Hansı hallarda bəraət hökmü çıxarılır?
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Murad Aslanov bəraət hökmünün hansı hallarda çıxarıldığını və bu anlayışın şərti məhkumetmədən fərqini izah edib.
Bu barədə Ali Məhkəmə məlumat yayıb.
Hakimin sözlərinə görə, bəraət hökmü şəxsin təqsirinin sübuta yetirilmədiyi hallarda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinə əsasən, bəraət hökmü aşağıdakı hallarda verilə bilər:
- cinayət hadisəsi olmadıqda;
- şəxsin əməlində cinayət tərkibi olmadıqda;
- şəxsin cinayətin törədilməsinə aidiyyəti müəyyən edilmədikdə;
- şəxsin təqsirliliyi sübuta yetirilmədikdə.
M.Aslanov bildirib ki, bu əsaslardan hər hansı biri mövcud olduqda şəxs təqsirsiz hesab edilir.
Hakim nümunə kimi qeyd edib ki, şəxs oğurluq cinayətində ittiham olunsa da, məhkəmə araşdırması zamanı onun həmin hadisə ilə əlaqəsinin olmadığı müəyyən edilərsə, məhkəmə bəraət hökmü çıxarmalıdır.
M.Aslanov vurğulayıb ki, məhkəmənin vəzifəsi istintaq orqanlarının gəldiyi nəticələri avtomatik təsdiqləmək deyil. Onun sözlərinə görə, məhkəmə təqdim olunan bütün sübutları müstəqil şəkildə araşdırır, onların qanuna uyğun şəkildə əldə olunub-olunmadığını və etibarlılığını yoxlayır, yalnız bundan sonra yekun qərar qəbul edir.
Hakim bildirib ki, bəzi hallarda məhkəmə araşdırması zamanı məhkəməyədək icraat mərhələsində qanun pozuntularına yol verildiyi, şəxslərin hüquqlarının pozulduğu və ya prosessual tələblərə lazımi qaydada əməl olunmadığı müəyyən edilir. Belə hallarda məhkəmə yalnız iş üzrə qərar verməklə kifayətlənmir, zəruri hesab etdikdə həmin pozuntuların səbəblərinin araşdırılması və gələcəkdə təkrarlanmaması məqsədilə məsul şəxslər barəsində tədbir görülməsi üçün xüsusi qərar da çıxara bilər.
Hakim qeyd edib ki, cəmiyyətdə bəzən şərti məhkumetmə ilə bəraət hökmü eyni anlayış kimi qəbul edilir. Halbuki, bunlar hüquqi baxımdan tamamilə fərqli institutlardır.
Onun sözlərinə görə, şərti məhkumetmə zamanı şəxs təqsirli hesab olunur və ona cəza təyin edilir. Sadəcə, həmin cəzanın icrası müəyyən edilmiş sınaq müddəti ilə əlaqələndirilir. Bəraət hökmü zamanı isə məhkəmə şəxsin həmin cinayəti törətmədiyi və ya təqsirinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Bu halda şəxs tam şəkildə təqsirsiz hesab olunur.
Hakim əlavə edib ki, qanunvericilik bəraət hökmündə şəxsin təqsirsizliyini şübhə altına ala biləcək hər hansı ifadədən istifadə olunmasını da qadağan edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
Natiq Fərzəliyev əməliyyat olundu