İlham Əliyev Olimpiya Oyunlarında medal qazanmış idmançılarımızı və onların məşqçilərini qəbul edib

İlham Əliyev Olimpiya Oyunlarında medal qazanmış idmançılarımızı və onların məşqçilərini qəbul edibAzərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən dövlətimizin başçısı İlham Əliyev dedi:

- İlk növbədə, idmançılarımızı gözəl qələbələr münasibətilə təbrik edirəm. Siz Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmisiniz, Azərbaycan Bayrağını ucaltmısınız, bütün xalqımızı sevindirmisiniz. Sizi həm təbrik edirəm, həm də sizə öz təşəkkürümü bildirmək istəyirəm.

Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm.

Onu da bildirmək istəyirəm ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır.

Xüsusilə qızıl medalçılarımızı - Hidayəti və Zelimi ürəkdən təbrik etmək istəyirəm. Onlar Olimpiya Oyunlarının ilk günlərində bu qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları, əlbəttə ki, hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Onların məşqçilərini təbrik edirəm, Cüdo Federasiyasının rəhbərliyini təbrik etmək istəyirəm. Federasiyada işlər, təlim-məşq prosesi düzgün qurulanda, ab-hava gözəl olanda nəticə də əlbəttə ki, göz qabağındadır.

Daha çox medal qazana bilərdik, bəli, qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur, bu oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Onu da bildirməliyəm ki, bizim idmançılarımız beş idman növündə medallar qazanıblar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Yəni bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.

Əlbəttə ki, indi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Nəzərə alsaq ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq.

Əlbəttə, tam əminəm ki, həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq və bunu arzulayıram. Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.

Əlbəttə ki, bu nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər. Yəni siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir.

Bir daha sizi ürəkdən təbrik etmək və sizə yeni qələbələr, uğurlar arzulamaq istəyirəm.

Olimpiya çempionu, cüdoçu Hidayət Heydərov çıxış edərək dedi:

- Cənab Prezident, bu gün bizi buraya dəvət etdiyiniz üçün çox sağ olun. Mən çox xoşbəxtəm ki, dünya çempionu olanda Siz məni təbrik etdiniz, mənə dəstək oldunuz. Olimpiya çempionluğunda ilk olaraq Siz mənə zəng edib təbrik etdiniz. Düzdür, özü burada olmasa da, mən bizim olimpiya çempionumuz Elnur Məmmədliyə "Çox sağ ol" demək istəyirəm. Biz bir-birimizə söz vermişdik ki, Avropa, dünya və olimpiya çempionu olacağıq və olduq. İnşallah, bundan sonra da Los-Anceles Olimpiadasına birlikdə hazırlaşıb orada da öz qələbəmi göstərəcəyəm.

Mən fəxr edirəm ki, Fransanın Paris şəhərində olimpiya çempionu oldum, bizim bayrağımız qalxdı və himnimiz səsləndirildi. Mən bununla çox fəxr edirəm, çox sağ olun, minnətdaram Sizə.

Prezident İlham Əliyev: Sağ ol.

Dövlətimizin başçısı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın zəhməti, istedadı, peşəkarlığı sayəsində qazandıqları qələbənin bütün xalqımıza sevinc bəxş etdiyini deyib.

Azərbaycan Prezidenti qeyd etdi ki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur. İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan dövlətimizin başçısı deyib ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirib. Prezident İlham Əliyev uzun illər Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ölkəmizin adını ucaldan veteran idmançılara minnətdarlığını ifadə etdi.

Dövlətimizin başçısı Azərbaycan idmançılarına və məşqçilərinə yeni qələbələr və uğurlar arzulayıb.

Sonra Olimpiya çempionları, cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev Azərbaycan Prezidentinə xatirə hədiyyələri təqdim ediblər.

Daha sonra dövlətimizin başçısı XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılan yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunan idmançılara və onların məşqçilərinə ordenləri təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunmuş idmançılara və onların məşqçilərinə ordenləri təqdim edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 849   Tarix: 14 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr