"Bel verdilər, dedilər qaz, meyiti basdır" - Zərərçəkmişlər danışdı

"Bel verdilər, dedilər qaz, meyiti basdır" - Zərərçəkmişlər danışdıErmənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 4-də davam etdirilib.

"Qafqazinfo" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində əsir və girov götürülmüş, habelə Ermənistan hərbçilərinin açdığı atəş nəticəsində yaralanmış, işğal nəticəsində digər zərərlər görmüş şəxslər ifadə veriblər.

Zərərçəkmiş şəxs Quliyev Bəxtiyar Məhəmməd oğlu ifadəsində Kəlbəcər rayonunun işğalı ilə əlaqədar ailə üzvləri və digər mülki şəxslərlə birlikdə 1993-cü il martın 31-də rayondan "Tunel" adlandırılan ərazi vasitəsilə çıxarkən Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən atəşə tutulduqlarını bildirib. Nəticədə qardaşı İslam Quliyev öldürülüb. Hadisə zamanı yük maşınında olan 21 nəfərdən əksəriyyəti qətlə yetirilib. O özü isə sol ayağının bud hissəsindən yaralanıb. Ermənistan hərbçiləri onları girov götürərək əvvəlcə Ağdərə rayonunun Heyvalı kəndinə, daha sonra Xankəndi şəhərinə aparıblar. Girov olduqları müddətdə onlara işgəncə verilib. "Mən girov götürüləndə yaralandım. Yaramın üstünə soyuq su tökdülər ki, qan dayansın. 7 ay girovluqda qaldım. Bizə qarşı qeyri-insani formada davranırdılar. Saxlanılma şəraitimiz çox acınacaqlı, antisanitar vəziyyətdə idi", - deyə o əlavə edib. Zərərçəkmiş şəxs 1993-cü il sentyabrın 22-də girovluqdan azad edilərək Azərbaycan tərəfinə təhvil verilib. Dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında zərərçəkmiş şəxs bildirib ki, Kəlbəcər işğal edilən zaman onlara ərazidən çıxmaq üçün heç bir dəhliz verilməyib.

Zərərçəkmiş şəxs Nəsibə Quliyeva ifadəsində Kəlbəcərin işğalı zamanı 13 yaşı olduğunu, bacı-qardaşları ilə birlikdə 1993-cü il martın 31-də rayondan yük avtomobili ilə çıxarkən "Tunel" adlanan ərazidə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən atəşə tutulduqlarını bildirib. O deyib ki, həmin vaxt onları hərbçilər müşayiət etməyib və maşındakıların çoxu azyaşlılar olub: "O qədər çox güllə atırdılar ki, sanki dolu yağırdı".

Zərərçəkmiş hadisə zamanı 3 yaşlı bacısının və 3 azyaşlı qardaşının onunla birlikdə olduğunu bildirib: "Mənə 6 güllə və qəlpələr dəymişdi, hazırda bədənimdə çoxlu qəlpə var".

N.Quliyeva daha sonra Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyünü söyləyib. Bacısının girovluğun ilk günlərində Ağdərə rayonunun Vəng kəndinə müalicə adı ilə aparıldığını, səhəri gün isə onun ölməsi barədə xəbər verildiyini deyib. O, hələ də bacısından və iki qardaşından (Aygün, Yaşar və Məzahir Quliyevlər) xəbər ala bilmədiklərini diqqətə çatdırıb.

Zərərçəkmiş şəxs qardaşı Bəxtiyarın hadisə zamanı 9 yaşı olduğunu, girovluqda erməni hərbçisinin onun başına təpiklə vurduğu zərbəyə görə indiyə qədər də səhhətində problemin qaldığını bildirib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın sualını cavablandıran N.Quliyeva daha sonra 3 ay 15 gün Xankəndidə saxlanıldıqlarını söyləyib. O, girovluqdan azad olunarkən əvvəlcə İrəvana, oradan isə Bakıya gətirildiyini deyib və əlavə edib: "Valideynlərim sağdır, onlar hələ də üç övladını gözləyirlər. Deyirlər, ermənilər onları saxlayır, gələcəklər...".

Zərərçəkmiş şəxs Təhməz Şahverdiyev ifadəsində Kəlbəcərin Başlıbel kənd sakini olduğunu, rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı Ətdərəsi adlı yerdə girov götürüldüyünü bildirib: "Biz həmin vaxt yeddi nəfər idik. İki nəfəri öldürdülər, beş nəfəri girov götürdülər".

O, dövlət ittihamçısı Vüsal Abdullayevin sualını cavablandırarkən bildirib ki, Ermənistan hərbçiləri tərəfindən əvvəlcə Kəlbəcərin mərkəzinə, bir həftə sonra Ermənistanın Basarkeçər rayonuna, bundan iki gün sonra isə İrəvana aparılıblar. Orada onlar tikintidə fəhlə kimi işlədilib, mütəmadi olaraq işgəncələrə məruz qalıblar.

Zərərçəkmiş şəxs İrəvanda olduqları müddətdə onlara hər gün bir dəfə, nadir hallarda isə iki dəfə çörək verildiyini bildirib. O, girovlardan birinin işgəncə ilə öldürülməsinə şahid olduğunu da söyləyib. Zərərçəkmiş şəxs 7 ay 2 gün girovluqda saxlanıldıqdan sonra Azərbaycana təhvil verildiyini bildirib.

Zərərçəkən Elbrus Əmirov isə Kəlbəcər rayonunun Ağdaban kənd sakinidir. O, ifadəsində bildrib ki, 1992-ci ilin aprel ayında Ermənistan silahlı qüvvələri müxtəlif çaplı silahlarla kəndə hücum edərək mülki sakinlərə divan tutub. 67 mülki sakini güllələyiblər. Çoxlu sayda yaralananlar olub. 14 nəfəri isə yandırıblar. Yandırılanlar arasında onun babası Bəkir Qocayev və nənəsi Zeynəb Qocayeva da olub. Əhalinin mal-qarasını yığıb aparıblar. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında deyib ki, hücum zamanı sağ qalanları girov götürüblər.

Zərərçəkmiş şəxs Qoşqar Quliyev ifadəsində ondan bir qədər əvvəl ifadə vermiş N.Quliyevanın danışdıqlarını təsdiqləyib. O, mülki şəxsləri daşıyan yük avtomobilinin sürücüsü olduğunu söyləyib. Zərərçəkmiş girov götürülərkən ayağından güllə yarası aldığını deyib.

Zərərçəkmiş şəxs Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında əvvəlcə Ağdərənin Heyvalı kəndinə, daha sonra Xankəndi şəhərinə, iyunun 1-də isə Şuşa həbsxanasına aparıldığını bildirib.

"Girovluqda olarkən yaralarımız sağalmamış bizi ağır işlərdə işlədirdilər. Şuşa həbsxanasında gündə üç dəfə döyülmə adi hal idi. Bəzi günlər daha çox döyürdülər", - deyə Q.Quliyev bildirib.

O, 8 aya yaxın girovluqda qaldığını, 1993-cü ilin sonlarında azad olunduğunu söyləyib.

Q.Əliyev zərərçəkmiş şəxslərin vəkilinin sualını cavablandırarkən girovluqda olarkən səhər saat 5-dən gecə saat 1-dək işlədildiklərini bildirib.

Zərərçəkmiş şəxs Fərman Quliyev Kəlbəcər rayonunun Günəşli kənd sakini olduğunu, rayonun işğalı zamanı 1993-cü il martın 31-də "Tunel" adlanan ərazidən keçib getmək istəyən zaman Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduqlarını, daha sonra girov götürüldüklərini bildirib. "Maşında qadınlar, uşaqlar, yaşlılar var idi və bu, kənardan da görünürdü. Amma bunları görə-görə atəş açırdılar. Qarşıda, təxminən 50 metr kənarda yanan "KamAZ"ı gördük", - deyə o əlavə edib.

F.Quliyev hadisə zamanı 16 yaşı olduğunu bildirib. Deyib ki, "Tunel" hadisəsi zamanı ağır yaralanan azərbaycanlı girovları ona daşıtdırıblar.

Onları əvvəlcə Ağdərənin Heyvalı kəndinə apardıqlarını, burada yaralı qardaşının vəfat etdiyini bildirib: "Bostanda mənə bel verdilər, dedilər qaz, meyiti basdır. Təxminən 50 santimetr qazandan sonra dedilər bəs edər, üstünü torpaqla".

O, girovluqda olduğu müddətdə Şuşa həbsxanasında, Şuşa şəhəri Xəlifəli kəndində, Malıbəyli kəndində, Xankəndi Şəhər Uşaq Xəstəxanasında və Xankəndi şəhərində Ermənistan hərbçilərinin 4-cü batalyonunun ərazisində saxlanılıb. Girov olduğu müddətdə işgəncələrə məruz qaldığını, 3 il 2 ay sonra – 1996-cı il mayın 5-də girovluqdan azad edildiyini bildirib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs David Manukyan zərərçəkmiş şəxsə "Sizə hansı işgəncələr verilib?" sualını ünvanlayıb. O isə cavabında iynəsiz 8 dişinin çəkildiyini, mütəmadi olaraq döyüldüyünü bildirib və boynundakı yara izini göstərərək əlavə edib: "Sizinkilər boynumu da kəsmək istəyirdi, bıçağın yeri indi də qalır. Bir az kəsib sonra fikirlərindən daşındılar".

Zərərçəkmiş şəxs Taryel Quliyev Kəlbəcərin Günəşli kənd sakini olduğunu bildirib. O, ifadəsində "Tunel" faciəsi zamanı 14 yaşının olduğunu, Ermənistan silahlı qüvvələrinin yüzlərlə hərbçi ilə onlara hücum edərək atəşə tutduqlarını, yaxınlarının, o cümlədən 4-cü sinif şagirdi olan bacısının da yaralandığını söyləyib. Atası, qardaşı, bacısı və qardaşının girov götürüldüyünü bildirib.

O, girovluqda saxlanıldığı 8 ay yarım müddətində özünə və digər azərbaycanlılara işgəncə verildiyini də söyləyib.

Zərərçəkmiş şəxs Yadigar Məmişov da ifadəsində Kəlbəcər rayonunun Günəşli kənd sakini olduğunu, 1993-cü il martın 31-də doğmaları və həmkəndliləri ilə kəndi tərk edərkən 11 yaşının olduğunu bildirib. O, "Tunel" hadisələri zamanı anasının 4 güllə yarası aldığını deyib. Bildirib ki, 9 yaşlı qardaşı Taleh Məmişov da güllə yarası alıb, ondan indiyədək məlumat yoxdur. Y.Məmişov özü və digər yaxınları Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Onu Kəlbəcərin "Bulanıq" adlanan ərazisində anasından və qardaşından ayırıblar. Y.Məmişov Ağdərənin Heyvalı kəndinə, daha sonra Xankəndi şəhərinə aparıldıqlarını bildirib.

Deyib ki, girovluqda saxlanıldığı təxminən ilyarım müddətində uşaq olmasına baxmayaraq, ona da işgəncə verilib: "Döyürdülər, təpikləyirdilər, başımı divara vururdular. Hazırda burnum qırıqdır, başımda xəsarət yerləri qalıb".

Y.Məmişov 1994-cü il sentyabrın 15-də girovluqdan azadlığa buraxılıb.

Təqsirləndirilən şəxs David Babayan Y.Məmişova sual verərək qardaşının taleyi barədə soruşub. Zərərçəkmiş qardaşından hələ də xəbər olmadığını bildirib: "Qardaşımdan hələ də məlumat yoxdur. Ümid edirəm ki, sağdır. Girovluğun ilk vaxtında qardaşım "Bulanıq" adlı ərazidə məndən su istədi, amma sizinkilər imkan vermədi su verim. O vaxtdan ondan xəbər yoxdur".

Hüquqi varis Əziz Göyüşov ifadəsində nənəsinin (atasının anası) Kəlbəcər işğal olunan zaman itkin düşdüyünü, indiyədək ondan xəbər tuta bilmədiklərini bildirib.

Zərərçəkmiş şəxs Anar Əliyev ifadəsində 2020-ci ildə 44 günlük müharibədə iştirak etdiyini, noyabrın 9-da Xocavənddə yaralandığını, səhəri gün əsir götürüldüyünü deyib. O, noyabrın 11-də İrəvana aparılıb. Bir neçə gün hospitalda, daha sonra isə təcridxanada saxlanılıb. Zərərçəkmiş şəxs həm hospitalda, həm də təcridxanada döyüldüyünü, işgəncələrə məruz qaldığını bildirib. O, həmin il dekabrın 14-də Azərbaycana təhvil verilib.

Zərərçəkmiş şəxs Rabil Babayev sakini olduğu Xocavəndin Qaradağlı kəndinin Ermənistan hərbçiləri tərəfindən 1992-ci il fevral ayında mühasirəyə alındığını, fevralın 13-də kəndə hücum edildiyini bildirib. Deyib ki, kənd sakinlərindən cavanları bir, yaşlıları isə digər yük maşınına yığaraq Xankəndi istiqamətinə aparıblar. Yolda 10 nəfəri maşından düşürərək qətlə yetiriblər. Daha sonra isə yük avtomobilində olanlar gülləbaran edilib. "60-dan çox adamdan 20 nəfərə yaxını sağ qalmışdı. Bizi Xankəndiyə apardılar. Orada qarda ağzı üstə saxladılar. 47 gün girovluqda qaldım, gündə azı üç dəfə döyülürdük".

Zərərçəkmiş Nizami İsmayılov Kəlbəcərin Günəşli kənd sakini olduğunu, Ermənistan tərəfindən rayonun işğal edilməsi ilə əlaqədar 1993-cü ilin mart ayının sonlarına yaxın doğmaları ilə birlikdə yaşadıqları ərazini tərk etdiklərini bildirib. Lakin atası Qanboy İsmayılov kənddə qalıb. O, atasından indiyədək xəbər olmadığını bildirib.

Zərərçəkmiş şəxs Nurbala Əmirquliyev Birinci Qarabağ müharibəsində iştirak etdiyini, Ağdamda ağır yaralandığını, iki gün sonra yaralı vəziyyətdə əsir götürüldüyünü, daha sonra Xankəndiyə aparıldığını bildirib. O deyib: "Məni yaralı vəziyyətdə türmə kimi bir yerdə bir sutka döydülər. Gördülər ölürəm, uşaq xəstəxanasına apardılar. Orada Stepanyan soyadlı hərbi həkim yaramın çürümüş hissələrini heç bir ağrıkəsici vurmadan kəsdi".

Zərərçəkmiş şəxs Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında həmin yaraya görə hələ də axsadığını, buna görə əsa ilə gəzdiyini söyləyib.

Xankəndidə saxlanıldığı müddətdə mütəmadi olaraq ona və digər azərbaycanlı əsir və girovlara işgəncə verildiyini bildirib. N.Əmirquliyev iki ay sonra erməni hərbçilərlə dəyişdirilərək Azərbaycana təhvil verildiyini bildirib.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmə prosesi iyulun 7-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3143   Tarix: 04 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qaçırdığı qızı zorla videoya çəkdi - Dostları ilə birgə tutuldu

Ağdaşda qısqanclıq zəminində ayrıldığı qızı qaçıran oğlan və ona kömək edən qardaşlar uzunmüddətli həbsə göndərilib. "Qafqazinfo"nun məlumatına görə, cinayət hadisəsi ilə bağlı 28 yaşlı Seyran, dostları olan iki qardaş - Elvin və Səxavət (bütün ad-soyadlar şərtidir) birgə mühakimə edilib. Hadisəni

10 mart
.

Güllələnən müəllimin vəziyyəti açıqlandı - 29 yaşı var

"İdrak" liseyində şagird tərəfindən güllələnən müəllimin vəziyyəti açıqlanıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən -a verilən məlumata görə, bu gün saat 09:10 radələrində mərkəzə Binəqədi rayonu "İdrak" liseyindən çağırış qeydə alınıb

6 fevral
.

Prokuror Azər Qasımlıya ağır cəza istəyib

Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı ilə bağlı cinayət işinin məhkəmə istintaqı başa çatıb. xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan prosesdə istintaqın tamamlandığı bildirilib. Dövlət ittihamçısı çıxışında Azər Qasımlını

11 fevral
.

Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu

Bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonunda ər və arvadı bıçaqlanıb. -a istinadən xəbər verir ki, Biləcəri qəsbəsində yerləşən mənzildə 1971-ci il təvəllüdlü kişiyə və 1978-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla xəsarət yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən, xəsarət alan şəxsləri

2 aprel
.

7 yaşlı uşağa 19 bıçaq zərbəsi vurulubmuş

"Axşam saatlarında 2019-cu il təvəllüdlü uşağı evlərinin yanında oynadığı yerdə bıçaqlayıblar". xəbər verir ki, bu sözləri -a bıçaqlanan birinci sinif şagirdinin təhsil aldığı Ağcabədi rayonu Avşar kənd məktəbinin direktoru Elşən Quliyev deyib. O bildirib ki, məktəbli hazırda xəstəxanadadır

5 fevral
.

Bakıda restoranda aktrisa ilə dostlarının başına iş gəldi - 4 nəfər tutuldu

Aktrisa Üzel Kərimovanın ötən gün bayram qeyd etmək üçün getdiyi məkanların birində dava düşüb. "Qafqazinfo" xəbər verir ki, restoranda bir qrup şəxs Ü.Kərimovanın rəfiqəsinin ərinə hücum edərək ona xəsarətlər yetirib. Aktrisanın paylaşdığı videoda həmin şəxsin başından xəsarət aldığı və yerd

19 mart
.

Azərbaycanda insan alverində təqsirləndirilən iki nəfər axtarışa verilib

Azərbaycanda iki nəfər insan alverinə görə axtarışa verilib. -a istinadən xəbər verir ki, onlar Ağsu rayon sakini, 28 yaşlı Ayşən Araz qızı Əzizxanlı və Qax rayon sakini, 29 yaşlı Əbdül Ruslan oğlu Musayevdir. Onların barəsində Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə cinayə

11 mart
.

İş adamı Adnan Əhmədzadənin həbs müddəti uzadılıb

İş adamı Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. "Report"a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində istintaq orqanın təqdimatına baxılıb. Təqdima

13 mart
.

55 yaşlı sürücü sükan arxasında öldü

Gəncədə sürücü sükan arxasında vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə martın 16-sı saat 09 radələrində baş verib. Şəhər ərazisində 1971-ci il təvəllüdlü Nuruzadə Mustafayev idarə etdiyi "VAZ 2106" markalı 10-ES-234 nömrə nişanlı avtomobildə infarktdan ölüb. Faktla bağlı araşdırm

17 mart