"Sosial şəbəkədə ən çox söyüş söyənlər dindarlardır" – Müsahibə

"Sosial şəbəkədə ən çox söyüş söyənlər dindarlardır" – MüsahibəSonxeber.az teleqraf.com-a istinadla Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın müsahibəsini təqdim edir.

- Hazırda Həcc ziyarəti davam edir, gələn həftə Qurban bayramı olacaq. Bəzən belə fikirlər irəli sürülür ki, bu ziyarət və bayrama xərclənən pullarla kasıbın ehtiyacını təmin etmək daha savabdır. Bu yanaşmaya münasibətiniz necədir?

- Azərbaycan cəmiyyəti mahiyyətcə şöhrətpərəstdir. Öz həyatını yaşamağa maraqlı olmayan və həyatını başqalarının necə görməsi üzərində indeksləşən cəmiyyətdir. Bu, bizim toy və yas adətlərimizdə daha qabarıq şəkildə üzə çıxır. Eyni zamanda inanclı insanların vacib ritualları yerinə yetirməsində də özünü göstərməyə başlayıb. Əksər insanlar üçün Həcc ziyarəti şöhrətpərəstlik elementinə çevrilib. Digər təbəqədən olan insanlara görə də Qurban bayramı təqribən o mahiyyəti daşıyır. Dinin tələbinə uyğun olaraq bu ritual təvazökar xarakterini itirməyə başlayıb. O baxımdan cəmiyyətdə bir çox hallarda haqlı olaraq bu, ironiya mövzusuna çevrilir. İnanclı insanların həyat tərzinə müdaxilənin müəyyən təhlükəli cəhətləri var. Necə ki inanclı insanlar başqalarının həyatına müdaxilə etməməli və öz inandıqları dəyərləri yaşamalıdır, eyni qaydada insanlar inanclıların rituallarına hörmətlə yanaşmalıdırlar. Kimsə inancına görə Həcc ziyarətinə gedəndə dərhal başlayırlar ki, Həccə xərclənən pulla beş tələbəni oxutdurmaq, yaxud on kasıbın qarnını doydurmaq olar. Həcc ziyarətini sanki ərəblərə xərclənən pul kimi qələmə verməyə çalışırlar. Bunun ərəbə nə aidiyyatı var? Məkkə ərəbin yox, portuqaliyalının əlində olsaydı, deyəcəkdiniz Portuqaliyaya xərclənən puldur? Həcc ziyarəti dinin tələblərindən biridir və imkanı çatan insanlar da bunu gerçəkləşdirməyə çalışır. Kimsə saxtakarlıq və ya sui-istifadə edirsə, günahı özünə yazır. Həcc ziyarətinə xərclənən pulla bağlı fikir irəli sürənlər öz həyatlarında elə israfçılığa yol verirlər ki, bu haqda düşünmək ağıllarına da gəlmir. Niyə içkiyə, qumara, restoranlara xərclənən pulu qeyd eləmirsiniz, onu da xeyriyyə işinə vermək olar. Axtarsaq, hər kəsin həyatında izafi xərclənən pul kimi yüzlərlə element tapmaq olar. Həccə gedən insanların içində xeyli səmimi, inanclı insanlar var ki, kiməsə göstəriş, saxta hacıxanım, məşhədi adını özünə taxaraq şəxsiyyətinə dəyər qazandırmaq üçün deyil, sadəsə daxili inancına görə ziyarətə gedir. Yüzlərlə insan təmənnasız qurban kəsib paylayır. Kiminsə evində ət yoxdur, bir günlük ət qidası alırsa, yaxud xeyriyyə məqsədilə götürürsə, bunun nə ziyanı var? Bunun lağlağaya çeviriləcək tərəfi yoxdur axı. Kimsə bunu başqa məqsədlər üçün edirsə, onsuz da Allah tərəfindən bəyənilməyən əməl kimi qəbul olunur, günah və məsuliyyətini özü daşıyır.

- Qurban bayramı İslamdan əvvəl idi, niyə xristianlar və digər din təmsilçiləri yox, məhz müsəlmanlar bu ənənəni davam elədi?

- Qurban bayramı Quranda nəzərdə tutulan bayramlardan biridir. Vaxtilə insanın özünü qurban vermə ənənəsi olub. Allah tərəfindən mesaj verilib ki, insan özünü qurban verə bilməz. İnsan heyvan kəsərək qurban borcunu yerinə yetirməlidir. İldə bir dəfə nəzərdə tutulub və insanlar ilboyu müxtəlif qurban ritualını həyata keçirə bilər. Mahiyyət odur ki, özün üçün deyil, imkanı çatmayanlar üçün qidanın paylanmasını nəzərdə tutursan. Əndazədən çıxaraq başqasına göstəriş üçün qurban kəsmə elementləri olarsa, bu, yaxşı qarşılanmaz. Quran dini vacibatdır, xristianlıqda bu, yoxdursa, o demək deyil ki, müsəlman etməməlidir? Quranın hökmləri müsəlman üçün birmənalı şəkildə qəbul edilir və icra olunmalıdır. Hökm varsa və imkanı çatırsa, niyə etməməlidir? Müsəlmanlıqda zəkat da var ki, mənası paylaşım deməkdir. Söhbət təkcə pulun paylaşımından getmir. Bir alim bilgisini, müğənni səsini paylaşmalı, insanlara fayda verməlidir. Bizdə bunu maddiləşdiriblər. Biri ərəb dilini bilir, gözəl Quran oxuyur və molla sifətində bunu pulla edir. Halbuki Allah-təala sənə bu istedadı verib, insanlarla paylaşıb daha çox savab qazana bilərsən. İnsanların böyük əksəriyyəti üçün səmimiyyət testini önəmli sayıram.

- "Məşədi Dadaş" məscidinin imam camaatı Hacı Şahin Həsənlinin cümə xütbəsində səsləndirdiyi fikirlər bir neçə gündür müzakirə mövzusudur. Onun fikrincə, tarixən imam başı kəsənlərin çoxu namaz qılanlar arasından çıxıb...

- Tamamilə doğrudur. İslam dini ağıllı adamları müdrikləşdirir, səfeh adamları daha da axmaqlaşdırır. Modern dövrə uyğunlaşa bilməyən dinin nəticəsi alim deyil, qatil yetişdirmək olur. Tarix boyu İslam arealının böyük əksəriyyəti fikrə, düşüncəyə görə qətliam gerçəkləşdirən, baş kəsən areala çevrilib. Əvvəllər xristianlarda da bu olub, sivil dünyanın dəyərlərini müəyyən edəndən sonra bunu ortadan qaldırıblar. Bu gün modern hüquq Şərq ölkələrinə yayılsa da, İslam adı ilə olan coğrafiyada din qiyafəsində olanlar yeni düşüncəni, təhsili qəbul etmirlər, başqaları üçün tələb elədikləri əxlaqı özləri üçün əxlaqsızlıq kimi yaşayırlar. Namaz qılan, görüntü olaraq İslamı qəbul edən insan o demək deyil ki, hansısa araq içən insandan daha ədalətli və dürüstdür. Ola bilsin, zahirən Allahın insana verdiyi tələbləri yerinə yetirir. Ancaq mahiyyətcə ədalətli deyilsə, "Allahu əkbər" deyib günahsız insanın başını kəsirsə, qadınları qul bazarında satırsa, əks fikri İranda və başqa məkanlardakıtək, vəhhabi zehniyyəti ilə məhv etməyə çalışırsa, bu, İslam deyil. Sadəcə olaraq İslamın parodiyasıdır. İslam mənsubu olmaq hələ ədalətli və əxlaqlı olmaq deyil.

- Niyə müsəlmanlar bir çoxları tərəfindən daha çox cahil və ya geri düşüncəli kimi xarakterizə olunur? İslam doğrudanmı inkişafa əngəldir?

- Radikal və ya aşırı dindar anlayışı yoxdur, səfeh və müdrik dindar anlayışları var. Biri fikirləşir ki, əsas hədəfim saqqalımı uzatmaqdır, biri deyir, başımı yarmaqdır, digəri deyir ki, məktəb bağlanmalı, qızlar oxumamalıdır. Hərə səfehliyini bir cür ortaya qoyursa, bunun İslamla əlaqəsi yoxdur. İslam tərbiyə, mənəviyyat, başqasının haqqına girməmə əxlaqı verir, onların həyatını mürəkkəbləşdirməmək kimi tələbi qoyur. Bunu yaşayan insan üçün problem olmur. Bu gün Norveçdə ədalət bizdən yüksəkdirsə, deməli İslam Norveçdədir, söhbət zahiri namaz qılmaqdan, Həccə getməkdən getmir. Cəhalət, nadanlıq harada varsa, orada İslam yoxdur. İslam adı ilə tanıdılan din əslində cəhalət və nadanlıq dinidir. Gerçək İslamda Məhəmməd peyğəmbərin həyatında qadına zorakılıq olubmu, yaxud kimisi hədələmək, təhqir etmək varmı? Sosial şəbəkədə ən çox söyüş söyən, əxlaqsız yazılar yazan, fərqli fikrə dözümsüz yanaşanlar dindarlardır. Dinin mahiyyətini anlamayıblar, tamamilə fərqli din anlayışına sahib olublar. Problemin kökü budur. İslamın gerçək mahiyyəti təbliğ olunduqca bir çox insanlar bu yanlışlardan uzaqlaşmalı olacaqlar.

- Sizcə, İslamın prinsiplərini özündə ehtiva edən məzhəb hansıdır?

- Heç bir məzhəb yoxdur. İslamda məzhəb, təriqət anlayışları sadəcə, onu anlamaq üçün düşünülən metod və yollardır. İslamda ən böyük dəyər məzhəbsizlik, təriqətsizlikdir. Çünki Məhəmməd peyğəmbərin nə məzhəbi olub, nə də təriqəti, onun bir dini olub, o da İslamdır. Quranda da deyilir ki, sizin bir adınız var, o da müsəlmandır. Kim ki özünə şiə, sünni deyir, filan təriqətdənəm, filan məzhəbdənəm söyləyirsə, demək həmin şəxs mahiyyətcə İslamı başa düşməyib. Ona görə də özünü qəlibin içinə salanlar Məhəmməd peyğəmbərin dininin nə olduğunu anlamayıb.

- Yay aylarında tez-tez qadınların geyimi, kondisionerin haram olduğu barədə fətvalara rast gəlirik. Bununla bağlı yanaşmanız necədir?

- Geyim məsələlərini də mürəkkəbləşdirmək lazım deyil. Baş örtüyü dinin tələbidir, bu, o demək deyil ki, insan bütünlüklə qapanaraq çadranın altında yemək yeməlidir. Əxlaq insanın baş örtüyü ilə müəyyən olmur. Ümumi şəkildə baş örtüyü qadının zorakılıqdan qorunması üçün nəzərdə tutulan amildir. Normal cəmiyyətlərdə qadına kimsə təcavüz etmirsə, zorakılıq tətbiq eləmirsə, baş örtüyünü dinin əlahiddə atributu kimi göstərmək olmaz. Bu, qadına hücum olarsa, onun qorunması, tanınmaması, əzalarının bilinməməsi üçün nəzərdə tutulub. Müasir dövrdə qadınlar üçün sadə qapanma normal qəbul olunmalıdır, dinin prinsipi budur. Qapanma qadının cəmiyyətdən təcrid olunması mənasına gəlməməlidir. Qadın cəmiyyətdə ən dəyərli varlığa çevrilməlidir. Ən nəhayətdə o, anadır və övladları da o tərbiyə edir. İslam dünyasında qadın alçaldığına, cinsi və mənəvi istismara məruz qaldığına görə ağıllı alimlərin yetişməsi istisna hallarda olur. Çünki ana hazırlıqlı olmayanda ailənin də təməli zəif olur. Kondsionerlərin, şahmatın haram olduğu demək axmaqlıqdır. Quranda konkret olaraq haramın siyahısı göstərilib. Bundan əlavə haram icad eləmək səfehlikdir. Oynamağı, oxumağı, rəsm çəkməyi haram kateqoriyasına daxil edərsənsə, insanın yaradıcı keyfiyyətlərini məhv edərsən. Quran heç vaxt insanın yaradıcı keyfiyyətlərini məhv etməyi nəzərdə tutmur. Sadəcə Yaradana şərik qoşmamağı əsas prinsip olaraq götürür. Digər məsələlərdə insan sərbəstdir, insanı məhdudlaşdırmaq İslam dininin mahiyyətinə uyğun deyil və bunu ayrı-ayrı rejimlər, zehniyyətlər tətbiq edir. Din insana ən çox hürriyyət verən sahədir. Allahın hüdudlarından o tərəfdə qalan bütün məkan ağılla idarə oluna bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1661   Tarix: 17 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021