Ətraf mühiti çirkləndirən müəssisələrə qarşı sərt tədbirlər görüləcək? - Yeni qanun nəyi dəyişir? - VƏKİLDƏN AÇIQLAMA
Ətraf mühitin çirklənməsi, sənaye müəssisələrinin fəaliyyəti nəticəsində yaranan tullantılar və ekoloji təhlükəsizlik məsələləri yenidən diqqət mərkəzinə gəlib. Noyabrın 3-də "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlara dəyişiklik edilib, noyabrın 23-də isə Prezident İlham Əliyev həmin dəyişikliklərin tətbiqi ilə bağlı fərman imzalayıb. Yeni dəyişikliklərə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslər istehsalat monitorinqi aparmalı, onun nəticələri barədə hər il fevralın 1-dək aidiyyəti dövlət orqanına hesabat təqdim etməlidirlər. Bundan başqa, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin ictimaiyyətə açıqlanması üçün də yeni öhdəlik müəyyənləşdirilib.
Bəs bu dəyişikliklər sənaye müəssisələrinin ətraf mühitə vurduğu zərərin qarşısını almağa, havanın, suyun və torpağın çirklənməsini azaltmağa nə dərəcədə kömək edə bilər? Yeni tələblərə əməl etməyən müəssisələri hansı məsuliyyət gözləyir? İstehsalat monitorinqinin aparılması real ekoloji nəzarətə çevriləcək, yoxsa bu hesabatlar formal xarakter daşıyacaq?
Mövzu ilə bağlı vəkil Turan Abdullazadə Sonxeber.az-a açıqlamasında bildirdi ki, müsbət tərəflərə gəlincə, ən vacibi şəffaflıqdır. Bundan sonra sifarişçi ƏMTQ (ətraf mühitə təsir qiymətləndirilməsi) sənədini aidiyyəti dövlət orqanına təqdim etməlidir, həmin orqan isə onu öz rəsmi internet resursunda yerləşdirməlidir. Yəni hansısa iri obyektin tikintisi və ya genişləndirilməsi ətraf mühitə necə təsir edəcək, bunu artıq yalnız dövlət orqanı yox, vətəndaş, jurnalist, ekoloq və yerli sakin də görə biləcək. Bir vəkil kimi bunu çox önəmli sayıram, çünki vətəndaşın ekoloji məlumat almaq hüququ əvvəllər çox vaxt kağız üzərində qalırdı. İndi bu hüququn real mexanizmi yaranır və ictimai nəzarət imkanı genişlənir. Qanunda biznesin maraqları da nəzərə alınıb. Sənədi təqdim etmək öhdəliyinin sifarişçinin üzərinə qoyulması sənəddə kommersiya sirri ola biləcək məlumatların mövcudluğu ilə əsaslandırılır. Bu da açıqlıq ilə sahibkarın qanuni maraqları arasında balans yaratmağa xidmət edir.
İkinci müsbət tərəf istehsalat monitorinqinin konkret çərçivəyə salınmasıdır. İndiyədək monitorinq hesabatları dövlət orqanlarına onlarla razılaşdırılmış müddətlərdə təqdim olunurdu. Belə qeyri-müəyyən müddət praktikada süründürməçilik üçün imkan yaradırdı. Yeni qaydaya görə isə ƏMTQ tələb olunan fəaliyyətlə məşğul olan hüquqi şəxslər istehsalat monitorinqi aparır, ölçmə vasitələrinin qanuna uyğunluğunu təmin edir və illik hesabatı növbəti ilin 1 fevralından gec olmayaraq dövlət orqanına təqdim edir. Bundan əlavə, monitorinqdə istifadə olunan ölçmə vasitələrinin tipi təsdiq edilməli və onlar yoxlamadan keçməlidir. Bu çox vacib məqamdır. Çünki ekoloji mübahisələrdə əsas sual çox zaman ölçmənin etibarlı olub-olmamasıdır. Kalibrlənməmiş cihazın göstəricisi nə məhkəmədə, nə də nəzarət zamanı ciddi sübut sayılmır. Ölçmə cihazlarının dəqiqliyinə dövlət orqanları nəzarət edəcək. Bunun sayəsində toplanan məlumatlar həm nəzarət, həm də sübut baxımından daha dəyərli olacaq.
Üçüncüsü, qanunverici mütənasiblik prinsipini də gözləyib: inzibati yükün ölçülü olması üçün istehsalat monitorinqi öhdəliyi yalnız ƏMTQ tələb olunan fəaliyyətlə məşğul olan hüquqi şəxslərlə məhdudlaşdırılıb. Cəzaların sərtləşməsi məsələsində dəqiq olmaq lazımdır, çünki burada cəmiyyətdə yanlış təəssürat yarana bilər. Bu qanun dəyişiklikləri özü yeni cərimə müəyyən etmir. Parlamentdəki müzakirələrə dair yayılan materiallarda da cərimə və ya digər sanksiyalar barədə heç nə deyilmir. Azərbaycanda inzibati məsuliyyət İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunur, ona görə bu qanunlar öhdəlikləri dəqiqləşdirir, sanksiyalar isə ayrıca Məcəllədə qalır. Bununla belə, dolayı yolla məsuliyyətin real tətbiqi güclənəcək. Hesabat müddəti, forması və ölçmə tələbləri konkretləşdikdən sonra öhdəliyin pozulmasını sübut etmək xeyli asanlaşır. Hesabat təqdim edilməyibsə və ya yoxlanılmamış cihazla ölçmə aparılıbsa, bu artıq açıq-aşkar pozuntudur və nəzarət orqanının əlində konkret hüquqi əsas olur. Ümumi trendi göstərmək üçün xatırladım ki, tullantılarla bağlı cərimələr bundan əvvəl, 2024-cü ilin sonunda ciddi şəkildə artırılıb. Məsələn, Məcəllənin 266.3-cü maddəsi üzrə cərimələr fiziki şəxslər üçün 300, vəzifəli şəxslər üçün 1000, hüquqi şəxslər üçün 4000 manat müəyyən edilib. Bir il ərzində təkrar pozuntuya görə hüquqi şəxslər 5000-7000 manat cərimə olunur. Məişət tullantılarının xüsusi ayrılmış ərazilərə vaxtında daşınmamasına görə isə vəzifəli şəxslər 500, hüquqi şəxslər 2000 manat cərimə edilir.
Restoranlar və digər obyektlərə gəldikdə, bu qaydalar onların əksəriyyətinin məsuliyyətini birbaşa dəyişmir. Yeni öhdəliklər ƏMTQ tələb olunan fəaliyyət növlərinə şamil edilir. Bunlar əsasən sənaye, emal, enerji, iri infrastruktur və tullantı emalı kimi sahələrdir. Adi restoran, kafe və ya kiçik xidmət obyekti, qayda olaraq, bu siyahıya düşmür. Amma hər konkret obyektin ƏMTQ tələb olunan fəaliyyət növlərinə aid olub-olmadığı qanunun əlavəsindəki siyahı əsasında ayrıca yoxlanmalıdır. Restoranlarda reydlər zamanı aşkarlanan pozuntular isə adətən tullantıların idarə olunması, sanitariya və qida təhlükəsizliyi qaydaları ilə bağlıdır. Bunlara görə məsuliyyət onsuz da İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub və yuxarıda dediyim kimi, artıq sərtləşdirilib. İri müəssisələr üçün isə vəziyyət ciddi dəyişir. Zavod, fabrik və emal müəssisələri bundan sonra illik hesabat verməli, yoxlanılmış cihazlarla ölçmə aparmalı və ictimai diqqət altında işləməli olacaqlar. Sahibkarlara məsləhətim budur ki, sonra yoxlama zamanı problemlə üzləşməmək üçün öz fəaliyyətlərinin ƏMTQ siyahısına düşüb-düşmədiyini indidən hüquqi baxımdan dəqiqləşdirsinlər. Ümumən, bu dəyişikliklər cəza yönümlü deyil, şəffaflıq və profilaktika yönümlüdür. Açıq məlumat, dəqiq müddət və etibarlı ölçmə nəzarətin effektivliyini artıracaq. Effektiv nəzarət isə uzunmüddətli perspektivdə yalnız cərimələri artırmaqdan daha güclü təsir göstərir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Sabah" "Barsa"ya qol vursa da, uduzdu - Video-Yenilənib
Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq
Bacı-qardaş miras evini bölə bilmirsə, məhkəmə nə qərar verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Elmira Şabanova vəfat etdi
Qurbağa əti yemək sağlamlıq üçün faydalıdır, yoxsa təhlükəli? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azyaşlı bacıların ölümü ilə bağlı - Açıqlama
Sumqayıt bulvarında dənizdə batan Nəsrəddinin meyiti tapıldı
Qadın döyüldüyünü iddia edir - Pəncərəsi daşlanır
İş görməyə həvəsin, gücün yoxdur? - Bu iki hormonu yoxladın
Yaponiyada güclü zəlzələ: onlarla insan xəsarət alıb, qatarların hərəkəti dayanıb
Bakının bu ərazisində evlər söküləcək - Kompensasiya məbləği bilindi - Video
Torpağın real ölçüsü sənəddə fərqli göstərilibsə, vətəndaş nə etməlidir? - Hüquqi çıxış yolu - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
"Hazırda Avropada müşahidə olunan proses daha çox yeni təhlükəsizlik balansının axtarışıdır" - BƏHRUZ QULİYEV
Tribunada ölən azarkeş Bakıya oğlu ilə gəlibmiş