"Sandıqdakı qardaşım" - Aysel İbrahimli

"Sandıqdakı qardaşım" - Aysel İbrahimliSonxeber.az Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Bədii yaradıcılıq və ekran dramaturgiyası" ixtisasında təhsil alan III kurs SABAH qrupu tələbəsi Aysel İbrahimlinin "Sandıqdakı qardaşım" adlı hekayəsini təqdim edir:

Anamın qırxı təzə çıxmışdı, amma bağ evinin hər küncündə hələ də onun o ağır, adamı boğan sükutu duyulurdu. Həyətdə Kamilin samovara od salmaq üçün sındırdığı çır-çırpının səsi gəlirdi, mən isə sanki ayaqlarım məndən asılı olmayaraq, illərdir yanından qaçdığım o otağa - anamın yataq otağına tərəf sürüklənirdim. Otağın qapısı elə bir gıcırtı ilə açıldı ki, sanki on illərdir açılmayan bir məzarın qapağı tərpəndi. İçəridəki hava hələ də anamın qoxusunu saxlayırdı; bir az naftalin, bir az köhnə parça və bir az da o izahı olmayan acı dərman qoxusu.

Gözüm dolabın küncündə, tozun içində qalmış o köhnə taxta sandığa sataşdı. Uşaqlığım boyu o sandıq mənim üçün qadağan olunmuş bir qala idi. Hər dəfə əlimi o tərəfə uzadanda anamın sərt səsi qulağımda cingildəyirdi: "Toxunma! Ora getmək olmaz!" İndi isə o sərt səsin sahibi yox idi, sandıq isə qarşımda bütün müdafiəsizliyi ilə dururdu. Uşaqlığımdakı ən böyük arzum bu sandığın anam tərəfindən qorunmaması idi. Axı, bir uşağa nəyi qadağan edərsənsə, o, ona daha maraqlı gəlir. Heç düşünməzdim ki, uşaqlıq arzumda istəmədən də olsa, anamın ölümünü arzulamışam.

Paslanmış açarı çətinliklə kilidə salıb buranda çıxan o qırıq metal səsi boş otaqda əks-səda verəndə bir anlıq dayandım, elə bildim anam hardansa çıxıb yenə əlimdən vuracaq. Qorxsam da, dərin bir nəfəs alıb içimdəki qarışıqlığı susdurmaq istədim ki, qarşımdakı həqiqətlə üz-üzə qalmağa gücüm çatsın.

Sandığı açdım. Üstdə anamın illərlə sandıq qoxusu hopmuş və bir az da nimdaş, saralmış cehizliyi, naxışlı yaylıqları və bir-birinə səliqə ilə bağlanmış süfrələri dururdu. Onları təmkinlə, bir-bir kənara yığdım. Sandığın dibinə yaxınlaşdıqca içimdəki həyəcan qəribə bir qorxu ilə əvəz olundu. Ən altda bir büküm gözümə sataşdı. Küncə elə sıxılmışdı ki, sanki kimsə onu bir daha heç vaxt tapmasın deyə gizlətmişdi: qırmızı bir parça bükümü.

Parçanı açanda içindən çıxan sınıq-salxaq bir oyuncaq maşın və rəngi qaçmış, kənarları süzülmüş bir tibbi arayış düşdü. Arayışı açıb o köhnə yazıya baxanda əvvəl başa düşmədim. Sonra tarixə və ada baxdım. Bu, mən doğulmazdan üç il əvvəl itirilmiş bir körpənin - heç vaxt varlığından xəbər tutmadığım, evdə adı belə çəkilməyən böyük qardaşımın ölüm kağızı idi. Sənədin küncündə anamın qurumuş göz yaşlarının ləkəsi hələ də dururdu.

O an sanki beynimdə illərdir qaranlıq qalan bütün pərdələr bir-bir açıldı. Bu gün özüm ana olsam da, illərlə anamı başa düşə bilməmişdim. O məni sevirdi, yoxsa sevmirdi? Çünki mənə çox vaxt soyuq davranardı. Amma mən xəstələnəndə, ya da ölümlə üz-üzə qalanda sanki ürəyi yerindən qopacaq kimi çırpınardı.

Mən illərdir anamı soyuq, hissiz və məsafəli bir qadın kimi tanımışdım. Əvvəl onun mənə bir dəfə də olsun ürəkdən sarılmamasını, dərdimi danışanda üzünü yana çevirməsini və mənə yaxın durmamasını sevgisizlik sanmışdım. Amma indi o bir parça kağız mənə hər şeyi darmadağın edən bir həqiqəti pıçıldayırdı.

Səkkiz yaşım olanda məktəbdən gəlib həvəslə "Ana, bax, rəsm çəkmişəm!" deyib ona tərəf qaçanda əllərini necə təlaşla geri çəkdiyini indi anlayıram. O zaman elə bilmişdim ki, barmaqlarımın mürəkkəbi onun təmiz önlüyünü bulayar deyə qaçır. Amma yox, o, mənə toxunmaqdan, o toxunuşun yaradacağı o doğmalıq bağından qorxurmuş. Üzünü yana çevirib "Get, dərslərini elə" deyəndə gözlərindəki o qəribə laqeyd baxış deyil, boğulmuş bir hönkürtü imiş.

Bir dəfə bərk qızdırmalı olanda gecə yarı ayılıb anamı çarpayımın küncündə heykəl kimi oturmuş görmüşdüm. Alnıma qoyduğu nəm dəsmal əlindən düşəndə barmaqları təsadüfən saçıma toxunmuşdu. O an sanki elektrik vurmuş kimi diksindi, əlini dərhal geri çəkib otaqdan çıxdı. Mən onda ağlamışdım ki, anam hətta xəstə halımda da mənə sığal çəkməyə nifrət edir. Sən demə, o qırışmış əllər mənim saçlarımda illər əvvəl itirdiyi o körpənin qoxusunu duyubmuş...

Mən illərdir anamı ruhu soyuq, duyğuları kütləşmiş bir qadın kimi tanımışdım. Amma indi o bir parça kağız mənə pıçıldayırdı ki, o, əslində dünyanın ən fədakar sərkərdəsi imiş; öz ürəyini mühasirəyə alıb, içəridəki sevgini mənə sızdırmırdı ki, mən də onun kimi o sevginin altında qalıb əzilməyim. O, mənə sarılmırdı ki, itirəndə qollarının arası boş qalmasın. O, məni uzaqdan sevməklə əslində məni öz bəxtsizliyindən qoruyurmuş.

İndi isə sandığın dibindəki o sınıq oyuncaq maşına baxdıqca içimdəki o soyuq divarların uçulub töküldüyünü hiss edirdim. Anamın mənə vermədiyi hər bir sığal, əslində mənim üçün saxladığı ən böyük göz yaşı imiş. Bir dəfə o ağır itkini yaşamışdı və bir daha eyni ağrını hiss etməmək üçün özünə sevməyi, bağlanmağı, şəfqət göstərməyi qadağan eləmişdi. Mənə həddindən artıq bağlansa, məni də itirəcəyindən qorxduğu üçün aramızda o keçilməz soyuq divarları hörübmüş.

Yoldaşım Kamilin eyvandan gələn ayaq səsləri məni xəyaldan ayırdı. O, otağa girib məni yerdə, toz-torpağın içində, o sənədi bağrıma basıb hönkür-hönkür ağlayan görəndə donub qaldı. Yanımda diz çöküb, heç nə soruşmadan sənədə baxdı. Bir neçə dəqiqə sadəcə sükut oldu. Kamilin əlinin çiyinlərimdəki ağırlığını hiss edəndə bir şeyi də dərk etdim: mən də illərdir eyni yolu gedirmişəm. Mən də Kamillə aramda həmişə bir gizli məsafə saxlamışam, uşaqlarımıza qarşı anamın o "uzaq" modelini təkrar etmişəm. Sanki çox sevsəm, mütləq nəsə fəlakət olacaqmış kimi duyğularımı qıfıla salmışam.

Zamanın amansız çarxı fırlandıqca insan özünü keçmişin aynasında daha tez-tez görür. Bir vaxtlar anamın mənə qarşı olan o buz kimi soyuqluğundan gileylənərdim. İndi isə öz valideynliyimə baxıram və görürəm ki, mən də o soyuqluğun kölgəsindəyəm. Amma bizim hekayəmiz fərqli idi. Mənim səssizliyimin və övladlarımla arama çəkdiyim o görünməz hasarların təməlində tamamilə başqa bir duyğu dayanırdı.

Mən övladlarımı özümdən uzaq tuturdum ki, bir gün bu dünyadan köçüb getsəm, yoxluğum onlara çox ağır gəlməsin. Onları mən yaşaya-yaşaya mənsizliyə alışdırmağa çalışırdım. Hesab edirdim ki, aradakı məsafə nə qədər böyük olsa, itkinin acısı da bir o qədər yüngül olar. Sevgimi bir zireh kimi içimdə gizləmişdim; elə bilirdim ki, onları bu yolla qoruyuram.

Lakin indi anlayıram ki, nə qədər böyük bir yanılmanın içindəymişəm. Valideyn öz sevgisini övladından əsirgədikcə əslində gələcəkdəki o ağrını azaltmır, əksinə, onu daha da dərinləşdirir. İnsan sevdiyini itirəndə ən çox yaşadığı xoş günlərə görə deyil, yaşaya bilmədiyi, yarım qalan sevgilərə görə inciyir.

Verilən ömür elə bir xəzinədir ki, sevgi orada bir damla belə israf edilmədən, doya-doya yaşanmalıdır.

İndi o hasarları bir-bir uçurmağın vaxtıdır. Başa düşdüm ki, övladlarım üçün ən böyük təsəlli mənim yoxluğumda xatırlayacaqları soyuq bir məsafə deyil, ruhlarına toxunan o isti, səmimi ana sevgisi olacaqdır. Çünki sevgi gələcəyin qorxusuna qurban verilməyəcək qədər müqəddəsdir…

Kamil o gün heç nə demədən mənə elə bərk sarıldı ki, mən ilk dəfə o qırmızı parçaya bükülmüş sənədlə birlikdə içimdəki o qorxunc mirası da dəfn etdim. O bağ evindən çıxanda mən təkcə bir sandığı yox, illərdir canımı ağrıdan o sevgisizlik yükünü də o otaqda qoyub çıxdım. Anam getmişdi, amma o, öz ağrılı sirri ilə mənə sevməyin qorxusuz yolunu açmışdı.

Aysel İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2713   Tarix: 15 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021
.

Boşanmadan ikinci dəfə evləndi, müəmmalı qəzada öldü...

xəbər verir ki, tanınmış xanəndə Səxavət Məmmədov haqqında 10 maraqlı fakt hazırlayıb. 1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı. Asə

28 iyul 2021
.

Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO

"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar

27 avqust 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021
.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrın

5 sentyabr 2021
.

100 şəkli Bakıda sərgilənən Reza Deqati: "30 ildir ki, dünyaya bu mesajı çatdırıram" - FOTOLAR

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub. xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib. Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyə

31 iyul 2021
.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021