Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi

Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipiOxu.Az-ın baş redaktoru Ülvi Səfərov yazır...

Prezident İlham Əliyev oktyabrın 30-da Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq. Dövlət başçısının əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirakı və sıx iş qrafiki səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Bu qərara diplomatik münasibətlərin təcrübəsi və qarşılıqlılıq prinsipi kontekstində baxmaq maraqlıdır. Yaxın keçmişdə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdə Türkiyənin təmsilçiliyi ilə bağlı bir neçə nümunə var. Həmin faktları yanaşı qoyduqda tərəflərin bir-birinin gündəliyinə münasibəti barədə daha aydın mənzərə yaranır.

2024-cü il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin toplantıda iştirak etmədi. Türkiyəni vitse-prezident Cövdət Yılmaz təmsil etdi. Ərdoğan isə həmin gün Berlində Türkiyə və Niderland milli komandaları arasında futbol üzrə Avropa çempionatının dörddəbir final qarşılaşmasını izləyirdi. Qeyd edək ki, Şuşa sammiti Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyırdı. Türk dövlətlərinin rəhbərləri işğaldan azad edilmiş şəhərdə bir araya gəlmişdilər. Bu toplantı Türk dünyasının əməkdaşlıq gündəliyini Qarabağa gətirən, Şuşanı ortaq siyasi yaddaşda daha da möhkəmləndirən hadisə idi. Türkiyə rəhbərliyi həmin gün öz proqramına uyğun seçim etdi. Prezident milli komandasının qarşılaşmasında iştirak etdi, vitse-prezident isə Şuşadakı sammitə qatıldı. Beləliklə, Ankaranın hər iki tədbirlə bağlı proqramı həyata keçirildi.

Qeyd edilən fakt bugünkü qərarla bağlı diqqətəlayiq bir paralel yaradır. İki il əvvəl Türkiyə Prezidenti futbol üzrə Avropa çempionatının qarşılaşmasını izləyərkən ölkəsini TDT sammitində vitse-prezident təmsil edirdi. Bu dəfə Azərbaycan Prezidenti Bakıda beynəlxalq yarışın finalçılarını mükafatlandıracaq, TDT-nin Zirvə görüşünə isə xarici işlər naziri qatılacaq. Hər iki halda dövlət başçısının proqramı və ölkənin sammitdə təmsilçiliyi ayrıca müəyyənləşdirilib. Diplomatik münasibətlərdə belə qərarlar qəbul olunur və tərəflər öz gündəliklərini bu qaydada uzlaşdırırlar.

Sonrakı dövrdə də oxşar təmsilçilik nümunələri olub. 2026-cı ilin mayında Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumunun açılışında Türkiyə Prezidenti adından ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum iştirak edib. Türkiyə tərəfinin rəsmi məlumatında onun Ərdoğanı təmsil etdiyi göstərilib. Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin - CICA-nın VII Zirvə görüşünə də Türkiyə Prezidenti şəxsən qatılmayıb. Türkiyəni onun adından xarici işlər naziri Hakan Fidan təmsil edib. Bu barədə Türkiyə XİN əvvəlcədən məlumat yayıb.

Beləliklə, Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdə Türkiyə öz iş proqramına uyğun təmsilçilik səviyyəsi müəyyənləşdirib. Bu qərarlar ikitərəfli münasibətlərin davam etdiyi, birgə gündəliyin həyata keçirildiyi şəraitdə qəbul olunub. Burada qarşılıqlılıq prinsipinin mahiyyəti üzə çıxır. Tərəflərin bir-birinin proqramına göstərdiyi diqqət və anlayış münasibətlərin gündəlik keyfiyyətini müəyyənləşdirir. Dövlət başçısının vaxtı, əvvəlcədən götürülmüş öhdəlikləri və iştirakının planlaşdırıldığı tədbirlər qarşı tərəfin də nəzərə aldığı amillərdir. Azərbaycan-Türkiyə münasibətlərində bu anlayışın qarşılıqlı olması təbiidir. Hər iki ölkənin sıx diplomatik gündəliyi, ev sahibliyi etdiyi beynəlxalq tədbirlər və yerinə yetirməli olduğu proqramlar var. Təmsilçiliklə bağlı qərarlar da həmin gündəliyin bir hissəsidir. Dövlət başçılarının xaricdə keçirilən tədbirlərdə iştirakına müxtəlif obyektiv və subyektiv amillər təsir edə bilər. İş qrafiki, əvvəlcədən razılaşdırılmış proqram, ölkə daxilindəki tədbirlər və digər öhdəliklər bu qərarların qəbulunda rol oynayır. Diplomatiyada həmin şəraitə göstərilən anlayışın qarşılıqlı olması münasibətlərə ardıcıllıq və tarazlıq gətirir.

Qardaşlıq münasibətlərinin praktik tərəfi məhz belə məqamlarda görünür. Bir-birinin proqramlarını nəzərə almaq, qəbul edilmiş qərara hörmətlə yanaşmaq, ortaq işi müxtəlif səviyyələrdə davam etdirmək siyasi yaxınlığın gündəlik ifadəsidir. Bakının hazırkı proqramında isə mühüm beynəlxalq yarışın yekunu yer alır. Oktyabrın 24-də Azərbaycanda ilk dəfə FIFA U-15 Dünya Çempionatı və Festivalı başlayıb. Oktyabrın 30-da başa çatacaq tədbir, FIFA-nın məlumatına görə, 189 üzv assosiasiyanı bir araya gətirir. Bu miqyasda tədbirə ev sahibliyi təşkilati işlə yanaşı, ölkənin beynəlxalq təqdimatı baxımından da əhəmiyyətlidir. Dünyanın müxtəlif yerlərindən gələn iştirakçılar, nümayəndə heyətləri və futbol qurumları üçün Azərbaycan bütöv proqramın ev sahibidir. Yarışın açılışından yekun mərasiminədək həmin proqramın uğurla həyata keçirilməsi təşkilatçılığın əsas hissəsidir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 24-də FIFA Prezidenti Canni İnfantinonun da qatıldığı açılış mərasimində iştirak ediblər. Finalçıların mükafatlandırılması həmin tədbirin yekun proqramına daxildir və dövlət başçısının bu mərasimdə iştirakı əvvəlcədən planlaşdırılıb. Türkiyədə keçiriləcək sammitdə isə Azərbaycanın mövqeyini xarici işlər naziri təqdim edəcək. Dövlət başçısının tapşırığı ilə müəyyənləşdirilmiş bu təmsilçilik təşkilat çərçivəsində siyasi dialoqun və işin davamını təmin edir. Digər Azərbaycan nümayəndələri də sammit çərçivəsində müvafiq tədbirlərə qatılacaqlar.

Azərbaycanın TDT-dəki fəaliyyəti geniş və davamlı gündəliyə əsaslanır. Ölkəmiz təşkilatın qurucu üzvlərindəndir. Onun əsasını qoyan Naxçıvan Sazişi 2009-cu il oktyabrın 3-də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən imzalanıb. Türk dövlətlərinin əməkdaşlığının institusional əsaslarının Azərbaycanda yaradılması ölkəmizin bu prosesdəki yerini göstərən mühüm tarixi faktdır. Sonrakı illərdə Azərbaycan təşkilatın inkişafına, fəaliyyətinin genişlənməsinə və üzvlər arasında əlaqələrin möhkəmlənməsinə töhfə verib. Bakıda keçirilən zirvə görüşləri, Şuşa sammiti və Qarabağ Bəyannaməsi bu fəaliyyətin konkret nəticələridir.

Azərbaycanın yanaşmasında təşkilatın praktik imkanlarının artırılması mühüm yer tutur. Türk dövlətləri arasında ticarətin genişlənməsi, nəqliyyat bağlantılarının inkişafı, siyasi koordinasiyanın güclənməsi və humanitar əlaqələrin dərinləşməsi uzunmüddətli iş tələb edir. Sammitlər bu işə istiqamət verir, qəbul olunan qərarların həyata keçirilməsi isə davamlı əməkdaşlıq vasitəsilə təmin olunur. Təşkilatın gələcək çəkisi də ortaq layihələrin nəticələrindən, üzvlərin bir-birinin imkanlarından nə dərəcədə faydalanmasından və razılaşdırılmış təşəbbüslərin icrasından asılı olacaq. Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirəcək. TDT-nin güclənməsi və daha təsirli əməkdaşlıq platformasına çevrilməsi ölkəmizin ardıcıl dəstəklədiyi məqsəddir.

Bugünkü qərara da həmin geniş mənzərənin içindən baxmaq lazımdır. Bakıda əvvəlcədən planlaşdırılmış beynəlxalq tədbirin yekun mərasimi keçirilir, Türkiyədəki sammitdə Azərbaycanın təmsilçiliyi təmin olunur, təşkilat daxilində fəaliyyət davam edir. Şuşadan bu günə qədər olan təcrübə bir məqamı aydın göstərir: tərəflər öz proqramlarına uyğun qərarlar verir, əməkdaşlığı müxtəlif səviyyələrdə davam etdirirlər. Bu münasibətlərin sağlamlığı həmin qərarlara göstərilən qarşılıqlı anlayışda da ifadə olunur.

Diplomatiyada qarşılıqlılıq yaddaşı, ardıcıllığı və bərabər münasibəti tələb edir. Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmliyi də tərəflərin bir-birinin gündəliyinə eyni diqqət və hörmətlə yanaşması ilə daha da güclənir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 284   Tarix: 29 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əliyev Ərdoğanı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,. Qardaş Türkiyə Respublikasının milli bayramı - 29 Oktyabr - Respublika Günü münasibətilə Siz

29 oktyabr
.

Penitensiar xidmətin yeni rəisi kimdir? - Dosye

Prezident İlham Əliyevin sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi təyin edilib. Sahib Rzayevin dosyesini təqdim edir:. Sahib Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-c

27 oktyabr
.

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

"İkili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib. Cəmiyyətimizin ikili standartlara sıfır tolerantlıq göstərdiyini xatırlada

27 oktyabr
.

Azərbaycançılıq ideologiyası: tarixi köklərimiz, milli birliyimiz və ortaq gələcəyimiz

Hər bir xalqın tarixi inkişafını səciyyələndirən mühüm amillərdən biri onun müxtəliflik daxilində bütövlüyünü qorumaq, tarixi yaddaşını ümumi milli mənafe ilə uzlaşdırmaq və cəmiyyətin gələcəyini vahid ideya ətrafında qurmaq qabiliyyətidir. Bu baxımdan milli ideologiya sadəcə keçmişin mənəvi dəyərlə

28 oktyabr
.

Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"

"İkili standartlar, həmçinin onunla bağlıdır ki, kimsə sizə həyat tərzi ilə bağlı dərs deməyə çalışır. Bunu etməzdən əvvəl siz güzgüyə baxmalısınız, özünüzdən soruşmalısınız ki, sizin kiməsə mühazirə vermək hüququnuz varmı. AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliye

27 oktyabr
.

Prezident İlham Əliyevin Qlobal Forumda mesajları

Qlobal miqyasda müharibələr sanki normaya çevrildiyi vaxtda sülh və təhlükəsizlik hesablamaları mürəkkəb geosiyasi tənliklərin həllini zəruri edir. Həll variantları tapmaq getdikcə daha da çətinləşir, çünki beynəlxalq nizamın yenidən qurulması daha ağrılı proseslərlə müşayiət olunur. Çünki geoiqtisad

28 oktyabr
.

Azərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanı

Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərini əhat

28 oktyabr
.

Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

"Biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük. Biz hamımız özümüzün milli ideyaları - azəərbaycançılıq ətrafında birləşirik. Bu, Azərbaycanın bütün xalqlarını bir araya gətirir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev VI

27 oktyabr
.

İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"

"Bu gün biz meydana çıxan yeni müharibələri görürük. Hər il demək olar ki, bunun şahidiyik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib. Müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsin

27 oktyabr