Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarının dərslərdən geri qalmaması və daha yaxşı nəticə göstərməsi üçün repetitor dəstəyinə ehtiyac duyduğunu düşünür.
Digər tərəfdən, bu yaşda uşaqların məktəbdən sonra da dərs yükü altında qalması, oyun və istirahət vaxtının məhdudlaşması onların psixoloji və fiziki inkişafına mənfi təsir göstərə bilər. Bəs birinci sinif şagirdinin repetitor yanına getməsi nə dərəcədə doğrudur və bu, təhsildəki hansı boşluqlardan xəbər verir?
Mövzu ilə bağlı təhsil eksperti Əlmusa Atamaliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, son illər ibtidai sinif şagirdlərinin belə məktəbdənkənar hazırlığa, repetitor yanına getməsinə daha çox rast gəlinir. Əslində, bu tendensiya düşündürücüdür. Çünki ibtidai təhsil uşağın gələcək təhsil həyatının təməl mərhələsidir və şagird bu dövrdə əsas bilik və bacarıqları məktəbdə mənimsəməlidir. Əgər uşaq artıq 1-ci, 2-ci sinifdən əlavə hazırlığa ehtiyac duyursa, burada diqqət yetirilməli bir neçə məqam var. İlk növbədə, bunun səbəbini yalnız dərs yükünün çoxluğunda axtarmaq düzgün olmazdı. Burada bir neçə amil üst-üstə düşür. Bəzi hallarda tədris proqramının məzmunu və dərslərin tempi uşaqların yaş xüsusiyyətlərinə uyğun olaraq mənimsəmədə çətinlik yarada bilir. Hər bir şagirdin öyrənmə sürəti, qavrama qabiliyyəti və fərdi ehtiyacları eyni deyil. Müəllim müəyyən mövzunu sinifdə izah etsə də, bütün şagirdlərin həmin mövzunu eyni səviyyədə mənimsəməsi mümkün olmur. Sinifdə fərdi yanaşma və əlavə izah üçün kifayət qədər vaxt olmadıqda valideynlər çıxış yolunu repetitorda görürlər.
Digər mühüm səbəb valideynlərin narahatlığı və yüksək gözləntiləridir. Bəzi valideynlər övladlarının sinif yoldaşlarından geri qalmasını istəmir, yüksək qiymət almasını və bütün fənləri mükəmməl bilməsini istəyirlər. Nəticədə uşaq məktəbdə keçdiyi dərslərlə kifayətlənməyərək evdə də əlavə tapşırıqlar yerinə yetirməli olur. Bəzən isə uşağın real ehtiyacı olmadığı halda belə, valideynlər digər şagirdlərin repetitor yanına getməsini əsas götürərək eyni addımı atırlar. Beləliklə, repetitor hazırlığı ehtiyacdan daha çox bir növ zərurət kimi qəbul edilməyə başlayır.
Digər tərəfdən, ibtidai siniflərdə oxu, yazı, riyazi təfəkkür və məntiqi düşünmə bacarıqlarının düzgün formalaşmaması sonrakı mərhələlərdə ciddi çətinliklər yarada bilər. Məsələn, şagird ibtidai sinifdə riyazi əməliyyatların məntiqini tam mənimsəmirsə, yuxarı siniflərdə daha mürəkkəb mövzuları öyrənməkdə çətinlik çəkəcək. Valideynlər də bu boşluqları aradan qaldırmaq üçün əlavə müəllimə müraciət edirlər.
Mən hesab edirəm ki, burada əsas məsələ uşaqları daha çox dərs oxutmaq deyil, onlara məktəbdə verilən biliklərin keyfiyyətli şəkildə mənimsədilməsidir. İbtidai sinif şagirdinin məktəbdən sonra saatlarla əlavə hazırlığa cəlb edilməsi onun həm istirahətinə, həm də psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Bu yaş dövründə uşağın oyun, ünsiyyət, idman və asudə vaxt ehtiyacı da nəzərə alınmalıdır. Təhsil yalnız dərs və qiymətdən ibarət deyil. Problemin həlli üçün ilk növbədə məktəbdaxili tədrisin keyfiyyətinə diqqət artırılmalı, mövzunu mənimsəməkdə çətinlik çəkən şagirdlərlə fərdi və əlavə iş aparılmalıdır. Müəllimlər şagirdlərin bilik səviyyəsini vaxtında müəyyən etməli, valideynlər isə hər hansı çətinlik yaranan kimi repetitora müraciət etmək əvəzinə, əvvəlcə problemin səbəbini aydınlaşdırmalıdırlar.
Repetitor hazırlığı özlüyündə yanlış deyil. Əgər şagirdin müəyyən fənn üzrə real bilik boşluğu varsa, əlavə məşğələlər faydalı ola bilər. Ancaq bunun ibtidai sinifdən bütün uşaqlar üçün məcburi və ya qaçılmaz bir mərhələyə çevrilməsi düzgün yanaşma deyil. Məktəbin əsas vəzifəsi uşağa bilik vermək, öyrənmə bacarığı formalaşdırmaq və onu növbəti təhsil pilləsinə hazırlamaqdır. Valideynin əlavə müəllim axtarmağa ehtiyac duymadığı təhsil mühiti yaratmaq isə sistemin qarşısında duran əsas vəzifələrdən biri olmalıdır.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Sabah leysan olacaq, qar yağacaq
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon