Düşmənlərini öldürdü, cəsədlərin dişlərini çıxardı və… - Dünyanın ən qorxunc mafiozu KİMDİR?

Düşmənlərini öldürdü, cəsədlərin dişlərini çıxardı və… - Dünyanın ən qorxunc mafiozu KİMDİR?Uayti Baldjer ABŞ-ın Boston əyalətində ən qorxulu adamlardan biri idi. Ara-sıra səhv adamı öldürmək kimi kiçik (!) səhvlərə yol versə də, hər kəs eyni sözü deyirdi: "Heç kim ona toxuna bilməz"...

Tam adı Ceyms Jozef Baldjer olan və açıq sarı saçlarına görə Uayti (Whitey - ağ) ləqəbi ilə tanınan Baldjer 3 sentyabr 1929-cu ildə Massaçusets ştatının Dorçester şəhərində doğulub. O, irland əsilli fəhlə ailəsinin altı uşağından biri olub. Atası fabrikdə baş vermiş qəza nəticəsində bir qolunu itirib.

Musavat.com xəbər verir ki, "The Guardian" qəzetində dünyanın ən qorxunc mafiya başçılarından biri kimi tanınan Uayti Baldjer haqqında yazı dərc olunub.

Məqalədə bildirilir ki, 30 min insanın yaşadığı Cənubi Boston yaşayış massivində böyüyən Baldjer uşaqlıq illərindən məktəb əvəzinə küçələri üstün tutub.

Problem yaratmağı sevən gənc ilk olaraq "Young Shamrocks" adlı dəstəyə qoşulub. Dəstə üzvləri ilə birlikdə avtomobil oğurlayan və cibgirlik edən Uayti islah üçün internat məktəbinə göndərilib. 20 yaşında Hərbi Hava Qüvvələrinə qatılıb, lakin heç kimə demədən yoxa çıxdığı üçün ordudan tərxis olunub.

1950-ci illərin ortalarında Massaçusets, Rod-Aylend və İndiana ştatlarında bank soyğunlarına görə mühakimə olunub, 20 il həbs cəzasına məhkum edilib və San-Fransiskodakı məşhur Alkatraz təcridxanasına göndərilib. Lakin siyasi əlaqələrinin təsiri ilə 1962-ci ildə başqa həbsxanaya köçürülüb, 1965-ci ildə zaminə buraxılıb. Onun həbs müddəti cəmi 9 il olub.

Həbsxanadan çıxdıqdan sonra Cənubi Bostona qayıdan Baldjer İrlandiya mafiyası ilə çalışmağa başlayıb. 1979-cu ildə o, Stiven Flemmi adlı qatillə birlikdə məşhur "Winter Hill" qruplaşmasına nəzarəti ələ keçirib və cinayət aləminin "Uayti Baldjer dövrü" başlayıb.

"Winter Hill"in əsas rəqibi isə şəhərin North End kimi tanınan ərazisinə nəzarət edən italyan Angiulo qardaşları olub.

"BALDJER ƏFSANƏSİ"

Baldjer bölgədə qorxu və hörmətlə qarşılanan xalq qəhrəmanı sayılıb. O qədər də imkanlı olmayan ailələrin uşaqları lap kiçik yaşlarından onun qorxunc hekayələrini dinləyərək böyüyüblər: "Uayti düşmənlərini iki qaşının ortasından vururdu... Rəqiblərinin ürəyinə buzqıran bıçaq sancırdı... Ona xəyanət edən qadınları boğurdu. Cəsədləri tanınmaz hala salmaq üçün dişlərini çəkərək gizli qəbiristanlıqlarda basdırırdı..."

Digər tərəfdən isə, ona Robin Qud kimi yanaşıblar. Onun Şükranlıq Günündə kasıb ailələrə hinduşka əti payladığı, öz tərəfində olan adamları var gücü ilə polisdən və ümumən hər kəsdən müdafiə etdiyi deyilib.

O, Baldjer ailəsinin yeganə diqqətçəkən üzvü olmayıb. Qardaşı Uilyam Billi Baldjer Massaçusets ştatının aparıcı siyasətçilərindən biri kimi tanınıb. Baldjer qardaşları həm çox oxşar, həm də çox fərqli xarakterə malik olublar. Onların amansızlığı və bir-birinə sədaqəti ortaq məqamlar idi. Güclənmək üçün seçdikləri yol isə tamamən fərqli olub…

Billi Baldjer klassik ədəbiyyat üzrə təhsil almış savadlı hüquqşünas olub. O, 35 il ştat senatında, 18 il isə rəhbər vəzifələrdə çalışıb. Billi, eyni zamanda Massaçusets Universitetinin rektoru olub və rəhbərlik etdiyi qurumları dəmir yumruqla idarə edib.

Billi illər boyu Uayti Baldjerin cinayətləri və harada olması barədə məlumatları inkar edib. Lakin 2003-cu ildə qardaşı ilə telefonla danışdığı üzə çıxanda istefa verməli olub.

Bank quldurluğu cəzasının yarısını belə çəkmədən azadlığa buraxılan Uayti buna görə qardaşına və siyasətçi Con Makkormaka borclu olub. Demokratlar Partiyasından 21 dönəmlik müddətə Konqresə üzv seçilən Makkormak 1960-cı illərdə Nümayəndələr Palatasının spikeri vəzifəsində çalışıb. Üstəlik, o, sonrakı açıqlamalarında dairəsinin Baldjerin maraqlarını müdafiə etdiyini açıq şəkildə bəyan edib.

MAFİOZUN QAÇIŞI...

Uaytinin qaydaları aydın idi: uşaqlara və məhəllə sakinlərinə heç vaxt narkotik satmamaq, yalnız irland əsilli insanlara etibar etmək, heç vaxt dosta və ya tərəfdaşa yalan danışmamaq və heç vaxt səlahiyyətli şəxslərə məlumat ötürməmək.

Lakin Baldjer haqqında bütün bu təsəvvürlər onun 15 il FTB-nin baş məlumatçısı kimi çalışması barədə məlumatın ortaya çıxması ilə darmadağın olub. Baldjer digər mafiya başçıları haqqında federallara məlumat ötürüb, bunun müqabilində onun törətdiyi cinayətlərə göz yumulub.

Bundan əlavə, "İrlandiyalı ata"nın 19 qətli ört-basdır etdiyi, onun haqqında ifadə verənlərin kimliyini FTB-dən öyrəndiyi, onları öldürdüyü və törətdiyi cinayəti günahsız bir insanın üstünə yıxdığı ortaya çıxıb.

Ölkənin bir nömrəli cinayətlə mübarizə təşkilatının Bostonun ən amansız mafiya başçısı ilə yaxınlığı üzə çıxanda böyük qalmaqal yaranıb.

Baldjer 1994-cü ilin dekabrında qəflətən yoxa çıxıb. Sonradan məlum olub ki, o, FTB agenti Con Konollinin xəbərdarlığından sonra qaçmağa qərar verib.

Tezliklə sevgilisi Katerina Qreyq de Baldjerə qoşulub. Cütlüyün vaxtaşırı Avropa ölkələrində, Kanadada, Meksikada və ABŞ-ın müxtəlif yerlərində göründüyü barədə məlumatlar olsa da, axtarışlardan heç bir nəticə əldə olunmayıb. 12 il FTB-nin ən çox axtarılanlar siyahısında olan və Bin Ladenin öldürülməsindən sonra siyahıda birinci yerdə gələn Baldjerin başına 2 milyon dollar mükafat qoyulub.

İllər boyu onun bir nömrəli tərəfdaşı kimi xidmət edən Kevin Uiks 2006-cı ildə yazdığı xatirələrində Uaytinin 1993-1994-cü illəri qaçmağa hazırlaşaraq keçirdiyini təsvir edib. Mafiya başçısı Monreal, London, Dublin və Venesiya ilə yanaşı, ABŞ-ın müxtəlif şəhərlərində seyflər icarəyə götürərək burada pul, zinət əşyaları və saxta şəxsiyyət vəsiqələri gizlədib.

Xarici görünüşlərini plastik əməliyyatla dəyişdirən Baldjer və sevgilisi Qreyq 1996-cı ildə Kaliforniyada kiçik bir mənzildə məskunlaşıblar. Onlar 1145 dollarlıq kirayə haqqını nağd şəkildə ödəyərək özlərini Çarli və Kerol Qasko kimi təqdim ediblər.

Baldjer gününü televizora baxmaqla, Qreyq isə gəzməklə, gözəllik salonlarına getməklə keçirib. Ara-sıra səfərlərə çıxsalar da, çox vaxt evdə qalıblar.

BALDJER NECƏ TUTULDU?

Baldjerlə əlaqələrin aşkarlanmasının insanlarda yaratdığı qəzəb FTB-ni 2011-ci ildə ictimai xidmət kampaniyası ilə hərəkətə keçməyə sövq edib. Hazırlanan videoda gündüz saatlarında televiziya proqramlarını izləyən kişi obrazı ilə mafioza, qadın obrazı ilə onun sevgilisinə işarə edilib, Qreyqin gözəllik salonuna olan marağı vurğulanıb, başına qoyulan mükafatın 100 min dollara qədər artırıldığı bildirilib.

Bu kampaniya işə yarayıb və FTB çox sayda məlumat əldə edib. Məlumatların birinin mənbəyi 1974-cü ildə İslandiyada gözəllik kraliçası seçilən Anna Bjorsdottir olub. Bjorsdottir FTB-nin paylaşdığı kompüter texnikası ilə yaradılmış şəkillərə diqqətlə baxdıqda iki tanış sima görüb: qonşuları Çarli və Kerol.

Həmin il iyunun 22-də evə polis basqını zamanı Baldjer və Qreyq müqavimət göstərmədən təslim olublar. Cütlüyün qaldığı mənzilin divarlarında gizlədilən 822 min dollar pul, saxta şəxsiyyət vəsiqəsi, çoxlu sayda tapança və tüfəng aşkar edilərək götürülüb.

Bjorsdottir isə vəd edildiyi kimi 2 milyon dollar mükafat alıb.

Baldjerin ədalətdən yayınmasına kömək etməkdə ittiham edilən Qreyq 2012-ci ildə əldə edilmiş razılaşmaya əsasən, 8 il həbs və 150 ​​min dollar pul cəzasına məhkum edilib.

Hazırda 71 yaşı olan qadın Baldjerin qaçmasına kömək edən digər şəxslərin əleyhinə ifadə verməkdən imtina etdiyi üçün onun cəzası daha 21 ay uzadılıb. Bu yolla sevgilisinə sədaqətini bir daha göstərməyi bacaran Qreyq cəzasını başa vuraraq 2020-ci ilin iyulunda azadlığa buraxılıb.

Baldjerin məhkəmə prosesi isə daha aktiv keçib. İki aylıq dinləmələr zamanı onun bir çox adamları, xüsusən də Kevin Uiks bir vaxtlar ataları kimi qəbul etdikləri Baldjerə qarşı ifadə veriblər. Onlar rəqib mafiya üzvlərini və əks tərəfə məlumat ötürənləri necə öldürdükləri barədə məlumat verib, Uaytinin iki qadını boğaraq öldürdüyündən, saatlarla işgəncə verdiyi adamı sonda necə qətlə yetirdiyindən danışıblar.

Bütün bunlar məhkəmə zalında gərginliyə və dava-dalaşa səbəb olub.

Baldjerin vəkilləri müvəkkilin günahsız olduğuna dair sübutlar təqdim edə bilməyiblər. 2013-cü ilin avqustunda münsiflər heyəti Baldjeri ona qarşı irəli sürülən 32 ittihamdan 31-də təqsirli bilib ki, onlardan 11-i qətl hadisəsi olub.

Noyabrın 14-də Federal Hakim Denis Kasper Baldjerə ömürlük həbs cəzası verib. Hakim, həmçinin Bulgerin qurbanlarının ailələrinə 19,5 milyon dollar təzminat ödəməsi və əlində olan 25,2 milyon dolları dövlətə müsadirə etməsi barədə qərar çıxarıb.

MAFİYA BAŞÇININ DƏHŞƏTLİ QƏTLİ

Floridada cəzasını çəkməkdə olan Baldjer 2018-ci ildə başqa təcridxanaya köçürülüb. Anonim mənbələr bildirib ki, buna mafiozun həbsxanada bir işçini hədələməsi səbəb olub. 30 oktyabr 2018-ci ildə Qərbi Virciniya ştatının Bruston Mills şəhərindəki həbsxanaya göndərilən Baldjer 12 saat saat sonra vəhşicəsinə öldürülüb.

Əlil arabasında olan 89 yaşlı mafozun qətli o zaman ABŞ-da ciddi müzakirələrə səbəb olmuşdu.

Son günlərdə isə Baldjeri öldürməkdə təqsirli bilinən 3 nəfərin məhkəmə prosesinin başlaması onu yenidən gündəmə gətirib. 55 yaşlı Fotios Geas, 48 ​​yaşlı Paul J. DeKoloqero və 36 yaşlı Sean Makkinnona qarşı müxtəlif ittihamlar irəli sürülüb. Ölkə mətbuatında çıxan xəbərlərdə Geas və DeKoloqeronun hazırda həbsxanada olduğu, sınaq müddətində olan Makkinnonun isə Floridada saxlandığı bildirilir.

Məhkəmədə verilən ifadələrə görə, Baldjer 30 oktyabr 2018-ci ildə səhər saat 6-da kameranın qapısı açıldıqdan bir neçə dəqiqə sonra hücuma məruz qalıb. Prokurorların sözlərinə görə, hücum edənlər 5 dəqiqə içində öldürdükləri mafiozun gözlərini çıxarmağa çalışıblar.

Onun necə öldüyü məlum olsa da, səbəbi hələ ki bəlli deyil. 2018-ci ildəki hesabatlar Baldjeri öldürənlərin digər mafiya başçıları ilə əlaqəli məhbuslar olduğunu göstərir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1271   Tarix: 04 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr