Qəflətən beyninə qan sızan məşhur ginekoloqun SON MÜSAHİBƏSİ
"Analığa gələn yolda qadının iki bələdçisi olur: biri Tanrı, digəri həkim"
Bu sözləri müsahibəsi zamanı bu gün qəflətən beyninə qan sızması nəticəsində dünyasını dəyişən məşhur ginekoloq, "Baku Medical Plaza"nın Qadın xəstəlikləri və Doğum Şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyeva söyləmişdi.
S.Mirzəyevanın müsahibəsini təqdim edirik:
Məncə, qadın Tanrının şah əsəridir. Və məncə, Tanrının yaratdıqları arasında ən çox sevdiyi də qadındır. Niyə? Çünki belə olmasaydı, Tanrı qadına öz yaratmaq qüdrətindən pay verməzdi. Yaradacağı yeni bəndəsini qadın bətninə etibar etməzdi. Deməli, qadın Tanrı tərəfindən seçilmiş varlıqdır.
Elə məhz bu analığa gələn yolda qadının iki bələdçisi olur: biri Tanrı, digəri həkim. Qadın ən çox bu iki gücə güvənir. Həmsöhbətim ali dərəcəli cərrah-mamaginekoloq Səbinə Mirzəyeva da qadınların ən çox güvəndiyi, özünü və doğulacaq körpəsini etibar etdiyi həkimdir. Onunla uğurlu fəaliyyətindən, işindən və qadınlardan danışdıq...
"Mənim hekayəmsə koma ilə başlayıb..."
- Hardan başladı sizin həyat hekayəniz?
- Hər kəsin bir həyat hekayəsi var. Bu hekayə insanın doğumundan da başlaya bilər, ömrünün yarısından da. Məncə, əsl hekayə insanın bütün həyatına təsir edəcək hansısa əlamətdar hadisədən başlayır. Mənim hekayəmsə koma ilə başlayıb, məncə... Bu, çoxlarına qəribə gələ bilər. Ancaq təsəvvür edin, universitetə daxil olmaq üçün imtahan verəcəksən, düz 3 gün qalıb imtahana və sən çox adi bir şeyə görə zəhərlənib komaya düşürsən. Bütün bu illər ərzindəki zəhmətin, əməyin, o kitablar, dərslər, hər şey qalır bir kənarda, sən həmin gün xəstəxanadasan. Bu, mənim üçün də, uşaqlıqdan həkim olmağımı istəyən valideynlərim üçün də, ümumiyyətlə, bizi tanıyan hər kəs üçün inanılmaz idi. Beləcə, bir ilimi itirdim, növbəti il təbii ki, tibb universitetinə qəbul oldum.
- Həkimliyə gələn yolunuzu oxucularımızla paylaşın...
- Mən əminliklə deyə bilərəm ki, həkimliyə gələn yolum atamdan keçib. Atam tanınmış həkimdir. Həkim kimi ilk müəllimim də atamdır... Anamın çox böyük arzusuydu ki, məni həkim görsün. Bütün gücümü, enerjimi bu sahəyə yönləndirdim. Çox çalışqan idim. Elə universitetin ilk günlərindən cərrahiyyə otaqlarında təcrübə qazanmağa başladım. Yorulmaq bilmirdim. Əməliyyat otağında 24 saat ola bilərdim və ən əsası bundan zövq alırdım. O dönəmlərdə bu sahəyə aid hər şeyi öyrənməyə cəhd edirdim. Neftçilər xəstəxanasında çalışmağa başladım. İnanın öyrənmək həvəsim o qədər idi ki, hətta tibb bacılarından, mamaçalardan da nələrsə öyrənmişəm deyə bilərəm. Onların da təcrübələrindən bəhrələnməyə çalışmışam. Az qala bütün günüm xəstəxanada keçirdi. Və əlbəttə ki, belə dönəmlərdə mənə dəstək olan insan var idi. Anam! Mən ona çox minnətdaram. Həkim olmağıma səbəb göydə Allah, yerdə anamdı deyirəm həmişə... Məişət işlərində, ailə qayğılarımda anamın gücü, dəstəyi olmasaydı, çox çətin olardı yəqin ki.
- Bu yolda nələr yaşadız, nələri dəyişdirmək istədiz, hansı çətinliklər oldu?
- Uğurumun çoxunu Neftçilər xəstəxanasında qazandım. Gərgin iş qrafiki, təcrübə, korifey həkimlərin nəzarəti altında əməliyyatlar, riskli doğuşlar və s. Bütün bu mərhələləri Neftçilər xəstəxanasında keçdim. Təəssüf ki, ordan inciyib çıxdım. Bəzi haqsızlıqlar yaşadım. Oranı sevməyimə baxmayaraq, bu haqsızlıqları qəbul edə bilmədim. Deyim sizə ki, hətta göz yaşlarıyla ayrıldım ordan. Etiraf edim ki, həyatımda iki ən vacib, qətiyyətli addımımdan biri Neftçilər xəstəxanasından ayrılmağım oldu. O an sadəcə ayrılmaq lazım idi, bunu hiss etdim, o an gəldi və mənə çətin də olsa, ayrıldım.
"Mənə elə gəlir ki, hər körpə ilə birlikdə yenidən doğuluram"
- İlk fəaliyyətiniz yadınızdadırmı? İlk doğuş... ilk qeysəriyyə...
- İlk dəfə qeysəriyyə əməliyyatı etdim. Çox zəif bir asissentlə, başımın üstündə də professionallar, korifey həkimlər... Çox həyəcanlıydım. Bu, həm də özünü, bacarığını, öz qabiliyyətini göstərmək şansıydı. O əməliyyatdan sonra yarım saat ağladım həyəcandan. Bir dəfə də doğuş zamanı qanaxmanı saxlamaq mümkün deyildi, ya ananı itirməli, ya da onun qadınlığını kəsib götürməliydik. Amma sanki Allah özü hər şeyə nəzarət edirdi. Ani qan dayandı və biz ananı xilas etdik. Bu hadisə də mənimçün unudulmaz oldu. İlk doğuş isə rəfiqəmdə oldu. Görünür mənə çox etibar etmişdi ...
- Doğuş zamanı nələr hiss edirsiz?
- Həyəcanlı oluram. Qadın ağrı çəkir, uşağın ürək döyüntüsünü dinləyirsən, prosesi izləyirsən. Dünyaya yeni bir insan gəlir və o insan bir az sonra sənin əllərində olacaq. Çox duyğusal məqamdı. Uşaq doğulur, onun ilk ağlamağı, ananın sevinc göz yaşları... Deməli, işinin öhdəsindən yaxşı gəlmisən... Bütün bunlar insana təsir edir. O an sanki dünyanın ən pak insanı ovcundadır. Mənə elə gəlir ki, hər dəfə o an saflaşıram, o körpə ilə birlikdə yenidən doğuluram. Doğuş prosesindəki bütün o stress, həyəcan, əziyyət əriyib itir.
- Təxminən neçə qadını ana etmisiz?
- 15 ildir ki, həkiməm... Aya ən azı 80 doğuş qəbul edirəm... Minlərlə deyə bilərəm...
- Ən böyük uşağın bu gün neçə yaşı var?
- Ən böyük uşağın bu gün 13 yaşı var.
- Məncə, qadının ana olarkən yaşadığı hissləri sizdən yaxşı heç kəs ifadə edə bilməz...
- Biz qadın haqda çox şey danışa bilərik. Ümumiyyətlə, qadın haqda böyük mütəfəkkirlərin sözləri, deyimləri saysız-hesabsızdır. Qadını anlamaq, başa düşmək, tanımaq çətindir. Qadın bəzən həlledici məqamlarda məntiqini kənara qoyub hissləriylə qərar verən varlıqdır. Ancaq mən deyərdim ki, qadının həyatı iki mərhələdən ibarətdir: ana olana qədər və ana olandan sonra. Və məncə, qadın, məhz ana olduğu an böyüyür sanki... Bütün dünyaya, hər şeyə münasibəti dəyişir. Müdrikləşir. Özündən başqa birini də - övladını da düşünmək zərurəti hiss edir. Addımlarını, qərarlarını, hətta deyərdim ki, bütün həyatını ona görə hesablayır.
- Ən çox hansı sözü eşidirsiz?
- Göydə Allah, yerdə sən...
- Yəqin ki, bütün bu illər ərzində riskli anlarla çox qarşılaşmısız...
- Məni daha çox riskli hamiləliklər, çətin doğuş və qeysəriyyə əməliyyatları edən həkim kimi tanıyırlar. Ona görə də həkim fəaliyyətim dönəmində daha çox riskli anlar olub. Məsələn, indi açıq ürək əməliyyatı keçirən, hamiləlik qadağan olunmuş qadını xatırladım. Mənə müraciət etdi. Bu, çox riskli idi. O qadının istəyi ilə razılaşmaq bəlkə də cinayət idi. Amma qadın ana olmaq istəyirdi. Dünyanın ən gözəl duyğusunu yaşamaq istəyirdi və məndən ona kömək etməyimi istəyirdi. "Yox" deyə bilməzdim. Çünki mən bu arzunun gerçəkləşməsi üçün nəsə edə bilərdim, mənim belə bir şansım vardı və mən ona "yox" demədim də. Razılaşdım və biz hamiləliyi 32 həftəyə çatdırdıq. Və o an yetişdi ki, biz qadının anasına razılıq kağızı imzalatmalıydıq... Bu, dəhşətli bir şeydir... Həm ana olmağa hazırlaşan qadın, həm o qadının anası, həm də mənim üçün... Amma nəticə gözəl oldu.
"Sevginin bacarmadığı heç nə yoxdur"
- Uğurun açarı nədir, sizcə? Və ya sizin uğurunuzun əsasında nə dayanır?
- Bu sualın cavabı məni də düşündürür. Bəzən özüm-özümə sual verirəm – nəyə görə məhz mən? Nəyə görə mənə müraciət edən qadınların sayı belə çoxdur? Məncə, mən hamilələrə fərdi yanaşıram. Bütün o period boyu çox doğma oluram onlara. Onlar özlərini doğma adamın əllərində hiss edirlər. Bilirsiz, ən savadlı, güclü, bacarıqlı cərrah ola bilərsən, amma sevilməyə bilərsən. Mənim uğurum xəstələrimin sevgisidir. Məncə, uğurun açarı sevgidir. Sevginin bacarmadığı heç nə yoxdur.
- Qadın nə zaman xoşbəxt olur?
- Qadın həm övladdır, həm anadır, həm xanımdır. Bu xoşbəxtlik dediyimiz anlayış bütün bu xüsusiyyətlərə görə dəyişə bilər. Məsələn, qadının ana kimi xoşbəxtliyi övladının sağlamlığı, dürüst, gözəl insan kimi yetişdirilməsi, onlarla qürur duymasıdır. Bu baxımdan, həmçinin bir xanım kimi xoşbəxt qadınam. Çünki məni sevən həyat yoldaşım, gözəl ailəm, tərbiyəli, ağıllı övladlarım, dostlarım, karyeram var.
- Qadın nə vaxt uduzur?
- Məncə, nəinki qadının, ümumiyyətlə, insanın varlığı faydalı olduğu zaman ortaya çıxır. İnsan lazımsız, faydalı olmayanda uduzur – istər ailəsində, istər işində, istər cəmiyyətdə... Faydalı olmaq gözəldir. Bilirsən ki, kiməsə lazımsan. Bilirsən ki, kiminsə ümidisən. Bilirsən ki, sən kimisə sevindirə bilərsən. Əsl uğur faydalı olmaqdır.
- Yaxşı, yaddaqalan həkim olmaq üçün nə etməli?
- Çox çalışmalısan. Bilirsiz, sizə öz həkimlik sirlərimdən birini deyim. Xəstələrə xəstə kimi yanaşmaq olmaz. Hamiləlik xəstəlik deyil, bu dönəmi xəstəlik kimi qəbul etmək lazım deyil. Əksinə, həyatın daha dadlı və rəngli dönəmi kimi yaşamalısan. Yaxşı həkim pasientin hissini, həyəcanını onunla yaşamalıdır... Ona doğmalığını hiss etdirməlidir... Hamıya məlumdur ki, doğuş ən ağrılı prosesdir. O ağrı dönəmini atlatmaq üçün söhbət, qeybət, hər şey etməlisən ... Psixoloji olaraq xəstə həkimini əziz, yaxın, doğma insan kimi yanında hiss etməlidir.
- Qadınlara sözünüz...
- Qadınlara demək istərdim ki, qadınlığın hər dönəmi gözəldir. Qadın olmağın özü gözəldir. Sizə Allah öz yaratmaq gücündən verib. Sizin yeni bir insanı öz içinizdə daşımaq, böyütmək şansınız var. Ona öz canınızdan, qanınızdan pay verirsiz. Bu, Allah tərəfindən sizə verilmiş mükafatdır. Və elə siz özünüz də həyata mükafat olaraq verilmisiz... Qadın doğulduğunuz üçün, qadın olduğunuz üçün heç vaxt şikayət etməyin, əksinə, qürur duyun. (qaynarinfo.az)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Meyxanaçı Kərim vəfat etdi
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Sabah hava necə olacaq?
Pensiyalar bu tarixdə tam ödəniləcək
Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
"Gürcüstanın tranzit prosesində yer alması da Azərbaycanın qurduğu yeni regional modelin bir hissəsidir" - AÇIQLAMA