Dünyada qadınlar və uşaqlar neçəyə satılır? - Şok statistika
Dünyanın acınacaqlı durumda olan uşaqları
Ötən həftənin ən yaddaqalan hadisələrindən biri də 15 sentyabr - Bilik günü oldu. Uşaqlar məktəbə getdi, yeni tədris ilinə start verildi. Valideynlər üçün də, şagirdlər üçün də, onların müəllimləri üçün də çətin bir dönəm başlandı. İlk 4 dərs günü apardığımız müşahidələrdə müasir uşaqların məktəbə o qədər də meyilli olmadığı hiss olunurdu. Hətta artıq uşaqlarını məktəbdən çıxarıb, evdə təhsil almaları üçün şərait yaradan valideynlər də az deyil.
Bunun üçün klassik, dədə-baba üsulları tətbiq olunur. Məktəblinin adı məktəb siyahısında yer alır, qiymətləri yazılır, amma o, bütün gün hazırlıqlarda, individual məşğələlərdədir.
Məktəblərimizlə, uşaqların təhsilə münasibəti ilə bağlı bu durum bizə dünyada məktəblilər, uşaqlarla bağlı vəziyyəti araşdırmağa şərait yaratdı. Bütün uşaqlarmı məktəbə gedə bilir? Onlara qarşı hansı cinayətlər işlənir, onlar hansı cinayətlərin qurbanları olurlar? Suallar çoxdur, amma bu cavabların fonunda uşaqlarımıza onların nə qədər şanslı olduğunu söyləmək şansımız var.
32 milyard avroluq alverin bir hissəsi...
Öncə hesabatlardan başlayaq. ATƏT-in İnsan alverinə qarşı mübarizə üzrə xüsusi təmsilçisi və koordinatorunun məsləhətçisi Astrid Qanterer qeyd edir ki, dünyada hər il insan alverindən əldə edilən gəlir 32 mlrd. avro təşkil edir. İnsanların oğurlanma və onların seksual zəmində istismarı faktlarının sayı isə ildən-ilə artmaqdadır. BMT-nin hesablamalarına görə bu gün dünyada 27 milyon insan qul vəziyyətindədir. İnsan alverinin bu növündən hər il 9.5 milyard gəlir əldə edilir. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, hər il dünyada 21 milyon insan məcburi əməyin və seksual istismarın qurbanına çevrilir. Onlardan 2 milyona yaxını Qərbi və Şərqi Avropa və MDB ölkələrinin payına düşür. Məlumatda o da bildirilir ki, 14,2 milyon məcburi əməyin qurbanı var ki, bu da məcburi seksual istismardan 3 dəfə çoxdur. Əsasən bu məcburi əməyə ev qulluqçuları daha çox məruz qalırlar. Dünyada 1 milyona yaxın insan ev qulluqçusu kimi işləyir.
BMT-nin 2012-ci il üçün Qlobal İnsan Alveri hesabatında bildirilir ki, 2007-2010-cu illərdə dünyada aşkarlanan insan alveri qurbanlarının hər 100 nəfərindən 27-si uşaqlardır. 2003-2006-cı illərdə söhbət 20 uşaqdan gedirdi. Hesabatı BMT-nin Narkotik Maddələr və Cinayətkarlıq İdarəsi hazırlayıb.
BMT bildirir ki, narahatlıq yaradan məqam qurbanlar arasında qızların sayca artımıdır. Onlar uşaq qurbanlarının üçdə ikisi, ümumi qurbanların təxminən beşdə biridir. Ümumi qurbanların 10 faizi oğlan uşaqlarıdır.
Hesabat 132 ölkənin rəsmi faktları əsasında hazırlanıb.
Dünyanın "ən bahalı" və "ən ucuz" qiymətə satılan uşaqları
İnsan oğurluğu sahəsində ortaya çıxarılan son rəqəmlər qan dondurur. Xüsusən müharibə və qarışıqlıq yaşanan ölkələrdə insan oğruluğunun əsas qurbanları qadın və uşaqlardı. Bu barədə məlumatları toplayan "Havoscope" dünyada yaşanan insan oğurluğunun "qiymətlərini" açıqlayıb.
Nigeriyalı körpələr - 2.650 dollar
Çinli körpələr - 7.800 dollar
İndoneziyalı körpələr - 160 - 250 dollar
Malayziyalı körpələri - 6.588 dollar
Yunan körpələri - 4.100 dollar
Şimali Qafqaz və Rusiyada satılan uşaqlar - 17.500 dollar
Çində oğlan uşağı - 14.473 dollar
Qanada - 50 dollar ailəyə, 300 dollar oğurlayan insana verilir
Hindistanda satılan uşaqlar - 45 dollar
İraqda satılan uşaqlar - 300-500 dollar
Malidə satılan uşaq əsgərlər - 600 dollar
Taylandda "kiralanan" uşaq dilənçilər - 25 dollar
Taylandda Kambocalı uşaqlar - 300 dollar
İngiltərədə uşaqlar - 25 min dollar
Hindistanda qız uşaqları - 24 dollar
Rumıniyada qız uşaqları - 3000-6000 dollar
Banqladeşdə qız uşaqları - 250 dollar
Braziliyada qadınlar - 5000 dollar
Ficidə qızlar - 42-80 dollar arası
Keniyada qız uşaqları - 600 dollar
Mozambikdə qızlar - 2 dollar
Çilidə Haitili qaçqınlar - 1000 dollar
Misirdə satılan Yəmənlilər - 100 dollar
Moskvada satılan Moldovalı qadınlar - 2685 dollar
Çində gəlin olaraq satılan myanmarlı qadınlar - 7300 dollar
Hindistanda Nepallı qadınlar - 975 dollar
Şimali Koreyalı qadınlar - 1066 dollar
Çində gəlin olaraq satılan vyetnamlılar - 11800 dollar
Malayziyada gəlin olaraq satılan vyetnamlılar - 6174 dollar
13.4 milyon uşaq təhsil ala bilmir... səbəb?
Bəs insan alveri qurbanı olmayanlar üçün vəziyyət necədir? BMT-nin Uşaq Fondu (UNİCEF) "Atəş altında təhsil" başlıqlı hesabatında Suriya, İraq, Fələstin, Liviya, Sudan, Yəmən kimi müharibə bölgələrindəki uşaqların təhsil vəziyyəti əhatə olunub. Hesabata görə, dünyada 13,4 milyon uşaq müharibə səbəbindən təhsil ala bilmir. UNİCEF "itmiş nəsil" olaraq adlandırdığı uşaqların sayının daha da artmasından narahatdır. Hesabatda adıçəkilən ölkələrdə hücumlar səbəbindən 9 min məktəbin istifadəyə yararsız halda olduğu bildirilir.
Əsası 1993-cü ildə qoyulan, 30 milyona yaxın müəllim və təhsil işçisini birləşdirən Beynəlxalq Təhsil Təşkilatı (BTT) uşaqların təhsilə cəlb olunmasında bir sıra nüfuzlu təşkilatlarla əməkdaşlıq edir.
173 ölkədə 402 üzv təşkilatı olan BTT-nin əsas prioritetlərindən biri yüksək texniki tərəqqinin olduğu qlobal dünyada hələ də mövcud olan savadsızlığa və cahilliyə qarşı mübarizə aparmaqdır. Təşkilatın apardığı araşdırmalar göstərir ki, 6-14 yaş arasında 113 milyon uşaq və yeniyetmə, ümumiyyətlə, məktəbdən kənardadır. Onların böyük qismi qızlardır. Bu uşaqların əksəriyyətinin əməyi istismar olunur. Uşaqları təhsildən ayıran əsas amil ailələrində maddi durumun acınacaqlı olmasıdır. Məhz buna görə valideynlər öz uşaqlarını təhsildən ayırıb işləməyə göndərməyə məcbur olur. Bunun qarşısını almaq üçün uşaq və humanitar təşkilatlar müxtəlif proqramlar həyata keçirirlər. Belə layihələrdən biri də uşaqların təhsilə cəlb olunması müqabilində onların ailələrinə maliyyə yardımı edilməsidir.
Bu ideya artıq Latın Amerikasının ən böyük ölkəsi olan Braziliyada uğurla sınaqdan keçirilib. Buna görə də BMT bu üsulu Afrikanın 3 ölkəsində - Mozambik, Seneqal və Tanzaniyada da reallaşdırmağa başlayıb. Ümumilikdə 20 mindən artıq ailəyə 3 milyon dollar pul ayrıldı. Həyata keçirilən digər bir layihə çərçivəsində isə uşaqlarını məktəbə göndərən ailələr ərzaqla təmin olundular. BMT-nin Ərzaq Proqramı çərçivəsində həyata keçirilən layihənin artıq 40 illik təcrübəsi var. Misal üçün, Pakistanın bir ibtidai məktəbində 100 oğlan və 13 qız var idisə, bu proqramın həyata keçirilməsindən sonra 120 oğlan və 97 qız uşağı təhsil almaq imkanı qazandı. Dünya Ərzaq Proqramı 54 ölkədə 12 milyon uşağın faydalandığı belə proqramlara hələlik ildə 100 milyon dollar ayırır. Qarşıdakı illərdə bu məbləğin tədricən artması nəzərdə tutulub...
Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatına görə, dünyada hər 100 uşaqdan 16-sının əməyindən istifadə olunur. Ən acınacaqlısı isə odur ki, bu uşaqlardan bəziləri heç 5 yaşını belə tamamlamayıb. Bütövlükdə isə hazırda dünyada 170 milyon uşaq əməyin təhlükəli növləri ilə məşğuldur.
Müharibə Çocuqları... onlar üçün vəziyyət dəhşətlidir
BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən hazırlanmış "Uşaqlar cəbhələr arasında" adlı hesabatda bildirilir ki, təxminən 230 milyon uşaq həyatlarının ən önəmli dövrünü əmin-amanlığın olmadığı və silahlı qarşıdurmaların tüğyan etdiyi bölgələrdə keçirirlər. Bu da İkinci Dünya müharibəsindən bəri ən yüksək və acınacaqlı göstəricidir. Təkcə Suriya, İraq, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası və Yəməndə 21 milyon uşaq müharibə və zorakılıq dəhşətlərini yaşamağa məcburdur.
Hesabatda qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası 2014-cü il üçün 23 münaqişə situasiyasının sıyahısını hazırlayıb və həmin münaqişələrdə uşaqlar ən ağır insan haqları pozuntularına məruz qalıblar. Əlli doqquz münaqişə tərəfi arasında gedən silahlı qarşıdurmanın səkkizi hökumət, əlli biri isə qeyri-hökumət qüvvələrindən ibarətdir. Cari il ərzində dünya üzrə münaqişə bölgələrində 62 milyon uşağın qıda, təmiz su, tibbi yardım, eləcə də istismar və zor tətbiqindən mühafizə kimi yardım və hüquqlara ehtiyacı olub.
Hesabatda aparıcı dövlətlər və beynəlxalq təşkilatlar dünyadakı böhran, münaqişə və fəlakət bölgələrində uşaqları daha yaxşı mühafizə etməyə çağırılır.
Bu tabloda uşaq ölümü kimi dəhşəti də unutmaq olmaz. 1990-ci ildən etibarən uşaq ölümü iki dəfə azalıb. Lakin dünya Minilliyin İnkişaf Məqsədlərindən birinin - beş yaşadək uşaqlar arasında ölüm hallarının üçdə ikisini aradan qaldırmaq məqsədinin öhdəsindən gələ bilməyib.
Cari ildə hər gün beş yaşa çatmayan 16 min körpə vəfat edir. BMT Uşaq Fondunun (UNICEF) və Dünya Səhiyyə Təşkilatının (DST) illik məruzəsində qeyd edilir ki, 2015-ci ildə təqribən 5,9 milyon uşaq beş yaşa çatmadan tələf olub, halbuki 1990-ci ildə həmin göstərici 12,7 milyon nəfər təşkil edib.
UNİCEF-in icraçı direktorunun müavini Gita Rao Qupta deyib: "Biz xüsusən 2000-ci ildən sonra nail olduğumuz böyük qlobal tərəqqini etiraf etməliyik. Onda ölkələrin çoxu beş yaşa qədər uşaqlar arasında ölüm səviyyəsinin azaldılması sürətini üç dəfə artırmışdı". Amma uşaqların çoxu hələ də elə səbəblərdən ölür ki, onların qarşısını almaq mümkündür.
UNİCEF-dən bildiriblər ki, 1990-ci ildən başlayan dövr ərzində 195 ölkədən yalnız 62-də uşaq ölümü Minilliyin İnkişaf Məqsədlərinin tələb etdiyi şəkildə azaldılıb.
Sətəlcəm, ishal, qanın zəhərlənməsi, vaxtından əvvəl doğuşun əmələ gətirdiyi fəsadlar və malyariya uşaqlar arasında ölüm hallarının əsas səbəbləridir. Uşaq ölümünün ən yüksək səviyyəsi Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində müşahidə olunur.
Bu regionda hər 12 uşaqdan biri beş yaşına çatmamış tələf olur.//musavat.com
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"2026-cı il Azərbaycanda böhranın başlanğıcı olacaq"- iqtisadçı NATİQ CƏFƏRLİ
Bakıda əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazidə...
Təzə avtomobil aldı, paspası qaldıranda həyatının şokunu yaşadı - VİDEO
Vüqar Əhməd saxlanılıb? - Özü danışdı+Yenilənib
Qəzada həlak olan Ramaldanova və yaxınının FOTOSU
Bəzi yerlərdə yollar buz bağlayacaq - Xəbərdarlıq
Sonsuz yalan danışırlar: Xroniki yalançıların 11 vərdişi
Sabah hava necə olacaq?
Nazirin həmin videosu ilə bağlı - Rəsmi açıqlama
Dünyada ən sürətli heyvan hansıdır?
Vardanyanın məhkəmə istintaqı yekunlaşdı
Yeni ildə bu rəngləri geyinməyin: onlar xoşbəxtliyi, pulu və sevgini uzaqlaşdırır
Bəylər Eyyubovun general qardaşı oğlu işdən çıxarıldı
İcra başçısı baş mütəxəssisi işdən çıxardı