Musa Qurbanlı: "Qarabağ"da ilk maaşım 500 manat olub"

Musa Qurbanlı: "Qarabağ"da ilk maaşım 500 manat olub"Milli komandamızın və "Qarabağ"ın futbolçusu Musa Qurbanlı bu gün daha çox parlayan oyunçularımızdan biri oldu. Əslində ştatlı penalti vuran Ramil Şeydayev olmasaydı, heç şübhəsiz ki, onu Premyer Liqanın 2022/23 mövsümünün bombardiri də adlandırırdıq. Ancaq 21 yaşlı futbolçu çempionatda 21 qol vursa da, dediyimiz səbəbdən bombardir ola bilmədi. Bununla belə, baş məşqçi Qurban Qurbanovun oğlu Avropa klublarının diqqətini özünə çəkməyi bacardı.

Prosport.Az-ın Musa Qurbanlıdan götürdüyü müsahibəni təqdim edirik:

– Musa Qurbanlı, yoxsa Qurban Qurbanovun oğlu təqdimatı sənə daha çox xoş gəlir?

– İkisi də xoşuma gəlir. Fəxr edirəm ki, Qurban Qurbanovun oğluyam. Bu cür yazılanda mənim üçün elə bir narahatçılığı yoxdur.

– Düşünmürsünüz ki, Qurban Qurbanovun oğlu kimi təqdim olunanda daha çox atanızın kölgəsində qalırsınız?

– Onun kölgəsində qalmaq üçün mənim üçün problem deyil, əksinə xoşdur (gülür). Əlbəttə, hazırda futbol oynadığımdan, haqqımda yazılan xəbərlər zamanı öz adımın təqdim olunması yaxşı olardı. Çünki futbolu oynayan mənəm.

– Yeniyetmə vaxtı sizdən müsahibə götürərkən atanızdan icazə almışdınız. İndi isə 21 yaşınız var. Atanızdan yenə razılıq alırsınız?

– Əlbəttə, razılıq alıram. Çünki o, ilk növbədə baş məşqçimizdir. Peşəkar yanaşaraq müsahibə verəndə razılıq alıram.

– Yaxşı, belə deyim. Müsahibədən əvvəl sizə öz tapşırıqlarını verir? Məsələn, demir ki, bir qədər diplomatik danış, çox səmimi olma və s.?

– Yox, heç vaxt belə bir söhbətimiz olmayıb. Yəqin özü də bilir ki, mən necə danışmağı bilirəm.

– Qurban Qurbanov diplomat məşqçi kimi tanınır və çox vaxt hansı suallara nə cavab verə biləcəyi oxunur. Samir Abbasov, Şahin Diniyev, mərhum Böyükağa Hacıyevdən mətbuat konfranslarında manşetlik yazı üçün söz almaq daha asandır, nəinki ondan. Siz də deyəsən, bu baxımdan atanızın yolu ilə gedirsiniz...

– Çalışıram ki, necədirsə, o cür də cavab verim. Hərənin psixologiyası başqa cürdür. Ona görə də siz misal gətirdiyiniz məşqçilərin fərqli çıxışları normal qəbul edilir. Məsələn, dünya praktikasında Juze Mourinyu nümunəsi var. Ancaq hər məşqçi onun kimi danışmır. Bu, insandan insana dəyişən xüsusiyyətdir.

– Musa Qurbanlı axşam oynadığı futbol oyunundan sonra evdə atası tərəfindən təriflənir?

– Açığı, çox da tərifləmir (gülür). Amma onu da deyə bilmərəm ki, oyunu evdə çox müzakirə edək. Bəzən hansısa təlimatlar verir. Məncə, Qurban müəllim hər xırda şeyə görə futbolçuya müdaxilə etməyi sevmir. Həmişə səbirlə davranır, ona bir neçə dəfə şans verir və gözləyir ki, futbolçu özü səhvini başa düşsün.

– Düzdür, çempionat yarımçıq saxlanılsa da, 2019/20 mövsümündə "Qarabağ"-2 ilə I divizionda bombardir olmuşdunuz. Bu dəfə isə 21 qol vursanız da, 2-ci oldunuz. Ümumiyyətlə, bu qədər qol vuracağınızı gözləyirdinizmi?

– Xeyr, bu qədər sayda qol vuracağımı gözləmirdim. Amma mövsümün əvvəlindən qarşıma məqsəd qoymuşdum ki, bu il çox qol vurmalıyam. Ona görə də tam da gözlənilməz olmadı.

– Hələ Mahir Emreli oynadığı və ondan sonrakı vaxtlarda meydana az buraxılırdınız və sosial şəbəkələrdə atanız bu addımına görə tənqid olunurdu. Siz necə düşünürsünüz, həmin matçlarda meydana buraxılsaydınız, azarkeşlərin etimadını doğrulda biləcəkdiniz, yoxsa onda hələ tam "bişməmişdiniz? "

– Ümumiyyətlə, bütün gənc futbolçular istəyir ki, oynasın. Mən də həmişə buna can atmışam. Amma kənardan olan fikirlərin də mənə təsir etməməsinə çalışmışam. "Bu oyun niyə meydanda olmadım" düşüncəsi ilə məsələyə yanaşmamışam. Öz işimi görmüşəm, məşqimi etmişəm, məşqçilərimizə güvənmişəm.

– Başa çatan mövsümün gedişatında adınız İtaliyanın "Torino", Polşanın "Poqon" klubları ilə yanaşı çəkildi. Özünüz bu məlumatları oxuyub təəccüblənirdiniz?

– Yox. Çünki istər-istəməz bir futbolçunun performansı bir az yüksəldikdə belə tipli xəbərlər çıxır. Rəsmi təklif olsa, bu barədə klubun xəbəri olur. Maraqlanan ola bilər. Amma çalışırdım ki, heç bu xəbərlərə fikir də verməyim.

– Bu qış "Red Bull" şirkəti ilə müqavilə bağlamağınız da gözlənilməz oldu. O məsələ necə reallaşdı?

– Açığı, detallarını mən də bilmirəm. Mənim üçün də gözlənilməz oldu. "Red Bull"un futbolçularla əməkdaşlığı çox deyil. Onlar daha çox digər idman növlərində fəaliyyət göstərən şəxslərlə müqavilə bağlayır. Bildiyim qədəri ilə əməkdaşlıq etdiyi futbolçuların sayı 7-8 nəfərdir. Onlar klub vasitəsilə mənimlə əlaqə saxladılar. Elə onda soruşdum ki, niyə bir azərbaycanlı futbolçu ilə əməkdaşlıq etməkdə maraqlısınız? Dedilər ki, Avstriyadakı baş ofisdən gənc və perspektiv vəd edən futbolçu olduğum üçün belə seçim edilib.

– "Formula 1" yarışında olmağınızı da şirkət istəmişdi?

– Bəli. Açığı, əvvəldən də bu yarışı izləyirdim, mənə maraqlı gəlirdi. Luis Hamiltona azarkeşlik edirdim o vaxt. Çünki onda onu tanıyırdım. Amma "Red Bull" söhbətindən sonra daha da çox bu yarışa baxmağa başladım. Artıq ardıcıl 2 ildir ki, "Red Bull" pilotu Maks Verstapen çempion olur. Bakıda isə digər pilotumuz Serxyo Peres ardıcıl 2-ci dəfə qalib oldu.

– Maks Verstapenlə söhbətinizi sosial şəbəkədə paylaşmışdınız. Nələr danışdınız?

– Ümumi futboldan. Özü futbol azarkeşidir və "Qarabağ"ı avrokubok matçlarından yaxşı tanıdığını dedi.

– "Red Bull"la əməkdaşlıqdan sonra belə bir fikir formalaşıb ki, siz həmin şirkətin maliyyələşdirdiyi "Zalsburq"a keçə bilərsiniz...

– Mən də sizin bildiyiniz qədər bunu bilirəm. Məlumatım klubuma real təklif gəldiyi halda olur. Hazırda "Qarabağ"la müqaviləm var deyə, rəsmi təklif kluba gəlməlidir.

– 30 yaşına çatmamış futbolçunun Avropadan kənarda oynamasına necə baxırsınız?
– Bu da insanların xarakterinə bağlı olan məsələdir. Hərə seçimini özü edir. Belə seçim edibsə, deməli, bunun üçün tutarlı səbəbi var.

– Yəqin ki, söhbətin Ramil Şeydayevdən getdiyini bildiniz. Olubmu ki, Tailand variantını eşitdikdə istər məşqçilərdən, istərsə də futbolçulardan onu bu fikrindən daşındırmaq istəsin?

– Yox, belə bir söhbət olmayıb. Çünki biz dostuq və dost kimi onun qərarının arxasındayam. Sadəcə, ona bildirdim ki, istərdim birgə oynayaq, darıxacağıq sənin üçün...
– Azərbaycan Premyer Liqasının bombardirinin Tailandda oynaması həm də futbolumuzun səviyyəsini göstərmirmi?

– Futbolumuzun səviyyəsini tək bununla ölçmək düzgün deyil. Amma Ramilin seçimi şəxsi istəyidir. Bizə ona nəsə demək düşməz.

– Komanda yoldaşınız Elvin Cəfərquliyevlə Dubayda 5 gün istirahət etdiniz. Daha sonra milli komandaya qoşuldunuz. Bundan sonra "Qarabağ"la Avstriyaya toplanışa gedəcəksiniz. Bu 5 gün mövsümün yorğunluğunu çıxarmağa kifayət edəcək?

– Çalışmalıyıq ki, kifayət etsin. Artıq bu qrafikə öyrəşmişik. Hələ bu il daha artıq istirahət edə bildik (gülür). Ardıcıl 2 il mövsüm bitdikdən sonra cəmi 3 gün istirahət edə bilirdik. Bu, bizim həyatımızdır.

– Atanız tərəfindən cərimələnməyiniz olub?

– Şükür Allaha, hələ ki belə bir səhvim olmayıb. Amma söhbətlərimiz olub.

– Evin tək oğlu olmaq sizdə ərkəsöyünlük yaratmır?

– Yox, əksinə deyərdim. Üzərimdə məsuliyyət hiss edirəm. Bu, yaşa dolduqca daha da artır.

– Bilirəm ki, əyləncələriniz arasında "Play Station" oynamaq da var. Ən çox kiminlə prinsipiallığınız var?

– İsmayıl İbrahimli ilə. O çox vaxt məni yenir. Maraqlı olsun deyə, mən "İnter"i, o da "Milan"ı tutur.

– Atanız da, siz də aprelin 13-də doğulmusunuz. Bu səbəbdən 13 atanızın sevimli rəqəmidir. Sizdə hansı rəqəmə sevgi var?

– Hansısa rəqəmin uğur gətirdiyinə inanmıram. "13" xristianlar tərəfindən nəhs rəqəm kimi qəbul edilsə də, bizdə belə bir inanc yoxdur. Başımıza nə iş gəlirsə, hamısı Allahdandır. Sadəcə, 13 doğum tariximizin rəqəmi olduğundan, bizə daha yaxın gəlir.

– Dindar olduğunuz bəllidir. Bəzi İslam alimləri tərəfindən musiqiyə qulaq asmaq xoş qarşılanmır. Siz qulaq asırsınız?

– Çalışıram ki, musiqidən uzaq qaçım. Amma arada istər-istəməz qulaq asıram. Konkret bəyəndiyim musiqi yoxdur.

– Evdə medal muzeyiniz atanızınkı ilə birgədir?

– Bəli, bir otağı buna həsr etmişik. Amma hələ ki, medalların çoxu atama aiddir.

– "Neftçi"də oynadığınız futbolçulardan kimlər üzə çıxdı?

– Bizim nəsildən Fərid Yusifli "Neftçi"də, Abdulla Rzayev "Kəpəz"də oynayır. U-21 millimizin və "Səbail"in üzvü Mirəli Əhmədovla da uşaqlıqdan bir yerdə çıxış etmişik. Hazırda Latviyanın "Dauqavpil" klubunda icarədə olan Ramin Nəsirli də mənimlə "Neftçi"də oynayıb. Hamısı da əlaqələrim yaxşıdır.

– Ümumiyyətlə, "Neftçi"dən "Qarabağ"a keçidiniz necə oldu? Sadəcə, atanız dedi ki, gəl gözümün qabağında oyna?

– Açığı, dəqiq yadımda deyil. Bildiyim qədəri ilə bu məsələdə Rəşad Sadıqovun rolu, təşəbbüsü olub. O həmin vaxt "Qarabağ"ın U-19 komandasında baş məşqçi idi.

– İlk peşəkar müqavilənizi "Qarabağ"da bağladınız. İlk maaş nə qədər yazılmışdı?

– Dəqiq xatırlamıram. Deyəsən, 500 manat idi. Onda "Qarabağ"ın əvəzedici komandasında çıxış edirdim.

– Siz mövsümün qızıl medalını götürməyə bacınızla birgə gəldiniz. Atanız isə ümumiyyətlə medal götürməyə gəlmədi. Bu nə ilə bağlıdır?

– Açığı, bu barədə dəqiq bilmirəm. Siz deyənə kimi heç buna fikir də verməmişdim.

– Ola bilər, bu, Qurban Qurbanovun dini baxışları ilə bağlıdır?

– Mən bilən əvvəlki illərdə olub ki, gedib medal götürsün. Sadəcə, ola bilsin ki, klubda hamıya çatsın deyə, o götürməyib. Düzdür, dində kişinin qızıl taxması yaxşı qəbul edilmir. Amma bu qızıl medal ondan deyil. Sən onu zinət əşyası kimi taxmırsan axı.

– Hazırda millinin düşərgəsindəsiniz. Estoniya ilə matç qrupda sonuncu olmamaq üçün böyük üstünlükdür. Bu matç barədə də fikirlərinizi öyrənim...

– Məqsəd qələbə qazanmaqdır. Asan oyun olmur. Estoniya Avstriya ilə matçda öz dişini göstərdi və ilk hissədən sonra öndə idi. Yalnız son dəqiqələrdə qol buraxıb, uduzdular. Bu onu göstərir ki, rahat rəqib deyil.

– Son olaraq dünya futboluna da toxunaq. Kriştianu Ronaldu və Karim Benzema Səudiyyə Ərəbistanı, Lionel Messi isə ABŞ-ı seçdi. Zlatan İbrahimoviç də karyerasını bitirdi. Demək olarmı ki, artıq bir futbol erasının sonu gəldi?

– Razıyam. Amma Messinin Mayami "İnter"ini seçməsi pula görə olmadı. Belə olsaydı, öz dediyi kimi, Səudiyyə Ərəbistanına gedərdi. Mayamidə ispandillilərin olması və Argentinaya yaxınlığa görə belə qərar verdi. Biz şanslıyıq ki, belə futbol əfsanələrinin oyunlarını görmüşük. Ancaq onlar getsə də, futbolda yenə kimlərsə olacaq... Kumirim olmasa da, özüm Luis Suares və Neymarın oyununa baxmağı xoşlayırdım.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1797   Tarix: 17 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Valensiya" heyətini yeni hücumçu ilə gücləndirib

İspaniya təmsilçisi "Valensiya" "Real Sosyedad"ın hücumçusu Umar Sadiqi heyətinə qatdığını açıqlayıb. "Report" xəbər verir ki, 27 yaşlı nigeriyalı futbolçu icarə əsasında mövsümün sonuna qədər "yarasalar"da çıxış edəcək. O, cari mövsüm "Real Sosyedad"ı

4 yanvar
.

Deşam Fransa millisinin baş məşqçisi postundan getmək istəyir

Fransa futbol komandasının baş məşqçisi Didye Deşam 2026-cı il dünya çempionatı başa çatdıqdan sonra vəzifəsini tərk etməyi planlaşdırır. xarici mediaya istinadla xəbər verir ki, yanvarın 8-də Fransa yığmasının çalışdırıcısı 2026-cı il dünya çempionatından sonra postunu tərk edəcəyini rəsmən açıqlamalıdır

8 yanvar
.

"Kəpəz"in baş məşqçisi qış toplanışı zamanı komandasının ilk məşqində iştirak edə bilməyəcək

"Kəpəz"in baş məşqçisi Azər Bağırov qış toplanışı zamanı komandasının ilk məşqində iştirak edə bilməyəcək. Bu barədə "Report"a 40 yaşlı mütəxəssis özü məlumat verib. O, bel nahiyəsindən kiçik əməliyyat keçirdiyi üçün hazırlığın ilk gününü buraxmalı olacaq. Qeyd edək ki, "Kəpəz"

3 yanvar
.

Rusiyalı hokkeyçi ABŞ klubunun tarixində rekorda imza atıb

Milli Hokkey Liqası (NHL) təmsilçisi "Nyu-York Reyncers"in rusiyalı üzvü Artyom Panarin klubun tarixində rekorda imza atıb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, 500 xal həddinə ən tez çatan oyunçu olub. Bu, "Florida Panters"ə qarşı matçda (3:5) reallaşıb. Qarşılaşmad

31 dekabr 2024
.

Görüntüdəki şəxsin kim olduğuna inanmayacaqsınız - VİDEO

Səudiyyə Ərəbistanının "Əl Şabab" komandasının gənc prezidenti Məhəmməd Əlmunajem və yeni baş məşqçi Fatih Terim bir araya gəlib. türk mediasına istinadən xəbər verir ki, Almunajemin gənc görünüşü futbolsevərləri təəccübləndirsə də, o Terimə "Məndən gənc görünürsən" deyə yumoristi

28 dekabr 2024
.

"Zirə" nigeriyalı futbolçu ilə yollarını ayırdı

Azərbaycanın "Zirə" futbol klubu yarımmüdafiəçisi Abbas İbrahimlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi müqaviləsinin başa çatmasına 6 ay qalmış "Zirə"dən ayrılıb. Qeyd edək ki, İbrahim Abbas 2023-cü ilin fevralından paytax

5 yanvar
.

Luka Modriçin çoban olan vaxtları - VİDEO

Real"ın dünya şöhrətli ulduzu Luka Modriçin maraqlı görüntüləri yayılıb. xəbər verir ki, "Madrid" əfsanəsinin uşaqlıq görüntüləri diqqət çəkib. Buna səbəb isə futbolçunun sözügedən videoda çobanlıq etməsi olub. Keçiləri otaran balaca Modriçin həmin görüntüsünü təqdim edirik:. Qeyd edə

9 yanvar
.

İdmançılar arasındakı insidentlə bağlı təcili iclas keçiriləcək

İdmançılar arasındakı insidentlə bağlı təcili iclas keçiriləcək. Bununla bağlı -a Kikboksinq federasiyasının baş katibi İlkin Məsimzadə məlumat verib. "Azərbaycan Kikboksinq Federasiyası baş vermiş xoşagəlməz hadisəni şiddətlə qınayır. Baş verənlərin kikboksinq idman növünə ləkə olduğunu və ümumiyyətl

6 yanvar
.

Monteneqrolu futbolçu: "Neftçi" ilə titullar qazanmaq istəyirəm"

Bu komanda ilə titullar qazanmaq istəyirəm. "Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Edvin Kuç klubun rəsmi televiziyasına müsahibəsində deyib. 31 yaşlı yarımmüdafiəçi futbolda bəzən gözlənilməz nəticələrin olduğunu söyləyib:. "Ümid edirəm ki, biz tezliklə uğurl

30 dekabr 2024