ABŞ-İran müharibəsində yeni gərginlik: Tehran ABŞ bazasını hədəfə aldı, Vaşinqton bölgəyə üçüncü aviadaşıyıcısını göndərdi
ABŞ və İran arasında davam edən müharibədə gərginlik yenidən artıb. Noyabrın 17-də İranın pilotsuz uçuş aparatları Bəhreyndə yerləşən ABŞ hərbi radar sistemini hədəfə alıb. Reuters-in məlumatına görə, hücum ABŞ-ın Beşinci Donanmasının yerləşdiyi Şeyx İsa hərbi bazasına qarşı həyata keçirilib. Bəhreyn hakimiyyəti hava hücumu xəbərdarlığından sonra müdafiə sistemlərinin İran dronlarını zərərsizləşdirdiyini açıqlayıb. Hadisə nəticəsində ölən və yaralananların olmadığı, hərbi obyektə ciddi zərər dəymədiyi bildirilib. Bu, son günlər İranın Bəhreyndəki ABŞ hərbi obyektlərinə qarşı həyata keçirdiyi növbəti hücumdur.
Bununla yanaşı, ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirməkdə davam edir. Associated Press-in məlumatına görə, USS Theodore Roosevelt aviadaşıyıcı gəmisi ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olub. Bununla da regionda fəaliyyət göstərən ABŞ aviadaşıyıcılarının sayı üçə çatıb. Sözügedən gəmi USS George H.W. Bush və USS George Washington aviadaşıyıcılarına qoşulub. Bu addım Vaşinqtonun İranla qarşıdurma fonunda hərbi imkanlarını artırması kimi qiymətləndirilir. Bununla belə, aviadaşıyıcının bölgəyə gəlməsi özlüyündə ABŞ-ın yeni genişmiqyaslı hücuma başlayacağı anlamına gəlmir.
Münaqişənin digər mühüm istiqaməti Hörmüz boğazında baş verən hadisələrlə bağlıdır. Son günlər strateji əhəmiyyətə malik bu su yolunda neft tankerlərinə hücumlar və partlayışlar qeydə alınıb. Əl-Cəzirə və Reuters-in məlumatına görə, noyabrın 16-da Oman sahilləri yaxınlığında tanker naməlum hücuma məruz qalıb. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi gəminin Khasab limanından təxminən 7 dəniz mili şimalda zədələndiyini, mühərrik bölməsində yanğın baş verdiyini açıqlayıb. Bundan əvvəl isə boğazdan çıxan başqa bir tanker naməlum mərmi ilə vurulub. İranın İnqilab Keşikçiləri Korpusu da bəzi tankerlərin dəniz minalarına düşərək alova büründüyünü iddia edib. Lakin bu iddiaların hamısı müstəqil şəkildə təsdiqlənməyib.
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi diplomatik müzakirələrin də əsas mövzularından birinə çevrilib. Noyabrın 17-də İranın xarici işlər naziri Abbas Əraqçi Omanda həmkarı Bədr əl-Busaidi ilə görüşüb. Reuters-in yaydığı məlumata görə, danışıqlarda dəniz nəqliyyatı marşrutlarının təhlükəsizliyi, beynəlxalq gəmiçiliyin və ticarətin fasiləsiz davam etdirilməsi, eləcə də münaqişənin genişlənməsinin qarşısını almaq üçün diplomatik əlaqələrin və danışıqlar kanallarının bərpası məsələləri müzakirə olunub. Görüş regionda hərbi gərginliyin davam etdiyi və ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadasını saxladığı bir vaxta təsadüf edib.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə İranla müharibənin uzunmüddətli hərbi qarşıdurmaya çevrilməyəcəyini bəyan edib. Fox News telekanalına müsahibəsində o, Donald Trampın münaqişənin sonsuz müharibəyə çevrilməsinə imkan verməyəcəyini bildirib. Vens ABŞ-ın İran ərazisində 10-15 il, hətta iki il davam edəcək hərbi öhdəlik götürməyəcəyini vurğulayıb. O, İranın nüvə proqramını ABŞ üçün təhlükə hesab etdiklərini də qeyd edərək, Tramp administrasiyasının müharibəni nəticə ilə başa çatdırmaq niyyətində olduğunu söyləyib.
Donald Trampın İranla bağlı hərbi strategiyasında da müəyyən ehtiyatlılıq müşahidə olunur. Reuters-in noyabrın 14-də yaydığı məlumata görə, ABŞ prezidenti müşavirlərinə Tehran və İranın dəstəklədiyi husilər tərəfindən yeni təxribatlar olmadığı təqdirdə İrana əlavə zərbələr endirməkdən çəkinə biləcəyini bildirib. Bununla belə, Tramp münaqişənin necə başa çatdırılacağı ilə bağlı yekun qərar verməyib və İran limanlarına qarşı dəniz blokadasının davam etdirilməsi variantını saxlayır. Səudiyyə Ərəbistanı və Türkiyə liderlərinin də ABŞ prezidentini hərbi əməliyyatların genişləndirilməməsinə çağırdığı bildirilir.
Beləliklə, ABŞ və İran arasında qarşıdurma hərbi və diplomatik istiqamətlərdə davam edir. Bir tərəfdən İran ABŞ-ın regiondakı hərbi obyektlərini hədəfə alır, digər tərəfdən Vaşinqton Yaxın Şərqdə hərbi qüvvələrini gücləndirir. Hörmüz boğazında tanker hücumları isə münaqişənin beynəlxalq enerji bazarına və dəniz ticarətinə təsirlərini artırır. Oman vasitəsilə diplomatik təmasların aparılması müəyyən ümidlər yaratsa da, tərəflər arasında müharibəyə son qoyacaq yekun razılaşma hələ əldə edilməyib.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
Yataqxanada meyiti tapılan tələbənin ölümü: ATU-dan açıqlama gəldi - Foto
Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir
637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Türkiyədə seriallarla bağlı mühüm qərar gözlənilir
Prezidentin 1 həftəsi... - Video
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO