: bundan sonra Azərbaycan və Ermənistan arasında proseslər hansı istiqamətd

5 iyul 2021
.

Azərbaycan sülhməramlıları Əfqanıstanda xidmətlərini davam etdirirlər

Azərbaycan sülhməramlıları Əfqanıstanda Türkiyə sülhməramlıları ilə birlikdə xidməti davam etdirirlər. xəbər verir ki, bu barədə "Report"a hərbi mənbələrdən məlumat verilib. Qeyd edilir ki, sülhməramlılarımız Əfqanıstanın paytaxtı Kabilin hava limanının mühafizəsini təşkil edirlər. Azərbayca

15 avqust 2021
.

Düşməndən növbəti TƏXRİBAT - Mövqelərimiz atəşə tutuldu

Avqustun 7-si saat 14:20-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Arazdəyən-Sədərək istiqamətində mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, Azərbaycan Ordusunu

7 avqust 2021