Sədr müavini: "Komitə sədri istənilən şəxsi din xadimi təyin edə bilməz" - MÜSAHİBƏ

Sədr müavini: "Komitə sədri istənilən şəxsi din xadimi təyin edə bilməz" - MÜSAHİBƏ"179 ştat vahidinə Komitənin rəhbərliyində təmsil olunan siyasi vəzifə tutan şəxslərlə yanaşı, texniki heyət də daxildir. Mərkəzi Aparatda 88, bölgə şöbələrində 91 ştat vahidi var. Bəzən elə görüntü yaratmaq istəyirlər ki, guya Komitədə yüzlərlə, hətta minə yaxın işçi çalışır. Bunu əsas gətirib Komitəni nədəsə günahlandırmaq istəyənlər də tapılır. Hətta bizə aid oldu-olmadı, "Dini Quurmlarla İş üzrə Dövlət Komitəsi hara baxır?",- deyə sual verənlər də ortaya çıxır. Halbuki, Komitənin ştat vahidi məhduddur".

Bunu "Report"a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. Gündüz İsmayılovun müsahibəsini təqdim edirik:

- Gündüz müəllim, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu gün hansı əsas vəzifələrin icrasını qarşısına məqsəd kimi qoyub?

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) 2001-ci il iyun ayının 21-də ulu öndər Heydər Əliyevin Fərmanı ilə yaradılıb və biz bu günlərdə 22 illiyimizi böyük konfransla qeyd etdik. Komitənin yaranması ilə bağlı Fərmanda konkret olaraq DQİDK-nın vəzifələri göstərilib. Birinci vəzifə Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə müvafiq olaraq, dini etiqad azadlığının həyata keçirilməsi üçün münasib şəraitin yaradılmasıdır. İkinci vəzifə dini qurumların dövlət qeydiyyatına alınmasıdır. 2001-ci ilə qədər dini qurumlar Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçirdilər. 2001-ci ildən sonra isə bu səlahiyyət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verildi. Üçüncü istiqamət isə dini qurumlarla digər dövlət qurumları arasında vasitəçi və əlaqələndirici olmaqdır.

Sadaladıqlarım Dövlət Komitəsi yarananda qarşısına qoyulan vəzifələr idi. Amma zaman keçdikcə, təbii ki, iş yükü artdı və vəzifələrə yeniləri əlavə olundu. Məsələn, 2008-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsində dəyişiklik edildi. Komitənin qarşısına belə bir vəzifə qoyuldu ki, ölkədə dini maarifləndirmə işi də aparsın. Bu gün maarifçilik işi televiziya verilişlərimiz, eyni zamanda, qəzetimiz, jurnalımız, saytımız, sosial şəbəkələrdə qrup və səhifələrimiz, müxtəlif maarifləndirici tədbirlər, seminarlar, treninqlər, təlimlər, müşavirələr, konfranslar və s. vasitəsilə həyata keçirilir. Hazırda Dövlət Komitəsində ayrıca Dini maarifçilik işinin təşkili şöbəsi fəaliyyət göstərir.

Zaman keçdikcə din xadimlərinə maddi dəstəyin verilməsi də vəzifələrimiz sırasında yer aldı. 2017-ci ilə qədər din xadimlərinə dövlət tərəfindən rəsmi şəkildə aylıq maddi dəstək verilmirdi. Həmin ildə Prezident İlham Əliyevin Fərmanı ilə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradıldı. Fond mənəvi dəyərləri təbliğ etməklə yanaşı, rəsmi təyinatı olan din xadimlərinə aylıq maddi dəstək verir. Bu, maaş deyil, maddi dəstəkdir. Fond eyni zamanda, mənəvi dəyərlərin təbliği istiqamətində iş görür – kitablar nəşr edir, sənədli filmlər çəkir, konfranslar, seminarlar keçirir. Məsələn, Fond tərəfindən indiyə qədər dəfələrlə həm Azərbaycan, həm də Gürcüstanda yaşayan azərbaycanlı müsəlmanlar üçün Qurani-Kərim nəşr edilib. Eyni zamanda, Fond tərəfindən şəhid ailələrinə, qazilərə, dinimizin, milli-mənəvi dəyərlərimizin təbliğinə yönəlik çoxsaylı layihələr həyata keçirilir. Bunlarla yanaşı, hər ay Naxçıvan Muxtar Respubikası da daxil olmaqla, 1120 nəfərə Fond tərəfindən maddi dəstək göstərilir. Bunlardan təxminən 468 nəfəri imam, 312 nəfəri imam müavini, 320 nəfəri dini ayinlərin icraçısı-müəzzin, 20 nəfəri isə qadın dini ayinlərin icraçısıdır.

Sonuncu dəfə 2022-ci ildə Dövlət Komitəsinə yeni bir vəzifə həvalə olundu. Ötən il "Dini etiqad azadlığı haqqında" Qanuna dəyişiklik edildi. Həmin dəyişikliyə əsasən, islam dininə aid ibadət yerlərinə – məscid və ziyarətgahlara din xadimlərinin təyin edilməsi Dövlət Komitəsinin səlahiyyətlərinə aid edildi.

Bir sözlə, 2001-ci ildən 2023-cü ilə qədər keçdiyimiz 22 illik yola nəzər saldıqda, məlum olur ki, Komitənin iş yükü, vəzifələri, funksiyaları artan xəttlə davam edib. Bu, həm də onu deməyə əsas verir ki, din sahəsində Azərbaycan hökumətinin fəaliyyətini, siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi belə bir qurumun yaradılması zəruri idi və Komitə bu günədək üzərinə düşən işin öhdəsindən layiqincə gəlib.

Onu da əlavə edim ki, Dövlət Komitəsi sadalanan bu işləri 179 əməkdaşla həyata keçirir. 179 ştat vahidinə Komitənin rəhbərliyində təmsil olunan siyasi vəzifə tutan şəxslərlə yanaşı, texniki heyət də daxildir. Mərkəzi Aparatda 88, bölgə şöbələrində 91 ştat vahidi var. Bəzən elə görüntü yaratmaq istəyirlər ki, guya Komitədə yüzlərlə, hətat minə yaxın işçi çalışır. Bunu əsas gətirib Komitəni nədəsə günahlandırmaq istəyənlər də tapılır. Hətta bizə aid oldu-olmadı "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hara baxır?",- deyə sual verənlər də ortaya çıxır. Halbuki, Komitənin ştat vahidi məhduddur.

- Din xadimlərinin təyinatı zamanı hansı məqamlar mütləq nəzərə alınır?

- Dediyim kimi, ötən il "Dini etiqad azadlığı haqqında" Qanuna dəyişiklik edildi. Dəyişikliyin də mahiyyəti bundan ibarət idi ki, məscid və ziyarətgahlara din xadimlərinin təyinatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilsin. Biz bu prosesin şəffaflığı və daha layiqli namizədlərin təyinat alması üçün "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası"nı hazırlayaraq Ədliyyə Nazirliyində normativ hüquqi akt kimi qeydiyyatdan keçirdik. Qanunvericiliyə görə, müsəlman din xadimlərini Dövlət Komitəsinin sədri təyin edir. Amma Komitə sədri istənilən şəxsi din xadimi təyin edə bilməz.

Birincisi, qanun tələb edir ki, din xadimi təyin olunacaq şəxsin ya ali, ya da orta ixtisas dini təhsili olsun. Namizəd ya universitet, institut, akademiya, ya da mədrəsə bitirməlidir. Bu, qanunun tələbidir.

İkincisi, Dövlət Komitəsinin sədri ali təhsili olan şəxsi müsahibədən keçməsə, imam, yaxud imam müavini təyin edə bilməz. İlahiyyatçılardan ibarət 7 nəfərlik Müsahibə Komissiyası var. Komissiya üzvləri İlahiyyat İnstitutunun müəllimləri, Dövlət Komitəsində çalışan ilahiyyatçı əməkdaşlardır. 7 nəfərin içərisində bir nəfər də olsun, ilahiyyatçı olmayan şəxs yoxdur. Qaydaya əsasən, 7 nəfərin hər birinin qiymətləndirmə balı 5-dir. Namizəd maksimum toplayacağı bal 35-dir, keçid balı isə 26-dır. Bu, o deməkdir ki, namizədin təsadüfən, yaxud qanundankənar yolla müsahibədən keçməsi mümkün deyil. Çünki 7 nəfərin hər biri onu qiymətləndirməlidir.

İkincisi, çox vaxt soruşurlar ki, müsahibə sualları hansı istiqamətdədir? Biz hansı mövzulardan sual veririksə, o mövzular təsdiqlənərək Komitənin rəsmi saytında yerləşdirilib. Bu, hər bir namizəd üçün əlçatandır. Bəs hansı mövzulardır? İlk növbədə, Qurani-Kərimdir ki, bu istiqamətdə namizədi sual-cavab edən Azərbaycan İlahiyyat İnstitutunun prorektoru və Quran müəllimi Mirniyaz Mürsəlovdur. Artıq uzun müddətdir ki, o, Qurani-Kərimi tədris edir, ilahiyyat üzrə fəlsəfə doktorudur, Azərbaycanda ən yaxşı Quran mütəxəssisi sayılır. Heç kim onun işinə müdaxilə edə bilməz. Mən Komissiyanın sədri olmağıma baxmayaraq, Mirniyaz müəllimin namizədlə dialoquna hər hansı bir formada müdaxilə etmirəm və belə bir imkanım, səlahiyyətim yoxdur. Qurani-Kərim, onun oxunuşu, təcvidi - əsas bunlar soruşulur. Digər önəmli bir məqam şəriətlə bağlı suallardır- namaz, oruc, zəkat, Həcc, dəfn mərasimi, nikah, təfsir və s.

Digər mövzulardan biri Azərbaycan tarixidir. Amma biz namizəddən tarixçi kimi cavab gözləmirik. Elə məqamlar var ki, namizəd, yəni gələcəyin din xadimi bunları bilməlidir. Məsələn, o, Azərbaycan ərazisində tarixən mövcud olmuş dövlətləri, hazırda mənsubları olan ənənəvi dinləri, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını, müstəqil Azərbaycanın tarixini, 44 günlük Vətən müharibəsini, heç olmasa, önəmli faktları, tarixi həqiqətləri bilməlidir. Eyni zamanda, namizədin dil bilikləri yoxlanılır. Ərəb, fars, yaxud hər hansı xarici dili bilirmi? Təbii ki, dünyagörüşü ilə yanaşı, din sahəsində qanunvericik bazası barədə məlumatlı olmalıdır. Məsələn, bir imam bilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasında dövlət-din münasibətləri ilə bağlı maddələr hansılardır? Dövlət Komitəsinin Əsasnaməsini, yaxud Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsini bilməlidir. Çünki din xadimləri şəriət məsələlərində QMİ-yə tabedirlər. İmam ən azı özünün vəzifələrini və funksiyalarını öyrənməlidir.

Bütün müsahibə prosesi zamanı videoçəkiliş aparılır. İmtahanda iştirak edən şəxs sonradan videoçəkilişlə tanış ola, imtahanın nəticələrindən narazı qalarsa, apellyasiyaya, hətta məhkəməyə də müraciət edə bilər. Bu dediyim mövzularda uğur qazanacağı təqdirdə namizəd müsahibədən keçir və Dövlət Komitəsi sədrinin onu din xadimi təyin etmək hüququ yaranır.

- Qadın dini ayinlərin icraçıları da eyni prosedurdan keçirlər?

- Əlbəttə. Bir məsələni də qeyd etmək istəyirəm. Bəzən məqsədyönlü şəkildə elə iddia edirlər ki, guya DQİDK məscidlərə qadın din xadimləri təyin edir. Hətta bir az da irəli gedib bunu elə təqdim etmək istəyirlər ki, guya Dövlət Komitəsi müsəlmanlaraqadın imamların arxasında namaz qılmalı olduqlarını deyəcək. Bunu bilməyərəkdən deyənlər də var. Diqqət edin, bu vəzifənin adı imam, imam müavini deyil, qadın dini ayinlərin icraçısıdır. Din xadimlərinin təyinatı, rotasiyası, fəaliyyətinə xitam verilməsi qaydaları ilə bağlı təlimatda qadın dini ayinlərin icraçısı vəzifəsinin funksiyası göstərilib. Bunlara imamın tapşırığına əsasən məsciddə qadınlara yönəlik dini fəaliyyəti həyata keçirmək, eyni zamanda, qadınların iştirakı ilə keçirilən yas mərasimlərini idarə etmək daxildir.

Hamısına şamil edilməsə də, təəssüf ki, xurafatın yayıldığı nöqtələrdən biri də qadınların iştirakı ilə keçirilən yas mərasimləridir. Orada iştirak edən bəzi "qadın mollalar" xurafatın təbliğatçısına çevrilirlər. Bunun qarşısını almaq yollarından biri də qadın dini ayinlərin icraçısı vəzifəsinin təsis edilməsi, bu vəzifə üçün imtahanların keçirilməsidir. Birinci imtahan – müsahibədə 71 qadın namizəddən 18 nəfəri uğur qazandı, onlardan 17-si artıq təyinat alıb.
Ümumiyyətlə, indiyə qədər din xadimi vəzifələrini tutmaq üçün 3 dəfə vakansiya elan etmişik. Birinci vakansiyada 270 nəfər sənəd vermişdi, onlardan 133 nəfəri uğur qazanıb, 112-nə təyinat vermişik. İkinci vakansiyada 254 namizəd iştirak edib, 66 nəfər uğur qazanıb, 55 nəfər təyinat alıb. Hazırda 3-cü vakansiyaya sənəd qəbulu bitib, 293 nəfər sənəd verib, onlardan 113-ü qadın, 180 nəfəri kişidir. Bu, onu deməyə əsas verir ki, iki müsahibənin obyektiv, şəffaf keçirilməsi din sahəsində təhsil almış insanlarda artıq inam yaradır. İnanırlar ki, müsahibə obyektivdir və uğur qazana bilər. Getdikcə sənəd verənlərin, din xadimi, qadın dini ayinlərin icraçısı olmaq istəyənlərin sayı artmaqdadır. Şəffaflığın nəticəsi budur.

- Hazırda ölkəmizdə dini təhsilin səviyyəsi qaneedicidirmi?

- Dini təhsil Dövlət Komitəsi üçün prioritet istiqamətlərdən biridir. Təsadüfi deyil ki, son bir ildə Dövlət Komitəsində ayrıca bir şöbə – Dini təhsil şöbəsi yaradılıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. İlahiyyat İnstitutunun ötən il məzunları oldu. O məzunların bir hissəsi müsahibədən keçdikdən sonra təyinat aldılar. Bu il də məzunlarımız var. Hazırda İnstitutda 305 tələbə təhsil alır. Ötənilki və builki məzunların sayı 87 nəfərdir. Təhsil alanlardan 14 nəfəri xarici vətəndaş olan azərbaycanlılardır, əsasən İğdır, Qars və Gürcüstandan olan soydaşlarımızdır. Biz nəzərdə tutmuşuq ki, onların sayını bir az da artıraq. Hazırda dini təhsillə bağlı qarşımıza qoyduğumuz məqsəd nədir?

Birinci, qanun xaricdə dini təhsil almağı qadağan etmir, açığı, biz bunu məqsədəduyğun saymırıq. Bəzən bunu da doğru qəbul etməyənlər, müxtəlif izahat verənlər var. Məsələn, adam deyir ki, niyə mən xaricdə riyaziyyat, coğrafiya, idarəetmə üzrə təhsil ala bilərəm, din üzrə təhsil ala bilmərəm? Məsələ burasındadır ki, dinlə riyaziyyat eyni deyil, din ideoloji məsələdir, ideoloji işdir. Mən xaricdə dini təhsil alan azərbaycanlıların hamısının xarici ölkələrin təsir dairəsinə düşdüyünü iddia etmirəm. Onların da içərisində Vətənini, dövlətini sevən insanlar var. Amma biz xaricdə təhsili niyə doğru saymırıq? Çünki din yalnız şəriətdən ibarət deyil. Şəriət və mədəniyyət var. Bir iranlı, pakistanlı, misirli, ərəblə eyni şəriəti paylaşa bilərik. Amma mədəniyyətimiz fərqlidir. Çünki mədəniyyəti formalaşdıran təkcə din deyil.

Dinlə yanaşı, hər bir xalqın xarakterik, etnik xüsusiyyəti, aldığı təhsil, ailə dəyərləri, yaşadığı dövlətin qayda-qanunları var. Mədəniyyət və din birlikdə insanların, xalqların həyat tərzini formalaşdırır.

Hansısa ölkədə dini təhsil alır, şəriəti öyrənirəmsə, şəriətlə yanaşı, o ölkənin həyat tərzi, mədəniyyəti də mənə təbliğ olunur. Nəticədə, azərbaycanlı dini təbliğat yolu ilə iranlıya, ərəbə çevrilir. Mən iranlının, ərəb pis olduğunu demirəm. Ancaq deyirəm ki, azərbaycanlılar başqa xalqın nümayəndələri kimi yaşamasınlar, düşünməsinlər. Bizim məqsədimiz ondan ibarətdir ki, ənənəvi islamı qoruyub saxlayaq. Ənənəvi islam nədir? Azərbaycanlı dindar olsun, amma din adı altında ərəbə, farsa, bir başqasına çevrilməsin.

Bunun üçün dini təhsil önəmlidir. Ona görə də biz xaricdə dini təhsili məqsədəuyğun saymırıq. Amma bunun inzibati yollarla qarşısını almaq mümkün deyil. Doğru variant ölkəmizdə dini təhsilini xaricdə olan səviyyəyə qaldırmaq, hətta daha yüksək səviyyədə formalaşdırmaqdır. Ölkəmizdə 2018-ci ilə qədər ali dini təhsil ödənişli idi.

- Səbəb nə idi?

- Çünki Bakı İslam Universiteti dövlət universiteti deyildi və bu, normal hal idi. Halbuki, İranda, ərəb ölkələrində dini təhsil nəinki pulsuzdur, hətta tələbələrə təqaüd verirlər. Azərbaycan 2018-ci ilə qədər dini təhsilin ödənişli olduğu yeganə ölkə idi. Prezident İLham Əliyev Azərbaycan İlahiyyat İnstitutunu yaratdı və İnstitutda belə deyim, hər şey pulsuzdur. Pulsuz təhsil, pulsuz dərs vəsaitləri, pulsuz qidalanma, pulsuz yataqxana, pulsuz geyim və üstəlik təqaüd. İnstitutdan məzun olduğu təqdirdə Dövlət Komitəsinin keçirdiyi müsahibədə uğur qazanarsa, təyinat alır və dövlət ona maddi dəstək göstərir. Bu, onu deməyə əsas verir ki, tələbə yaxşı təhsil alacağı, daha doğrusu, biz ona yaxşı təhsil verəcəyimiz təqdirdə yaxşı kadr olacaq. Başqaları bunu gördükdə onlar üçün xaricdə dini təhsil almağın hansısa üstünlüyü olmayacaq. Nə maddi, nə mənəvi təsir nöqteyi-nəzərindən. Hazırda qarşımıza qoyduğumuz məqsəd institutda təhsilin keyfiyyətini daha da yaxşılaşdırmaqdır.

- Gündüz müəllim, hazırda vəziyyət necədir? Həqiqətənmi xaricdə dini təhsil almağa yönəlik tələbat çoxdur? Yoxsa stabilləşmə gedir?

- İllər keçdikcə, stabilləşməyə doğru gedirik. İnstitutda iki ixtisas var- İslamşünaslıq və Dinşünaslıq. İslamşünas yalnız məsciddə imam kimi fəaliyyət göstərə bilər. O, din xadimi olacaq. Dinşünasa isə bütün dinlər tədris olunur. O, gələcəkdə araşdırmaçı, pedaqoq ola, dövlət işində işləyə bilər.

İslamşünaslıq ixtisasına qəbulda dini-psixoloji komissiya da var. Təkcə test kifayət deyil. Çünki islamşünas gələcəyin din xadimidir. Onun dini-psixoloji durumu da yoxlanılmalıdır. İnstitutda İslamşünaslığa qəbula yeni başlayanda intellektual səviyyə çox aşağı idi. Amma getdikcə cəmiyyətimiz reallıqları gördükcə, İslamşünaslıq ixtisasının orta keçid balı qaneedici səviyyəyə çatıb. Gənclər məqsədli şəkilə İslamşünaslığı seçirlər. Bütün bunları gördükdən sonra müəyyən din bilgiləri olan şəxsə xaricdə dini təhsil almaq cəlbedici deyil, onun üçün ölkəmizdə oxumaq kifayət edir.

İnstitutun artıq magistratura, doktorantura pilləsi var. Bir azərbaycanlı kimi məni İlahiyyat İnstitutu və BDU-nun İlahiyyat fakültəsini bitirmiş gənclərimizin olması sevindirir. Onlar doktoranturaya da sənəd verirlər. Vaxtı ilə görürdük ki, Türkiyədə və ya hansısa başqa ölkələrdə məscid imamı elmlər doktorudur. Yəni məsciddəki din xadimi də alimdir. Düşünürdük ki, görəsən, bizdə də nə vaxtsa belə olacaqmı? Təsəvvür edin ki, biz artıq bu prosesin astanasındayıq.

- Ümumiyyətlə, ölkəmizdə hazırda dini mühit necədir?

- Öncə vurğulayım ki, bir nömrəli məqsədimiz, vəzifəmiz vicdan azadlığını təmin etməkdir. Bu gün Azərbaycan vicdan azadlığının təmini, dinlərarası münasibətlər, tolerantlıq, multikulturalizm baxımından nümunəvi ölkə kimi qəbul edilir. Təsəvvür edin ki, Azərbaycanda tolerantlığın səviyyəsi təkcə bir azərbaycanlının qürurla dediyi fakt deyil, din sahəsi, vicdan azadlığı üzrə ekspertlərin etiraf etdikləri həqiqətdir. Məsələn, mən xatırlayıram, Vatikanın keçmiş dövlət katibi Tarcisio Bertone ölkəmizə səfər edəndə belə bir ifadə işlətmişdi ki, Azərbaycan Avropaya təkcə neft-qaz deyil, hətta tolerantlıq ixrac etməlidir. Eyni sözü ABŞ-nin keçmiş səfiri Enn Dörsidən də eşitmişdim. Azərbaycanda dinlərarası münasibətlər, tolerantlıq, multikulturalizm dünya üçün nümunədir.

Eyni zamanda, Azərbaycanda həm sünnilər, həm şiələr – hər iki məzhəbin nümayəndələri yaşayır. Məzhəblərarası münasibətlər baxımından da Azərbaycan nümunədir. Məsələn, əksər müsəlman ölkələrində şiə və sünni məscidi ayrıdır. Azərbaycanda, çox şükür, məscidləri məzhəblərə görə bölməmişik. İstənilən şəxs istənilən vaxt, istənilən məscidə gedib ibadət edə bilər. Heç bir maneə yoxdur. Bu da Azərbaycan xalqının yüksək mədəniyyətinin təzahürüdür. Biz bunu qoruyub saxlamalıyıq. Əsas işimizdən biri də budur və bu da olmalıdır.

Azərbaycanın dini mühitinə xaricdən kənar təsirləri sıfıra endirmək bizim üçün əsas məqamlardan biridir. Çünki din sahəsində hər hansı xırda bir məsələ belə varsa, mütləq burada bir kənar təsir, ən azı kənar ideoloji müdaxilə var. Ona görə din sahəsinin sağlam qalması, Azərbaycan xalqının bu zənginliklərini qoruyub saxlamağımız üçün kənar təsirləri sıfıra endirməliyik. Bu istiqamətdə digər aidiyyəti dövlət qurumları, o cümlədən hüquq mühafizə orqanları, QMİ ilə birgə kənar təsirləri azaldırıq.

Mənə elə gəlir ki, hazırda bu istiqamətdə uğurlarımız var. Əsas işimiz həm də yüksəkixtisaslı kadrlar yetişdirməkdir. O kadrlar ki, din sahəsində milli kadr olacaq, Azərbaycanın ziyalı kontingentinin tərkib hissəsinə çevriləcək. Azərbaycanlı kimi düşünəcək, azərbaycanlı kimi yaşayacaq və Azərbaycan üçün çalışacaq. Əsas bunlara nail olmaqdır. Biz din xadimləri təyin edərkən onlarla "centlmen şərti" kəsirik. Təyin etdiyimiz din xadiminə deyirik ki, sizdən istədiyimiz bircə şeydir: Allaha xatir, Allah rızası üçün millətə, ümmətə xidmət, Vətənə, dövlətə sədaqət. Sırf Allaha xatir, Allah rizası üçün ümmətə, millətə xidmət edən din xadimi Vətəninə, dövlətinə də sadiq oldusa, bizim bu sahədə demək olar ki, problemlərimiz qalmayacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 739   Tarix: 26 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub

Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il

19 sentyabr
.

Qarabağda separatizmin sonu: 23 saatlıq antiterror tədbirindən Şahramanyanın "özünü buraxma" fərmanına qədər

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin üç onillik tarixində ən mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri cəmi bir sutkadan az müddətdə yeni hərbi-siyasi reallıq yaratdı. Sentyabrın 20-də separatçı silahlı birləşmələrin atəşi

19 sentyabr
.

Sabahın havası açıqlandı

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

19 sentyabr
.

Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır

2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr

20 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr