İddia varsa, sübutunu göstərin: Media məsuliyyəti və hüququn aliliyi
Son dövrlər mediada mənim barəmdə "aldadıb", "90 min dollar alıb", "1,5 milyon dollar istəyib", "baş həkimdən külli miqdarda pul alıb" və buna bənzər ifadələrin səsləndirilməsi ilə bağlı mövqeyimi açıq şəkildə bildirmək istəyirəm.
Mən bu ifadələri sadəcə tənqid, subyektiv yanaşma və ya şəxsi fikir kimi qiymətləndirmirəm. Çünki burada konkret şəxsə - yəni mənə - konkret əməllər aid edilir. Belə ağır iddialar ictimaiyyətə fakt kimi təqdim olunursa, onların arxasında konkret, yoxlanıla bilən və mötəbər sübutlar olmalıdır.
Mənim suallarım olduqca sadə və konkretdir: Mən kimi aldatmışam? 90 min dolların mənə verildiyini təsdiq edən hansı sənəd var? 1,5 milyon dollar tələb etdiyimi təsdiq edən hansı sübut mövcuddur? Hansı müqavilə, bank əməliyyatı, qəbz, yazışma, səs yazısı və ya digər mötəbər fakt belə iddiaları təsdiqləyir?
Əgər bu iddiaları təsdiq edən sübutlar həqiqətən varsa, onların ictimaiyyətə və aidiyyəti dövlət orqanlarına təqdim edilməsi mümkündür və zəruridir. Əgər belə sübutlar yoxdursa, kimdənsə eşidilən sözün, ehtimalın və ya təsdiqlənməmiş məlumatın cəmiyyətə sübuta yetirilmiş fakt kimi təqdim edilməsi yolverilməzdir.
Söz azadlığı məsuliyyətsiz ittiham azadlığı demək deyil
Azərbaycan Respublikasının Konstitusiyası şəxsin şərəf və ləyaqətinin müdafiəsini təmin edir, eyni zamanda fikir və söz azadlığını tanıyır. Bu iki prinsip bir-birinə zidd deyil. Əksinə, hüquqi dövlət şəraitində söz azadlığı ilə şəxsin şərəf və ləyaqətinin müdafiəsi arasında hüquqi balans qorunmalıdır.
Söz və fikir azadlığı hər kəs üçün fundamental hüquqdur. Lakin bu azadlıq başqa bir şəxs barəsində sübuta yetirilməmiş ağır ittihamları fakt kimi yaymaq hüququ anlamına gəlmir. Xüsusilə də korrupsiya, dələduzluq və külli miqdarda pul almaq kimi ciddi əməllər konkret şəxsin adına bağlanırsa, belə iddiaların faktoloji əsasları ictimaiyyətə aydın şəkildə təqdim edilməlidir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsində şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi ilə bağlı hüquqi imkanlar nəzərdə tutulur. Deməli, şəxsin nüfuzuna xələl gətirə biləcək məlumatların yayılması məsələsi yalnız jurnalistikanın etik prinsipləri deyil, həm də hüquqi məsuliyyət çərçivəsində qiymətləndirilə bilər.
Hüquq müdafiəçisi olmaq heç kimə xüsusi immunitet vermir
Mənim üçün burada başqa bir prinsipial məsələ də var. Hüquq müdafiəçisi, jurnalist və ya media nümayəndəsi olmaq heç kimə xüsusi immunitet vermir və heç kəsə insanı əvvəlcədən günahkar elan etmək hüququ vermir.
Hüquq müdafiəsinin mahiyyəti insanı ittiham etmək deyil, hüququ, faktı, ədalətli proseduru və fundamental hüquqları müdafiə etməkdir. Media nümayəndəsinin də əsas vəzifələrindən biri məlumatı yoxlamaq, müxtəlif tərəflərin mövqeyini öyrənmək və ictimaiyyətə düzgün, obyektiv və məsuliyyətli informasiya təqdim etməkdir.
Əgər hər hansı şəxs barəsində ciddi ittiham səsləndirilirsə, həmin ittihamın qarşı tərəfin mövqeyi alınmadan və faktlar yoxlanılmadan ictimaiyyətə təqdim edilməsi obyektiv informasiya prinsiplərinə uyğun deyil.
Təqsirsizlik prezumpsiyası hüquqi dövlətin əsas prinsipidir
Təqsirsizlik prezumpsiyası hüquqi dövlətin fundamental prinsiplərindən biridir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməyənədək və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilməyənədək onun cinayət törətmiş şəxs kimi təqdim olunması ciddi hüquqi və etik suallar yaradır.
Media məhkəmə deyil. Televiziya efiri məhkəmə zalını, jurnalistin və ya digər şəxsin şəxsi mülahizəsi ittiham aktını, eşidilmiş söz isə məhkəmə hökmünü əvəz edə bilməz.Əgər ortada cinayət əməli barədə məlumat varsa, bunun üçün qanunla müəyyən edilmiş hüquqi prosedurlar mövcuddur. Faktlar aidiyyəti dövlət orqanlarına təqdim edilməli, araşdırma aparılmalı və hüquqi qiymət qanun çərçivəsində verilməlidir.
Mən xüsusi münasibət deyil, qanunun hamıya eyni tətbiqini tələb edirəm
Mən heç kimdən xüsusi münasibət tələb etmirəm. Mənim tələbim çox sadədir: qanun hamı üçün eyni olmalıdır.
İddianız varsa - sübutunu göstərin. Sübutunuz varsa - onu aidiyyəti və səlahiyyətli dövlət orqanlarına təqdim edin. Cinayət əməli barədə məlumatınız varsa - qanuni prosedurdan istifadə edin.
Amma media efirini məhkəmə zalına, şəxsi mülahizəni ittiham aktına, kimdənsə eşidilmiş sözü isə məhkəmə hökmünə çevirmək olmaz.
Bu məsələdə mənim mövqeyim prinsipialdır. Mənim barəmdə səsləndirilən hər bir ciddi iddianın konkret faktlarla əsaslandırılmasını istəyirəm. Çünki məsələ yalnız mənim şəxsi nüfuzumdan ibarət deyil. Söhbət həm də mediada məsuliyyətli davranışdan, hüququn aliliyindən və cəmiyyətdə ədalət anlayışının qorunmasından gedir.
Hər bir iddia sübutla, hər bir ittiham qanunla, hər bir hüquqi qiymət isə qanunla müəyyən edilmiş prosedurla əsaslandırılmalıdır.
Heç kimin şəxsi mülahizəsi qanundan üstün deyil. Heç bir media platforması məhkəməni əvəz edə bilməz. Heç bir ictimai status isə şəxsi sübutsuz ittiham etmək üçün xüsusi hüquq yaratmır.
Mənim mövqeyim dəyişməzdir: iddia varsa, sübutunu göstərin; sübut varsa, qanuni qaydada təqdim edin. Əks halda təsdiqlənməmiş məlumatları fakt kimi təqdim etməkdən çəkinin.Çünki hüquqi dövlətin əsas prinsipi birdir: qanun hamı üçün eynidir və heç kimin sözü qanundan üstün deyil.
David Seliverstov,
"Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Daha bir ali təhsil ocağının fəaliyyəti DAYANDIRILIR - AÇIQLAMA
Uşağı neçə yaşında evdə tək qoymaq olar? - Psixoloqların məsləhətləri
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi
5 740 namizəd müsahibəyə dəvət olunub: Məktəblərdə müəllim çatışmazlığı aradan qalxıb? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Cövdət aktrisa xanımı ilə - Foto
II qrupda bu universitetlər təhsil haqlarını artırdı (TAM SİYAHI)
Bir evdə böyüyən, amma bioloji bacı-qardaş olmayan uşaqlar evlənə bilərmi? - Cəmiyyətdə mübahisə - PSİXOLOQDAN AÇIQLAMA
İki minillik təslim olma ənənəsi: Ağ bayrağın arxasındakı sirr
"Süni intellekt vasitəsilə hazırlanmış musiqi heç vaxt bəstəkarın yaratdığı musiqinin yerini verə bilməz" - Faiq Sücəddinov
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar"
Prezident yeni elektrik avtobuslarına mindi - Fotolar