Dövlət Bayrağı - Azərbaycanın milli kimliyinin, dövlətçilik ənənələrinin və milli birliyinin rəmzi
9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik tarixini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən əlamətdar gündür. Bu tarix Azərbaycan xalqının milli özünüdərk prosesinin, müstəqil dövlət qurmaq iradəsinin və tarixi yaddaşının mühüm göstəricisidir. Dövlət bayrağı sadəcə üçrəngli parça deyil, xalqın keçdiyi tarixi yolun, mübarizəsinin, milli birliyinin və gələcəyə olan inamının rəmzidir.
Azərbaycanın üçrəngli bayrağının tarixi 1918-ci il noyabrın 9-dan başlayır. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə üçrəngli bayraq dövlət bayrağı kimi qəbul edilmişdir. Bu qərar Azərbaycan xalqının müstəqillik və milli dövlətçilik arzularının siyasi iradəyə çevrilməsinin parlaq nümunəsi idi. Şərqdə ilk demokratik respublikalardan biri olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı milli dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcını ifadə edirdi. Cümhuriyyətin süqutundan sonra bu bayraq dövlət atributu kimi istifadədən çıxarılsa da, xalqın yaddaşında müstəqillik ideyasının və milli azadlıq istəyinin simvolu olaraq yaşadı.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayraq yenidən dövlətçilik tariximizin əsas atributuna çevrildi. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti və dövlətçilik strategiyası nəticəsində milli dövlətçilik ənənələrinin qorunması, dövlət rəmzlərinə hörmət və vətənpərvərlik ideologiyasının möhkəmləndirilməsi mühüm prioritetlərdən biri oldu. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi istiqamətində tarixi qərar verildi. Bu addım Azərbaycanın müstəqilliyə gedən yolunda mühüm siyasi hadisə idi.
Bayrağımızın üzərindəki hər bir rəng dərin fəlsəfi və ideoloji məna daşıyır. Mavi rəng türkçülüyü, Azərbaycan xalqının milli-mənəvi köklərini və tarixi bağlılığını, qırmızı rəng müasirliyi, inkişafı və demokratik dəyərləri, yaşıl rəng isə İslam mədəniyyətinə və mənəvi irsə bağlılığı ifadə edir. Ay-ulduz isə milli kimliyimizin və dövlətçilik ənənələrimizin ayrılmaz rəmzlərindəndir. Bu üç rəng Azərbaycan cəmiyyətinin tarixi keçmişi, bugünkü inkişaf yolu və gələcək hədəfləri arasında mənəvi körpü yaradır.
Bu gün Dövlət Bayrağı Gününün qeyd edilməsi yalnız tarixi hadisənin xatırlanması deyil, həm də müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərin siyasi və mənəvi mahiyyətinin dərk olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan müstəqilliyini möhkəmləndirərək regionun aparıcı dövlətlərindən birinə çevrilib. Ölkənin iqtisadi, siyasi və diplomatik imkanlarının genişlənməsi, beynəlxalq nüfuzunun artması dövlət bayrağımızın dünyanın müxtəlif ölkələrində dalğalanmasına şərait yaradıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə dövlət suverenliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi və milli maraqların müdafiəsi əsas istiqamətlər kimi müəyyənləşdirilib. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan bayrağının mənəvi-siyasi məzmununu daha da gücləndirdi. Uzun illər işğal altında qalmış torpaqlarımızın azad edilməsi ilə üçrəngli bayrağımız doğma Qarabağda və Şərqi Zəngəzurda yenidən ucaldıldı. Xüsusilə Şuşada, Xankəndidə və digər azad edilmiş ərazilərdə dövlət bayrağımızın dalğalanması xalqımızın tarixi ədalətin bərpasına olan inamının təcəssümünə çevrildi.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində suverenliyinin tam bərpası dövlətçilik tariximizin mühüm mərhələsi oldu. Bu hadisə dövlət bayrağımızın ölkəmizin bütün ərazilərində dalğalanmasını təmin etməklə yanaşı, milli birliyin, siyasi iradənin və suveren dövlətçilik prinsipinin təntənəsini nümayiş etdirdi.
Dövlət Bayrağı Günü həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm ictimai-siyasi əhəmiyyət daşıyır. Bayrağa hörmət Vətənə, dövlətə, milli tarixə və xalqın müqəddəs dəyərlərinə hörmət deməkdir. Gənclər bilməlidirlər ki, bu bayrağın arxasında əsrlərin dövlətçilik təcrübəsi, müstəqillik uğrunda mübarizə, şəhidlərimizin qanı və xalqımızın iradəsi dayanır. Bu baxımdan dövlət rəmzlərinin təbliği yalnız bayram tədbirləri ilə məhdudlaşmamalı, təhsil müəssisələrində, ictimai mühitdə və gündəlik həyatımızda davamlı xarakter daşımalıdır.
Müasir dövrdə Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri əldə edilmiş siyasi və hərbi nailiyyətləri davamlı iqtisadi inkişafa, sosial rifaha və güclü dövlət institutlarına çevirməkdir. Dövlət bayrağının təmsil etdiyi müstəqillik ideyası yalnız keçmişin qüruru deyil, həm də gələcək nəsillər qarşısında məsuliyyətdir. Bu məsuliyyət dövlətçiliyin qorunmasını, milli həmrəyliyin gücləndirilməsini, qanunun aliliyinin təmin edilməsini və ölkənin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsini tələb edir.
Nəticə etibarilə, 9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycanın müstəqillik tarixinin, milli kimliyinin və suveren dövlətçilik iradəsinin təntənəsidir. Üçrəngli bayrağımız dünənimizin tarixi yaddaşı, bu günümüzün qüruru və sabahımızın inkişaf rəmzidir. Harada dalğalanmasından asılı olmayaraq, Azərbaycan bayrağı hər bir soydaşımız üçün Vətənin, milli birliyin və müstəqilliyin müqəddəs simvoludur. Onu qorumaq, uca tutmaq və gələcək nəsillərə əmanət etmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO