Azərbaycan jurnalistikasının zəfər yolu və informasiya cəmiyyətində rolu

Azərbaycan jurnalistikasının zəfər yolu və informasiya cəmiyyətində roluAzərbaycanın ictimai-mədəni həyatında dərin izlər buraxan 22 iyul – Milli Mətbuat Günü milli kimlik, söz azadlığı və ictimai fikrin təşəkkülü baxımından əlamətdar bir tarixdir. 1875-ci ilin bu günündə Həsən bəy Zərdabinin təşəbbüsü ilə "Əkinçi" qəzetinin işıq üzü görməsi ilə Azərbaycan mətbuatının əsası qoyulmuş, ana dilində ictimai fikir və maarifçilik hərəkatının başlanğıcı reallaşmışdır. Bu gün 150 illik yol keçən Azərbaycan mətbuatı zəngin və şərəfli inkişaf mərhələlərini geridə qoyaraq, müstəqil medianın formalaşdığı və qlobal informasiya sisteminə inteqrasiya etdiyi bir reallığı təmsil edir. "Əkinçi" qəzetinin nəşri təkcə bir mətbuat nümunəsinin yaranması deyil, xalqın maariflənməsi, milli düşüncənin formalaşması və ictimai müzakirələrin başlanması baxımından mühüm dönüş nöqtəsi oldu. Görkəmli maarifçi Həsən bəy Zərdabi cəmiyyətin tərəqqisi naminə qələmə aldığı yazıları ilə sadəcə yazılı fikir mədəniyyətinin deyil, bütövlükdə ictimai şüurun formalaşmasına xidmət etdi. "Əkinçi" qəzetinin fəaliyyət dövrü qısa olsa da, bu nəşr milli mətbuat tariximizdə dərin iz qoydu və sonrakı illərdə çap olunan "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Füyuzat", "Molla Nəsrəddin" kimi qəzet və jurnallara ilham mənbəyi oldu. Bu nəşrlər Azərbaycanın ictimai-siyasi və ədəbi həyatında yeni səhifələr açdı, ziyalıların maarifçilik ideyalarını yaymaq üçün əsas tribunasına çevrildi. Zərdabinin başlatdığı bu ənənə sonradan milli özünüdərk, istiqlal ideyaları və cəmiyyətin siyasi fəallığının artması ilə davam etdirildi. Azərbaycan mətbuatı XX əsrin əvvəllərində çətin tarixi şəraitdə fəaliyyət göstərsə də, xalqın azadlıq və istiqlal arzularının ifadəçisi oldu. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə mətbuat üçün nisbətən sərbəst fəaliyyət imkanları yarandı. Cümhuriyyətin qısa ömrü dövründə nəşr olunan qəzet və jurnallar dövlətçilik düşüncəsinin yayılmasında müstəsna rol oynadı. Sovet dövründə mətbuat ideoloji çərçivələrə salınsa da, bu dövrün də özünəməxsus təcrübəsi formalaşdı. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra söz və mətbuat azadlığı yenidən dövlət siyasətinin mühüm prioritetinə çevrildi. Xüsusilə də Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildən etibarən həyata keçirdiyi prinsipial media siyasəti nəticəsində mətbuat üzərindəki senzura aradan qaldırıldı, azad sözün inkişafı üçün hüquqi, iqtisadi və sosial əsaslar formalaşdırıldı. Ümummilli Lider Heydər Əliyev söz və mətbuat azadlığını demokratik cəmiyyətin təməl şərti kimi qəbul etmiş və jurnalistikanın inkişafına xüsusi diqqət ayırmışdır. 1998-ci ildə dövlət tərəfindən tətbiq olunan senzuranın tam ləğvi ilə Azərbaycan mətbuatında yeni mərhələ başlandı. Medianın hüquqi bazası möhkəmləndirildi, jurnalistlərə dəstək proqramları reallaşdırıldı, KİV-lərin iqtisadi müstəqilliyi üçün əlverişli şərait yaradıldı. "Jurnalistlərin dostu" adına layiq görülən Ümummilli Lider Heydər Əliyev, bu sahədə islahatların davamlılığını təmin edən əsas simaya çevrildi. Müstəqillik dövrünün ikinci mərhələsində – Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediası daha da gücləndi. Prezidentin media siyasəti şəffaflığın, operativliyin və peşəkarlığın artırılmasına yönəlib. Dövlət başçısı bu sahəyə göstərdiyi diqqət və qayğı ilə jurnalistikanın milli maraqlara xidmət edən, cəmiyyətin düzgün informasiya ilə təmin olunmasına çalışan, çağdaş texnologiyalara cavab verən müasir və çevik bir struktur kimi inkişaf etməsinə şərait yaradıb. 2021-ci ildə "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanla Medianın İnkişafı Agentliyinin yaradılması, yeni "Media haqqında" Qanunun qəbul edilməsi medianın keyfiyyətcə yeni mərhələyə keçidini təmin etdi. Yeni qanun medianın hüquqi əsaslarını gücləndirməklə yanaşı, jurnalist peşəsinin nüfuzunun artırılması, rəqabətqabiliyyətli media məhsullarının stimullaşdırılması, informasiya təhlükəsizliyinin təmin olunması kimi strateji istiqamətləri əhatə edir. Son illər ərzində media nümayəndələrinin sosial rifahı da dövlətin diqqət mərkəzindədir. Güzəştli ipoteka kreditləri, jurnalistlərin vergi güzəştlərindən yararlanması, dövlət tərəfindən birdəfəlik yardımların ayrılması, media layihələrinin dəstəklənməsi bu sahəyə dövlət qayğısının bariz nümunələridir. Jurnalistlərin hüquqlarının qorunması, peşəkar inkişaf imkanlarının genişləndirilməsi üçün yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilmişdir. Prezident İlham Əliyevin 2025-ci ildə imzaladığı "Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam və yubiley medalı təsis olunması dövlətin milli mətbuatın tarixini, indiki uğurlarını və gələcək perspektivlərini yüksək qiymətləndirdiyini göstərir. Azərbaycan mediası xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində dövlət maraqlarını müdafiə edən və informasiya cəbhəsində mübarizə aparan güclü platformaya çevrildi. Müharibə dövründə jurnalistlər cəbhə bölgəsindən operativ məlumatlar çatdırmaqla yanaşı, dezinformasiyalara qarşı aktiv şəkildə mübarizə apardılar, həm yerli, həm də beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətlərini çatdırmaq üçün səfərbər oldular. Bu dövrdə jurnalistlər təkcə informasiya ötürücüsü deyil, həm də informasiya döyüşçüsü funksiyasını yerinə yetirdilər. Onların bəziləri cəbhədə fərqlənərək dövlət tərəfindən mükafatlandırıldı, bu isə jurnalist əməyinə verilən ən yüksək qiymətlərdən biri oldu. Azərbaycan mətbuatı son illərdə beynəlxalq informasiya məkanında daha fəal mövqe tutmağa başlayıb. Xüsusilə də qardaş Türkiyə ilə media sahəsində imzalanmış Anlaşma Memorandumu və bu istiqamətdə qurulan Birgə Media Platforması iki ölkə arasında informasiya əməkdaşlığının dərinləşdirilməsi baxımından önəmlidir. Dezinformasiyaya qarşı birgə mübarizə, beynəlxalq mediada Azərbaycan həqiqətlərinin müdafiəsi və təbliği istiqamətində mühüm əməkdaşlıq mexanizmləri yaradılıb. 2023 və 2024-cü illərdə Şuşada keçirilən Qlobal Media Forumlar informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və yeni texnologiyaların mediaya təsiri mövzularını əhatə edərək Azərbaycan jurnalistikasının qlobal informasiya gündəmində fəal iştirakını təmin etmişdir. Rəqəmsallaşan dünyada Azərbaycan mediasının qarşısında dayanan əsas çağırışlar süni intellekt texnologiyalarının tətbiqi, sosial şəbəkələrdə media savadlılığının artırılması, yalan və manipulyativ xəbərlərlə mübarizə, gənc jurnalistlərin peşəkar inkişafının təmin olunması və milli informasiya məkanının təhlükəsizliyidir. Azərbaycan mətbuatı bu gün yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da öz sözünü deyə bilən və informasiya siyasətində strateji əhəmiyyətə malik bir institut kimi formalaşmışdır. Gələcəkdə mediamızın informasiya suverenliyini qorumaq, milli maraqları qlobal miqyasda müdafiə etmək, azərbaycançılıq ideologiyasını yaymaq istiqamətində fəaliyyəti daha da genişlənəcəkdir. Azərbaycan milli mətbuatı keçdiyi 150 illik tarixi inkişaf yolu ilə milli kimliyimizin ayrılmaz hissəsinə çevrilmişdir. Həsən bəy Zərdabinin "Əkinçi" ilə başlatdığı mətbuat hərəkatı bu gün Prezident İlham Əliyevin liderliyi ilə müasir media sisteminə çevrilmiş, milli maraqları müdafiə edən, azad və peşəkar informasiya daşıyıcısına dönmüşdür. Milli Mətbuat Günü təkcə bir tarix deyil, həm də Azərbaycan jurnalistikasının keçmişinə ehtiram, bu gününə dəyər və gələcəyinə inamın ifadəsidir. Azərbaycan mediası bu şərəfli yolda üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə, müasir çağırışlara cavab verməyə və informasiya cəmiyyətində aparıcı rol oynamaya davam edir.

Milli Məclisin deputatı Şahin Seyidzadə


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1624   Tarix: 19 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunması TƏKLİF OLUNUR

"Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunmasına ehtiyac var". xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirib. "Bu çox geniş müzakirə olunur. Təbii ki, süni intellektin üstünlüyünü təbliğ edənlər çoxdur

11 sentyabr
.

Qolları olmadığı üçün anasının imtina etdiyi körpənin ayaqlarında da problem var: Körpələr evinə verildi

Bakıda anasının imtina etdiyi körpənin fiziki məhdudiyyətləri yalnız qolları ilə bağlı olmayıb. -ın əldə etdiyi məlumata görə, iyunun 27-də dünyaya gələn körpənin ayaqları da inkişafdan qalıb. Həmçinin uşağın barmaqları bitişikdir. Məlumata görə, körpədə ümumilikdə bir neçə anadangəlmə fiziki məhdudiyyə

10 sentyabr
.

Üçillik ali təhsil: Azərbaycan universitetlərində köklü dəyişiklik, yoxsa keyfiyyət üçün təhlükəli eksperiment?

Ali təhsilin müddətinin üç ilə endirilməsi ilə bağlı müzakirələr cəmiyyət üçün yalnız texniki və inzibati məsələ deyil. Bu, Azərbaycanın gələcək kadr potensialına, əmək bazarına, universitetlərin fəaliyyətinə və bütövlükdə təhsilin keyfiyyətinə birbaşa təsir göstərə biləcək ciddi islahat məsələsidir

11 sentyabr
.

Eyni ərazi, fərqli qiymət: Əmlak qiymətlərini nə müəyyənləşdirir?

Eyni ərazidə yerləşən və oxşar xüsusiyyətlərə malik evlərin qiymətləri belə bir-birindən ciddi fərqlənə bilər. Burada təmirin səviyyəsi, sənədlərin tamlığı, torpağın hüquqi statusu, evin tikinti keyfiyyəti, yerləşdiyi küçə, nəqliyyat və infrastruktura yaxınlıq kimi amillər mühüm rol oynayır. Bəs, daşınma

11 sentyabr
.

Yeni təhsil qanununun qəbulu təklif edilir

Azərbaycanda ali təhsil sahəsində indiyədək qaldırılan və əsaslı hesab olunan məsələlərin nəzərə alınması üçün yeni təhsil qanununun hazırlanmasına ehtiyac var. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov komitənin bugünkü iclasında çıxışı zamanı deyib. O bildiri

11 sentyabr
.

Məzunların əmək bazarında iş tapması həmişə mümkün olmur - AÇIQLAMA

Azərbaycanda universitet məzunlarının əmək bazarına keçidi və ixtisaslarına uyğun iş tapması ilə bağlı vəziyyət müxtəlif ixtisaslar üzrə fərqlənir. Dövlətin "Məzunların məşğulluq reytinqi" platforması da məzunların məşğulluğu və əmək bazarında daha çox tələb olunan ixtisaslar barədə məlumatlılığı

10 sentyabr
.

Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"

Sentyabrın 8-də Şəkidə iki gəncin ölümü ilə nəticələnən faciə ilə bağlı yayılan bəzi məlumatlar mərhum Ucal Bayramovun ailəsinin narazılığına səbəb olub. "Bakupost"a istinadən xəbər verir ki, U.Bayramovun bacısı Xəyalə Bayramova yerli telekanallardan birində yayımlanan süjetə sərt reaksiy

10 sentyabr
.

"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"

2024-cü ildə "Bantik" mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib. Axşam.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətind

10 sentyabr
.

İstirahət mərkəzlərində təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

İstirahət mərkəzlərində istifadə olunan tros, kanat və digər əyləncə qurğularının təhlükəsizliyi xüsusilə yay mövsümündə diqqət tələb edir. Trosların köhnəlməsi, korroziya, mexaniki zədələnmələr, düzgün texniki xidmət göstərilməməsi və qurğuların normadan artıq yüklənməsi qəza riskini artıra bilər. Mütəxəssislə

10 sentyabr