İran və Oman Hörmüz boğazı ilə bağlı razılığa gəldi: Sonra nə olacaq?
İran və Oman arasında Hörmüz boğazı ilə bağlı aparılan danışıqlarda əsas məsələlər üzrə razılaşmanın əldə olunması regionda gərginliyin azaldılması baxımından mühüm diplomatik siqnal sayıla bilər. Hələ yekun saziş imzalanmasa və detallarla bağlı müzakirələr davam etsə də, tərəflərin müvəqqəti gəmiçilik dəhlizi, su yollarının bölüşdürülməsi və gəlirlərin paylaşılması kimi həssas məsələlərdə ortaq mövqeyə yaxınlaşması diqqətçəkən hadisədir.
Məsələnin əhəmiyyəti ilk növbədə Hörmüz boğazının yalnız İran və Oman üçün deyil, bütün dünya enerji və ticarət sistemi üçün strateji əhəmiyyət daşıması ilə bağlıdır. Dünyanın ən mühüm neft və qaz marşrutlarından biri olan bu su yolunda yaranan hər bir təhlükəsizlik problemi qlobal bazarlara, enerji qiymətlərinə və beynəlxalq ticarətə birbaşa təsir göstərir. Buna görə də burada hərəkətin təhlükəsiz və proqnozlaşdırılan şəkildə bərpasına yönələn istənilən diplomatik təşəbbüs regional çərçivəni aşan əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Sonxeber.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, diplomatik prosesin sürətlənməsinin əsas səbəblərindən biri son qarşıdurmalar fonunda Hörmüz boğazında ticarətin ciddi şəkildə azalmasıdır.
Onun fikrincə, hazırda 60 günlük texniki razılaşmanın konturları müzakirə olunur və əsas yanaşmaya əsasən, boğaza daxil olan gəmilərin İran sahillərinə yaxın, çıxan gəmilərin isə Oman sahillərinə yaxın marşrutla hərəkət etməsi nəzərdə tutulur:
"Bu modeldə tranzit haqqının tətbiq olunmaması və müəyyən ərazilərdə mina təmizləmə işlərinin aparılması da gündəmdədir.Lakin burada söhbət yalnız gəmiçilik marşrutlarının müəyyənləşdirilməsindən getmir. Əsl mürəkkəb məsələ təhlükəsizlik və suverenlik məsələsidir. İran tərəfi boğazın təhlükəsizliyinin təmin olunmasında öz rolunun və nəzarət imkanlarının qorunmasını, eyni zamanda ABŞ tərəfindən tətbiq edilən təzyiq və blokada siyasətinə dair təminatlar əldə etməyi istəyir. Tehran regional çoxtərəfli mexanizmdən daha çox Omanla ikitərəfli idarəetmə modelinə üstünlük verir. ABŞ və digər regional aktorların prosesə münasibəti isə razılaşmanın taleyində mühüm faktor olaraq qalır.
Omanın vasitəçilik səylərinin xüsusi çəkisi də məhz burada ortaya çıxır. Oman uzun müddətdir Yaxın Şərqdə qarşı tərəflər arasında dialoq üçün etibarlı platformalardan biri kimi çıxış edir. Bu baxımdan Maskatın Tehranla Qərb arasında mesajların çatdırılmasında və qarşılıqlı mövqelərin yaxınlaşdırılmasında oynadığı rol Hörmüz məsələsində də diplomatik imkan yaradır. Körfəz ölkələrinin Oman təşəbbüsünə müsbət yanaşması isə prosesin regional legitimliyini gücləndirə bilər".
Əziz Əlibəyli vurğulayıb ki, razılaşma xəbərlərinin özü belə enerji bazarlarında dərhal əks-səda doğurub. Hörmüzdə gəmiçiliyin bərpası perspektivinin yaranması neft qiymətlərində müəyyən ucuzlaşmaya səbəb olub:
"Bu, bir daha göstərir ki, boğaz ətrafında sabitliyin təmin edilməsi yalnız sahilyanı dövlətlərin deyil, dünya iqtisadiyyatının marağındadır. Bununla belə, indidən əldə olunan nəticəni yekun siyasi saziş kimi təqdim etmək doğru olmaz. Razılaşmanın hüquqi baxımdan rəsmiləşdirilməsi, təhlükəsizlik mexanizmlərinin dəqiqləşdirilməsi, tərəflərin öhdəliklərinin müəyyənləşdirilməsi və ən əsası, İranla ABŞ arasında qarşılıqlı təminat məsələsinin necə həll ediləcəyi hələ açıq qalır. Texniki marşrutların razılaşdırılması nisbətən asan mərhələdir, davamlı təhlükəsizlik mexanizminin yaradılması isə daha mürəkkəb siyasi iradə tələb edir.
Əsas sual da budur: İranın təhlükəsizlik və suverenlik tələbləri ilə ABŞ-nin nüvə məsələsində gözləntiləri arasında kompromis tapmaq mümkün olacaqmı? Əgər bu ziddiyyətli maraqlar arasında balans yaradılarsa, Hörmüz boğazı üzrə əldə edilən müvəqqəti razılaşma daha geniş regional diplomatik prosesin başlanğıcına çevrilə bilər. Əks halda, imzalanmamış və yalnız texniki xarakter daşıyan razılaşmanın davamlılığı sual altında qala bilər.
Hər halda, İran və Oman arasında əsas məsələlər üzrə razılaşma xəbərinin özü mühüm mesajdır: Hörmüzdə hərbi qarşıdurmanın yaratdığı riskləri diplomatik mexanizmlərlə idarə etmək üçün imkan hələ də mövcuddur. İndi əsas məsələ həmin siyasi fürsətin konkret və davamlı sazişə çevrilməsidir".
Lalə Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya