Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda orta məktəblərdə xarici dil tədrisi ilə bağlı seçimlər şagirdlərin gələcək təhsil və karyera imkanları baxımından suallar yaradır. Belə ki, paytaxt və region məktəblərində ingilis, alman və fransız dillərinin tədrisi üzrə fərqli mənzərə müşahidə olunur. Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, ölkə üzrə 3 745 məktəbdə ingilis, 233 məktəbdə alman, 344 məktəbdə isə fransız dili tədris edilir. Xüsusilə əmək bazarında ingilis dilinə olan tələbatın artdığı bir dövrdə məktəblərdə xarici dil seçiminin gələcəkdə gənclərin iş imkanlarına təsiri diqqət çəkir.
İngilis dilini məktəb illərindən kifayət qədər öyrənmək imkanı olmayan şagirdlər ali təhsil, beynəlxalq layihələr və işə qəbul prosesində rəqabət baxımından çətinliklərlə üzləşə bilərlər. Bu isə xarici dil tədrisində regionlar üzrə imkanların və seçimlərin nə dərəcədə bərabər olduğunu gündəmə gətirir.
Mövzu ilə bağlı təhsil eksperti Əlmusa Atamaliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, ölkəmizin bir sıra bölgələrində fəaliyyət göstərən məktəblərdə xarici dil kimi ingilis və rus dilləri ilə yanaşı, fransız və alman dilləri də tədris olunur. İlk baxışdan bu, şagirdlərin fərqli xarici dilləri öyrənməsi baxımından müsbət haldır. Lakin burada diqqət yetirilməli olan əsas məsələ məktəbdə bu xarici dillərdən yalnız birinin tədris olunması şagirdlərin seçim imkanının olmamasıdır. Nəzərə almaq lazımdır ki, bu gün əmək bazarında, xüsusilə beynəlxalq şirkətlərdə, özəl sektorda, eləcə də müxtəlif xidmət sahələrində ingilis dilinə tələbat kifayət qədər yüksəkdir. Rus dili də ölkəmizdə bir sıra sahələrdə iş imkanları baxımından əhəmiyyətini qoruyur. Belə olan halda məktəbdə fransız və ya alman dili öyrənən şagird ali təhsil müəssisəsinə qəbul zamanı ingilis və ya rus dilini seçmək zərurəti ilə qarşılaşdıqda müəyyən çətinliklər yaşayır.
Burada əsas problem şagirdin məktəbdə öyrəndiyi dilin özü deyil, həmin dil üzrə qazandığı biliklərin gələcək təhsil və əmək bazarının tələbləri ilə uzlaşmamasıdır. Şagird universitetə daxil olduqdan sonra faktiki olaraq yeni bir xarici dili sıfırdan öyrənməyə məcbur qala bilər. Bu isə onun əlavə vaxt və maliyyə vəsaiti sərf etməsinə, bəzi hallarda isə digər tələbələrlə müqayisədə dil bilikləri baxımından geridə qalmasına səbəb olur. Digər tərəfdən, biz xarici dil seçimini yalnız ingilis və rus dilləri ilə məhdudlaşdırmağın da tərəfdarı olmamalıyıq. Alman və fransız dilləri də beynəlxalq təhsil, elm, diplomatiya və əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Əsas məsələ şagirdə seçim imkanı yaratmaq və onun öyrəndiyi dil üzrə biliklərini davam etdirməsinə şərait formalaşdırmaqdır.
Mən hesab edirəm ki, bu istiqamətdə təhsil siyasətində daha çevik yanaşmaya ehtiyac var. Bölgələrdəki məktəblərdə xarici dil seçimi şagirdlərin gələcək təhsil planları, universitetlərdəki imkanlar və əmək bazarının real tələbləri nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Eyni zamanda, şagirdlərə imkan daxilində ən azı iki xarici dil öyrənmək şəraiti yaradılmalıdır. Şagirdə bu gün hansı dili öyrətdiyimiz onun sabah hansı qapıları aça biləcəyini müəyyən edir. Təhsil sistemi yalnız şagirdi məktəbi bitirməyə deyil, onu gələcəyin əmək bazarına hazırlamağa xidmət etməlidir. Çünki dil bilmək bir üstünlükdür, doğru dili doğru zamanda öyrənmək isə gələcəyə qoyulan sərmayədir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
Ukrayna Məsut Özili ittiham etdi