Sertifikasiyadan keçmir, amma repetitorluq edir: Şagirdlərə kim dərs keçir? - AÇIQLAMA
Müəllimlərin sertifikasiya imtahanlarından keçə bilməməsinə baxmayaraq, repetitorluq fəaliyyəti ilə məşğul olması təhsil sahəsində müzakirələrə səbəb olur. Dövlət məktəblərində çalışan müəllimlər üçün sertifikasiya peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi məqsədi daşısa da, repetitorluq sahəsində eyni qaydada tətbiq olunan vahid nəzarət mexanizminin olmaması valideynlər və şagirdlər üçün müəyyən suallar yaradır. Nəticədə, müəllimin bilik və pedaqoji bacarıqlarının hansı meyarlarla qiymətləndirildiyi məsələsi aktuallaşır.
Bəs, sertifikasiya və ya digər peşə imtahanlarından keçə bilməyən müəllimlərin repetitorluq fəaliyyəti təhsilin keyfiyyəti baxımından hansı problemlərə yol aça bilər? Repetitorların bilik və peşəkarlıq səviyyəsinə hazırda hansı mexanizmlərlə nəzarət olunur? Valideynlər övladları üçün repetitor seçərkən hansı meyarlara diqqət yetirməli, bu sahədə əlavə tənzimləmə və qiymətləndirmə mexanizmləri tətbiq edilməlidirmi?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Əmrah Həsənli bildirib ki, sertifikasiya və ya digər peşə imtahanlarından keçə bilməyən müəllimin repetitorluqla məşğul olması sadəcə fərdi seçim məsələsi deyil, təhsilin keyfiyyəti baxımından ciddi sistem problemidir.
"Sertifikasiya müəllimin minimum peşə standartlarına cavab verib-vermədiyini göstərən göstəricidir. Bu standartlara uyğunluğunu təsdiq edə bilməyən şəxsin eyni bilik səviyyəsi ilə şagirdə fərdi dərs keçməsi mövcud boşluqların daha dar və nəzarətsiz mühitdə şagirdə ötürülməsi deməkdir. Burada söhbət təkcə zəif öyrətməkdən deyil, yanlış bilik verməkdən də gedir. Şagird mövzunu səhv qavradıqda, həmin bilikləri sonradan düzəltmək ilk dəfə öyrətməkdən daha çətin olur.
Bundan əlavə, valideyn repetitorluğa pul və vaxt sərf edir, lakin gözlədiyi nəticəni əldə edə bilmir. Bu isə həm ailə büdcəsinə, həm də uşağın motivasiyasına mənfi təsir göstərir. Eyni zamanda, belə vəziyyət ədalətsiz rəqabət yaradır. Sertifikasiyadan keçən, öz üzərində işləyən müəllimlə bu imtahandan keçə bilməyən müəllim əmək bazarında sanki eyni statusda görünür.
İkinci sualınıza gəldikdə isə, hazırda repetitorluq fəaliyyətinə nəzarət mexanizmi faktiki olaraq çox zəifdir. Repetitorluq əsasən qeyri-rəsmi şəkildə, şəxsi tanışlıq və tövsiyələr əsasında formalaşan sahədir. Repetitorların peşəkarlıq səviyyəsini yoxlayan, xidmətin keyfiyyətini qiymətləndirən, şikayətləri qəbul edib araşdıran vahid və şəffaf sistem mövcud deyil. Repetitorun biliyi çox vaxt yalnız nəticə əsasında qiymətləndirilir. Şagird imtahanda uğur qazanırsa, repetitor yaxşı hesab olunur, uğur qazana bilmirsə, valideyn bunu çox zaman artıq gec başa düşür. Bu isə nəzarət deyil, nəticədən sonra aparılan təsadüfi qiymətləndirmədir.
Valideynlərə tövsiyəm odur ki, repetitor seçərkən ilk növbədə onun peşəkar statusuna və sənədlərinə diqqət yetirsinlər. Repetitor hazırda məktəbdə işləyirsə, sertifikasiyadan keçib-keçmədiyini, işləmirsə, müvafiq ixtisas üzrə təhsilini və real iş təcrübəsini öyrənmək vacibdir. İkinci meyar əvvəlki şagirdlərin real nəticələri və onların valideynlərinin rəyləridir.
Üçüncü meyar repetitorun dərsi necə təşkil etməsidir. O, şagirdin bilik səviyyəsini əvvəlcədən müəyyənləşdirirmi, plan əsasında işləyirmi, yoxsa sadəcə hazır testlər həll etdirir? Yaxşı repetitor şagirdə yalnız məlumat ötürmür, həm də onda düşünmək bacarığı formalaşdırır. Dördüncü meyar valideynlə ünsiyyət və şəffaflıqdır. Şagirdin irəliləyişi barədə valideynə mütəmadi məlumat verilməli, dərsin məqsədi və müddəti aydın olmalıdır. Nəhayət, uşağın öz fikri də nəzərə alınmalıdır. Çünki şagird müəllimlə ünsiyyət qura bilmirsə, hətta yüksək bilik səviyyəsinin də faydası məhdud olacaq.
Valideynlər üçün digər mühüm xəbərdarlıq əlamətləri də var. Məsələn, nəticəyə qeyri-real zəmanət verilməsi və ya repetitorun məktəbdəki müəllimi gözdən salmağa çalışması ciddi şübhə doğurmalıdır.
Repetitorluq sahəsində əlavə tənzimləməyə ehtiyac olduğunu düşünürəm. Lakin bu, qadağa deyil, düzgün hüquqi və peşəkar çərçivənin yaradılması prinsipi əsasında həyata keçirilməlidir. Repetitorluğu tamamilə qadağan etmək nə mümkündür, nə də düzgündür. Çünki bu fəaliyyət real tələbatdan irəli gəlir. Bununla belə, bir neçə istiqamətdə addımlar atılmalıdır.
İlk növbədə, repetitorluq fəaliyyəti şəffaf və rəsmi çərçivəyə salınmalı, bu sahədə çalışan şəxslər müəyyən qeydiyyat və ya lisenziyalaşdırma sisteminə cəlb olunmalıdır. İkincisi, minimum peşə tələbləri müəyyən edilməlidir. Sertifikasiyadan keçməyən şəxslərin həmin fənn üzrə repetitorluq fəaliyyətinə müəyyən məhdudiyyətlər tətbiq oluna və ya ən azı onların statusu barədə valideynlərə açıq məlumat verilməlidir. Üçüncüsü, valideynlərin repetitorların peşəkar statusunu yoxlaya biləcəyi açıq elektron məlumat bazası yaradılmalıdır. Nəhayət, ümumtəhsil məktəblərində dərs deyən müəllimlərin öz şagirdlərinə repetitorluq etməsi ilə bağlı maraqların toqquşması məsələsinə ciddi nəzarət olunmalıdır. Bu, həm məktəbdaxili ədalətə, həm də təhsilin keyfiyyətinə birbaşa təsir göstərir.
Ümumilikdə, repetitorluğun geniş yayılması təhsil sistemində müəyyən problemlərin mövcudluğuna işarədir. Bu, valideynlərin məktəbdə verilən təhsilin təkbaşına kifayət etmədiyini düşündüyünü göstərir. Buna görə də repetitorluğun tənzimlənməsi ilə yanaşı, məktəblərdə təhsilin keyfiyyətinin artırılması, müəllimlərin peşəkar inkişafının və sosial müdafiəsinin gücləndirilməsi də eyni dərəcədə vacibdir. Çünki güclü məktəb və layiqli əməkhaqqı alan müəllimlərin olduğu mühitdə repetitorluğa ehtiyac təbii şəkildə azala bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Sabah" "Barsa"ya qol vursa da, uduzdu - Video-Yenilənib
Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq
Bacı-qardaş miras evini bölə bilmirsə, məhkəmə nə qərar verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Elmira Şabanova vəfat etdi
Qurbağa əti yemək sağlamlıq üçün faydalıdır, yoxsa təhlükəli? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azyaşlı bacıların ölümü ilə bağlı - Açıqlama
Sumqayıt bulvarında dənizdə batan Nəsrəddinin meyiti tapıldı
Qadın döyüldüyünü iddia edir - Pəncərəsi daşlanır
İş görməyə həvəsin, gücün yoxdur? - Bu iki hormonu yoxladın
Yaponiyada güclü zəlzələ: onlarla insan xəsarət alıb, qatarların hərəkəti dayanıb
Bakının bu ərazisində evlər söküləcək - Kompensasiya məbləği bilindi - Video
Torpağın real ölçüsü sənəddə fərqli göstərilibsə, vətəndaş nə etməlidir? - Hüquqi çıxış yolu - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
"Hazırda Avropada müşahidə olunan proses daha çox yeni təhlükəsizlik balansının axtarışıdır" - BƏHRUZ QULİYEV
Tribunada ölən azarkeş Bakıya oğlu ilə gəlibmiş