Bu gün Müslüm Maqomayevin doğum günüdür

Bu gün Müslüm Maqomayevin doğum günüdürBu gün görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin doğum günüdür.

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yaransa da, bunu Müslüm Maqomayev kimi cahanşümul sənətkara şamil etmək olmaz. Çünki onun zamanı heç vaxt dayanmayıb.

Zaman və zamansızlıq, ölüm və ölümsüzlük daim onunla birgə addımlayır. Bu mənada Müslüm Maqomayevin yaşı əllini də, yetmişi də, yüzü də çoxdan haqlayıb.

Onun yaşı dünyanın yaşı qədər qədim və gəncdir. Qədimdir ən azı ona görə ki, onu dinlədikcə kamilləşirsən, müdrikləşirsən.

Gəncdir ona görə ki, ona qulaq asdıqca dünyaya gəlişinə, varlığına içində bir şükranlıq yaranır, təravətini, cavanlığını qorumaq, zamanı saxlamaq istəyirsən.

Bir daha inanırsan ki, dünyanı fəth etmək səadəti yalnız və yalnız Tanrı rizası ilə bəxş edilən istedadı öz zəhməti sayəsində cilalamağı bacaranlarındır.

Əbədiyaşarlığın kökündə, mayasında fitri istedadla yanaşı, onu Müslüm Maqomayev kimi qorumaq, tanıtmaq, milyonlara sevdirmək ehtirası dayanır.

Yayın isti avqust günlərində dünyaya göz açan Müslüm ikinci cahan savaşının o qanlı-qadalı illərində bütün narahatlıqlara, gərginliklərə baxmayaraq, gəlişi ilə doğmalarının qəlbinə bir sakitlik, həlimlik gətirdi.

Hamı kimi o da müharibənin ağrısını-acısını daddı, atasını itirdi. Amma özünü itirmədi, hər addımda, hər yerdə özü olmağı bacardı.

Avqustun 17-si zəmanəmizin görkəmli müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 77-ci ildönümü tamam olur.

Hər il avqustun bu günündə Müslüm Maqomayevin xatirəsi anılır, sənətə və əsl sənətkara hörməti olan hər kəs Fəxri xiyabana gələrək onun məzarını ziyarət edir, üzərinə təzə-tər güllər düzür.

İlk dəfə 14 yaşında doğma şəhəri Bakıda dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb.

Bu münasibətlə populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" sərlövhəli məqalə dərc edib.

Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, Milanın dünya şöhrətli "La Skala" teatrında təcrübə keçmişdir.

Ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu.

Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib.

Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ Xalq artisti fəxri adına layiq görülüb.

Dünya şöhrətli müğənninin repertuarında 600-dək əsər var. O həm də gözəl mahnılar müəllifidir. Müslüm Maqomayevin ecazkar səslə ifa etdiyi mahnıların sırasında dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi "Sənsiz" və "Sevgili canan" romanslarının xüsusi yeri var.

Ona görə ki, burada üç dahi sənətkarımızın - şair, bəstəkar və müğənninin ruhu görüşür. Onu da etiraf etmək yerinə düşər ki, bu romanslar Müslümə qədər korifey sənətkarların ifasında da səslənib.

Amma o, bu romanslara elə çalarlar, elə bənzərsiz intonasiyalar gətirdi, elə sevgi ilə yanaşdı ki, onları fərqləndirməyi, özününküləşdirməyi bacardı, deyərdim ki, fəlsəfi yüksəkliyə qaldırdı.

Onun Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan, vətənimizin himni kimi əzəmətli səslənən "Azərbaycan" mahnısı da ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdəndir.

Müğənni həm də "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilib.

Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. Belə geniş diapazonu, ürəkləri fəth edən həm lirik, həm də güclü səsə çox az rast gəlinir. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada yeni bir dünya, öz dünyasını yaradırdı.

Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada-simfonik orkestri mühüm rol oynayıb.

Orkestrin rəngarəng proqramlarında M.Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olub.

M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycanın ali mükafatları – "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.

Ecazkar səsi ilə dünyanı fəth edən Müslüm Maqomayevin 70 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd olunub.

Onun yoxluğunun acısını daha çox hiss edən sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya deyir:

"Müslüm Maqomayevi yığcam, qısa fikirlərlə təsvir etmək çətindir. O, böyük insan idi. Həyatımın müxtəlif illəri onunla birgə keçmişdir.

Fikirlərini mənimlə bölüşərdi. O anlar mənim üçün unudulmaz olduğu qədər də əlçatmazdır. Müslüm Maqomayev ad gününü böyük salonlarda, hay-küylü keçirməyi xoşlamazdı, ancaq dostlarının əhatəsində qeyd edərdi. Hədiyyələri bir o qədər də sevməzdi.

Ad günündə onun haqqında gözəl sözlər deyərdilər. Mən bunların şahidi olmuşam. Müslüm Maqomayev bütün dövrlərin musiqiçisidir və ikinci belə bir sənətkar dünyaya gəlməyəcəkdir".

Dünyaya göz açdığı 17 avqustu Azərbaycan təqvimində əlamətdar günə çevirən böyük Müslüm Maqomayev bütün zamanların sənətkarı olmaqla yanaşı, həm də musiqi tariximizdə əbədiyaşarlıq qazanmışdır.

İllər ötür, amma onun sənətinə və şəxsiyyətinə tükənməz sevgi azalmır, əksinə, daha da artır. Təkcə azərbaycanlı kimi yox, bəşəri bir sənətkar kimi qəbul edilən Müslüm Maqomayev qəlblərdə elə bir sənət abidəsi ucaldıb ki, onu ziyarətə gələnlərin sırası heç vaxt seyrəlməyəcək./BAKU.WS


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 775   Tarix: 17 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr