Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar da bu məhsulun Azərbaycana idxalının ildən-ilə kəskin artdığını göstərir. Digər tərəfdən, AQTA rəhbərliyinin palma yağının təhlükəli olmadığına dair açıqlamaları da diqqət çəkir. Bəs istehsalçıların palma yağına bu qədər üstünlük verməsinin səbəbi nədir?
Bu yağın daha ucuz olması qida sənayesində geniş yayılmasının əsas amilidir? İdxalın artması fonunda istehlakçıların sağlamlığı nə dərəcədə qorunur? Ən əsası, palma yağının qida məhsullarında geniş istifadəsi hansı riskləri yaradır və bu sahədə nəzarət mexanizmləri yetərlidirmi?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Sonxeber.az-a açıqlamasında bildirdi ki, palma yağının ölkəmizdə qida məhsullarının istehsalında və idxalında getdikcə daha geniş istifadə olunmasının əsas səbəbi iqtisadi, texnoloji və istehsal amilləri ilə bağlıdır. İlk növbədə, palma yağı istehsalçılar üçün nisbətən ucuz xammaldır. Böyük həcmdə istehsal oluna bilməsi, uzun müddət saxlanması, oksidləşməyə qarşı müəyyən davamlılığı və otaq temperaturunda yarımbərk konsistensiyaya malik olması onu qənnadı, şirniyyat, vafli, peçenye, krem, marqarin və digər məhsullar üçün əlverişli edir. Bu xüsusiyyətlər istehsalçılara həm maya dəyərini azaltmağa, həm də məhsulun teksturasını və saxlanma müddətini idarə etməyə imkan verir.
Digər mühüm amil istehlak bazarının qiymətə həssas olmasıdır. İstehsalçılar daha ucuz xammaldan istifadə etməklə məhsulun satış qiymətini rəqabətqabiliyyətli saxlamağa çalışırlar. Nəticədə palma yağı bir çox məhsulda digər yağları əvəz edən alternativə çevrilir.
Statistik göstəricilər də bu tendensiyanı müəyyən dövrdə təsdiqləyir. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatları əsasında yayılan rəqəmlərə görə, 2023-cü ildə Azərbaycana 45 570 ton, 2024-cü ildə isə 64 559,5 ton xam palma yağı və onun fraksiyaları idxal edilib. Bu, bir il ərzində 41,7 faiz artım deməkdir. Lakin qeyd etmək lazımdır ki, artım davamlı və hər il eyni templə getmir: 2025-ci ilin ilk səkkiz ayında idxal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,6 faiz azalıb.
AQTA-nın mövqeyinə gəlincə, Agentliyin rəhbərliyinin palma yağının düşünüldüyü qədər təhlükəli olmadığı barədə açıqlamaları daha çox bu məhsul ətrafında formalaşmış yanlış təsəvvürləri aradan qaldırmağa yönəlib. Bunu palma yağının reklamı və ya onun məhdudiyyətsiz istifadəsinə çağırış kimi qiymətləndirmək düzgün olmaz. Bununla belə, qurumun istehlakçıları məlumatlandırarkən təkcə yağın texnoloji üstünlüklərini deyil, qida rasionunda yüksək doymuş yağ qəbulunun risklərini də izah etməsi vacibdir.
Burada əsas məsələ palma yağının özünün avtomatik olaraq zəhərli hesab edilməsi deyil. Palma yağı təbii halda doymuş yağ turşuları ilə zəngindir. Onun həddindən artıq və müntəzəm istehlakı LDL xolesterinin yüksəlməsinə və ürək-damar xəstəlikləri riskinin artmasına töhfə verə bilər. Bundan başqa, yağın sənaye emalı zamanı 3-MCPD və qlisidil efirləri kimi arzuolunmaz çirkləndiricilər yarana bilər. Bunların miqdarı istehsal texnologiyasından və emal prosesinin düzgünlüyündən asılıdır.
Məsələn, AQTA 2026-cı ilin fevralında palma yağının laborator müayinəsi zamanı 3-MCPD aşkarlandığı üçün konkret məhsul partiyasının dövriyyəyə buraxılmasının qarşısını alıb. Bu da göstərir ki, məsələ yalnız idxalın həcmi deyil, həm də məhsulun keyfiyyəti və təhlükəsizliyidir.
Məncə, burada istehlakçı hüquqları baxımından daha vacib bir sual yaranır: Niyə istehlakçı bazarda palma yağı olmayan məhsulları tapmaqda çətinlik çəkməlidir? İstehsalçının ucuz xammal seçmək hüququ olduğu kimi, istehlakçının da tərkibi daha uyğun hesab etdiyi məhsulu seçmək hüququ var. Bunun üçün etiketləmə aydın, oxunaqlı və şəffaf olmalıdır.
Nəticə etibarilə, palma yağını tamamilə təhlükəli elan etmək də, onu heç bir məhdudiyyət olmadan sağlam yağ kimi təqdim etmək də elmi baxımdan düzgün yanaşma deyil. Əsas məqsəd keyfiyyətli xammal, təhlükəsiz emal, şəffaf etiketləmə və istehlakçının məlumatlı seçim imkanının təmin edilməsidir.
Sağlam qidalanaraq sağlam yaşayın!
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Qədim Şuşada gözəllik yaradılır
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama