Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – "Sədərək" və yarmarkadan REPORTAJ + FOTO

Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – "Sədərək" və yarmarkadan REPORTAJ + FOTOÜç həftə sonra növbəti tədris ili başlayacaq. Bu isə özlüyündə ilk olaraq məktəbli forması və məktəb ləvazimatlarının qiymətlərini gündəmə gətirir. Hazırda ölkədə ən çox müzakirə edilən üç məsələdən birinin bu proseslə bağlı olduğunu desək, yəqin ki, yanılmarıq.

Məktəbli formalarının qiymətini beş gün əvvəl Bakı Tikiş Evi açıqladı. Bir uşağı məktəbə göndərmək üçün lazım olan digər ləvazimatların təqribi qiymətlərini öyrənmək üçün isə Oxu.Az-ın əməkdaşları müxtəlif növ məhsulların satıldığı və ən çox üz tutulan məkana – "Sədərək" ticarət mərkəzinə baş çəkib.

Oxu.Az reportajı təqdim edir:
"Sədərək"də həmişə olduğu kimi, bu gün də sıxlıq yaşanır. Sıxlığın səbəbkarlarının böyük bir qismi isə buraya məhz məktəb ləvazimatları almaq üçün yollanıblar. Burada bir sıra boyu ancaq məktəblə bağlı məhsulların satıldığını görmək mümkündür. Elə ona görə də ilk gördüyümüz mağazaya daxil oluruq. Amma təəssüf ki, hazır olduğumuz nəticəylə qarşılaşırıq, mağaza müdiri danışmaq istəmir. Eyni halı təxminən 5-10 mağazada təkrar yaşayırıq. Səbəb kimi də "icazə yoxdur" deyilir. Nəhayət, cəhdlərimizdən biri nəticə verir.

Cavid Hüseynli adlı satıcı suallarımızı cavablamağa razılıq verir. Onun çalışdığı mağazada min bir çeşiddə məhsul olduğunu deyə bilmərik. Ancaq lazım olan əşyalar mövcuddur. Cavid Hüseynovun mikrofonu görən kimi ilk cümləsi yerli istehsalçıların kağız məhsullarının qiymətlərini süni şəkildə artırmasıyla bağlı olur:

"Yerli istehsalçılar dəftərlərin qiymətini süni şəkildə 50 faiz həcmində artırıblar. Bundan həm biz, həm xalq əziyyət çəkir. Axı bir valideynin ən çox aldığı şey dəftərdir, onu da kağız qıtlığı adıyla qaldırırlar. Bir uşağın məktəb ləvazimatına, heç olmasa, 50 manat pul çıxır, buraya çantanın qiyməti də əlavə olunanda məbləğ 80 manat edir. Gələnlər hər şeydən bir-iki ədəd alırlar, əvvəllər belə deyildi. Kağız olmayan bütün məhsulları xaricdən - Çin, Türkiyə və Rusiyadan idxal edirik, onların qiymətində ötən illə müqayisədə 10 faiz artım var".

Müsahibimiz daha sonra hər bir məhsulun ayrı-ayrılıqda qiymətini də sadalayır:

"24 vərəqli dəftərlərin qiyməti 30-35, 40 vərəqlilərin - 40, 48 vərəqlilərin - 55-60, 100 vərəqlilərin isə 82-90 qəpik aralığındadır. Qələmlərin qiyməti 10-60, silgilərin - 35-60, xətkeşlərin - 10-70 qəpik, karandaşyonanların - 30 qəpik-1,30 manat, flomasterlərin qiyməti isə 58 qəpik-2,60 manat civarındadır. Bunlar dediyim malların topdansatışı zamanı bir məhsulun düşdüyü qiymətdir. Amma bizdə pərakəndə satış da mövcuddur, o zaman dəftərlər 10-20 qəpik, qələmlər 10-15, flomasterlər 20-30-50 qəpik baha satılır. Çantalar isə az qaldığı üçün endirimdədir, 30-35 manata satırıq, amma 50-60 manata satdıqlarımız da olub. Termosların qiyməti isə modelinə, keyfiyyətinə, saxlama müddətinə, paslanıb-paslanmamasına görə dəyişir - 6-20 manat aralığındadır".

Digər bir müsahibimiz isə Eldar Vəliyevdir. O, mağaza müdiri olaraq ancaq pərakəndə satış qiymətləri barədə danışır:
"Yerli istehsalla idxal məhsulları arasında 30-40 faiz fərq var. Ümumilikdə isə Azərbaycan bazarında kağızdan başqa, heç bir yerli məhsul yoxdur. Xaricdən gətirilənlər daha bahadır. Amma Rusiya-Ukrayna müharibəsinə görə yerli istehsal da xeyli bahalaşıb. Kağızın qiyməti iki dəfə artıb. Yerli istehsal olan 12 vərəqli dəftər ötən il 10 qəpik idi, bu il 15 qəpikdən satırıq, 50 faiz bahalaşıb. 40 vərəqli dəftərin qiyməti keçən il 25 qəpik idi, bu il 40-45 qəpik civarındadır. 96 vərəqlilər isə xaricdən idxal olunub, onların qiyməti ötən il 80 qəpik-1,20 manat idisə, bu il 1,20-1,50 manat aralığındadır. Qələmlərin qiyməti 10-80 qəpik arasında dəyişir, ötən il 5-7 qəpiyə də qələm tapmaq olurdu. Rəngli karandaşlar 1,50-15 manat, sadə karandaşlar isə 10-70 qəpiyə satılır. Keçən il bundan 50 faiz ucuz idi. Xətkeşlərin qiyməti 30 qəpik-1,50 manat, pozanların - 30 qəpik-1,50 manat, plastilinlərin - 1-15 manat, pərgar dəstlərinin isə 2-6 manat aralığındadır. Düzü, Çin mallarının qiymətində elə də dəyişiklik yoxdur, varsa da, rüsumla bağlıdır, əsasən kağızla bağlı məhsullarda qiymət artımı var".

Buradan ayrıldıqdan sonra ancaq topdansatışın həyata keçirildiyi digər bir mağazaya üz tuturuq. Orada isə mağaza müdiri Bəhlül Zeynalovla həmsöhbət oluruq. Onun dediyi qiymətlər də aşağı-yuxarı əvvəlki mağazadakı ilə eyniyyət təşkil edir:

"Dəftərlərdən 12 vərəqlinin biri 10-22, 24 vərəqli - 33, 48 vərəqli - 58, 60 vərəqli - 70 qəpik, 96 vərəqli bir manata düşür. İçərisində 12 ədəd olan sadə qara karandaşların qutusu 70 qəpikdir, bəziləri iki manatadır. Qələm qiymətləri 7-50 qəpik arasında dəyişir. Rəsm albomlarının qiyməti 25 qəpik-3 manat, dəftər üzlüklərinin - 13, kitab üzlüklərinin - 20-25, xətkeşlərin - 15, plastilinlərin - 95 qəpik-2 manat, pərgar dəstlərinin - 70 qəpik-2 manat, karandaşyonanların - 15-70 qəpik, fırçaların - 1-3 manat, pozanların isə 9-30 qəpik aralığındadır. Çantaların ən ucuzu 4,50 manata, ən bahası isə 45 manatadır. Qiymət artımı 10-30 faiz civarındadır, bu isə inflyasiyadan qaynaqlanır. Dəftərləri mən özüm istehsal edirəm. Mağazadakı məhsulların 40 faizi yerlidir. Yerlilər ucuzdur, süni şəkildə də artırıb-etmirik. İdxalı isə Çindən gətirilən mallar təşkil edir".

Elə bu məkanda müştəri ilə də söhbətləşirik. Aygün Abbasova (ad şərtidir) əvvəl qutuyla aldığı dəftər-qələmləri bahalaşma səbəbilə indi sayla aldığını vurğulayıb:

"20 qəpiklik qələmlər indi 40-50, 10 qəpiklik karandaşlar isə 40 qəpiyədir. Çantalarda da ciddi fərq var. Məhsullar minimum 15 faiz bahalaşıb. Dörd övladım var, əvvəl hər şeyi qutuyla alırdım, indi iki-üç ədəd. Övladlarımın arasında yaş fərqi olduğu üçün bütün qruplar üçün qiymət artımı hiss edirəm. Yemək, su qabları olduqca bahalaşıb. Keçən il beş manata alırdıq, bu il 10 manatadır. Dəftərlərdə yerli istehsalla idxal malları arasında qiymət fərqi var, ancaq yerli istehsalın da keyfiyyəti aşağıdır. Dərsliklər də bahalaşıb".

Dərsliklərdən söz açıldığı üçün bir də dərsliklər satılan mağazadan münasibət öyrənmək istəyirik. Amma satış müdiri ağzından sadəcə: "Dərsliklərin qiyməti 50 faizə qədər artıb", cümləsini qaçırır, ondan sonra danışmaq istəmir.

Həmin mağazanın müştərisi Muxtar Abbasov isə bu məsələdə bizə bir qədər kömək olaraq suallarımızı cavablandırmağa razılıq verir. O, builki kitabların standart olaraq iki manat bahalaşdığını diqqətə çatdırır:

"Ən çox "Azərbaycan dili", "Tarix" və "Riyaziyyat" dərsliklərinə tələb var. Kağızın qiyməti ötən illə müqayisədə 30-35 faiz qalxdığı üçün məhsul da bahalaşıb. Belə ki, kağızın rulonu keçən il 26 manata alınırdı, bu il 48 manatadır. Ən çox kağız Rusiyadan alınırdı. Rusiya isə ağardıcını xarici ölkələrdən idxal edirdi, indi müharibə səbəbilə ağardıcı gətirə bilmir, nəticədə kağız istehsalında problem yaşayır və bizə kağız göndərmir. Ona görə də Çin və Türkiyə kağızından istifadə olunur, nəticədə isə qiymət artır. Keçən il 11 manata olan kitab bu il 13 manata satılır. Əslində, burada sui-istifadə halları da var. Kağızı idxal edənlər süni şəkildə qiyməti bir az daha artırırlar. Nəşriyyat çalışır ki, qiymət qalxmasın, kitabını sata bilsin, amma onluq bir şey yoxdur, kağız qalxıb deyə məcbur qiyməti artırır. Amma iki manatdan çox artırmır, çünki bilir ki, alınmayacaq. Ümumilikdə 30 faiz artım var. Dərsliklərin qiyməti abituriyentlər üçün 10-15 manat, 1-9-cu siniflər üçün isə 5-10 manat arasında dəyişir".

Ticarət mərkəzində son getdiyim yer çanta mağazasıdır. Digər mağazalarda da çanta satılmasına baxmayaraq, burada məhsullar azlıq təşkil edirdi, qiymətlər isə bir qədər baha təsir bağışladı. Burada satış müdiri Araz Əliyev çantaların həm topdan, həm də pərakəndə satış qiymətini bizimlə bölüşür:

"Bizdə ötənilki çantalarla builkilərin topdansatışında qiymət fərqi bir-iki manat edir. Pərakəndə isə elə eyni qiymətədir. Pərakəndə satışda ibtidai sinif şagirdləri üçün çantaların qiyməti 20-22, böyüklər üçün isə 20-30 manat civarındadır, ancaq tanınan bir firmanın çantalarını həmişə 15 manata satırıq. Bahalaşma olsa da, bu il biz hər məhsulda bir manat itiririk. Pərakəndə 20 manata satılan məhsul topdan 17 manata satılır. Yuxarı siniflər üçün 25 manata satılan çantanın topdansatış qiyməti 18 manatdır. 28 manatlıq məhsullar isə topdan 22 manata satılır. Bizdə 35 manatdan yuxarı qiymətə çanta yoxdur. Çantaların hamısı Çindən idxal olunur və gömrük rüsumunda artım var".

Məlumdur ki, bəzi valideynlər alış-veriş üçün uzaq məsafəni sevmədiklərinə görə bu məhsulları alarkən yaxınlıqdakı yarmarkalara üz tuturlar. Aradakı qiymət fərqini görmək və vətəndaşlara göstərmək üçün "28 May" metro stansiyası yaxınlığındakı yarmarkaya da baş çəkdik. Satıcının söylədiyi qiymətlər bu şəkildədir:

"12 vərəqli dəftəri 30, 40 vərəqlini - 50, 48 vərəqlini - 70, 60 vərəqlini - 80 qəpiyə, 96 vərəqlini isə 1,10 manata satırıq. Ötən illə müqayisədə dəftərlərdə bahalaşma var, 50 faiz artım olduğunu deyə bilərik. Çantaların qiyməti 10-40 manat arasında dəyişir. 40 manata olan çantalar ibtidai siniflər üçündür, təkərli olur. Qələmlər 10 qəpik-2 manat, sadə karandaşlar 30-40 qəpik, rəngli karandaşlar 1-13 manat, pozanlar 50 qəpik-bir manat aralığında, xətkeşlər 50 qəpik, termoslar 9-20 manat, yemək qabları 3-20 manat, su qabları 4 manat, rəsm albomları 1-4 manat, plastilinlər 1,50-10 manat, pərgar dəsti 12 manat, dəftər üzlükləri 20 qəpik, kitab üzlükləri isə 30-40 qəpikdir".
Müqayisə apardıqda isə dəftərlərdə təxminən 10-15 qəpik, çantalarda 5-10 manat, dəftər-kitab üzlüklərində 7-20 qəpik, pərgar dəstlərində 6-10 manat, xətkeşlərdə 30-35 qəpik, termoslarda keyfiyyətə görə 0-10 manat, pozanlarda 20 qəpik, rəsm albomlarında 75 qəpik-bir manat, qələmlərdə 3 qəpik-bir manat arası fərq olduğunu, yəni yarmarkalarda məhsulların nisbətən baha satıldığını müşahidə edirik. Lakin nəzərə almaq lazımdır ki, yarmarkaların məhsul aldığı yerlərdən biri elə "Sədərək" ticarət mərkəzidir. Ona görə də müəyyən qədər fərqin olması heç də qeyri-adi görünmür.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1478   Tarix: 22 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021