Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləriMüasir dünyada dövlətlərin inkişaf səviyyəsini müəyyən edən əsas amillərdən biri insan kapitalıdır. Elmi potensial, təhsilin keyfiyyəti, texnoloji yeniliklər, innovasiya imkanları və müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığı ölkələrin rəqabət qabiliyyətinin əsasını təşkil edir. Bu reallıq beynəlxalq əməkdaşlığın məzmununu da dəyişdirir. Artıq dövlətlərarası tərəfdaşlıq yalnız siyasi dialoq və iqtisadi münasibətlərlə məhdudlaşmır, elm, təhsil, rəqəmsal texnologiyalar və bilik mübadiləsi kimi sahələri də əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən 2026-cı il noyabrın 12-də Dublində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sənəddə təhsil, elm, tədqiqat, innovasiya və bacarıqların inkişafının ayrıca istiqamət kimi müəyyənləşdirilməsi iki ölkə arasında əməkdaşlığın gələcəyə hesablanmış xarakterini nümayiş etdirir. Bəyannamənin əsas yanaşmalarından biri təhsil və elmin uzunmüddətli rifahın, məhsuldarlığın və sosial dayanıqlığın mühüm amilləri kimi qəbul edilməsidir. Bu yanaşma təsadüfi deyil.

Çünki XXI əsrdə iqtisadi inkişafın əsas mənbələrindən biri bilik və texnologiyadır. Təbii sərvətlər, coğrafi mövqe və ənənəvi istehsal imkanları iqtisadi inkişaf üçün mühüm əhəmiyyət daşısa da, davamlı rəqabət üstünlüyü yaratmaq üçün yüksək ixtisaslı insan resurslarına və innovativ yanaşmalara ehtiyac var. Azərbaycanın inkişaf strategiyasında təhsilin, elmin və insan kapitalının gücləndirilməsi prioritet istiqamətlərdəndir. Ölkədə təhsil infrastrukturunun yenilənməsi, ali və peşə təhsilinin inkişafı, rəqəmsal bacarıqların artırılması və elmi tədqiqat imkanlarının genişləndirilməsi bu məqsədlərə xidmət edir. Böyük Britaniya ilə strateji tərəfdaşlıq çərçivəsində bu sahələrdə əməkdaşlığın dərinləşdirilməsi mövcud imkanların daha səmərəli istifadəsinə şərait yarada bilər. Böyük Britaniya ali təhsil, elmi tədqiqat və innovasiya sahələrində geniş təcrübəyə malik ölkələrdən biridir. Bu təcrübənin Azərbaycanla paylaşılması universitetlərarası əlaqələrin inkişafı, birgə elmi layihələrin həyata keçirilməsi, akademik mübadilə proqramlarının genişləndirilməsi və müasir tədris metodlarının tətbiqi baxımından əhəmiyyətlidir. Bəyannamədə ali təhsil, peşə təhsili və təlim, rəqəmsal və texniki bacarıqlar, eləcə də dövlət sektorunda təlim sahələrində əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur. Bu istiqamətlər bir-biri ilə sıx bağlıdır. Çünki müasir iqtisadiyyatın tələbləri yalnız universitet təhsili almış mütəxəssislərə deyil, eyni zamanda texniki və peşə bacarıqlarına malik, yeni texnologiyalarla işləməyi bacaran kadrlara da ehtiyac yaradır.

Əmək bazarının sürətlə dəyişməsi təhsil sisteminin də daim yenilənməsini tələb edir. Əvvəllər uzun müddət istifadə olunan peşə və ixtisas bilikləri bu gün texnoloji dəyişikliklər nəticəsində qısa müddətdə yenilənə bilir. Buna görə də təhsil sistemi yalnız ilkin biliklərin verilməsi ilə kifayətlənməməli, insanlara ömürboyu öyrənmək, yeni bacarıqlar qazanmaq və dəyişən əmək bazarına uyğunlaşmaq imkanları yaratmalıdır. Azərbaycan və Böyük Britaniya arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi də bu baxımdan mühüm perspektivlərə malikdir. Müasir peşə təhsili müəssisələrinin inkişafı, istehsalat təcrübəsinin gücləndirilməsi, işəgötürənlərin tədris prosesinə cəlb edilməsi və beynəlxalq standartların tətbiqi əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına kömək edə bilər. Bəyannamədə dövlət sektorunda təlim və idarəetmə bacarıqlarının inkişafına da diqqət yetirilir. Müasir dövlət idarəçiliyi çeviklik, şəffaflıq, səmərəlilik və texnoloji yeniliklərə uyğunlaşma tələb edir. Dövlət qulluqçularının peşəkar biliklərinin artırılması, rəqəmsal idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi dövlət institutlarının fəaliyyətinin təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir. Sənəddə ayrıca yer verilən digər mühüm istiqamət rəqəmsallaşma və süni intellekt sahəsində əməkdaşlıqdır. Süni intellekt artıq iqtisadiyyatın, təhsilin, səhiyyənin, sənayenin, nəqliyyatın və dövlət idarəçiliyinin müxtəlif sahələrində tətbiq edilir. Bu texnologiyalar məhsuldarlığın artırılması, məlumatların təhlili, qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsi və yeni xidmət modellərinin yaradılması üçün geniş imkanlar açır.

Lakin süni intellektin inkişafı yalnız texniki imkanlarla bağlı deyil. Bu sahədə məlumatların təhlükəsizliyi, şəxsi həyatın qorunması, şəffaflıq, etik prinsiplər və texnologiyalara bərabər çıxış kimi məsələlər də mühüm əhəmiyyət daşıyır. Bəyannamədə süni intellekt və rəqəmsal idarəetmə üzrə təcrübə mübadiləsinin bacarıqların inkişafı, şəffaflıq və inklüziv artım prinsipləri ilə əlaqələndirilməsi bu baxımdan diqqətəlayiqdir. Azərbaycan üçün rəqəmsal transformasiya iqtisadiyyatın modernləşdirilməsi və dövlət xidmətlərinin təkmilləşdirilməsi baxımından mühüm istiqamətdir. Rəqəmsal texnologiyaların istehsal və xidmət sektorlarında tətbiqi, innovativ sahibkarlığın inkişafı, dövlət idarəçiliyində müasir həllərin genişləndirilməsi ölkənin rəqabət qabiliyyətini artıran amillərdəndir. Böyük Britaniya ilə bu sahədə əməkdaşlıq texnoloji biliklərin mübadiləsi, mütəxəssislərin hazırlanması, universitetlər və tədqiqat institutları arasında əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər. Xüsusilə süni intellekt, rəqəmsal idarəetmə və innovasiya ekosistemləri üzrə birgə təşəbbüslər hər iki ölkənin elmi və iqtisadi potensialına töhfə verə bilər.

Bəyannamədə universitetlər, tədqiqat institutları və sənaye müəssisələri arasında tərəfdaşlığın təşviq olunması da mühüm yeniliklərdəndir. Çünki elmi tədqiqatların real iqtisadi və sosial nəticələr verməsi üçün elmlə istehsal arasında əlaqələrin gücləndirilməsi vacibdir. Universitetlərdə yaradılan elmi biliklərin texnoloji məhsullara, innovativ xidmətlərə və yeni istehsal üsullarına çevrilməsi innovasiya siyasətinin əsas məqsədlərindən biridir. Bu baxımdan, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, elmi laboratoriyaların əməkdaşlığı, gənc tədqiqatçıların mübadiləsi və sənaye müəssisələrinin elmi layihələrə cəlb olunması xüsusi əhəmiyyət kəsb edir. Həyat elmləri və inkişaf etməkdə olan texnologiyalar üzrə əməkdaşlıq da yeni elmi istiqamətlərin formalaşmasına şərait yarada bilər. İnsan kapitalının inkişafında beynəlxalq təcrübə mübadiləsi ilə yanaşı, cəmiyyətlər arasında birbaşa əlaqələrin qurulması da mühüm rol oynayır. Bəyannamədə insanlararası mübadilələrin və peşəkar şəbəkələrin təşviq olunması ayrıca qeyd edilir. Bu, strateji tərəfdaşlığın yalnız dövlət qurumları və biznes strukturları arasında deyil, həm də insanların gündəlik həyatında hiss olunmasına xidmət edir. Tələbə və müəllim mübadiləsi, elmi konfranslar, mədəniyyət proqramları, peşəkar görüşlər və birgə layihələr iki cəmiyyət arasında qarşılıqlı anlaşmanı möhkəmləndirir. Belə əlaqələr uzunmüddətli tərəfdaşlığın ictimai əsaslarını gücləndirir və yeni nəsil mütəxəssislərin beynəlxalq əməkdaşlıq təcrübəsi qazanmasına imkan verir.

Bəyannamənin digər mühüm istiqaməti müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Təhlükəsizlik məsələlərinin təhsil, elm və texnologiya ilə əlaqəsi müasir dövrdə daha aydın görünür. Kibertəhlükəsizlik, rəqəmsal infrastrukturun qorunması, texnoloji təhdidlərə qarşı dayanıqlılıq və müasir müdafiə sistemlərinin inkişafı yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını tələb edir. Sənəddə müdafiə sahəsində təlim, potensialın artırılması, qarşılıqlı fəaliyyət və müdafiə sənayesi üzrə əməkdaşlıq imkanlarının araşdırılması nəzərdə tutulur. Bu müddəalar təhlükəsizlik sahəsində institusional və peşəkar potensialın inkişafına yönəlib. Hüquq-mühafizə orqanları, sərhəd idarəçiliyi və məhkəmə-hüquq sahəsində əməkdaşlıq da dövlət institutlarının dayanıqlılığının gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Tərəfdaşlığın siyasi əsasları da bu əməkdaşlığın davamlılığı üçün mühüm zəmin yaradır. Bəyannamədə beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin təsdiqlənməsi, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində sülh addımlarının alqışlanması regional sabitliyə verilən əhəmiyyəti göstərir. Sabit və təhlükəsiz regional mühit təhsil, elm, ticarət və texnologiya sahələrində əməkdaşlığın genişlənməsi üçün vacib şərtdir. Nəqliyyat əlaqələrinin inkişafı, iqtisadi layihələrin həyata keçirilməsi və insanlararası təmasların artması davamlı sülhün möhkəmlənməsinə də xidmət edə bilər.

Birgə Bəyannamənin mühüm cəhətlərindən biri də əməkdaşlığın davamlı mexanizmlər əsasında qurulmasıdır. Sənəddə hər il Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsi, əldə olunan nəticələrin nəzərdən keçirilməsi, gələcək prioritetlərin müəyyənləşdirilməsi və icra prosesinin izlənilməsi barədə razılıq ifadə olunub. Bu mexanizm xüsusilə təhsil və innovasiya sahəsində əhəmiyyətlidir. Çünki elmi və təhsil layihələrinin nəticələri, bir qayda olaraq, qısa müddətdə əldə olunmur. Universitetlərarası əlaqələrin formalaşması, birgə tədqiqatların aparılması, mütəxəssis hazırlığı və yeni texnologiyaların tətbiqi davamlı əməkdaşlıq tələb edir. İllik görüşlər bu prosesin ardıcıl şəkildə izlənilməsinə imkan verə bilər. Əlbəttə, Bəyannamədə müəyyənləşdirilmiş əməkdaşlıq istiqamətlərinin uğuru onların praktiki icrasından asılı olacaq. Bunun üçün müvafiq qurumlar, universitetlər, elmi müəssisələr, biznes strukturları və vətəndaş cəmiyyəti arasında əlaqələrin gücləndirilməsi vacibdir. Həmçinin sənəddə əməkdaşlığın mövcud resurslar və tərəflərin müvafiq qanunvericiliyi çərçivəsində həyata keçirilməsi prinsipi də nəzərə alınır. Azərbaycan-Böyük Britaniya Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməsi iki ölkənin gələcək münasibətlərinə daha geniş perspektivdən yanaşır.

Burada insan kapitalı, təhsil, elm, innovasiya və texnologiya iqtisadi və siyasi əməkdaşlığın ayrılmaz hissəsi kimi müəyyən edilir. Bu sənədin əsas mesajlarından biri budur ki, gələcəyin iqtisadi və siyasi imkanları bilik, peşəkarlıq, innovasiya və texnoloji inkişafla sıx bağlıdır. Azərbaycan ilə Böyük Britaniya arasında bu sahələrdə əlaqələrin genişləndirilməsi yalnız ikitərəfli münasibətlərin deyil, həm də hər iki ölkənin uzunmüddətli inkişaf məqsədlərinin reallaşdırılması baxımından əhəmiyyətlidir. Dublində imzalanmış Birgə Bəyannamə ənənəvi əməkdaşlıq istiqamətlərini qorumaqla yanaşı, yeni dövrün tələblərinə uyğun tərəfdaşlıq modelinin formalaşdırılmasına yönəlib. Onun təhsil, elm və innovasiya sahələrinə verdiyi xüsusi yer isə bu münasibətlərin gələcəyə hesablanmış mühüm tərəfini ortaya qoyur.

Şahin Seyidzadə
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 321   Tarix: 16 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması bu siyasətin mühüm nəticələrindən biri olmaqla, iki ölkə arasında münasibətlərin rəsmi olaraq keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsini ifadə edir. 2026-cı il noyabrı

16 noyabr
.

Ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirən əməkdaşlıq

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Noyabrın 12-də Dublində imzalanan bu sənəd təkcə diplomatik münasibətləri

16 noyabr
.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını

13 noyabr
.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəf

15 noyabr
.

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi

"2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən münaqişə zonasında bütün hərbi əməliyyatlar dayandırıldı və həmin tarixdən etibarə

16 noyabr
.

Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək

Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbayca

16 noyabr
.

Prezident İlham Əliyev Dublində Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulandı, iqtisadi-ticari, enerji və digər sahələrd

13 noyabr
.

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və praqmatik xarici siyasət ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə, aparıcı dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsinə mühüm töhfə verir. Azərbaycanın müxtəlif geosiyasi və iqtisadi mərkəzlərlə qurduğu tərəfdaşlı

16 noyabr
.

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ

13 noyabr