Azərbaycançılıq ideyası - milli birliyimizin, dövlətçilik ənənələrimizin və gələcəyimizin əsas təməli
"
Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, mənəvi dəyərlərini, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə birləşdirən fundamental ideoloji məfkurədir. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, eyni zamanda Azərbaycan cəmiyyətinin vahid amal, ümumi məqsəd və ortaq gələcək naminə birləşməsini təmin edən mühüm mənəvi-siyasi dəyərdir. Müasir dövrdə Azərbaycançılığın təbliği, qorunması və gələcək nəsillərə ötürülməsi dövlətçilik maraqlarının, milli həmrəyliyin və ictimai sabitliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır".
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, Azərbaycançılıq ideologiyasının formalaşması və dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır:
"Müstəqilliyimizin ilk illərində ölkənin qarşılaşdığı mürəkkəb siyasi, iqtisadi və sosial problemlər fonunda Heydər Əliyev milli birliyi təmin edən, cəmiyyəti vahid dövlətçilik ideyası ətrafında səfərbər edən azərbaycançılıq məfkurəsini dövlət siyasətinin mühüm istiqamətinə çevirdi. Ulu Öndərin müəyyənləşdirdiyi bu ideoloji xətt Azərbaycan xalqının etnik, dini və mədəni müxtəlifliyini milli sərvət kimi dəyərləndirərək vahid vətəndaşlıq kimliyini ön plana çıxardı.
Azərbaycançılığın əsas mahiyyəti ondan ibarətdir ki, ölkəmizdə yaşayan hər bir insan özünü Azərbaycanın ayrılmaz parçası hesab etsin, dövlətimizin müstəqilliyinə, suverenliyinə və inkişafına töhfə verməyi vətəndaşlıq borcu kimi qəbul etsin. Bu ideologiya milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları ortaq Vətən, ortaq tarix və ortaq gələcək ətrafında birləşdirir. Azərbaycanda mövcud olan multikulturalizm mühiti, dini tolerantlıq və xalqlar arasında qarşılıqlı hörmət də məhz bu ideyanın mühüm təzahürlərindəndir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycançılıq ideyası müasir dövlətçilik strategiyasının mühüm ideoloji dayaqlarından biri kimi inkişaf etdirilir. Dövlət başçısının həyata keçirdiyi siyasətdə milli maraqların qorunması, suverenliyin möhkəmləndirilməsi, tarixi-mədəni irsin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi xüsusi yer tutur. Azərbaycançılıq ideyasının müasir məzmunu artıq yalnız milli birliyin qorunması ilə məhdudlaşmır, həm də güclü, müstəqil, beynəlxalq nüfuza malik Azərbaycan dövlətinin gələcək inkişaf hədəflərini özündə ehtiva edir.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycançılıq ideyasının cəmiyyətimizdə nə qədər güclü mənəvi dayaqlara malik olduğunu bir daha nümayiş etdirdi. Həmin dövrdə xalqımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi, ordumuza göstərilən mənəvi dəstək, ölkə daxilində və xaricdə yaşayan azərbaycanlıların vahid mövqedən çıxış etməsi milli həmrəyliyin parlaq nümunəsinə çevrildi. Bu Zəfər göstərdi ki, milli birlik, dövlətə sədaqət və Vətən sevgisi xalqın ən böyük güc mənbəyidir.
Azərbaycançılıq ideyasının təbliğində gənc nəslin rolu xüsusilə böyükdür. Çünki milli kimliyə bağlılıq, tarixə hörmət, ana dilinə sevgi və dövlətçilik düşüncəsi uşaqlıq və gənclik dövründən formalaşır. Təhsil müəssisələrində, ailələrdə, ictimai təşkilatlarda və kütləvi informasiya vasitələrində bu istiqamətdə aparılan maarifləndirmə işləri daha da gücləndirilməlidir. Gənclər yalnız Azərbaycanın tarixi qəhrəmanlıqlarını bilməklə kifayətlənməməli, müasir dövlətin inkişafına, elminə, iqtisadiyyatına, mədəniyyətinə və beynəlxalq nüfuzuna töhfə verməyin əhəmiyyətini də dərk etməlidirlər".
Deputat söyləyib ki, bu baxımdan milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan dilinin inkişafı, ədəbiyyatımızın, incəsənətimizin və mədəni irsimizin təbliği azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindəndir:
"Ana dilimiz milli varlığımızın ən mühüm göstəricilərindən biridir. Dilimizi qorumaq, düzgün və səlis danışmaq, onu gələcək nəsillərə ötürmək hər bir vətəndaşın məsuliyyətidir. Eyni zamanda, qloballaşma şəraitində milli-mənəvi dəyərlərin qorunması ilə müasir dünyanın yeniliklərinə açıq olmaq arasında düzgün tarazlığın yaradılması vacibdir.
Azərbaycançılıq ideyasının təbliğində diaspor təşkilatlarının və xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli maraqlar ətrafında həmrəyliyi, ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, mədəniyyətimizin və tariximizin tanıdılması dövlətimizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının öz Vətəni ilə mənəvi bağlılığını qoruması bu ideologiyanın əsas prinsiplərindəndir.
Xüsusilə müasir informasiya müharibələri və qlobal ideoloji təsirlər dövründə Azərbaycançılığın təbliği daha böyük aktuallıq qazanır. Sosial şəbəkələrdə milli kimliyi, dövlətçilik dəyərlərini, tarixi həqiqətləri və cəmiyyətin birliyini hədəfə alan dezinformasiyalara qarşı sağlam informasiya mühitinin formalaşdırılması vacibdir. Bu istiqamətdə media nümayəndələri, QHT-lər, ziyalılar, elm və təhsil adamları üzərlərinə düşən məsuliyyəti dərk etməli, milli maraqlara xidmət edən maarifləndirici fəaliyyətlərini genişləndirməlidirlə"r.
Deputat vurğulayıb ki, Azərbaycançılıq ideyası həm də məsuliyyət, vətəndaş həmrəyliyi və dövlətə bağlılıq deməkdir:
"Bu ideyanın real həyatda təzahürü hər bir vətəndaşın qanunlara hörmət etməsində, ictimai məsuliyyət daşımasında, milli maraqları şəxsi maraqlardan üstün tutmasında, ölkənin inkişafına öz töhfəsini verməsində ifadə olunur. Dövlətçilik yalnız siyasi institutların fəaliyyəti ilə deyil, həm də vətəndaşların bu dövlətə münasibəti, onun taleyinə sahib çıxması ilə möhkəmlənir.
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə edilmiş tarixi nailiyyətləri qorumaq, milli birliyi daha da gücləndirmək və gələcək nəsillərə güclü dövlətçilik irsi ötürməkdir. Bu məqsədlərə çatmaqda Azərbaycançılıq ideologiyası öz aktuallığını qoruyan, cəmiyyəti birləşdirən və gələcəyə istiqamətləndirən mühüm mənəvi-siyasi platformadır.
Nəticə etibarilə, Azərbaycançılıq ideyası keçmişimizdən gələn tarixi miras, bu günümüzün milli həmrəylik dayağı və gələcəyimizin inkişaf strategiyasıdır. Bu ideologiyanın təbliği yalnız müəyyən tədbirlərin keçirilməsi və çağırışların səsləndirilməsi ilə məhdudlaşmamalı, gündəlik ictimai həyatımızda, təhsilimizdə, mədəniyyətimizdə, mediada və vətəndaş mövqeyimizdə öz əksini tapmalıdır. Çünki Azərbaycançılıq hər birimizin Vətənə bağlılığında, dövlətimizin müstəqilliyinə sədaqətində, milli dəyərlərimizə hörmətində və Azərbaycanın daha qüdrətli gələcəyi naminə göstərdiyimiz səylərdə yaşayır. Bizi birləşdirən ortaq dəyər Azərbaycan, ortaq amal isə müstəqil və güclü Azərbaycan dövlətinin əbədi yaşadılmasıdır".
P.S. Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təbliği" mövzusuna uyğun olaraq dərc edilir
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
9 gün iş olmayacaq
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib