Azərbaycan Kamboca münasibətləri: tarixi varislik və yeni üfüqlər
Azərbaycanın xarici siyasət strategiyasında Asiya və Cənub-Şərqi Asiya vektoru son illərdə tamamilə yeni, daha dinamik bir mərhələyə qədəm qoyub. Bu kontekstdə, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə görüşündə şəxsən iştirakı iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni zirvəyə yüksəldir. Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüş çərçivəsində mətbuata bəyanatında səsləndirdiyi fikirlər və iki ölkə arasında imzalanmış mühüm dövlətlərarası sənədlər Bakı ilə Pnompen arasında qurulan tərəfdaşlığın gələcək yol xəritəsini cızır.
Münasibətlərin ən diqqətçəkən tərəflərindən biri onun siyasi varislik təməlinə söykənməsidir. Prezident İlham Əliyev bəyanatında 12 il əvvəl - 2014-cü ilin aprelində Kambocanın keçmiş Baş naziri, hazırda isə Senatın sədri Hun Senin (hazırkı Baş nazir Hun Manetin atası) Bakıya reallaşan ilk hökumət başçısı səviyyəsindəki tarixi səfərini xatırladaraq bu xəttin sadiqliklə davam etdirildiyini vurğulayıb. Bu gün hər iki ölkə beynəlxalq platformalarda - istər BMT, istər Qoşulmama Hərəkatı, istərsə də AQEM çərçivəsində bir-birini qətiyyətlə dəstəkləyən iki etibarlı tərəfdaş kimi çıxış edir.
İndiyə qədər iki ölkə arasında cəmi 3 sənəddən ibarət olan məhdud müqavilə-hüquq bazası və aşağı səviyyədə qalan ticarət dövriyyəsi bu səfərlə birlikdə böyük sıçrayış mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyev bu məsələdə olduqca praqmatik və nikbin mövqe ortaya qoyub: müasir dünyada coğrafi məsafə əsla maneə deyil, əsas problem məlumat qıtlığı idi. Məhz bu boşluğu doldurmaq üçün ticarət və investisiya əməkdaşlığının praktiki tərəfləri ilə məşğul olacaq birgə işçi qrupu yaradılıb.
Bununla yanaşı, Azərbaycanın qlobal brendinə çevrilən və ölkə daxilində demək olar ki, 100 faizlik vətəndaş məmnuniyyəti qazanan "ASAN xidmət" sisteminin Kambocada böyük maraq doğurması xüsusilə fəxredicidir. Bu mütərəqqi dövlət xidmətləri modelinin Kambocada tətbiq olunma perspektivi Azərbaycanın intellektual ixracat potensialının növbəti nümayişidir.
Münasibətlərin bəlkə də ən təsirli və regional təhlükəsizlik baxımından aktual hissəsi hər iki ölkənin üzləşdiyi ortaq humanitar fəlakət - mina problemidir. Kamboca uzun onilliklər boyu dünyada minalardan ən çox əziyyət çəkən ölkələrdən biri kimi tanınır. Azərbaycan isə Ermənistanın 30 illik işğal dövründə torpaqlarımızda basdırdığı ölüm saçan minalarla mübarizə aparır. Prezident İlham Əliyev bəyanatında acı bir statistikanı dünya ictimaiyyətinin diqqətinə çatdırıb: İkinci Qarabağ müharibəsinin bitməsindən ötən 6 il ərzində Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 400-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya ağır xəsarət alıb. Bu baxımdan, iki ölkə arasında mina təmizləmə sahəsində təcrübə, bilik və praktiki bacarıqların mübadiləsi, birgə təlimlərin keçirilməsi böyük humanitar əhəmiyyət kəsb edir.
Həm Azərbaycan, həm də Kamboca sülh və təhlükəsizliyi davamlı inkişafın əvəzedilməz şərti hesab edir. Lakin bu sülh, bəyanatda qeyd edildiyi kimi, beynəlxalq hüquqa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə söykənməlidir. Azərbaycan 30 illik işğala son qoyaraq öz suverenliyini və ərazi bütövlüyünü güc yolu ilə, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq bərpa edib. İndi Azərbaycan torpaqlarının hər bir qarışı doğma sahiblərinin nəzarətindədir. İşğaldan təmizlənmiş ərazilərdə həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləri və "Böyük Qayıdış Proqramı" çərçivəsində artıq 100 minə yaxın insanın öz dədə-baba yurdunda yaşaması və çalışması ölkəmizin daxili gücünün və iradəsinin göstəricisidir.
Bu baxımdan, münasibətlərin qarşılıqlı maraq doğuran sütununu humanitar bağlar və institusional təcrübə mübadiləsi təşkil edir. Keçmiş SSRİ dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda ali təhsil alması faktı bu gün münasibətlərin tarixi yaddaşını təşkil edir. Azərbaycan dövləti bu xeyirxah ənənəni bərpa etməkdə israrlıdır. Bu xəttin davamı olaraq, ADA Universiteti ilə Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandum iki ölkənin gənc diplomatlarının müasir standartlara uyğun hazırlanmasında mühüm rol oynayacaq.
Beləliklə, Kamboca Baş nazirinin Bakıya rəsmi səfəri, dövlət başçılarının qətiyyətli bəyanatları və imzalanan strateji sazişlər göstərir ki, coğrafi uzaqlıq ortaq hədəfləri olan ölkələr üçün maneə deyil. Beynəlxalq hüquqa qəti sadiqlik, oxşar tarixi çağırışlar və qarşılıqlı iqtisadi maraqlar Bakı ilə Pnompen arasında 1994-cü ildə qurulmuş əlaqələri bu gün gələcəyə yönəlmiş sarsılmaz bir strateji körpüyə çevirir.
Təranə Tağıyeva - BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?