Cənnət, cəhənnəm, yoxsa reinkarnasiya: Ölümdən sonra bizi nə gözləyir? - İLAHİYYATÇIDAN AÇIQLAMA
İnsanları əsrlər boyu düşündürən ən böyük suallardan biri ölümün son olub-olmamasıdır. İnsan öldükdən sonra şüuru tamamilə yox olur, yoxsa həyat başqa formada davam edir? Səmavi dinlərdə insanın dünyadakı əməllərinə görə axirətdə mükafat və ya cəza alacağına, cənnət və cəhənnəmin mövcudluğuna inanılır. Hinduizmdə, o cümlədən Krişna ənənəsində isə ruhun yenidən doğulması, yəni reinkarnasiya anlayışı mühüm yer tutur. Lakin dinlərin bu suala verdiyi cavablarla yanaşı, elm də ölüm anında beyində baş verən prosesləri, ölümə yaxın təcrübələri və insan şüurunun təbiətini araşdırır. Əsas sual isə hələ də açıq qalır: İnsan öldükdən sonra həqiqətən nə baş verir və ölümdən sonrakı həyatın mövcudluğunu elmi yolla sübut etmək mümkündürmü? Mövzunun aktuallığını artıran məqam isə 2026-cı ildə ABŞ-ın Virciniya Universitetində aparılan araşdırmadır. Tədqiqatçılar əvvəlki həyatını xatırladığını iddia edən uşaqlarla bağlı 1 678 hadisəni təhlil ediblər. Araşdırmada ölüm ilə guya yenidən doğulma arasındakı müddətlə bağlı maraqlı statistik əlaqə aşkarlanıb. Lakin bu nəticələr reinkarnasiyanın elmi sübutu hesab edilmir.
Bununla yanaşı, 2025-ci ildə Nature Reviews Neurology jurnalında dərc olunan elmi icmalda ölümə yaxın təcrübələr də araşdırılıb. Tədqiqatçılar belə təcrübələrin beyində qan dövranının zəifləməsi, oksigen çatışmazlığı və neyrokimyəvi dəyişikliklərlə əlaqəli ola biləcəyini bildiriblər. Bu araşdırmalar ölüm anında insan beynində hansı proseslərin baş verdiyini anlamağa kömək etsə də, ölümdən sonrakı həyatın mövcudluğunu təsdiqləmir. Beləliklə, dinlərin minilliklərdir fərqli cavablar verdiyi, elmin isə hələ də araşdırdığı bu sual aktuallığını qoruyur: İnsan öldükdən sonra həqiqətən nə baş verir? Ölüm hər şeyin sonudur, yoxsa insan şüurunu və ruhunu gözləyən başqa bir mərhələ var?
Mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Sonxeber.az-a açıqlamasında bildirdi ki, bizə məlumdur ki, mənbələrə baxdıqda görürük ki, İslam dinində ölüm insanın tamamilə yox olması və varlığının sona çatması kimi qəbul edilmir. İslam dünyagörüşünə görə, dünya həyatı müvəqqəti, axirət həyatı isə əbədi həyatdır. Ölüm bir həyat mərhələsindən digərinə keçiddir. Qurani-Kərimdə buyurulur: "Hər bir canlı ölümü dadacaqdır. Biz sizi bir imtahan olaraq xeyir və şərlə sınayırıq. Siz yalnız Bizə qaytarılacaqsınız" (əl-Ənbiya, 35).
Burada əsas bir məsələni fərqləndirmək lazımdır. Ruhun ölümdən sonra mövcudluğunu davam etdirməsi ilə ruhun başqa bir insanın və ya heyvanın bədənində yenidən dünyaya gəlməsi eyni anlayışlar deyil. İslam birincini qəbul edir, ikincini isə rədd edir. Çünki İslamın axirət inancı reinkarnasiya deyil, bərzəx həyatı, qiyamət günü dirilmə və ilahi hesab prinsiplərinə əsaslanır.
Reinkarnasiya, yaxud tənasüx anlayışı əsasən hinduizm və bəzi digər Şərq dini-fəlsəfi sistemlərində mövcuddur. Bu inanca görə, insanın fiziki bədəni öldükdən sonra ruh başqa bir bədəndə həyatını davam etdirir. Növbəti həyatın hansı formada olmasının isə əvvəlki həyatdakı əməllərlə, xüsusilə karma anlayışı ilə əlaqəli olduğu düşünülür. Lakin bu anlayışı bütün Şərq dinlərinə eyni şəkildə aid etmək düzgün deyil. Məsələn, buddizmdə yenidən doğuluş anlayışı olsa da, dəyişməz və əbədi ruhun bir bədəndən digərinə keçməsi məsələsi hinduizmdən fərqli izah olunur.
İslamın mövqeyi isə tamamilə başqadır. Qurani-Kərimdə insanın ölümündən sonra yenidən dünya həyatına qayıtmaq istəyindən bəhs edilir. Möminun surəsinin 99-100-cü ayələrində bildirilir ki, ölüm anı gəldikdə insan: "Ey Rəbbim! Məni geri qaytar! Bəlkə, tərk etdiyim dünyada yaxşı bir əməl edim!" deyər. Lakin onun bu istəyinə müsbət cavab verilməz və onun qarşısında diriləcəyi günə qədər bərzəx olduğu bildirilər.
Bu ayələr İslamın insan həyatına və ölüm sonrası varlığa münasibətini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır. İnsan dünyaya bir dəfə gəlir, ona verilmiş ömür ərzində seçimlər edir və həmin seçimlərə görə məsuliyyət daşıyır. Ölümündən sonra başqa bir bədəndə yenidən dünyaya gələrək həyatını davam etdirmir. Qiyamət günü isə Allahın əmri ilə yenidən dirildilərək əməllərinə görə hesaba çəkilir.
Qurani-Kərimdə Nəcm surəsinin 38-39-cu ayələrində buyurulur ki, heç bir günahkar başqasının günah yükünü daşımaz və insana yalnız öz çalışdığı əməlin qarşılığı verilər. Bu, İslamın fərdi məsuliyyət və ilahi ədalət prinsipidir.
Burada fəlsəfi baxımdan da mühüm bir sual ortaya çıxır: Əgər ruh hər dəfə başqa bədəndə dünyaya gəlirsə, əvvəlki həyatında etdiyi əməllərə görə məsuliyyət daşıyan kimdir? İnsan əvvəlki həyatını xatırlamırsa, hansı əməlinə görə cəzalandırıldığını və ya mükafatlandırıldığını necə dərk etməlidir? Əlbəttə, bu suallar reinkarnasiya inancının tərəfdarlarının öz fəlsəfi izahları ilə cavablandırmağa çalışdıqları məsələlərdir. Lakin İslamın ilahi ədalət anlayışında insanın şəxsiyyəti, əməlləri və məsuliyyəti arasında aydın əlaqə mövcuddur. Allahın hüzurunda hesab da məhz insanın öz həyatında etdiyi əməllər əsasında həyata keçiriləcək.
İslam alimləri də bu məsələyə geniş münasibət bildiriblər. İmam Qəzali ruhun mahiyyəti, insanın mənəvi varlığı və axirət həyatı məsələlərini əsərlərində təhlil edib. İmam Nəvəvi və İmam Qurtubi bərzəx, qəbir həyatı və axirətə dair dini mətnləri şərh ediblər. İbn Teymiyyə isə ruhun ölümdən sonrakı vəziyyəti və dirilmə məsələlərinə xüsusi diqqət yetirib. Qədim İslam kəlamında tənasüx inancı insanın bir dəfə dünya həyatına gəlməsi və qiyamət günü dirilməsi etiqadı ilə uzlaşmayan fikir kimi rədd olunub.
O ki, qaldı ki, bəzi insanların başqalarının əvvəlki həyatlarını görə bilməsi və onların keçmişdə kim olduqlarını müəyyənləşdirməsi iddiası da islamla uzlaşmır. Həm də ki, hər hansı bir şəxsin müəyyən hadisələri inamla danışması həmin hadisələrin həqiqətən baş verdiyini sübut etmir. Çünki, bu elmlə izah oluna bilmir, islam isə bunu qeyb adlandırıb susur. Çünki, bütün insanların hamısında elmi cəhətdən baxanda eyni hadisələr baş vermir, baxmayaraq ki, islam bütün insanlarda hadisələrin eyni baş verdiyini bildirir.
Əsas da müasir dövrümüzdə psixologiyada yaddaşın yenidən qurulması, yalançı xatirələr, təlqin və yanlış xatırlama kimi hadisələr geniş araşdırılır. Məşhur amerikalı psixoloq Elizabet Loftusun tədqiqatları göstərib ki, insanın yaddaşı keçmiş hadisələri hər zaman dəyişməz və dəqiq şəkildə saxlamır. Bəzən sualların forması, eşidilən məlumatlar və psixoloji təsirlər insanın heç vaxt yaşamadığı hadisələri belə öz xatirəsi kimi qəbul etməsinə səbəb ola bilər.
Xüsusilə hipnoz və təlqin vasitəsilə əldə edilən əvvəlki həyat xatirələrini avtomatik olaraq həqiqət hesab etmək olmaz. Çünki hipnoz zamanı yaranan xatirələr də yanlış və sonradan formalaşmış təsəvvürlər ola bilər. Ayrı-ayrı şəxslərin danışdıqları hadisələr araşdırıla bilər, lakin onların elmi həqiqət kimi qəbul edilməsi üçün müstəqil yoxlama, alternativ izahların istisna edilməsi və etibarlı sübutlar tələb olunur.
Bu günə qədər ruhun bir bədəndən digərinə keçməsini elmi baxımdan qəti şəkildə təsdiqləyən, müstəqil tədqiqatlarla təkrarlana bilən ümumi qəbul edilmiş sübut mövcud deyil. Bəzi tədqiqatçılar uşaqların əvvəlki həyatla əlaqələndirilən xatirələrini araşdırsalar da, bu müşahidələr reinkarnasiyanın elmi cəhətdən sübut edildiyi mənasına gəlmir.
Ruhun mahiyyəti məsələsinə gəldikdə isə, burada Qurani-Kərimin çox mühüm bir ayəsi var. İsra surəsinin 85-ci ayəsində buyurulur: "Səndən ruh haqqında soruşurlar. De: Ruh Rəbbimin əmrindəndir. Sizə isə yalnız az bir bilik verilmişdir".
Bu ayə insanın ruh haqqında biliyinin məhdud olduğunu göstərir. Biz ruhun varlığına iman edirik, lakin onun bütün mahiyyətini, necə fəaliyyət göstərdiyini və yaradılışının bütün sirlərini bildiyimizi iddia edə bilmərik. Müasir elm də insan şüurunun, yaddaşının və beyin fəaliyyətinin bir çox aspektlərini araşdırsa da, şüurun mahiyyəti ilə bağlı hələ də ciddi elmi və fəlsəfi mübahisələr mövcuddur. Bununla belə, ruhun mahiyyətinin tam izah olunmaması reinkarnasiyanın doğruluğuna dəlil sayıla bilməz.
Peyğəmbərimiz Məhəmməd (s.ə.s) buyurub: "Adəm oğlu öldükdə onun əməli kəsilir. Yalnız üç şey istisnadır: davam edən sədəqə, faydalanılan elm və onun üçün dua edən əməlisaleh övlad" (Səhih Muslim, 1631).
Bu hədis insanın ölümündən sonra da dünya həyatında gördüyü faydalı işlərin mənəvi əhəmiyyətini göstərir. İnsan dünyadan köçür, lakin qoyduğu faydalı irs, öyrətdiyi elm, etdiyi yaxşılıqlar və yetişdirdiyi əməlisaleh övladlar vasitəsilə onun xeyirli əməllərinin təsiri davam edə bilər. Bu, ruhun başqa bədənə keçməsi deyil, insanın özündən sonra qoyduğu mənəvi və ictimai irsin davam etməsidir.
Mən hesab edirəm ki, ölüm sonrası həyat məsələsinə yanaşarkən dinlə elmi bir-birinə qarşı qoymaq düzgün deyil. Bununla yanaşı, elmin araşdırdığı faktlarla dini inancın metafizik müddəalarını da eyniləşdirmək olmaz. Hər bir iddia öz mənbəyi, metodologiyası və sübut meyarları əsasında qiymətləndirilməlidir.
Mən belə başa düşürəm ki, İslamın ölüm sonrası həyat inancı insanın başqa bir bədəndə yenidən dünyaya gəlməsinə deyil, bərzəx həyatına, qiyamət günü dirilməyə və Allahın hüzurunda hesaba çəkilməyə əsaslanır. Bu inancın əsas məqsədi insanı qorxu içində yaşatmaq deyil, ona öz həyatının məsuliyyətini dərk etdirməkdir.
Fikrimcə, insanın əsas diqqəti neçə dəfə dünyaya gələcəyinə deyil, ona verilmiş bu bir ömrü necə yaşayacağına yönəlməlidir. Çünki insanın bu dünyada etdiyi yaxşılıqlar, göstərdiyi mərhəmət, qoruduğu ədalət, qazandığı elm və cəmiyyətə verdiyi fayda onun həyatının həqiqi mənəvi dəyərini müəyyənləşdirir. Ölüm həyatın mənasız sonluğu deyil, İslam inancına görə, insanın dünya həyatından sonra yeni bir varlıq mərhələsinə keçididir. Yenə də düzünü Allah bilir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri - Foto
Niderland məhkəməsi BYD-nin yeni modelinin satışını qadağan etdi
Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü
Qəzada ölən Ada Süleyman tanınmış aparıcı olub
Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI
"Hələ yazılacaq çox hekayəm var…" - Sonuncu dəfə bu paylaşımı edib
Şimali Amerika böyüklüyündə ərazi su altında qalıb - Orada qədim insan izləri axtarılır
Ev yalnız ər və ya arvadın adınadırsa, digərinin mülkiyyət hüququ varmı? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Kredit faizləri ucuzlaşacaq? Mərkəzi Bankın növbəti qərarı nəyi dəyişəcək? - İQTİSADÇIDAN AÇIQLAMA
Səhər yeməyində ŞİRİN ÇAY - Mütəxəssislərdən XƏBƏRDARLIQ
Kofe alarkən bu məqamlara diqqət edin - Keyfiyyətli məhsulu necə seçək? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda 37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu
Kəlbəcərdə həyat yenidən başlayır