Bagiri və Papikyan sərhədimizdə: təxribat hazırlanır?
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bagirinin bir neçə gün öncə Azərbaycanla sərhədin sıfır nöqtəsinə gəlişi açıq suallar yaratdı:
- İrandan Azərbaycana qarşı növbəti təxribat dalğası başlaya bilərmi?
Bakı-Tehran xəttindəki vəziyyət və Bagirinin sərhədin sıfır nöqtəsində verdiyi açıqlamalar bu sualın cavabının müsbət olması ehtimalını azaldır. Azərbaycanla İran arasında diplomatik müharibəni xatırladan qarşıdurma səngiyib, Tehran Bakının tələblərini yerinə yetirməsə də, xüsusilə səfirliyimizə qarşı törədilən terror aktının istintaqından yayınsa da, müəyyən yumşalmalar müşahidə edilir, iqtisadi sferada əlaqələrin davam etdirilməsi istiqamətində addımlar atılır. Bagiri də sərhəddə Azərbaycana ünvanlanan "dost" mesajları verdi, heç bir problemin olmadığını bəyan etdi. Görünən mənzərə İrandan Azərbaycana qarşı təhdid ehtimalını zəiflədir.
Lakin İranın hərbi rəhbərliyinin son illər Azərbaycanla sərhədə məhz Bakını ittiham etmək, təhdidlər irəli sürmək üçün gəlməsi təcrübəsi fonunda Bagirinin gəlişi də diqqətəlayiq hadisədir. Və müəyyən şübhəli məqamlar nəzərdən qaçmır.
Birincisi, Bagirinin "dost" mesajı vermək üçün Azərbaycanla sərhədin sıfır nöqtəsinə qədər yol ölçməsi inandırıcı görünmür: mümkündür ki, Baş Qərargah rəisi gələcək ssenarilərə hazırlıq məqsədi üçün sərhəd qoşunlarının hazırlığını yerində yoxlayıb; Bakıya ünvanlanan "dost" mesajı da diqqəti yayındırmaq üçündür, çünki təcrübə iranlı generalların sərhədlərimizə gəlişindən şübhələnməyə əsas verir; Bagiri də bu şübhələrə yer verməmək üçün belə mövqe sərgiləyib;
İkincisi, Baş Qərargah rəisini müşahidə edənlər və verdikləri bəyanatlar da diqqətdən yayınmır: İran ordusunun komandanı Seyid Əbdürrəhim Musəvi, Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahidi, Quru Qoşunların komandanı Keyumers Heydəri, Baş Qərargah rəisinin müavini Əziz Nəsirzadə və İran Ordusunun Koordinasiya üzrə müavini Həbibullah Səyyari Bagirini bu səfərdə tək qoymamışdılar, belə demək mümkünsə, İranın hərbi rəhbərliyi eyni anda Azərbaycanla sərhədin sıfır nöqtəsində idi; Musəvi "düşmənlər İran ordusunun gücünü anladı, düşmənin bütün təhdidlərinə qarşı hazırlıq görülüb" bəyanatını verdi, Həmid Vahidi isə "düşmənin təhdidlərinə qarşı son dərəcə hazırıq" dedi, amma "düşmən" dedikdə konkret kimi nəzərdə tutduqları, bunu niyə bizim sərhəfin sıfır nöqtəsində elan etdikləri aydın deyil, eyni zamanda, Bagiri Azərbaycana "dost" mesajı verdiyi vaxt onun generalları niyə "xəyali düşmən"dən bəhs edir?!
Qəribə və şübhəli məqamdır. Bagirinin səfəri birbaşa Azərbaycanla bağlı olmasa belə, başının generalları ilə sərhədə gəlişi ən azı müdafiə qabiliyyətinin yoxlanılması və gücləndirilməsi məqsədi daşıyır. O zaman daha bir açıq sual yaranır: İran Azərbaycanla sərhəddə nəyin baş verəcəyini düşünür və nəyə hazırlaşır?!
Bagirinin səfəri ərəfəsində baş verən bir hadisə açıq qalan suallara müəyyən cavablar tapmaq baxımından diqqət çəkdi.
İranın Baş Qərargah rəsi Azərbaycan sərhədinə gələndə Ermənistanın müdafiə naziri Suren Papikyan da sərhəd bölgəsinə baş çəkdi və erməni ordusunun döyüş hazırlığını, dayaq məntəqələrini, mühəndis-istehkam və fortifikasiya işlərini yoxladı. Belə demək mümkünsə, erməni ordusunu yerində döyüşə hazırladı, Bagiri İran ordusunu hazırladığı kimi. Tehran və İrəvanın Azərbaycan sərhədində eyni gündə analoji addımı atması – qoşunları döyüşə hazırlaması təsadüf ola bilməz.
Və bu Azərbaycana qarşı mümkün, həm də daha genişmiqyaslı təxribatın ola biləcəyi versiyasını ön plana çıxarır. Ermənistanın sərhəd planları artıq sirr deyil, xüsusilə sərhəd boyunca gərginlik yaratmaq və "güzgü prinsipi"ni – qoşunların geri çəkilməsi təklifini aktuallaşdırmaq üçün təxribata gedə biləcəyi gözləntisi var, İranın da bu prosesdə İrəvana bu və ya digər formada dəstək verə biləcəyi istisna edilməməlidir. Bütün hallarda Bagirinin başının dəstəsi ilə sərhədin sıfır nöqtəsinə gəlişi və bunu Papikyanla eyni gündə etməsinin təkcə "yoxlanış" məqsədi daşıdığını düşünmək sadəlövhlük olardı.
Axar.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maaş və pensiyalar ARTIR: Əhalinin alıcılıq qabiliyyəti necə dəyişəcək? - Ekspertdən AÇIQLAMA
Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA
Şəhidimizin adını daşıyan gəmi dron hücumuna məruz qaldı: Həlak olan Məhəmmədin fotosu
Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: "Bunu ona yaraşdırmadım"
Müəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"
Azərbaycanda qızıl kəskin bahalaşdı
Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?
Bakıda tanınmış restoranda biabırçılıq
Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - Video
Diş ağzından deyil, gözündən çıxdı - 16 yaşlı oğlanda inanılmaz hadisə - FOTO
"Kadir" "Eşref"i tək qoymayacaq
Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?
Əhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb