2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir

2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edirAzərbaycan "yaşıl enerji"nin inkişafını əsas prioritetlərindən biri kimi müəyyən edib və bu sahədə beynəlxalq enerji şirkətləri və maliyyə institutları ilə sıx əməkdaşlıq edir. Ölkə 28 giqavat gücündə bərpa olunan enerji potensialının reallaşdırılması üzərində çalışır. Əsas məqsədlərdən biri, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələri üzrə quraşdırılmış güclərin ümumi enerji balansında payını 30 %-ə çatdırmaqdır. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsi, həmin ərazilərin 2050-ci ilə qədər "karbon neytral" statusuna qovuşması üçün böyük layihələr həyata keçirilir.

Bu strategiya çərçivəsində dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, ağıllı şəhər və kəndlərin yaradılması, eləcə də minlərlə hektar ərazidə meşələrin bərpası kimi innovativ yanaşmalar nəzərdə tutulub.

Bu yazıda "Report" 2024-cü ildə Azərbaycanın "yaşıl enerji" sahəsində atdığı mühüm addımlara nəzər salıb.

Rəsmi məlumatlara əsasən, külək enerjisinin illik potensialı 800 MVt (təxminən 4 milyard kVt/saat) təşkil edir. Bu isə 1 milyon ton şərti yanacağa qənaət və 3,7 milyon ton karbon emissiyasının qarşısını almaq deməkdir. Hazırkı inkişaf templəri qorunarsa, 2027-ci ildə "yaşıl enerji"nin ümumi enerji istehsalında payı 32,6 %-ə, 2030-cu ildə isə 35 %-ə çata bilər.

"Yaşıl enerji"də ilk hərrac

2024-cü ildə Bakı Enerji Həftəsi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə ümumi qoyuluş gücü 1 000 MVt olan layihələr üzrə mühüm müqavilələr imzalanıb. Bu müqavilələrə Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə günəş, Abşeron-Qaradağda isə 240 MVt gücündə külək elektrik stansiyalarının tikintisi daxildir.

COP29 çərçivəsində Azərbaycanın "SOCAR Green" MMC-si, "Masdar" şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) arasında Biləsuvar və Neftçalada yerləşəcək iki günəş enerjisi layihəsinin maliyyələşdirilməsi üzrə sənədlər imzalanıb. Ümumi dəyəri 670 milyon ABŞ dolları olan bu layihələr 2027-ci ildə istismara veriləcək və illik 1,7 milyard kilovat/saatdan çox "yaşıl enerji" istehsal edəcək. Bu həcm, illik 380 milyon kubmetr təbii qazın qənaət edilməsinə şərait yaradacaq.

Eyni zamanda, COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi layihəsinə Səudiyyə Ərəbistanının qoşulmasını təmin edən bir neçə vacib sənəd imzalanıb. Bu sənədlər Azərbaycanla Səudiyyə Ərəbistanı arasında enerji əməkdaşlığını daha da genişləndirəcək. İmzalanma mərasimində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri, eləcə də ölkələrin energetika nazirləri iştirak ediblər. Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səud ilə birlikdə imzalanan sənədlər arasında "Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığının energetika nazirlikləri arasında ‘yaşıl enerji’ sahəsində İcra Proqramı" xüsusi əhəmiyyət kəsb edir.

İmzalanan digər sənədlər sırasında "Azərbaycan və Səudiyyə Ərəbistanı arasında Enerji Əməkdaşlığı üzrə Yol Xəritəsi" və "Səudiyyə Elektrik Şirkəti (SEC) ilə ‘Azərenerji’ ASC arasında elektrik enerjisi sahəsində bilik və təcrübə mübadiləsi üzrə Anlaşma Memorandumu" da yer alır.

Bundan başqa, Energetika Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) arasında Anlaşma Memorandumu imzalanıb. Bu Memorandum Azərbaycanın təmiz enerji keçidi və "yaşıl enerji" sahəsindəki ambisiyalarını daha da gücləndirmək niyyətini əks etdirir. Əsas məqsəd nüvə enerjisinin inkişafı üzrə birgə tədqiqatlar və layihələrin həyata keçirilməsidir. BAEA ilə bu əməkdaşlıq, Azərbaycanın gələcəkdə nüvə enerjisindən istifadə imkanlarını artırmaqla yanaşı, enerji sisteminin diversifikasiyasını da təmin edəcək.

COP29 konfransı çərçivəsində Azərbaycanın ən mühüm nailiyyətlərindən biri EBRD-nin dəstəyi ilə həyata keçirilən ilk "yaşıl enerji" hərracı oldu. Qobustan Günəş Elektrik Stansiyasının (100 MVt) tikintisi üzrə keçirilən hərracda "Universal International Holdings Limited" şirkəti qalib gəldi. 2027-ci ildə istismara veriləcək stansiyanın hər il 260 milyon kVt/saat elektrik enerjisi istehsal etməsi proqnozlaşdırılır. Bu, həm 57 milyon kubmetr təbii qaza qənaət etməyə, həm də atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan yaradacaq.

Azərbaycanın "yaşıl enerji" sahəsində əldə etdiyi bu nailiyyətlər ölkənin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, onun ekoloji məqsədlərinə də töhfə verir. Ölkənin bu sahədəki uğurları gələcəkdə də diqqət mərkəzində qalacaq.

Azad olunmuş ərazidə ilk xarici investisiyalı enerji layihələr

COP29 çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Bu layihə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi layihəsi olmaqla yanaşı, həmin ərazilərdəki ən böyük birbaşa xarici investisiya layihəsidir. Layihə, 3 iyun 2021-ci il tarixində Energetika Nazirliyi ilə BP arasında imzalanmış İcra Müqaviləsi əsasında həyata keçirilir. Təməlqoyma mərasimində "Şəfəq (Cəbrayıl) Solar Limited" şirkəti ilə Azərbaycan hökuməti İnvestisiya Müqaviləsini, Energetika Nazirliyi isə Torpaq İcarəsi Müqaviləsini imzalayıblar.

Bundan əlavə, Cəbrayıl rayonunda 100 MVt gücündə başqa bir günəş elektrik stansiyasının tikintisi də nəzərdə tutulub. Bu layihəyə dair müqavilə Energetika Nazirliyi ilə "Nobel Energy Management" MMC arasında ötən ilin mart ayında imzalanıb. Layihənin birinci mərhələsinin (50 MVt) 2027-ci ildə tamamlanması planlaşdırılır. Stansiya hər il 180 milyon kVt/saat elektrik enerjisi istehsal edərək, təxminən 58 min ev təsərrüfatını təmin edəcək.

Digər mühüm layihə Kəlbəcər rayonunda, 3 100 metr yüksəklikdə külək elektrik stansiyasının tikintisidir. Bu layihə üçün Azərbaycan Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA), "Clean Energy Invest" MMC və "Baltech Green" MMC ilə Anlaşma Memorandumu imzalayıb. Stansiyanın ilkin gücü 200-240 MVt təşkil edəcək və 2028-ci ilin əvvəlində kommersiya istismarına veriləcək.

Layihə çərçivəsində ölçmə və dizayn işlərini həyata keçirmək üçün "Clean Energy Invest" və "Baltech Green" birgə müəssisə yaradacaq. Stansiyanın unikal coğrafi şəraiti nəzərə alınaraq, gələcəkdə onun gücünün 600 MVt-a çatdırılması potensialı mövcuddur.

Ötən ilin əsas nailiyyətlərindən biri də COP29 çərçivəsində Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə birgə İƏT regionu üçün Təmiz Enerji Mərkəzinin (CECECO) təsis edilməsi olub. Bakıda yaradılan ECO-UNIDO Təmiz Enerji Mərkəzi yalnız Azərbaycan üçün deyil, İƏT-in bütün üzv dövlətləri üçün strateji əhəmiyyət daşıyır.

Mərkəzin fəaliyyəti Azərbaycan və İƏT ölkələrinin enerji sahəsində liderlik səylərini gücləndirəcək, regional əməkdaşlığı təşviq edəcək və bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirəcək. Bu təşəbbüs Azərbaycanın "yaşıl enerji" hədəflərinə uyğun olaraq, davamlı inkişaf və enerji təhlükəsizliyi istiqamətində daha bir mühüm addımdır.

SOCAR "yaşıl" layihələri maliyyələşdirəcək

Ötən ilin ən diqqətəlayiq hadisələrindən biri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "yaşıl" layihələrin maliyyələşdirilməsi məqsədilə yerli maliyyə bazarında "yaşıl" istiqrazların emissiyasına başlaması oldu. Bu addım, Ətraf mühit, Sosial məsuliyyət və Korporativ idarəetmə (ESG) sahəsində artan tələbləri qarşılamaq və beynəlxalq maliyyə bazarlarına uyğunlaşmaq istiqamətində atılmış strateji bir addımdır.

SOCAR ESG standartlarının tətbiqini son illərdə prioritet kimi qəbul edib, bu sahədə qiymətləndirmələr aparıb və oxşar beynəlxalq şirkətlər arasında yüksək yer tutub. Şirkət ESG standartlarını öz borc idarəetmə mexanizmlərinə inteqrasiya edərək, "yaşıl" maliyyələşmə vasitələrindən istifadəni genişləndirir. Bu yanaşma SOCAR-ın bərpa olunan enerji layihələrinin effektiv idarə olunmasına, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarının genişləndirilməsinə və neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək verir.

Emissiya vasitəsilə toplanacaq vəsait SOCAR-ın "yaşıl" gündəliyində olan layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Bununla bağlı bütün hazırlıq işləri tamamlanıb, o cümlədən ESG reytinqi alınıb və şirkətin kredit reytinqi yaxşılaşdırılıb. SOCAR borc portfelində "yaşıl" maliyyələşdirmənin xüsusi çəkisini artırmağı hədəfləyir.

2024-cü ilin ən mühüm hadisələrindən biri isə COP29 çərçivəsində SOCAR, BƏƏ-nin "Masdar" və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 giqavat (GVt) gücündə külək elektrik enerjisi istehsalına dair Anlaşma Memorandumunun imzalanması oldu.

Layihə çərçivəsində Azərbaycanda dənizdə ilk külək elektrik stansiyalarının inşası planlaşdırılır. Həmçinin, bu əməkdaşlıq tərəflər arasında Naxçıvanda ümumi gücü 500 MVt olan bərpa olunan enerji mənbələri layihələrinin həyata keçirilməsi ilə bağlı başlanmış tərəfdaşlığın genişləndirilməsinə xidmət edir.

SOCAR-ın bu addımları şirkətin bərpa olunan enerji sahəsində qlobal standartlara uyğun fəaliyyət göstərmək məqsədini gücləndirir və Azərbaycanın "yaşıl" enerji hədəflərinə töhfə verir.

Çin şirkətləri Azərbaycanı "yaşıllaşdıracaq"

2024-cü ildə Azərbaycan, "yaşıl enerji" istehsalının artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar ataraq Çinin bir sıra tanınmış şirkətləri ilə strateji tərəfdaşlıq sənədləri imzalayıb. Azərbaycan-Çin əlaqələrində bərpa olunan enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

COP29 çərçivəsində "SOCAR Green" və "PowerChina" şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd, günəş və külək elektrik stansiyalarının inşası, "ağıllı enerji sistemləri"nin inteqrasiyası, "yaşıl hidrogen" istehsalı və sərmayə qoyuluşları daxil olmaqla, Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı məqsədilə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Bundan əlavə, Azərbaycan Energetika Nazirliyi, "China Southern Power Grid International (Hong Kong) Co., Ltd" və "Powerchina Huadong Engineering Corporation Limited" ilə enerji saxlanması sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıb. Bu sənəd çərçivəsində nasoslu hidroakkumulyasiya sistemləri (PHS), batareya enerji saxlanma sistemləri (BESS), yüksək gərginlikli birbaşa cərəyan ötürmə sistemləri (HVDC) və digər rəqəmsal texnologiyalar üzrə layihələrin həyata keçirilməsi planlaşdırılır.

Energetika Nazirliyi ilə "PowerChina Resources Limited" arasında imzalanan Anlaşma Memorandumu Azərbaycanda sənaye miqyaslı günəş PV layihələrinin, quruda və dənizdə külək elektrik stansiyalarının, PHS və BESS infrastrukturlarının inkişafını, eləcə də yerli mütəxəssislərin hazırlanmasını və texnoloji biliklərin mübadiləsini əhatə edir.

Eyni zamanda, "TBEA Co., Ltd" ilə imzalanan memorandum yüksək texnologiyalı enerji avadanlıqlarının istehsalı, sənaye parklarında müasir enerji şəbəkəsi texnologiyalarının inkişafı və regional "yaşıl enerji" bağlantısı layihələrində əməkdaşlığı nəzərdə tutur.

COP29 çərçivəsində Energetika Nazirliyi, "China Energy Overseas Investment Co. Ltd." və "SOCAR Green" MMC arasında Füzuli rayonunda 160 MVt gücündə günəş elektrik stansiyasının inşasına dair İcra Müqaviləsi imzalanıb. Bu layihə Azərbaycanın "yaşıl enerji" sahəsində potensialını artırmaq üçün mühüm addımlardan biridir.

Energetika Nazirliyi ilə "China Datang Co. Ltd" arasında imzalanan Anlaşma Memorandumu, Azərbaycanda bərpa olunan enerji üzrə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması, texniki-iqtisadi əsaslandırmanın aparılması və layihələrə investisiyaların qoyuluşu üzrə əməkdaşlığı nəzərdə tutur.

Azərbaycanın Çin şirkətləri ilə imzaladığı bu strateji sənədlər ölkənin "yaşıl enerji" gündəliyini daha da gücləndirir, regional enerji təhlükəsizliyini təmin edir və innovativ texnologiyaların tətbiqinə şərait yaradır. Bu əməkdaşlıqlar Azərbaycanın bərpa olunan enerji sektorunda lider mövqeyini möhkəmləndirmək üçün yeni imkanlar açır.

Azərbaycan enerjisi Avropaya ötürüləcək

Azərbaycan 2030-cu ilədək bərpa olunan enerji mənbələrindən 7 QVt enerji istehsal etməyi planlaşdırır ki, bunun 5 QVt-ı ixrac olunacaq. Bu, ölkənin "yaşıl enerji" sahəsində ixrac potensialını əhəmiyyətli dərəcədə artıracaq. Bu məqsədə çatmaq üçün Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafı strategiyasının bir hissəsi kimi "yaşıl enerji" dəhlizlərinin yaradılması üzərində fəal çalışır.

Hazırda Azərbaycan-Gürcüstan-Avropa dəhlizinin (Qara Dəniz Enerjisi) texniki-iqtisadi əsaslandırması hazırlanır. Həmçinin, 1,5 QVt gücündə Azərbaycan-Türkiyə "yaşıl enerji" dəhlizinin yaradılması layihəsi də planlaşdırılır.

Qara Dəniz Enerji layihəsi Xəzər dənizinin Azərbaycan sektorunda hasil edilən "yaşıl enerji"nin Gürcüstana, oradan isə Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə Avropaya nəqlini nəzərdə tutur. Layihə çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan və Bolqarıstanın enerji operatorları arasında Buxarestdə fəaliyyət göstərəcək birgə müəssisənin yaradılması üçün "Səhmdar Müqaviləsi" imzalanıb.

Avropaya 4 QVt enerji ixracını nəzərdə tutan bu layihə üzrə texniki-iqtisadi əsaslandırmanın tamamlanması, həmçinin Fiber Optik Kabel Xətti (FOC) və Bolqarıstanın inteqrasiyası ilə bağlı məsələlər də planlaşdırılır.

Naxçıvan-Türkiyə dəhlizi isə 1 QVt "yaşıl enerji"nin Naxçıvan üzərindən Türkiyəyə və daha sonra Avropaya ixracını hədəfləyir. Bu istiqamətdə "Azərenerji" ASC və Türkiyənin TEİAŞ şirkəti arasında yol xəritəsi imzalanıb. Şərqi Zəngəzur, Qarabağ və Naxçıvanda bərpa olunan enerji sahəsində yeni layihələr üzərində iş aparılır.

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə də enerji sahəsində əməkdaşlığı genişləndirir. Qazaxıstan və Özbəkistan müvafiq olaraq 7 QVt və 5 QVt-a qədər "yaşıl enerji" ixrac etməyi planlaşdırır. İlin sonunda Azərbaycan, Qazaxıstan və Özbəkistan "Yaşıl Dəhliz Birliyi" adlı Birgə Müəssisəsinin Bakıda təsis edilməsi ilə bağlı sənədlər imzalayıblar. Bu qurum, Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi layihəsi çərçivəsində "yaşıl enerji"nin Avropaya ixracı və regionda bərpa olunan enerji layihələrinin inkişafını dəstəkləmək məqsədilə yaradılıb. Müəssisənin rəhbərliyi rotasiya prinsipi ilə həyata keçiriləcək.

Bu enerji Azərbaycanın Qara dəniz kabeli vasitəsilə Avropaya çatdırılacaq. Azərbaycan bu layihə ilə üç regionu birləşdirərək mühüm regional enerji mərkəzinə çevrilməyi hədəfləyir.

Qeyd edək ki, Azərbaycan hökuməti xarici investorların cəlb edilməsi, regional enerji sistemlərinə inteqrasiya və bərpa olunan enerji mənbələrinin inkişafı ilə uzunmüddətli enerji təhlükəsizliyini təmin edir. Bu yanaşma, həmçinin karbon emissiyalarının azaldılmasına və qlobal iqlim dəyişikliyi ilə mübarizə səylərinə töhfə verir.

Son söz əvəzi...

Təbii ki, yuxarıda qeyd edilənlər 2024-cü ildə "yaşıl enerji" sahəsində görülən bütün işlər deyil. Bütün bunlar geridə qoyduğumuz ildə yada düşən əsas mühüm "yaşıl enerji" hadisələrinin bir neçəsidir. Amma qeyd etdiklərimiz "yaşıl enerji" sahəsində görülən işlər Azərbaycanın bu istiqamətdəki ciddi məqsədlərinin sübutudur. Layihələrin uğurla həyata keçirilməsi ölkəni beynəlxalq enerji bazarında daha güclü mövqeyə sahib edəcək və qarşıya qoyulan hədəflərə nail olunmasına zəmin yaradacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 272   Tarix: 04 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) "Embraer 190" təyyarəsi ilə bağlı istintaqın "hərbi hissəsi" Çeçenistan paytaxtı Qroznıda (Rusiya) məxfiləşdirilib. -ın xəbərinə görə, bu barədə "VÇK-OQPU"

4 yanvar
.

Nikol Paşinyan canlı yayımda biabır oldu

Ermənistanın baş naziri Nikol Paşinyan özünün "Facebook" səhifəsində "Tarixdən hansı dərsi götürməliyəm?" başlığı ilə canlı yayımda çıxış edib. xəbər verir ki, həmin canlı yayımın başlığının əvəzinə "Cənab Baş nazir, bunu saat 3-də dərc edim?" - sualı peyda olub. Daha sonr

5 yanvar
.

"Bu Konstitusiyamızda əks olunan Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü tam reallaşıb" - DEPUTAT

Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və . Suverenlik İli" kimi elan olunması ciddi tarixi əhəmiyyət kəsb edir. Bu il Ulu Öndərimiz Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 30 ili tamam olur. 1993-cü ildə xalqımızın təkidi il

6 yanvar
.

Azərbaycandan göndərilən 10 yük maşını Suriyaya daxil olub

Azərbaycandan göndərilən 200 ton ərzaq məhsulu daşıyan 10 yük maşını Suriyaya daxil olub. "Report" xəbər verir ki, bu barədə "Haber Global" telekanalının yayımladığı süjetdə deyilir. Yardım maşınları sərhəd-keçid məntəqəsindən keçdikdən sonra ərzaq məhsulları boşaldılaraq AFAD-ı

5 yanvar
.

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib. apa-ya istinadən xəbər verir ki, hadisə Kimyaçılar yaşayış massivində qeydə alınıb. Sumqayıt şəhər sakinləri 1969-cu il təvəllüdlü Xankişi Təvəkkül oğlu Ocaqov,onun oğlu 1993-cü il təvəllüdlü Murad Xankişi oğlu Ocaqov,1977-ci il təvəllüdlü Rami

6 yanvar
.

Azərbaycanda bəbirlərin sayı artıb - VİDEO

Naxçıvan Muxtar Respublikası ərazisində Həsən Əliyev adına Zəngəzur Milli Parkında ötən il ərzində ən azı 6 bəbir balası dünyaya gəlib. WWF Azerbaijan səhifəsinə istinadən xəbər verir ki, videonu Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxal

4 yanvar
.

Bayram günlərində 10 nəfərin meyiti tapılıb, 252 yanğın olub - Video

Bayram günləri ərzində 5-i azyaşlı olmaqla 28 nəfər xilas edilib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 252 yanğın

6 yanvar
.

Azərbaycan Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci 17 % artırıb

Ötən il Azərbaycan Türkiyədən 23,325 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 17 % çoxdur. Təkcə dekabrda Türkiyə Azərbaycana 1,766 milyon ABŞ dollarlı

4 yanvar
.

2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir

Azərbaycan "yaşıl enerji"nin inkişafını əsas prioritetlərindən biri kimi müəyyən edib və bu sahədə beynəlxalq enerji şirkətləri və maliyyə institutları ilə sıx əməkdaşlıq edir. Ölkə 28 giqavat gücündə bərpa olunan enerji potensialının reallaşdırılması üzərində çalışır. Əsas məqsədlərdən biri

4 yanvar