Bakının cəsarəti, İrəvanın xəlvətə çəkilməsi: Hərbi böhran İranı qonşularla da sınadı - ŞƏRH

Bakının cəsarəti, İrəvanın xəlvətə çəkilməsi: Hərbi böhran İranı qonşularla da sınadı - ŞƏRHİranın nüvə proqramı ətrafında yaranmış gərginlik bu il fevralın 28-də ABŞ və İsrail tərəfindən İslam Respublikasına kütləvi hava zərbələrinin endirilməsi ilə nəticələndi. Təbii ki, yaxın qonşuluqda baş verən hadisələr Azərbaycanın da narahatlığına səbəb oldu. Rəsmi Bakı prosesi diqqətlə izlədiyini bildirdi və narahatlığını ifadə etdi.

Hərbi gərginliyin ilk günündə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq bəyan etdi ki, baş verən eskalasiya həm regional, həm də qlobal təhlükəsizliyə ciddi təhdiddir. Azərbaycan tərəfləri gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və dialoq masasına qayıtmağa çağırdı.

Hava zərbələrinin növbəti günü Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana başsağlığı məktubu göndərdi. Məktubda İranın keçmiş ali rəhbəri Əli Xameneinin "faciəli ölümü" ilə bağlı kədər ifadə olundu. Daha sonra Prezident İ.Əliyev bu ölkənin Azərbaycandakı səfirliyinə baş çəkərək orada İran dövlətinə başsağlığı verdi.

Xronoloji ardıcıllıqla göstərdiyimiz bu hadisələr bir daha sübut etdi ki, Azərbaycanın İran ətrafında baş verənlərə münasibəti neytrallıq və qonşuluq praqmatizmi, suverenliyə hörmət üzərində qurulub. XİN-in bəyanatı isə Azərbaycanın münaqişədə tərəf tutmaqdan qəti şəkildə imtina etdiyini göstərir. Rəsmi Bakı bilir ki, qonşuluqda İran kimi böyük bir dövlətin hərbi, iqtisadi, eləcə də humanitar böhran yaşaması region üçün təhlükədir və bunun fəsadları Azərbaycana da toxuna bilər. Ona görə də bu reaksiya və bəyanatlara həm də milli maraqların qorunması aspektindən baxılmalıdır.

İrana endirilən hava zərbələri fonunda Azərbaycan qonşu ölkəyə humanitar yardım göndərən ilk dövlət oldu. Bu, sadəcə xeyriyyəçilik aktı yox, həm də dərindən düşünülüb-hesablanmış strateji addım, diplomatik gedişdir. Azərbaycan yuxarıda vurğulanan bəyanat və açıqlamaların yalnız sözdə olmadığını, müstəqil xarici siyasət yürütdüyünü, heç bir hərbi bloka qoşulmadığını əməldə də göstərmiş oldu. Eyni zamanda, bu yanaşma həm də dünyaya "Mən qonşuluqda baş verən yanğını söndürən tərəfəm" mesajı sayılmalıdır. Digər tərəfdən, rəsmi Bakının bu addımı Azərbaycanın regionda tək iqtisadi yox, o cümlədən mənəvi və siyasi sabitləşdirici rolunu da ortaya qoymuş oldu.

Qeyd etmək yerinə düşər ki, beynəlxalq münasibətlər sistemində ilk yardımı göstərən ölkə həmişə gündəmi də müəyyənləşdirir. Azərbaycan bununla mesaj ötürür ki, regiondakı prosesləri kənardan izləmir, hadisələrin mərkəzindədir və humanitar böhranlara qarşı səyləri birləşdirməyə hazırdır. Azərbaycanın bu cəsarətli addımı digər regional oyunçular üçün də bir yol xəritəsi oldu və gərginliyin "total müharibə" fazasından çıxarılmasına psixoloji təsir göstərdi.

İranla münasibətlərdə son illərdə yaşanan müəyyən diplomatik soyuqluğa baxmayaraq, göndərilən yardım karvanları Bakının "realist qonşuluq" modelini təsdiqlədi. Bununla rəsmi Bakı həm də sübut etdi ki, humanitar şəraitin həssas dönəmlərində dövlətlər arasında olan fikir ayrılıqları kənara qoyulmalıdır. Əlavə edək ki, martın 18-də Prezident İlham Əliyevin göstərişi ilə İrana ikinci humanitar yardımın göndərilməsi ölkə rəhbərinin bu məsələyə xüsusi önəm verdiyini təsdiqləyir. Yəni Azərbaycanın yardımı simvolik jest deyil və həqiqətən də real ehtiyacları qarşılamaq məqsədini güdür. Bununla yanaşı, müharibə və hava hücumları şəraitində yardım karvanlarını təşkil edib mənzil başına çatdırmaq Azərbaycanın fövqəladə halların idarə edilməsi və logistik imkanlarının yüksək səviyyədə olduğunu göstərdi.

Rəsmi Bakının bu yanaşması həm də yerləşdiyi geosiyasi mövqedən yalnız bölgənin rifahı üçün istifadə etməyə çalışdığı faktını qabardıb. Məhz bu siyasətin sayəsində mart ayında Rusiya da Azərbaycan ərazisindən İrana üç dəfə humanitar yardım göndərib.

Baş verənlər. həmçinin Azərbaycanın müstəqil xarici siyasətinin növbəti təzahürüdür. Yəni Azərbaycan öz ərazisini humanitar yardımlar üçün "açıq dəhliz" elan edərək göstərir ki, sadəcə enerji və yükdaşımaları üçün tranzit nöqtəsi deyil, həm də regional təhlükəsizlik və humanitar həmrəylik üçün də əvəzolunmaz bir körpü rolunu oynayır. Bu zaman ABŞ və İsraillə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri də Azərbaycanın Rusiya və İranla qonşuluq siyasətinə mane olmur.

Əlavə edək ki, bu addımı ilə Bakı həm Qərbin, həm də regionun hərbi bloklarının qarşısında öz suverenliyini və neytrallığını qorumaqla bütün dünyaya "hərbi əməliyyatların tərəfdarı olmadığını, lakin sülhün bərpası, insan həyatının xilası üçün bütün imkanlarını səfərbər etdiyi" mesajını çatdırır. Beləliklə, Azərbaycan logistik imkanlarını mənəvi-siyasi üstünlüklə birləşdirərək, öz təhlükəsizlik buferini yaratdı və regionun xaosa sürüklənməsinin qarşısını alan əsas moderatorlardan birinə çevrildi.

Əlavə olaraq söyləmək lazımdır ki, Azərbaycanın bu addımları uzun müddət Bakı-Tehran münasibətlərinə xələl vurmaq istəyən bir sıra qüvvələrə də sərt şillə kimi dəydi. Məsələn, İranın Ermənistandakı keçmiş səfiri Mehdi Sübhani, iranlı ekspert Ehsan Movahedian kimi fiqurların uzun müddət Azərbaycana, İranla birgə layihələrə, Zəngəzur dəhlizinə qarşı apardıqları qarayaxma kampaniyası, Azərbaycanı regional təhdid, "sionizm qalası" kimi təqdimatları tamamilə alt-üst oldu. Sübhani kimilərin saxta və çürük "Azərbaycan öz ərazisini İrana qarşı hərbi plasdarm olaraq istifadə edilməsinə imkan verir" məzmunlu boş tezisləri iflasa uğradı.

İranın Ermənistandakı keçmiş səfirindən söz düşmüşkən, maraqlıdır ki, başqa vaxt bu ölkəni özünün dostu və strateji müttəfiqi adlandıran Ermənistan "dost səmimiyyəti"ni bu gün nümayiş etdirməkdən açıq-aşkar çəkinir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkəsinin İrana yardım göndərdiyini desə də, bunu gizli saxlamağa çalışması, əslində, bir dövlətin siyasi iradəsinin zəifliyindən və beynəlxalq mərkəzlərdən asılı olmağından xəbər verir.

Digər tərəfdən, Azərbaycanın nümayiş etdirdiyi mövqe tamamilə fərqli dövlətçilik məktəbinin təzahürüdür. İranın ali rəhbərinin öldürülməsindən sonra ilk olaraq bu ölkənin səfirliyinə gedən və başsağlığı verən liderin məhz Prezident İlham Əliyev olması sadəcə diplomatik protokol deyil, həm də ciddi örnək sayılacaq cəsarət nümunəsidir. Azərbaycan bu addımı ilə dünyaya bəyan etdi ki, bizim qonşumuzla olan münasibətimiz üçüncü tərəflərin maraqlarından və ya qlobal güclərin yanaşmasından asılı deyil. Bu, suverenliyin və real qonşuluq hüququnun ən ali formasıdır.

Uzun illər özünü İranın dostu kimi təqdim edən dövlətlərin səssiz qaldığı bir dövrdə ilk addımın Azərbaycandan gəlməsi "dost dar gündə tanınar" və "tarix ən böyük hakimdir" fikirlərinin bariz sübutudur. Bu, sadəcə bir humanitar dəstək deyil, həm də illərdir aparılan qara piar kampaniyasına verilən ən tutarlı cavab oldu. Baş verənlər göstərdi ki, bu gün İran üçün ən etibarlı, ən təhlükəsiz və şəffaf, ən stabil sərhəd məhz Azərbaycanla olan sərhəddir.

Bu, həm də artıq yeni bir etimad xəritəsinin yaranacağından xəbər verir. Böhran zamanı daha güclü, etibarlı, sadiq dost və qonşu kimi Azərbaycan ön plana çıxdı. Ermənistan isə qorxaq sükut və açıqlamadığı "gizli yardım"la yadda qaldı. Ehtimal etmək olar ki, rəsmi Tehran növbəti mərhələdə dost və tərəfdaşlarını yenidən qiymətləndirərkən bu məqamları nəzərə alacaq...


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 849   Tarix: 27 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın güc amilləri, strateji seçimləri və gələcəyin çağırışları

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. Bu tarix Azərbaycanın müasir siyasi tarixinin mühüm mərhələsini təhlil etmək, dövlətin inkişaf istiqamətlərini, geosiyasi mövqeyində baş verən dəyişiklikləri və qarşıdakı dövrün əsas çağırışların

14 oktyabr
.

Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlətimizin başçısı deyi

13 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

14 oktyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək

14 oktyabr
.

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir. 11:32. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokrati

13 oktyabr
.

Prezident: "Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

"Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti ikinci mərhələsində əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı daha da genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

14 oktyabr
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

Azərbaycanın ixrac imkanlarını genişləndirə biləcək əlaqələr

Azərbaycanla Kamboca arasında iqtisadi əməkdaşlıq hələ geniş miqyas almasa da, bu sahədə potensial imkanlar mövcuddur. 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 20 faizdən çox artaraq 12,7 milyon dollar təşkil edib. Bununla belə, əməkdaşlığın genişləndirilməsi üçü

13 oktyabr