Vəkil: Konstitusiya Məhkəməsinin addəyişmə haqqında qərarı şəxsi həyatın toxunulmazlığı baxımından əhəmiyyətlidir

Vəkil: Konstitusiya Məhkəməsinin addəyişmə haqqında qərarı şəxsi həyatın toxunulmazlığı baxımından əhəmiyyətlidirKonstitusiya Məhkəməsinin şəxs adlarının bir neçə dəfə dəyişə bilməsi ilə bağlı qərarına səbəb vətəndaşın üzləşdiyi problem olub.

Bu sözləri "Report"a açıqlamasında vəkil Elvin Əliyev Konstitusiya Məhkəməsi Plenumunun iclasında şəxs adlarının bir neçə dəfə dəyişdirilməsi ilə bağlı qərarını şərh edərkən deyib.

Konstitusiya Məhkəməsi məsələni insanın öz şəxsiyyətini sərbəst müəyyən etmək hüququ kontekstində qiymətləndirib

O bildirib ki, Konstitusiya Məhkəməsi Plenumunun Ali Məhkəmənin müraciəti əsasında adın, ata adının və soyadın təkrar dəyişdirilməsi ilə bağlı qəbul etdiyi qərar şəxsiyyət hüquqlarının müdafiəsi, şəxsi həyatın toxunulmazlığı və dövlətin hüquq məhdudlaşdırıcı səlahiyyətlərinin hədləri baxımından mühüm hüquqi əhəmiyyət kəsb edir:

"Qərarın diqqətçəkən tərəfi ondan ibarətdir ki, Konstitusiya Məhkəməsi məsələni yalnız adın dəyişdirilməsi ilə bağlı inzibati prosedur çərçivəsində deyil, insanın fərdi kimliyi, şəxsi muxtariyyəti və öz şəxsiyyətini sərbəst müəyyən etmək hüququ kontekstində qiymətləndirib. Məsələnin meydana çıxmasına səbəb konkret bir vətəndaşın hüquqlarının həyata keçirilməsi zamanı üzləşdiyi problem olub. Belə ki, 1975-ci il təvəllüdlü vətəndaş 2023-cü ilin fevral ayında öz adını və soyadını dəyişdirərək Həsən Aydın oğlu Quluzadə adını qəbul edib, lakin sonradan əvvəlki adına və soyadına - Anar Aydın oğlu Quliyevə qayıtmaq qərarına gəlib. Bununla əlaqədar müraciəti qeydiyyat orqanı tərəfindən rədd edilib. İmtinaya əsas kimi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 6.3-cü bəndi göstərilib".

Vəkil deyib ki, həmin bəndin əvvəlki redaksiyası adın, ata adının və soyadın təkrar dəyişdirilməsini ümumi qaydada məhdudlaşdırır, yalnız müəyyən istisna hallarında buna imkan verirdi:
"Nəticədə, yetkinlik yaşına çatmış şəxs bir dəfə öz arzusu ilə adını dəyişdirdikdən sonra sonradan əvvəlki adına qayıtmaq və ya başqa ad seçmək istəsə belə, onun müraciətinə fərdi qaydada hüquqi qiymət verilmədən imtina edilə bilirdi. Lakin bu işin arxasında sadəcə adını dəyişmək istəyən şəxsin mövqeyi deyil, daha mürəkkəb şəxsi və sosial vəziyyət dayanırdı. Vətəndaş məhkəmələrə müraciətində bildirib ki, ailəsinin göstərdiyi sosial, mənəvi və psixoloji təzyiqlər nəticəsində adını və soyadını dəyişməyə məcbur olub. Onun izahına görə, əvvəlki qərarı sərbəst və müstəqil iradəsinin nəticəsi olmayıb, sonradan qəbul etdiyi yeni ad isə özünüidentifikasiyası və daxili dünyası ilə uyğunlaşmayıb. Bu səbəbdən əvvəlki adına qayıtmaq istəyi onun üçün sadəcə formal qeydiyyat dəyişikliyi deyil, şəxsiyyətinin və fərdi kimliyinin bərpası məsələsinə çevrilib".

Konstitusiya Məhkəməsinin mövqeyinin əsasını insanın adının onun şəxsiyyətinin ayrılmaz elementi olması təşkil edir

Elvin Əliyevin sözlərinə görə, işə əvvəlcə Bakı İnzibati Məhkəməsində baxılıb, iddia təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsi də həmin mövqeyi qüvvədə saxlayıb:

"Bundan sonra iş kassasiya qaydasında Ali Məhkəməyə təqdim edilib. Ali Məhkəmə mübahisənin həlli zamanı tətbiq edilməli olan normanın Konstitusiyaya uyğunluğu ilə bağlı məsələni Konstitusiya Məhkəməsinin müstəqil qiymətləndirməsinə təqdim edib. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinin əsasını insanın adının onun şəxsiyyətinin ayrılmaz elementi olması təşkil edir. Ad insanın cəmiyyətdə tanınması üçün istifadə edilən vasitə olmaqla yanaşı, onun fərdi kimliyini, özünüifadəsini və özünüidentifikasiyasını müəyyən edən mühüm xüsusiyyətdir. Bu baxımdan ad hüququ yalnız mülki hüquq münasibətlərinin texniki elementi kimi deyil, Konstitusiyanın 32-ci maddəsində təsbit olunmuş şəxsi və ailə həyatının toxunulmazlığı hüququnun tərkib hissəsi kimi qiymətləndirilməlidir".

O söyləyib ki, məhkəmənin yanaşmasına görə, insanın öz adı ilə bağlı qərar verməsi onun şəxsi həyatına dair müstəqil seçimidir:

"Dövlət bu sahədə müəyyən hüquqi tənzimləmə həyata keçirə bilsə də, həmin müdaxilə konstitusion hüququn mahiyyətini aradan qaldırmamalı və qeyri-mütənasib xarakter daşımamalıdır. Qərarın mühüm hüquqi tərəflərindən biri də qanunvericilik aktlarının iyerarxiyası ilə bağlıdır. Mülki Məcəlləsinin 26-cı maddəsi şəxsin ad hüququnu və adını dəyişdirmək imkanını tanıyır. Ailə Məcəlləsinin müvafiq müddəaları da yetkinlik yaşına çatmış şəxsin adının dəyişdirilməsinin hüquqi əsaslarını müəyyən edir. Bununla belə, həmin qanunvericilik aktlarında şəxsin adını yalnız bir dəfə dəyişdirə biləcəyinə dair ümumi qadağa nəzərdə tutulmayıb.

Belə olan halda Nazirlər Kabinetinin normativ hüquqi aktı ilə qanunvericilikdə olmayan əlavə məhdudiyyətin müəyyən edilməsi hüquqi baxımdan ciddi suallar yaradır. Çünki icra hakimiyyəti orqanının qəbul etdiyi normativ akt qanunların tətbiqi qaydasını müəyyən edə bilər, lakin qanunla tanınmış hüququn həyata keçirilməsini əsassız şəkildə məhdudlaşdıra bilməz. Bu yanaşma Konstitusiyanın 149-cu maddəsinin V hissəsində təsbit edilmiş normativ hüquqi aktların iyerarxiyası prinsipindən irəli gəlir".

Şəxsin adını təkrar dəyişdirmək istəyinin səbəbləri, onun hüquqi nəticələri və mümkün sui-istifadə riskləri qiymətləndirilməlidir

Vəkil qeyd edib ki, digər mühüm məsələ isə mütənasiblik prinsipidir:

"Şübhəsiz ki, dövlətin şəxsin adının təkrar dəyişdirilməsini müəyyən qaydalarla tənzimləmək üçün legitim maraqları mövcuddur. Şəxsin kimliyinin müəyyən edilməsi, dövlət reyestrlərinin etibarlılığı, hüquqi müəyyənlik, cinayət məsuliyyətindən və digər hüquqi öhdəliklərdən yayınma hallarının qarşısının alınması dövlətin qorumağa borclu olduğu ictimai maraqlardır. Lakin bu məqsədlərə nail olmaq üçün bütün şəxslərə münasibətdə avtomatik və istisnasız xarakter daşıyan məhdudiyyətin tətbiqi zəruri və mütənasib vasitə hesab edilə bilməz. Hər bir müraciət konkret hallar nəzərə alınmaqla araşdırılmalı, şəxsin adını təkrar dəyişdirmək istəyinin səbəbləri, onun hüquqi nəticələri və mümkün sui-istifadə riskləri qiymətləndirilməlidir. Dövlətin ictimai maraqları ilə şəxsin fundamental hüquqları arasında ədalətli tarazlıq təmin olunmalıdır".

Elvin Əliyev vurğulayıb ki, Konstitusiya Məhkəməsinin bu mövqeyi insan hüquqlarının məhdudlaşdırılması formal və mexaniki yanaşma ilə əsaslandırıla bilməz:

"Hüquqi normanın tətbiqi zamanı onun konkret şəxsə təsiri, yaranmış vəziyyətin fərdi xüsusiyyətləri və hüquqa müdaxilənin zəruriliyi nəzərə alınmalıdır. Əks halda, hüququn həyata keçirilməsi üçün müəyyən edilmiş inzibati prosedur həmin hüququn özünü məhdudlaşdıran vasitəyə çevrilə bilər. Qərarın nəticəsi olaraq Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinə müvafiq Qaydaların 6.3-cü bəndinin qanunvericiliyə uyğunlaşdırılması ilə bağlı tövsiyə verib. Bununla da təkrar ad dəyişdirilməsi məsələsinə yalnız əvvəlki dəyişiklik faktı əsasında deyil, konkret hüquqi və faktiki hallar nəzərə alınmaqla yanaşılmasının zəruriliyi ön plana çəkilib".

Dövlətin şəxsin kimliyinin müəyyən edilməsi ilə bağlı səlahiyyətləri həyata keçirilərkən şəxsin konstitusion hüquqları da nəzərə alınmalıdır

O əlavə edib ki, bu qərar vətəndaşlara istənilən vaxt və heç bir əsas göstərmədən məhdudiyyətsiz sayda ad dəyişdirmək hüququnun verilməsi kimi başa düşülməməlidir:

"Dövlətin şəxsin kimliyinin müəyyən edilməsi və hüquqi sabitliyin qorunması ilə bağlı səlahiyyətləri qüvvədə qalır. Lakin həmin səlahiyyətlər həyata keçirilərkən şəxsin konstitusion hüquqları, fərdi vəziyyəti və müraciətinin əsasları nəzərə alınmalıdır. Nəticə etibarilə, Konstitusiya Məhkəməsinin bu qərarının mahiyyəti adın neçə dəfə dəyişdirilə bilməsi məsələsindən daha genişdir. Burada əsas hüquqi sual insanın öz şəxsiyyətini müəyyən etmək azadlığının dövlətin inzibati tənzimləmə səlahiyyəti ilə hansı həddə məhdudlaşdırıla bilməsidir. Qərar bir daha təsdiq edir ki, dövlətin normativ tənzimləmə səlahiyyəti insan hüquqlarının mahiyyətini aradan qaldırmaq vasitəsinə çevrilməməli, hər bir məhdudiyyət konstitusion prinsiplərə, hüquqi müəyyənlik və mütənasiblik tələblərinə uyğun olmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 159   Tarix: 28 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramiz Mehdiyevin şikayətinə baxılıb

Dövlətçilik əleyhinə və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyev və onun köməkçisi Eldar Əmirovun apellyasiya şikayəti üzrə ilk məhkəmə iclası keçirilib. -a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi ilə baş tutan iclasd

26 noyabr
.

Torpaq bazarında süni qiymət artımı: Alıcılar nəyə diqqət etməlidir? - AÇIQLAMA

Şəhərlərdə həyata keçirilən yeni tikinti və infrastruktur layihələri ətraf ərazilərdə torpaqların bazar dəyərinə birbaşa təsir göstərə bilir. Yeni yolların, metro stansiyalarının, yaşayış komplekslərinin, məktəb və digər sosial obyektlərin inşası bəzi ərazilərə marağı artıraraq torpaq qiymətlərinin yüksəlməsin

27 noyabr
.

Bakıda söküntülər genişlənəcək: Sakinləri hansı kompensasiya gözləyir? - AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən Nərimanov rayonunda yol və infrastruktur layihələri ilə əlaqədar söküntü işlərinə başlanılması daşınmaz əmlak bazarında yeni müzakirələrə səbəb olub. Xüsusilə söküntü aparılan və gələcəkdə yenidən qurulması nəzərdə tutulan ərazilərdə mənzil və torpaq qiymətlərini

27 noyabr
.

Kartofun qiyməti niyə kəskin bahalaşır? - Artım davam edəcək? - İQTİSADÇIDAN AÇIQLAMA

Kartofun qiymətində son günlər müşahidə olunan bahalaşma istehlakçıların diqqətini çəkib. Qiymət artımının əsas səbəblərindən biri kimi İranın kartof ixracını müvəqqəti dayandırması göstərilir. Belə ki, 2026-cı ilin ilk dörd ayında İrandan ölkəyə 24 548 ton kartof idxal edilib ki, bu da ümumi idxalı

27 noyabr
.

155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundu

Bakıda fəaliyyət göstərən ərzaq məhsullarının satışı və təchizatı ilə məşğul "Sabko" MMC-dən külli miqdarda oğurluq olub. "Real Azərbaycan" xəbər verir ki, söhbət 155.378 manatlıq oğurluqdan gedir. Araşdırmalar nəticəsində cinayət əməlini şirkətin 3 əməkdaşı - anbardar, sürücü v

26 noyabr
.

İslam Rzayevlə bağlı qərar verildi

Balakən Rayon İcra Hakimiyyətinin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq başçısı İslam Rzayevin məhkəməsi başlayıb. -ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Xaliq İbrahimovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib

27 noyabr
.

Müqaviləsiz alınan evin pulunu geri almaq mümkündürmü? - Hüquqi yollar hansılardır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında vətəndaşların qarşılaşdığı problemlərdən biri də mənzilin rəsmi müqavilə bağlanmadan alınmasıdır. Bəzi hallarda alıcılar ev sahibi ilə şifahi razılaşaraq böyük məbləğdə pul ödəyir, lakin sonradan mənzilin təhvil verilməməsi, satıcının fikrini dəyişməsi və ya tərəflər arasınd

27 noyabr
.

Axtarışda olan şəxs Firanın evində gizlənibmiş... - Foto

Aparıcı Fira Cəlilovanın evində tutulan şəxslə bağlı bəzi faktlar üzə çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçirilən tədbirlərlə törətdiyi çoxsaylı cinayətlərə görə axtarışda olan şəxsin bilə-bilə evdə gizlədilməsi məlum olub. Saxlanılan Əlihüseyn Hüseynovun Fira Cəlilova ilə hə

27 noyabr
.

Əbiş Zamanov 103 yaşında vəfat etdi

İkinci Dünya müharibəsinin az sayda qalan iştirakçılarından daha biri vəfat edib. "Qafqazinfo" xəbər verir ki, İkinci Dünya müharibəsinin Cəlilabaddan olan sonuncu iştirakçısı Əbiş Zamanov vəfat edib. Qeyd edək ki, 1923-cü ildə Əbiş Zamanov rayonun Astanlı kəndində dünyaya gəlib. O, doğulduğ

28 noyabr