Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılarƏrdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərdi ki, Azərbaycan-Türkiyə müttəfiqliyi təkcə tarixi qardaşlıq münasibətlərinə deyil, həm də ortaq siyasi maraqlara, təhlükəsizlik prioritetlərinə və uzunmüddətli geosiyasi hədəflərə əsaslanır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Azərbaycana səfəri, xüsusilə Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş və mətbuata bəyanatları regional və beynəlxalq siyasi gündəmin diqqətçəkən hadisələrindən biri oldu. Səfərin Zəfər Günündə reallaşması, dövlət başçılarının məhz Şuşada bir araya gəlməsi və səsləndirdikləri fikirlər təsadüfi diplomatik jest deyil, Azərbaycan-Türkiyə münasibətlərinin siyasi məzmununu və strateji istiqamətlərini nümayiş etdirən mühüm hadisədir.

Bu səfərin əsas siyasi əhəmiyyətini anlamaq üçün Şuşanın tarixi və geosiyasi mahiyyətinə diqqət yetirmək lazımdır. Şuşa Azərbaycanın milli kimliyinin, dövlətçilik iradəsinin və Qarabağ Zəfərinin rəmzidir. 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında Müttəfiqlik haqqında Bəyannamənin məhz burada imzalanması isə şəhərin iki ölkənin münasibətlərindəki xüsusi yerini daha da möhkəmləndirib. Altı il sonra Zəfər Günü münasibətilə yenidən Şuşada bir araya gələn İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan əslində həmin müttəfiqliyin dəyişməz siyasi əsaslarını və gələcək prioritetlərini bir daha nümayiş etdirdilər.

Prezident İlham Əliyevin çıxışında səsləndirilən əsas mesajlardan biri Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığı ilə bağlı idi. Dövlət başçısı vurğuladı ki, iki ölkənin xalqlarını ortaq tarix, etnik köklər, dil, ədəbiyyat və mənəvi dəyərlər birləşdirir. Şuşa Bəyannaməsi isə tarixən mövcud olan bu münasibətləri rəsmi müttəfiqlik çərçivəsinə salıb. Prezidentin "Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır" fikri səfərin əsas siyasi nəticəsini ifadə edən mesaj kimi diqqət çəkdi.

Bu bəyanatın əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı siyasi hadisələrin və ya müvəqqəti maraqların təsiri ilə formalaşmayıb. İki dövlət arasında əməkdaşlıq uzun illər ərzində qarşılıqlı etimad, siyasi dəstək və ortaq strateji maraqlar əsasında inkişaf edib. Bu münasibətlərin ən mühüm xüsusiyyətlərindən biri isə çətin dövrlərdə özünü göstərən həmrəylikdir.

İlham Əliyevin 44 günlük Vətən müharibəsi ilə bağlı Türkiyənin dəstəyini xüsusi vurğulaması da məhz bu kontekstdə qiymətləndirilməlidir. Prezident xatırlatdı ki, müharibənin ilk saatlarında Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanat və telefon danışığı bütün dünyaya Türkiyənin Azərbaycanın yanında olduğunu nümayiş etdirdi. "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" mesajı Azərbaycan xalqının yaddaşında qalan mühüm siyasi dəstək nümunəsidir.

Lakin Vətən müharibəsində qazanılan Zəfərin əsasını Azərbaycan xalqının birliyi, dövlətin siyasi iradəsi və Azərbaycan Ordusunun qəhrəmanlığı təşkil edirdi. Türkiyənin siyasi və mənəvi dəstəyi isə bu mübarizədə Azərbaycanın beynəlxalq mövqeyinin ifadəsi baxımından mühüm rol oynadı. Bu tarixi təcrübə göstərdi ki, müttəfiqlik yalnız sənədlərdə təsbit edilən münasibət deyil, həm də konkret siyasi hadisələrdə özünü göstərən məsuliyyət və həmrəylikdir.

Ərdoğanın Şuşadan verdiyi mesajların digər mühüm istiqaməti Türk dünyasının birliyi ilə bağlı idi. Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatının inkişafından danışaraq Azərbaycanın təşkilat çərçivəsində həmrəylik və inteqrasiyanın gücləndirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirdi. Türkiyənin təşkilata sədrliyi dövründə onun daha güclü və institusional quruma çevrilməsi istiqamətində səylərin davam etdiriləcəyini bildirməsi də diqqət çəkdi.

Bu məqam Azərbaycan-Türkiyə münasibətlərinin ikitərəfli əməkdaşlıq çərçivəsindən daha geniş siyasi məzmun daşıdığını göstərir. Azərbaycan və Türkiyə Türk dünyasında iqtisadi, siyasi, mədəni və nəqliyyat əlaqələrinin inkişafında mühüm mövqeyə malikdir. Bu baxımdan iki dövlətin koordinasiyalı fəaliyyəti Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun və praktiki əməkdaşlıq imkanlarının genişlənməsinə təsir göstərən amillərdəndir.

Şuşadan verilən mesajların mühüm hissəsini regional təhlükəsizlik və Cənubi Qafqazda davamlı sülh məsələsi təşkil edirdi. Ərdoğan Qarabağın 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilməsinin regionda yeni mərhələnin başlanğıcını yaratdığını bildirdi. Türkiyə Prezidentinin əsas yanaşması ondan ibarət idi ki, döyüş meydanında qazanılmış Zəfər davamlı sülh və sabitliklə möhkəmləndirilməlidir. O, Azərbaycanın regionda uzunmüddətli sülhün təmin olunmasına yönəlmiş səylərini dəstəklədiklərini vurğuladı.

Prezident İlham Əliyev də Ermənistanla normallaşma prosesinin konkret nəticələr verməsinə ümid etdiyini bildirdi. Bununla yanaşı, sülh sazişinin hələ imzalanmadığını və prosesin qarşısında müəyyən məsələlərin qaldığını diqqətə çatdırdı. Bu yanaşma Azərbaycanın regional siyasətində sülhün vacibliyini qəbul etməklə yanaşı, milli maraqların, suverenliyin və ərazi bütövlüyünün qorunmasını əsas prinsip kimi saxladığını göstərir.

İki ölkə arasında müzakirə olunan digər strateji istiqamət nəqliyyat kommunikasiyaları və Zəngəzur dəhlizi məsələsidir. Prezident İlham Əliyev siyasi və iqtisadi əlaqələr, investisiyalar, enerji, nəqliyyat dəhlizləri və Zəngəzur dəhlizinin görüşdə geniş müzakirə edildiyini bildirdi. Bu məsələlər yalnız Azərbaycan və Türkiyənin iqtisadi maraqları baxımından deyil, bütövlükdə regionun gələcək inkişafı baxımından əhəmiyyətlidir. Nəqliyyat əlaqələrinin genişlənməsi Şərq-Qərb marşrutunun imkanlarını artırmaqla yanaşı, Türk dünyası arasında daha sıx iqtisadi əlaqələrin qurulmasına şərait yarada bilər.

Ərdoğanın çıxışında Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə də xüsusi diqqət ayrıldı. Türkiyə Prezidenti bölgədə yaradılan yeni infrastruktur obyektlərini yüksək qiymətləndirdi, Cəbrayılda Azərbaycan-Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzinin və "Ağıllı Tinglik" kompleksinin yaradılmasını əməkdaşlığın konkret nümunəsi kimi təqdim etdi. Ağdamda 40 sinif otağından ibarət məktəbin tikintisinə başlanılması da iki ölkənin quruculuq prosesində iştirakını nümayiş etdirir.

Ərdoğanın Füzulidən Şuşaya gedərkən yeddi tuneldən keçdiklərini vurğulaması isə azad edilmiş ərazilərdə aparılan infrastruktur quruculuğunun miqyasına diqqət çəkdi. Bu, sadəcə yolların və tunellərin inşası deyil, işğaldan azad edilmiş ərazilərin iqtisadi və sosial həyata reinteqrasiyası, Böyük Qayıdışın təmin edilməsi və yeni inkişaf modelinin formalaşdırılması deməkdir.

Azərbaycanın Qarabağda həyata keçirdiyi quruculuq siyasəti ölkənin müharibədən sonrakı inkişaf strategiyasının əsas istiqamətlərindəndir. Türkiyənin bu prosesdə iştirakı isə əməkdaşlığın praktiki nəticələrini artırır. Təhsil, ekologiya, infrastruktur və sosial layihələr üzrə tərəfdaşlıq iki dövlət arasındakı münasibətlərin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını göstərir.

Səfərin diqqətçəkən məqamlarından biri də Ərdoğanın Azərbaycan xalqını 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik etməsi oldu. Prezidentin Azərbaycan və Türkiyə bayraqlarının göylərdə daim yan-yana dalğalanması arzusu ilə çıxış etməsi iki ölkə arasındakı mənəvi bağlılığın rəmzi ifadəsi idi. Bu mesaj eyni zamanda ortaq tarixi yaddaşın və gələcək hədəflərin siyasi münasibətlərdəki yerini bir daha ön plana çıxardı.

Bütün bunlar göstərir ki, Ərdoğanın Şuşa səfəri Azərbaycan-Türkiyə münasibətlərinin mövcud vəziyyətini nümayiş etdirməklə yanaşı, gələcək əməkdaşlığın prioritetlərini də müəyyənləşdirən siyasi hadisə kimi əhəmiyyət daşıyır. Siyasi dialoq, iqtisadi tərəfdaşlıq, regional təhlükəsizlik, nəqliyyat əlaqələri, Türk dünyasında inteqrasiya və Qarabağın bərpası iki ölkənin əməkdaşlığında əsas istiqamətlər olaraq qalır.

Şuşada səsləndirilən bəyanatların ümumi məzmunu onu göstərir ki, Azərbaycan və Türkiyə regionda baş verən proseslərə ortaq strateji baxış çərçivəsində yanaşırlar. Bu əməkdaşlığın davamlılığı isə yalnız tarixi qardaşlıq hissindən deyil, dövlətlərin suverenliyinə hörmət, qarşılıqlı etimad və konkret layihələr üzrə birgə fəaliyyət prinsiplərindən asılıdır.

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşadan dünyaya ünvanlanan mesajlar bir daha göstərdi ki, Qarabağ Zəfəri Azərbaycan-Türkiyə münasibətlərinin tarixində mühüm mərhələ olmaqla yanaşı, gələcək regional əməkdaşlıq üçün də yeni imkanlar yaradıb. Şuşa Bəyannaməsi ilə hüquqi-siyasi əsasları möhkəmləndirilən müttəfiqlik bu gün yeni geosiyasi və iqtisadi reallıqlar fonunda inkişaf edir. Şuşadan verilən əsas mesaj isə iki ölkənin gələcək münasibətlərinin də qarşılıqlı dəstək, ortaq maraqlar və strateji əməkdaşlıq üzərində qurulacağıdır.

Nəsib Məhəməliyev
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 61   Tarix: 09 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr