"Dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir"
Tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaət, eyni zamanda Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız bunun bariz nümunəsidir.
Şərqdə ilk dəfə Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilib. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.
Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Ümummilli Lider Heydər Əliyev ölkədə qadın siyasətinin əsasını qoymuşdur. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Bütün bu proseslər də öz növbəsində ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır.1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdir.
1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.8 mart ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilirlər.
Dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında", 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan qısa müddət sonra ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində əsaslı addımlar atılmış, normativ hüquqi baza formalaşdırılmış və institusional mexanizmlər yaradılmışdır. Gender amilinin ümumi siyasətə daxil edilməsi üzrə səylər qadınların kişilərlə bərabər ictimai həyatın bütün sahələrində təmsil olunmalarına imkan vermişdir. Ölkədə son illərdə həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı qadınların iqtisadi imkanlarının genişlənməsinə təkan vermiş və onlar arasında işsizlik səviyyəsinin azaldılmasına səbəb olmuşdur. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.
Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin "yumşaq güc" siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Bundan əlavə, Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə 2026-cı il 27 fevral tarixində yaradılmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına rəhbərlik də Mehriban xanım Əliyevaya həvalə edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.Ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək üçün 1998-ci il 14 yanvar tarixində "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" Sərəncam imzalanmışdır.
Ulu Öndər Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il tarixində "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərman imzalanmışdır. Fərmanla Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması təmin edilməsi tapşırılmışdır. Fərmanın icrasını təmin etmək məqsədi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli 176 nömrəli Qərarına əsasən nazirlik, komitə, şirkət, konsern və digər dövlət müəssisə və təşkilatlarında daxili imkanlar çərçivəsində gender siyasəti tələblərinə uyğun olaraq gender məsələləri üzrə məsul şəxslər təyin edilmiş, həmçinin "Qaçqın və məcburi köçkün qadınların münasib işlə təmin edilməsi Proqramı" təsdiq edilmişdir. Bu Qərar bütün dövlət orqanları (qurumları) və digər təşkilatların gender bərabərliyinin təmin edilməsi ilə bağlı fəaliyyətinin təkmilləşdirilməsinə, həyata keçirdikləri siyasətlərə gender amilinin daxil edilməsinə imkan verdi;
2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2000-2005-ci illər üçün "Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı"nı qəbul etmişdir. Milli Fəaliyyət Planı milli prioritetləri nəzərə alaraq, siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
"Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu 2006-cı il 10 oktyabr tarixində qəbul olunmuşdur. Qanun cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsinə xidmət edir;
2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur;
"Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilmişdir;
"Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı":
Milli Fəaliyyət Planında qadınların ictimai fəallığının artırılması, təhsil, məşğulluq, iqlim dəyişiklikləri ilə mübarizə və media sahələrində gender aspektlərinin nəzərə alınması, bu məqsədlə normativ hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi və gender bərabərliyi mədəniyyətinin təbliğinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.Hədəf göstəriciləri: beynəlxalq təcrübədən yararlanmaqla gender bərabərliyinə dair normativ hüquqi bazanın təkmilləşdirilməsi; gender bərabərliyinə dair dövlət siyasətinin həyata keçirilməsi üzrə qurumlararası əlaqələndirmə mexanizminin yaradılması; gender bərabərliyini təbliğ və təşviq edən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstək göstərilməsi; qadınların ictimai fəallığının artırılmasına dəstək göstərilməsi; əmək bazarında gender fərqlərinin aradan qaldırılması məqsədilə qadınların rəqabət qabiliyyətinin artırılması; işğaldan azad edilmiş ərazilərdə məskunlaşan qadınların sosial-iqtisadi ehtiyaclarına dair tədqiqat aparılması; təhsil müəssisələrində gender bərabərliyinin tədrisi; qadınların rəqəmsal savadlılığının artırılması; sosial cəhətdən həssas qrupdan olan qadınların tibbi, psixoloji, sosial və hüquqi yardımlara çıxış imkanlarının genişləndirilməsi; qadınların iqlim dəyişiklikləri ilə mübarizə üzrə fəaliyyətə cəlb olunması; gender bərabərliyi mədəniyyətinin təbliğində və cinsi mənsubiyyətə görə ayrı-seçkiliklə mübarizədə medianın rolunun artırılması; gender bərabərliyinin təmin olunması ilə bağlı vəziyyətin təhlili, monitorinqi və qiymətləndirilməsi.
Məqsədlər: gender bərabərliyinin təmin edilməsi üzrə hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi; qadınların ictimai, sosial və iqtisadi fəallığının artırılması, sosial cəhətdən həssas qrupdan olan qadınların dəstəklənməsi; cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi; cəmiyyətdə gender bərabərliyi mədəniyyətinin təbliği və əhalinin məlumatlılıq səviyyəsinin artırılması;
Qadın hüquqları eyni zamanda bir sıra dövlət proqramları və məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) təsbit olunur:
Azərbaycan bir sıra beynəlxalq təşkilatlara qoşularaq, konvensiyaları, protokolları qəbul etmiş və milli qanunvericilikdə qadınların hüquqları mövzusunu təkmilləşdirmişdir.
1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiyası;
Beynəlxalq Əmək Təşkilatının (BƏT) qadın əməyi sahəsində qəbul etdiyi "Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında" konvensiya;
"Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında" konvensiya;
"Analığın mühafizəsi haqqında" konvensiya;
"Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında" konvensiya;
"Ərdə olan qadının vətəndaşlığı haqqında" konvensiya;
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"
"Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı";
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir. Qadınların aktiv fəaliyyəti ictimai-siyasi həyatın bütün sahələrini əhatə edir.
Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.
Azərbaycan qadının ölkənin tərəqqisində danılmaz payı var. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur.
Azərbaycan Respublikası əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edir. 2026-cı il yanvarın 1-nə ümumi işçi qüvvəsinin sayında qadınların payı 48,4 faiz, məşğul olanların ümumi sayında qadınların payı 48,1 faiz olmuşdur. Fərdi sahibkarların ümumi sayında qadın sahibkarların xüsusi çəkisi son beş ildə ilbəil artaraq 2026-cı il yanvarın 1-nə 23,7 faizə çatmışdır. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 2004-cü ildəki 4 faizdən 2025-ci ildə 39,34 faizə yüksəlmiş, dövlət qulluqçuları arasında qadınların payı son dörd ildə 27,5 faizdən 29,7 faizə çatmış, həmçinin hakimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və vəkillər arasında qadınların sayı artmışdır;
Azərbaycan qadını ölkənin bütün sahələrində olduğu kimi Milli Məclisdə də uğurla təmsil olunur. Milli Məclisin I çağırışında 15, II çağırışında 13, III çağırışında 14, IV çağırışında 20, V çağırışında 20, VI çağırışında 21, VII çağırışında 26 qadın deputat seçilmişdir. 2020-ci il martın 10-dan Milli Məclisə qadın deputat sədrlik edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) əməkdaşlığı ilə birgə 2024-cü ildən etibarən həyata keçirilən layihənin məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, ictimai fəallığını təşviq etmək, eləcə də gənc qızların rəqəmsal bacarıqlarının artırılmasıdır. Eyni zamanda layihə qadın hüquqlarının təşviqi və gender bərabərliyinin təmin olunmasına töhfə verməklə qadınların və qızların sosial, iqtisadi və texnoloji imkanlardan bərabər şəkildə yararlanmasına şərait yaradacaqdır. 2024-2025-ci illərdə layihə çərçivəsində ölkəmizdə müxtəlif sahələrdə uğur qazanmış qadınlarla regionlarda yaşayan gənc qızlar arasında TEDx formatında keçirilmiş görüşlərə 3500 nəfər gənc qız və qadın cəlb olunmuşdur. Layihə 2026-cı ildə Xankəndi şəhərində, Qazax, İsmayıllı, Lənkəran, Oğuz rayonlarında davam etdiriləcəkdir.
Cavanşir Paşazadə
Milli Məclisin deputatı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət idarəsində çəkilən görüntülər sosial medianı ayağa qaldırdı - VİDEO
SON DƏQİQƏ: İranın molla rejimi Naxçıvan aeroportuna dron hücumu etdi - ANBAAN GÖRÜNTÜLƏR
"Real Madrid"də böhran: Arda Gülər soyunma otağında tənqid hədəfinə çevrildi
İrandan dron hücumu olan Naxçıvan aeoroportunun yaxınlığındakı məktəblərdə VƏZİYYƏT - VİDEO
İranın nazir müavini Naxçıvana hücum barədə: "Elan etdiyimiz siyasət budur" - VİDEO
Bu dəfə dəbdəbəli avtomobilləri ilə gündəmə gəldilər - VİDEO
AZAL Naxçıvana və əks istiqamətdə sərnişindaşımanı İğdırdan həyata keçirəcək
İlham Əliyev: "Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin"
Molla rejiminin Naxçıvana dron hücumu nəticəsində xəsarət alanların ADLARI MƏLUM OLDU
Təbriz bayraq qaldırıb!
Xurmanı limonla birlikdə yeməyin bilmədiyiniz faydaları
Rəsmi Bakıdan İranın Naxçıvana dron hücumuna SƏRT REAKSİYA - VİDEO
İranın atdığı dronlardan biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb
MN: "Naxçıvana edilən bu hücum aktları cavabsız qalmayacaq" - VİDEO
Naxçıvana hücum edən İran dronu haqqında BİLMƏDİKLƏRİMİZ: Hədəfə çırpılaraq PARTLAYIR - VİDEO