Xankəndidən verilən Zəfər mesajı

Xankəndidən verilən Zəfər mesajıPrezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən etdiyi müraciət Azərbaycanın son altı ildə keçdiyi yolun hərbi, siyasi və mənəvi nəticələrini ümumiləşdirən mesaj kimi diqqət çəkir. Dövlət başçısının çıxışını şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etməsi təsadüfi məkan seçimi deyil. Bu, 2020-ci ildə döyüş meydanında başlanan prosesin 2023-cü ildə dövlət suverenliyinin tam bərpası ilə tamamlanmasının rəmzi ifadəsidir. 2020-ci ilin Qələbəsi yalnız hərbi əməliyyatların uğurlu nəticəsi deyil, Azərbaycanın siyasi, ideoloji və geostrateji baxımdan yeni mərhələyə keçididir. Bu hadisənin mahiyyəti ərazi nəzarətinin bərpası ilə məhdudlaşmır, regional münasibətlər sistemində ölkənin mövqeyinin dəyişməsi və milli özünüdərkin güclənməsi də həmin tarixi nəticənin tərkib hissəsidir.

Bu Qələbə bir tərəfdən uzun illər davam etmiş ərazi münaqişəsinin hərbi-siyasi həllinə yol açmış, digər tərəfdən Azərbaycanın regional münasibətlər sistemində mövqeyini dəyişdirmiş, dövlətin suverenlik imkanlarını genişləndirmiş və milli özünüdərk prosesinə yeni məzmun qazandırmışdır. Məsələyə tarixi ardıcıllıq və siyasi səbəb-nəticə əlaqələri müstəvisindən yanaşdıqda aydın olur ki, 44 günlük Vətən müharibəsi qəfil meydana çıxmış hadisə deyil, uzunmüddətli dövlət quruculuğu, iqtisadi potensialın gücləndirilməsi, diplomatik fəaliyyət, hərbi modernləşmə və milli iradənin səfərbər edilməsi proseslərinin nəticəsi idi.

Prezident Xankəndidən səsləndirdiyi müraciətdə vaxtilə dediyi "Qarabağ Azərbaycandır və nida" bəyanatına qayıdaraq vurğulayıb:"O vaxt Ermənistan rəhbərliyinin yersiz açıqlamalarına biz də açıqlamalar vermişdik. Mən bildirmişdim ki, "Qarabağ Azərbaycandır və nida". O nida işarəsini biz 2023-cü il sentyabrın 20-də bax, burada - Xankəndidə qoyduq. Birgünlük antiterror əməliyyatı Ermənistanın işğalçı ordusunun 15 minlik işğalçı korpusunu tamamilə iflic vəziyyətə salmışdır, çox dəqiq və peşəkarcasına aparılmış hərbi əməliyyat nəticəsində Ermənistan məcburən ikinci dəfə təslim olmuşdur".

Xankəndidəki keçmiş icra hakimiyyəti binasının Zəfər Muzeyinə çevrilməsi də eyni məntiqi davam etdirir. Prezident həmin binanın vaxtilə separatçıların fəaliyyət göstərdiyi məkan olduğunu xatırladaraq deyib: "Artıq Zəfər Muzeyinin yaradılması ilə bağlı son tamamlama işləri aparılır. Onun məkanı keçmiş icra hakimiyyətinin binasıdır, hansı ki, vaxtilə Azərbaycana qarşı təcavüzün, işğalçılıq siyasətinin beşiyi idi. O, bir şeytan yuvası idi. O binaya mən şanlı Zəfərimizdən sonra - 2023-cü ilin oktyabrında gələndə, ilk növbədə, binanın pəncərələrini açdım ki, o şeytan ruhu oradan çəkilsin. İndi həmin o binada Zəfər Muzeyi yerləşəcək".

Dövlət başçısı keçmiş separatçı rəhbərlərin Bakıda cəzalarını aldıqlarını da bildirib. Belə bir binanın muzeyə çevrilməsi işğal dövrünün simvollarının yeni tarixi yaddaş məkanına çevrilməsi anlamına gəlir. Zəfər tağına aparan pillələrin hər birində müharibənin bir gününün həkk olunması isə tarixi yaddaşın başqa bir ifadəsidir.Prezidentin "Bu Zəfər tağına gedən pilləkənin hər pilləsində Vətən müharibəsinin hər bir günü həkk olunub. Bu pilləkənlə qalxan hər bir insan haqlı olaraq qürur hissi keçirir, 44 günlük şanlı yürüşümüzün tarixini bir daha yaşayır. Bütün bu məsələlər təbiidir. Amma onu da bildirməliyəm ki, bu pilləkəndə, eyni zamanda, şəhidlərimizin qanı da həkk olunub" sözləri Qələbənin həm də böyük insan fədakarlığı hesabına əldə olunduğunu xatırladır.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin 44 günü Azərbaycanın müasir tarixində dönüş nöqtəsinə çevrildi. Prezidentin sözlərinə görə, 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması isə müharibənin taleyini həll etdi. "Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində qəhrəmanlıq, rəşadət, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Düşmənin beli döyüş meydanında qırıldı. 44 günlük Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında düşməndən azad edildi. O yaşayış məntəqələrində Azərbaycan Bayrağı qaldırıldı və bunun nəticəsində noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, o vaxt döyüş meydanında hələ azad olunmamış ərazilər də Azərbaycana qaytarıldı, bir güllə atılmadan, bir şəhid vermədən", - deyə Prezident bildirib.
Bunun ardınca Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz qaytarılması hərbi üstünlüyün diplomatik nəticəyə çevrilməsini göstərdi.

Bu müharibənin strateji nəticəsi ondan ibarət oldu ki, Azərbaycan hərbi uğuru siyasi nəticəyə çevirməyi bacardı. Müharibələr tarixində bütün döyüş qələbələri mütləq siyasi uğurla nəticələnmir. Hərbi üstünlüyün davamlı nəticə verməsi üçün düzgün diplomatik qərarların qəbul edilməsi, əldə olunan mövqelərin qorunması və postmüharibə mərhələsinin idarə olunması tələb olunur. Şuşanın strateji əhəmiyyəti onun coğrafi mövqeyi ilə yanaşı, siyasi və mənəvi mahiyyəti ilə də bağlı idi. Şəhərin mürəkkəb dağlıq relyef şəraitində azad edilməsi Azərbaycan Ordusunun hərbi hazırlığını və xüsusi əməliyyat imkanlarını nümayiş etdirdi. Şuşanın azad olunması nəticəsində Ermənistan qüvvələrinin mövqeləri strateji baxımdan ciddi şəkildə zəiflədi, müharibənin davam etdirilməsinin hərbi və siyasi xərcləri Ermənistan rəhbərliyi üçün artdı.

Prezident isə Azərbaycan Ordusunda bir nəfərin belə fərarilik etmədiyini, Ermənistan rəhbərliyinin öz ordusunda 12 minə yaxın fərarinin olduğunu etiraf etdiyini vurğulayıb. Bu müqayisə çıxışın hərbi hazırlıqla yanaşı, döyüş ruhu və motivasiya ilə bağlı mühüm xəttini təşkil edir. Dövlət başçısı Böyük Qayıdışın nəticələrini də diqqətə çatdırıb:"İşğal dövründə bizim bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmişdir. Bu, misli görülməmiş barbarlıqdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz Ermənistan tərəfindən dağıdıldı və təhqir olundu. İndi genişmiqyaslı quruculuq işləri gedir, "Böyük Qayıdış" Proqramı icra edilir. Artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır, çalışır və hər ay biz keçmiş köçkünlərin öz doğma torpaqlarına qayıtmasının şahidləriyik".

Azad edilmiş torpaqların yenidən qurulması yalnız binaların tikilməsi demək deyil. Avtomobil yolları, enerji və su təchizatı, hava limanları, məktəblər, səhiyyə və iş yerləri birlikdə regionun vahid sosial-iqtisadi sistemə qayıtmasını təmin etməlidir. Böyük Qayıdış yalnız demoqrafik proses kimi qiymətləndirilməməlidir. Bu, eyni zamanda sosial ədalətin, tarixi yaddaşın, mülkiyyət münasibətlərinin və insanların təhlükəsiz yaşayış hüququnun bərpası ilə bağlı mürəkkəb dövlət siyasətidir. Uzun illər məcburi köçkün həyatı yaşamış insanların öz doğma torpaqlarına qayıtması mənəvi baxımdan mühüm hadisədir. Lakin qayıdışın davamlı olması üçün mənzil təminatı ilə yanaşı, məşğulluq imkanlarının, məktəblərin, xəstəxanaların, kommunal xidmətlərin və sahibkarlıq mühitinin inkişafı vacibdir. Prezidentin müraciətinin yekun xətti milli-mənəvi dəyərlər və Azərbaycançılıq məfkurəsi ilə bağlıdır. Dövlət başçısı bu ideologiyanın ölkədə yaşayan bütün etnik və dini qrupları birləşdirən əsas fəlsəfə olduğunu bildirib.

"Bizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimizdir. Azərbaycan dövləti bu təməl üzərində qurulub. Milli-mənəvi dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. Əsrlər boyu biz bu dəyərləri qəlbimizdə yaşatmışıq, qorumuşuq və gələcək nəsillərə əmanət kimi verəcəyik", - Prezident vurğulayıb. Beləliklə, Xankəndidəki Zəfər tağı önündən verilən mesaj yalnız ötən müharibənin xatırladılması deyil, dövlətin gələcək təhlükəsizlik və inkişaf hədəfinin ifadəsidir. Prezident İlham Əliyev müraciətinin sonunda bu hədəfi belə müəyyənləşdirib: "Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! Əminəm ki, belə də olacaq. Bu gün Azərbaycan güclü dövlətdir, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərindən heç kimdən asılı olmayan dövlətdir, müstəqil siyasət aparan dövlətdir və ləyaqətli dövlətdir". Bu mesaj Qələbənin qorunmasını, müstəqil siyasətin davam etdirilməsini, iqtisadi və hərbi potensialın gücləndirilməsini, eləcə də milli həmrəyliyin möhkəmləndirilməsini qarşıdakı dövrün əsas strateji vəzifələri kimi ön plana çıxarır.

Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 336   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

11 noyabr
.

Konstitusiyanın qəbulundan sonra Azərbaycanın inkişaf modelində nə dəyişdi? - AÇIQLAMA

"1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın tarixində ilk fundamental konstitusiya sənədidir. Həmin vaxta qədər ölkədə qüvvədə olan Konstitusiya sovet dövrünün Konstitusiyası əsasında müəyyən dəyişikliklər və düzəlişlər edilməklə formalaşdırılmışdı. Təbii ki, bu sənəd müstəqi

11 noyabr
.

8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir

8 Noyabr Zəfər Günü xalqımızın çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıyan, milli qürurumuzun, sarsılmaz iradəmizin və tarixi ədalətin təntənəsini özündə ehtiva edən şanlı tarixdir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər xalqımızın otuz ilə yaxın davam edə

8 noyabr
.

Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto

Heydər Əliyev Fondu Türkiyənin Antalya vilayətində davam edən COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur. xəbər verir ki, bununla bağlı AZƏRTAC-a açıqlamasında Heydər Əliyev Fondunun nümayəndəsi Qönçə Darabzadə məlumat verib. O bildirib ki, pavilyon Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullant

10 noyabr
.

İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərinə dair videoçarx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı

10 noyabr
.

Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq

Noyabrın 12-də Bakıda ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş Azərbaycan-Qana biznes forumu keçiriləcək. "Africa-Azerbaijan Cooperation"a (AFAZ) istinadən xəbər verir ki, Azərbaycan və Qana arasında qarşılıqlı investisiyaların artırılması və ticarət əlaqələrini

9 noyabr
.

Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib. Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Draqan Vladisavljeviç Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsus

9 noyabr
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

8 noyabr
.

Azərbaycan Konstitusiyası əbədi dövlətçilik yolumuzun hüquqi təməlidir

"1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri, müstəqilliyimizin hüquqi təminatı və gələcək inkişafımızın möhkəm təməlidir. Bu ali hüquqi sənəd Azərbaycan xalqının inkişafı naminə müasir

11 noyabr