Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görüş deyil, həm də regiona və beynəlxalq ictimaiyyətə ünvanlanan mühüm siyasi mesajlarla yadda qaldı. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşada birgə mətbuata bəyanatları Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərə, qarşılıqlı etimada, ortaq maraqlara və müttəfiqlik öhdəliklərinə əsaslandığını bir daha təsdiqlədi.
Bu səfərin məhz Şuşada reallaşması xüsusi rəmzi məna daşıyır. Çünki Şuşa Azərbaycanın milli yaddaşının, tarixi kimliyinin, dövlətçilik iradəsinin və Zəfərinin simvoludur. 2021-ci il iyunun 15-də məhz Şuşada imzalanmış Azərbaycan ilə Türkiyə arasındakı Müttəfiqlik haqqında Bəyannamə iki ölkənin münasibətlərini yeni strateji mərhələyə yüksəldib. Beş il əvvəl müttəfiqliyin hüquqi-siyasi çərçivəsinin müəyyənləşdirildiyi bu şəhərdə yenidən bir araya gələn iki dövlət başçısının çıxışları həmin sənədin siyasi əhəmiyyətini və aktuallığını bir daha ön plana çıxardı.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Türkiyənin Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin xüsusi vurğulanması idi. Dövlət başçısı bildirdi ki, müharibənin ilk saatlarından Prezident Ərdoğanın bəyanatı və onunla telefon danışığı bütün dünyaya Türkiyənin Azərbaycanın yanında olduğunu nümayiş etdirdi. Ərdoğanın səsləndirdiyi "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" mesajı xalqımızın yaddaşında xüsusi yer tutur.
Bu məqam Azərbaycan-Türkiyə münasibətlərinin yalnız diplomatik bəyanatlardan ibarət olmadığını göstərən mühüm tarixi nümunədir. Vətən müharibəsi zamanı Türkiyənin nümayiş etdirdiyi siyasi dəstək Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə və xalqımızın mübarizə əzminin güclənməsinə töhfə verdi. Eyni zamanda, Azərbaycan Ordusunun hərbi gücü, xalqın birliyi və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən strategiya tarixi Zəfəri təmin etdi.
Ərdoğanın Şuşadan verdiyi mesajların mühüm istiqamətlərindən biri də iki ölkə arasındakı qardaşlığın heç bir xarici təsirlə zəiflədilə bilməyəcəyinə dair qəti mövqe idi. Türkiyə Prezidenti bildirdi ki, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldilən münasibətləri zəiflətmək istəyənlər məqsədlərinə çata bilməyəcəklər. Bu bəyanat regional və beynəlxalq münasibətlər sistemində Azərbaycan-Türkiyə birliyinin əhəmiyyətinə diqqət çəkir.
Prezident İlham Əliyevin çıxışında səsləndirilən digər mühüm fikir isə Azərbaycan-Türkiyə birliyinin regional təhlükəsizlik, sabitlik və əməkdaşlıq baxımından əhəmiyyətidir. Dövlət başçısı Türkiyənin güclü iqtisadiyyatının, sənaye potensialının və beynəlxalq siyasi nüfuzunun Azərbaycanın inkişafına da müsbət təsir göstərdiyini vurğuladı. Onun fikrincə, iki ölkənin imkanlarının birləşdirilməsi daha geniş coğrafiyada sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm amildir.
Ərdoğanın çıxışında Qarabağda aparılan bərpa və quruculuq işlərinə xüsusi yer ayırması da diqqətəlayiqdir. Türkiyə Prezidenti Füzuli ilə Şuşa arasındakı yolda yeddi tuneldən keçdiklərini xatırladaraq, bölgədə həyata keçirilən infrastruktur layihələrinin miqyasını yüksək qiymətləndirdi. O, Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulması prosesində Türkiyənin öz təcrübəsi və imkanları ilə iştirakını davam etdirəcəyini bildirdi. Cəbrayılda Azərbaycan-Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi və tinglik kompleksinin yaradılması, Ağdamda 40 sinif otağından ibarət məktəbin inşasına başlanması bu əməkdaşlığın konkret nümunələridir.
Bu yanaşma göstərir ki, Azərbaycan-Türkiyə əməkdaşlığı yalnız siyasi və hərbi müstəvidə məhdudlaşmır. İqtisadiyyat, təhsil, ekologiya, nəqliyyat, infrastruktur və humanitar sahələrdə də tərəfdaşlıq genişlənir. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması prosesində Türkiyənin iştirakı Böyük Qayıdış strategiyasının həyata keçirilməsinə əlavə imkanlar yaradır.
Səfərin digər mühüm siyasi mesajı Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı idi. Ərdoğan Azərbaycanın ərazi bütövlüyünü və Vətən müharibəsində əldə etdiyi Zəfəri dəstəklədiyini bir daha ifadə etməklə yanaşı, hərbi meydanda qazanılmış qələbənin davamlı sülh və sabitliklə möhkəmləndirilməsinin vacibliyini vurğuladı. Prezident İlham Əliyev isə Ermənistanla normallaşma prosesinin konkret nəticələr verməsinə ümid etdiyini bildirdi. Bu mövqe Azərbaycanın regionda yeni münasibətlər sisteminin formalaşdırılmasına yönəlmiş siyasətinin əsas istiqamətlərindən biridir.
Ərdoğanın Azərbaycana səfərinin Zəfər Günü ilə eyni vaxta təsadüf etməsi də xüsusi siyasi məna daşıyır. Bu, Türkiyənin Azərbaycanın tarixi qələbəsinə verdiyi önəmin növbəti nümayişidir. Şuşada iki dövlət başçısının bir araya gəlməsi, Xankəndidə keçirilən tədbirlərdə iştirakı və azad edilmiş ərazilərdə həyata keçirilən layihələrlə tanışlığı Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyə hesablanmış strateji xarakterini göstərir.
Əslində, Şuşadan verilən mesajların əsas məğzi aydındır: Azərbaycan və Türkiyə ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji maraqlara əsaslanan müttəfiqlik münasibətlərini davam etdirirlər. Bu münasibətlər hər iki dövlətin suverenliyinə, təhlükəsizliyinə və regional inkişafına xidmət edir. Şuşa Bəyannaməsi isə həmin münasibətlərin siyasi-hüquqi əsasını təşkil edir.
Prezident İlham Əliyevin səsləndirdiyi "Keçmişdə də birlikdə idik, müharibə dövründə də birlikdə idik, bu gün də birlikdəyik və gələcəkdə də birlikdə olacağıq" fikri səfərin siyasi mahiyyətini ifadə edən əsas mesajlardan biri kimi qiymətləndirilə bilər.
Ərdoğanın Şuşaya səfəri və iki prezidentin mətbuata bəyanatları bir daha göstərdi ki, Azərbaycan-Türkiyə münasibətləri təkcə iki ölkənin ikitərəfli əlaqələri deyil, həm də Türk dünyasında əməkdaşlığın genişlənməsi, regional sabitliyin qorunması və yeni iqtisadi-siyasi imkanların yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Şuşadan dünyaya ünvanlanan mesaj isə aydındır: iki dövlətin müttəfiqliyi qarşılıqlı etimad, ortaq maraqlar və uzunmüddətli strateji əməkdaşlıq üzərində inkişaf edir.
Tamam Cəfərova
Milli Məclisin deputatı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO