"TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı
Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur. Qeyri-rəsmi hesabda yayılan materialın dövlət başçısının şəxsi paylaşımı kimi göstərilməsi, ardınca isə Türkiyəyə ünvanlanmış mesaj axtarışına çıxılması jurnalistikanın elementar yoxlama prinsipləri ilə uzlaşmır.
Əvvəlcə ən sadə faktı xatırladaq: Prezident İlham Əliyevin "TikTok" platformasında rəsmi hesabı yoxdur.
Oxu.Az bu barədə artıq oxucularına məlumat verib. Deməli, həmin platformada yayılan videonu "Azərbaycan Prezidentinin paylaşımı" adlandırmaq üçün əsas yoxdur.
Buna baxmayaraq, "Milli Gazete" və "Sonsöz" kimi nəşrlərdə sözügedən video İlham Əliyevin "rəsmi "TikTok" hesabı"ndan paylaşılmış material kimi təqdim olunub. Beləliklə, mövcud olmayan rəsmi hesaba istinad xəbər mətnlərinə yol tapıb. Sosial şəbəkələrdə isə bu təqdimat daha da irəli aparılaraq videonun Türkiyəyə mesaj olub-olmadığı müzakirəyə çıxarılıb.
Halbuki səsləndirilən sözlərin mənbəyi də, tarixi də, konteksti də məlumdur.
Videoda istifadə olunan ifadələr Prezident İlham Əliyevin 10 noyabr 2020-ci ildə xalqa müraciətində yer alır. Dövlət başçısı həmin çıxışında Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən, Ermənistanın məğlubiyyətindən və üçtərəfli bəyanatdan danışırdı. Azərbaycan xalqının səbri ilə oynamağın nəticələri barədə xəbərdarlıq da məhz bu kontekstdə səslənib. Çıxışın tam mətni Prezidentin rəsmi saytında açıq şəkildə yerləşdirilib. Bu sözləri bugünkü Türkiyə gündəminə ünvanlanmış yeni bəyanat kimi təqdim etmək onların tarixi mənasını təhrif edir.
Bu məlumatı yoxlamaq üçün xüsusi araşdırmaya ehtiyac yox idi. Hesabın rəsmiliyini dəqiqləşdirmək və çıxışın ilkin mənbəyini tapmaq kifayət edərdi.
Bu gün istənilən istifadəçi sosial şəbəkədə hesab aça, Prezidentin görüntülərini yerləşdirə, üzərinə başqa tarixdəki çıxışından səs əlavə edə və istədiyi başlığı yaza bilər. Videonun üzərinə yeni tarix qoyulması çıxışı yeniləmir. Paylaşımın çox baxış toplaması onu rəsmi bəyanata çevirmir. Hesabın adında Prezidentin adının, profilində isə şəklinin olması həmin səhifəyə dövlət başçısının adından danışmaq səlahiyyəti vermir.
Adi istifadəçinin səhvini peşəkar media təkrarlayanda yanlış məlumat daha geniş auditoriyaya çatır və xəbər statusu qazanır. Buna görə böyük media qurumlarının, jurnalistlərin və çoxsaylı izləyicisi olan hesabların məsuliyyəti daha böyükdür.
Oxu.Az olaraq Türkiyənin bəzi media resurslarının bu məsələdə nümayiş etdirdiyi yanaşmanı məsuliyyətsiz hesab edirik. Azərbaycan Prezidentinə aid materialı yoxlamadan yaymaq, sonra da onun üzərində dövlətlərarası münasibətlərə dair mülahizələr qurmaq qəbuledilməzdir. Azərbaycanla Türkiyə arasındakı münasibətlər barədə danışanlardan xüsusilə dəqiqlik və təmkin gözlənilir.
Prezidentin hansısa ölkəyə mesaj verdiyini iddia edən media əvvəlcə həmin mesajın həqiqətən Prezident tərəfindən verildiyini yoxlamalıdır.
Dövlət başçısının rəsmi "Instagram", "YouTube", "Facebook" və "X" hesablarına keçidlər president.az saytında yerləşdirilib. Etibarlı məlumat üçün müraciət ediləcək ünvanlar açıqdır.
Türkiyədəki həmkarlarımızı və geniş auditoriyaya malik sosial şəbəkə istifadəçilərini belə materiallara məsuliyyətlə yanaşmağa çağırırıq. Yanlış məlumatı yayan redaksiyalardan isə xəbərlərini düzəltmələrini və oxucularına aydın izah vermələrini gözləyirik.
Auditoriyaya hörmət yoxlanılmış məlumatdan başlayır. İllər əvvəlki çıxışdan bugünkü qarşıdurma üçün başlıq düzəltmək peşəkar jurnalistikaya yaraşmır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Prezident onları təltif etdi - Adlar
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
Natiq Fərzəliyev əməliyyat olundu