Azərbaycan qadını ərindən çox, "el-aləm nə deyər?"in qurbanıdır

Azərbaycan qadını ərindən çox, "el-aləm nə deyər?"in qurbanıdırQadınla kişinin müharibəsi nə zaman başlayıb? Adəmlə Lilitin zamanından. O gün bu gündür, Həvvanın oğulları bütün qadınları Lilit gözündə görür. Dünyada qadınların 60 faizi öz ailələri tərəfindən zorakılığa məruz qalır, hər 15 saniyədən bir isə bir zərif məxluq əri tərəfindən döyülür. XXI əsrdə hələ də vəhşi düşüncə beyinlərdə hökmranlıq edir.

Mövzu ilə bağlı Lent.az-ın yazısını təqdim edirik:

Tanıdığım bir xanım əri tərəfindən güclü fiziki və psixoloji zorakılığa məruz qalırdı. Boşansa da, adamın hədələri, təhdidləri səngimir, zəng edib öldürəcəyini bildirirdi. Boşandığı ərinin "kəramət"inə bələd olan qadın özünü qorumaq üçün polisin qaynar xəttinə müraciət etdi. Müraciətinə 12 gün sonra cavab gəldi. "Əgər o sizi döyməyibsə, toxunmayıbsa, biz heç nə edə bilmərik". Adam qadını öldürməklə hədələyir. Öldürəndən sonra qadına polis yox, molla lazım olacaq. Bəri başdan deyir. Nəyi gözləyirsiniz? Mütləq gərək vurub üz-gözünü qaralda? Sözlə təhdid, qorxutma, psixoloji təzyiq, təhqir heç bir cəza tələb eləmir? Qadına qarşı şiddətin ilk boşluğu burda yaranır. Kişi arxayındır ki, arvadını öldürməyincə alacağı cəza uzaq başı bir iki sutka yatmaq olacaq. Çox kişi qadınını "döyə-döyə adam eləməyi" ilə öyünür.

Evdə qadın öldürülürsə, bu faciəyə namus donu geyindirilməsi, qadının kişinin namusuna ləkə vurduğu üçün öldürülməsi şaiyəsinin yayılması məsələnin ən ağrılı tərəfidir.

Azərbaycan cəmiyyəti, Azərbaycan qadını ərindən çox, "el-aləm nə deyər?"in qurbanıdır. Üzünü görmədiymiz, yaman gündə köməyimizə yetməyən, amma hər yerdə əl –ayağımıza dolaşan bu "el-aləm" ömrümüzün qatili, xoş günlərimizin cəlladı olub, əsl terror qruplaşmasından daha çox can alır. O cəhalətdir, o düşüncəmizə yer eləmiş qandallardır, özümüzə bağladığımız buxovdur.

Çox zaman qadınlarımızın öz hüquqlarını bilməməsi, ictimai basqı, qadının iqtisadi asılılığının olması faktları onları ailə içərisində şiddətə dözməyə məcbur edir.

Qurbanların əksəriyyəti əsasən, susurlar. Yardıma ehtiyacları olduqları halda onu qəbul etməkdən qaçırlar. Çox az hallarda qurbanlar polisə müraciət edir, məhkəmələrdə cinayət işləri açılır. Çünki onları çəkindirən səbəblər var. Yaxınlarından, qohumlarından, iş yoldaşlarından utanırlar. Bəzən ailədə aldıqları tərbiyə, adət-ənənə onlara şikayətçi kimi çıxış etməyə imkan vermir, ya heç kəsin ona inanmayacağını, ya boşandıqdan sonra küçələrdə səfalət içində qala biləcəyini düşünür, bir çox qadınlar ailələrini "dağıtdıqlarına" görə ata evi tərəfindən qəbul edilmirlər. İnanılmaz görünsə də, bu var.

Tədqiqatlar göstərir ki, qadınlar əsasən öz evlərində, ərləri və ya ən yaxın adamları tərəfindən öldürülür, zorlanır, şantaj və hədə-qorxulara və digər fiziki, psixoloji, iqtisadi və seksual zorakılıqlara məruz qalır. Ailədaxili zorakılıq hallarında daha qorxulu və həyacanlı məqam budur ki, ailədə məişət və digər zəminlərdə baş verən münaqişələrin, cinayətlərin 60-70 faizi azyaşlı və ya yeniyetmə uşaqların gözləri qarşısında baş verir. Alınan travma gələcəkdə başqa bir qadına veriləcək yeni travmaların əsasını qoyur.

Zorakılıq niyə baş verir? Cütlüklər arasında fizioloji və psixoloji uyuşmazlıqdan. Xəyanət. Xəyanət psixi zorakılığın bir növüdür. Kişi özünü yetərsiz, qadın özünü dəyərsiz hiss edəndə münasibətlərdə problemlər başlayır. Qadını dəyərsiz hiss etdirən kişidirsə, kişini yetərsiz hiss etdirən qadındır. Zorakılığın səbəblərindən biri bir qisim evli qadınların cinsəllik mövzusunda beyinlərindəki tabular, olmazlar, sərhədlər, travmalardır. Bu fakt isə ailəyə psixoloji hazırlığı labüd edir.

Çox qadın boşanmış qadın damğası almaq istəmir. Hər nə qədər müasirləşsək də, boşanmış qadın sözünün ağırlığından xilas ola bilməmişik. Allah nikah kimi, nikahın pozulmasını da halal buyurub. Amma… Cəmiyyətimizdə çoxları üçün boşanmış kişi "sultanlıq edir" statusundadırsa, qadın haqqında ən yumşaq halda "kim bilir nə edir?" şəklində fikirlər dolaşır. Hər kəs öz ürəyinin pəncərəsindən baxır ətrafındakılara.

Zoraki idarəetmə görən uşaqların hamısı olmasa da, demək olar ki, böyük bir qismi gələcəkdə öz ailələrini bu cür idarə etməyə meyilli olurlar. Anam əzaba dözübsə, yoldaşım da dözəcək prinsipi.

Təcavüzçülərin əksəriyyətinin əvvəldən psixoloji problemləri olur. Təəssüflər olsun ki, mənəvi aclıq, duyğusal boşluq yaşayan, ağır həyat yaşamış, özləri zorakılıq görmüş, uşaqlıq travmaları olan insanlar öz boşluqlarını şiddətlə, cinsəlliklə, pis, zərərli vərdiş və asılılıqlarla doldurmağa çalışırlar. İllərlə sinir xəstəliklərindən əziyyət çəksələr də nə nevroloji müalicə, nə də psixoloji yardım, psixoterapiya almayan, özünü dəyişmək istəməyən insanlar var. Zorakılıq görən qadınlar çarəni boşanmaqda, evdən qaçmaqda, özünüqəsddə və s. görürlər. "Vağzalı" çalınanda qız evindən "buradan gəlinliklə çıxdın, ər evindən də kəfənlə çıx" alqışıyla yola salınır. Alqışdı, qarğışdı bəlli deyil. Çoxu elə cavan yaşda kəfənlə çıxır evindən. "Dara düşsən gəl, hər zaman arxandayıq" sözünü eşitmir Azərbaycan qadını. Azərbaycanda atalar, qardaşların çoxu öz namuslarını qorumaq üçün ana-bacılarına əmr etməyi bacarırlar. Anlamağı, dinləməyi yox.

Öz gücünə inanan, ayaqları üstə dayanmağı bacaran qadın onu əzən, sıxan qandallardan qurtarmağa özündə güc tapa bilir. Ailə içərisində qız uşaqlarının təhsilinə, peşə, sənət öyrənməsinə xüsusi diqqət yetirilməlidir. Qanadına güvənən quş qonduğu budağın sınmasından qorxmaz! Cahil bir ana cahil balaların, cahil cəmiyyət üzvlərinin yaranmasına səbəb olur. Qadınını işləməyə qoymayan, qapalı saxlamaqla öyünən kişilər bilməlidir ki, öz güvənli, ağıllı, zəkalı bir oğulu dünyagörüşü geniş olan ana böyüdə bilir. Hələlik "el-aləm" ancaq yumruqlu kişilər böyüdür. Sahiblənən yox, yumruqlu kişilər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1949   Tarix: 04 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Dövlət Bayrağı - Azərbaycanın milli kimliyinin, dövlətçilik ənənələrinin və milli birliyinin rəmzi

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik tarixini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən əlamətdar gündür. Bu tarix Azərbaycan xalqının milli özünüdərk prosesinin, müstəqil dövlət qurmaq iradəsinin və tarixi yaddaşının mühüm göstəricisidir

9 noyabr
.

Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs

10 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr