Bu gün Xalq artisti Tofiq Quliyevin anım günüdür

Bu gün Xalq artisti Tofiq Quliyevin anım günüdürBu gün görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin anım günüdür.

Sonxeber.az xəbər verir ki, sənətkarın vəfatından 23 il ötür.

Tofiq Ələkbər oğlu Quliyev 1917-ci il noyabrın 7-də Bakıda anadan olub. Ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoyan Quliyev Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki məktəbin fortepiano sinfinə daxil olub. Burada dərs deyən Asəf Zeynallı onun inkişafına böyük təsir göstərib.

1934-cü ildə musiqiyə olan məhəbbəti Tofiq Quliyevi Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarır və o, meyilini təkcə fortepianoya salmaqla kifayətlənmir, eyni zamanda, dirijorluq fakültəsinə daxil olur. Hələ konservatoriyada oxuduğu günlərdə - 1935-ci ildə Azərbaycan Dövlət Dram Teatrında dirijorluq fəaliyyətinə başlayır, sonralar müxtəlif musiqi kollektivlərinə dirijor kimi rəhbərlik edir.

O dövrün gənclərin musiqiyə gəlişi və ilk uğurlu addımları dahi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Məhz bu qüdrətli sənətkar bir çox insanların musiqiçi və şəxsiyyət kimi püxtələşməsində əvəzsiz rol oynayıb. T.Quliyev "mənəvi ata" saydığı dahi ustadın başladığı sənət-yaradıcılıq yolunu uğurla davam etdirib və illər ötdükcə, Azərbaycan musiqisinin ləyaqətli təmsilçisinə çevrilib. Məhz Ü.Hacıbəylinin və böyük sənətkar Bülbülün rəhbərliyi ilə gənc musiqiçinin fəaliyyət sahəsi şaxələnir. O, konservatoriyada təşkil edilmiş Elmi-Tədqiqat Musiqi Kabinəsinin işində fəal iştirak edib. 1936-cı ildə T.Quliyev tarzən Mansur Mansurovun ifasında "Rast" və "Segah-Zabul" muğam dəstgahlarını nota köçürüb və onlar milli musiqi tarixində ilk dəfə olaraq nəşr edilib. Bu nəcib təşəbbüsə musiqimizin atası Üzeyir Hacıbəyli o vaxt belə qiymət verib: "Muğamların nota yazılması Azərbaycan musiqi həyatında böyük çevriliş yaratmaqla incəsənətimizə böyük xidmətdir".

Sonralar da musiqi folklorunun toplanılması sahəsində mühüm işlər görmüş bəstəkar 1955-ci ildə "Azərbaycan xalq rəqsləri"ni fortepiano üçün işləmiş, "Azərbaycan xalq mahnıları" topluları üçün çoxsaylı mahnıları nota köçürmüşdür. Xalq musiqi incilərinin mükəmməl nümunələri olan "Evləri var xana-xana" və "Qoy gülüm gəlsin, ay, nənə" mahnılarını səs və simfonik orkestr üçün işləyib. Bəstəkar həm də hind, bolqar, ərəb mahnılarının böyük bədii ustalıqla səs və fortepiano üçün variantlarını yaradıb.

1936-cı ildə Üzeyir Hacıbəylinin şəxsi təşəbbüsü və təklifi ilə Tofiq Quliyev P.İ.Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakültəsində təhsilini davam etdirib. Moskvada oxuduğu illərdə dirijor-bəstəkar T.Quliyevin adına bu şəhərin konsert afişalarında tez-tez rast gəlinirdi. Onun parlaq musiqi istedadı Ümumittifaq caz orkestrinin rəhbəri A.Tsfasmanın diqqətini cəlb edir. Məşhur dirijorun dəvəti ilə T.Quliyev 1937-1939-cu illərdə ansamblın tərkibində piano ifaçısı kimi fəaliyyət göstərir və bu, onun gələcək professional taleyini müəyyən edir. 1939-cu ildə Moskva şəhərində belə konsertlərdən birini izləyən görkəmli dövlət xadimi Mirzə İbrahimov gənc musiqiçiyə Bakıda Azərbaycan Dövlət Estrada orkestrini yaratmağı təklif edir. "Caz musiqisinin sərbəstliyi və nikbin əhval-ruhiyyəsini" özünə doğma bilən T.Quliyev bu təklifi bəyənir və təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 1941-ci il sentyabrın 6-da milli musiqimizin yeni səhifəsi açılır - M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında həmin orkestrin böyük müvəffəqiyyətlə ilk çıxışı olur. Caz orkestrinin premyerasının İkinci Dünya müharibəsinin qanlı-qadalı günlərindən birinə təsadüf etməsinə baxmayaraq, insanlar bu hadisəni bayram əhval-ruhiyyəsi ilə qarşıladılar. Çox gözəl tərtib olunmuş musiqi proqramına o günün tələbinə cavab verən mahnılarla yanaşı, T.Quliyev sırf caz üslubunda yazılmış "Bəs pələng hanı?", "Molla Nəsrəddin və plov" məzhəkəli mahnısını və "Zibeydə" vokal miniatürünü daxil edir. Həmin illərdə yaranmış bu nadir əsərlər Azərbaycan cazı və estrada musiqisinin əsasını təşkil edən klassik nümunələrdir.

Dövlət Caz Orkestrinin ilk repertuarına Tofiq Quliyev Amerikanın caz ustalarının əsərlərini də daxil edir. O, Dük Ellinqtonun məşhur "Karvan" pyesini "Çahargah" məqamında işləyir, muğamın özünəməxsus çalarını, xırdalıqlarını əsərə daxil edir və sanki onun Azərbaycan variantını yaradır. Bu konserti diqqətlə izləyən dahi sənətkarımız Üzeyir Hacıbəyli istedadlı musiqiçiyə xüsusilə "Çahargah" kompozisiyasını bəyəndiyini söyləyir. Beləliklə, T.Quliyev milli musiqi tarixində ilk dəfə olaraq muğam və caz musiqisinin sintezini yaradır və bu yenilik bəstəkarın mahir bir pianoçu və bəstəkar kimi yetişdiyini göstərir.

Sənətkarın müharibə illərində bəstələdiyi bir sıra mahnıları – "Azərbaycan diviziyası", "Vətən haqqında mahnı", "Azərbaycan", "Döyüşçülərin mahnısı" və s. insanların təmiz hisslərini, vətənə məhəbbətini tərənnüm edir, onlarda ruh yüksəkliyi yaradır.

1939-cu ildə Tofiq Quliyev həm də teatr musiqi sahəsinə müraciət edir və Gənc Tamaşaçılar Teatrının "Babək" tamaşası üçün musiqi bəstələyir. Sonralar müxtəlif teatrlarla əməkdaşlıq edən bəstəkar, bir çox pyeslərə, o cümlədən U.Şekspirin "On ikinci gecə", C.Cabbarlının "Aydın" və "Yaşar", N.Hikmətin "Qəribə adam" və s. əsərlərinə musiqi yazır. Bu tamaşalar üçün bəstələnmiş mahnılar tez bir zamanda yayılır, dinləyicilərin dilinin əzbəri olur.

Müharibədən sonrakı illərdə T.Quliyev yenidən təşkil olunmuş estrada orkestri üçün onlarla mahnı bəstələyir. Bu zaman onun, həm də Rəşid Behbudov kimi görkəmli müğənni ilə əməkdaşlığı, keçmiş SSRİ-nin müxtəlif şəhərlərində pianoçu kimi çıxışları, şöhrətini daha da artırır.

O, 1951-ci ildə Moskva konservatoriyasında təhsilini başa vurur və 1954-cü ildə burada bəstəkarlıq və dirijorluq üzrə aspiranturanı bitirir, həmçinin həmin vaxtlarda "Azərbaycan süitası", romanslar, fortepiano üçün variasiya və prelüdlər yazır.

Doğma yurduna qayıdan Tofiq Quliyev parlaq fəaliyyəti ilə musiqimizin tərəqqisi yolunda çalışır. O, Azərbaycan Dövlət Konservatoriyasında pedaqoq, filarmoniyanın direktoru, kinostudiyanın baş musiqi redaktoru, uzun zaman Azərbaycan Bəstəkarlar İttifaqının sədri kimi fəaliyyət göstərir, kəsərli sözü ilə öz peşəkarlıq mövqeyini təsdiq edir. Geniş musiqi-ictimai fəaliyyətinə baxmayaraq, T.Quliyev bir an belə yaradıcılıqdan uzaqlaşmır, fasiləsiz olaraq müxtəlif janrlarda əsərlər yaradır. Lakin bəstəkarı xalqa tanıdan və sevdirən, ilk növbədə, onun müxtəlif əhval-ruhiyyəli mahnıları olur. Azərbaycan mahnı janrının inkişafında əvəzsiz xidmətləri olan Tofiq Quliyev yaradıcılığının ilk mərhələsində yazdığı "Bakı haqqında mahnı", "Züleyxa", "Neftçilər mahnısı", "Süfrə mahnısı" kimi geniş yayılmış vokal incilər dinləyicilərin hafizəsinə həmişəlik həkk olunur.

Bəstəkar Azərbaycan musiqisində lirik mahnıların klassik nümunələrini yaradır. Tofiq Quliyevin vokal inciləri özünəməxsus, heç bir başqa bəstəkarın üslubuna bənzəməyən dəst-xəti ilə seçilir. Sənətkarın Nizaminin "Könlüm" və "Sevgilimə", Xaqaninin "Bəxtəvər oldum" sözlərinə yazdığı romanslar son dərəcə füsunkar səslənir. "Sənə də qalmaz", "Qəmgin mahnı", "İlk bahar", "Neylim", "Axşam mahnısı", "Bakı gecələri" kimi mahnıları insanın daxili aləmini, həyəcanını, məhəbbətini romantik bir dillə əks etdirir. Bu mahnılar musiqi dilinin xəlqiliyi, melodiyalarının axınlılığı və zənginliyi ilə fərqlənir. Tofiq Quliyev hər bir mahnı üçün yadda qalan orijinal intonasiya tapır, insanların saf və etibarlı hisslərini rəngli boyalarla təsvir edir. Qüdrətli sənətkar mahnı yaradıcılığında müasir musiqi üslubunu - xalq musiqisinin zəngin aləmindən bəhrələnən xüsusiyyətlərlə uzlaşdırır. Maraqlı sintezə nail olan bəstəkar zamanın nəbzini duyan, peşəkarlığın yüksək zirvəsində duran vokal miniatürlər yazır və milli mahnı janrını yeni inkişaf pilləsinə ucaldır.

T.Quliyev çox böyük diqqətlə öz romans və mahnıları üçün söz seçir, çalışır ki, musiqi şeirin ruhunu, məzmununu dəqiq üzə çıxarsın. O dövrün müxtəlif problemlərini tərənnüm edən, mövzu cəhətdən rəngarəng olan Səməd Vurğun, Rəsul Rza, Zeynal Cabbarzadə, İslam Səfərli, Ənvər Əlibəylinin şeirlərinə müraciət edir. Dənizin qoynundan "qara qızıl" çıxaranları "Gənc neftçilər" mahnısında, zəhmətkeş insanları "Pambıq" mahnısında, "Saçaqlı qız" əsərlərində tərənnüm edir. "Moldova-Azərbaycan", "Zlata Praqa", "Bratislava" haqqında mahnıları dostluq, sülh və əmin-amanlığın himninə çevrilir. Lakin dinləyicilər Tofiq Quliyevi yumoristik, şən əhval-ruhiyyəli bir sənətkar kimi də sevirlər. Onun oynaq melodiya və ritmi ilə fərqlənən "Badamlı" və "Toy mahnısı" bu sahədəki axtarışlarının bəhrəsidir.

Sənətkarın yaradıcılığında mahnı janrı aparıcı olsa da, bədii istedadı bununla məhdudlaşmır. O, həmişə böyük həvəslə kino sənəti üçün çalışır, yetmişdən çox filmə musiqi bəstələyir. "Səbuhi", "Ögey ana", "Görüş", "Bəxtiyar", "Onu bağışlamaq olarmı", "Telefonçu qız", "Nəsimi" və s. filmlərə yazdığı musiqi özünün melodikliyi, təbiiliyi ilə seçilir, mahnıları isə coşqun ilhamla oxunur.

T.Quliyev milli musiqili komediya janrına da öz töhfəsini verir, "Aktrisa", "Qızıl axtaranlar", "Sənin bircə sözün", "Sabahın xeyir, Ella" kimi əsərlərini yazır. Bu operettaların musiqi parçaları tamaşanın müvəffəqiyyət qazanmasında, obrazların səhnə təcəssümündə həmişə böyük rol oynayır. Kiçik yaşlı tamaşaçıları da unutmayan sənətkar "Artıq tamah", "Şəngülüm, Şüngülüm, Məngülüm" və s. uşaq pyeslərinə musiqi bəstələyir. 1969-cu ildə bəstəkarın üç xoreoqrafik novelladan ibarət "Məhəbbət mahnısı" adlı baleti isə Moskvada müvəffəqiyyətlə səhnələşdirilir.

Respublikamızın musiqi həyatında fəal iştirak edən T.Quliyev daim müxtəlif musiqi festivalları, müsabiqələrin keçirilməsi üçün çalışır, dövrü mətbuatda aktuallığı ilə seçilən məqalələrlə çıxış edir.

Yaradıcılığının yetkin və kamil dövründə böyük sənətkarımız Tofiq Quliyevin şərəfli əməyi ulu öndərimiz Heydər Əliyev və onun ləyaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. 1997-ci ildə o, "İstiqlal ordeni" ilə təltif edilib. 2000-ci ildə dünyasını dəyişən Tofiq Quliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən sənətkarın yaşadığı binaya xatirə lövhəsi vurulur, Bakının küçələrindən birinə və 12 nömrəli musiqi məktəbinə bəstəkarın adı verilib. Prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamı görkəmli sənətkarın xatirəsinə dərin hörmət və ehtiramın təcəssümü kimi qiymətləndirilib, ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanıb.

Böyük sənət fədaisi, əsl vətənpərvər Tofiq Quliyev bütün qüvvə və istedadını xalqına sərf etmiş, hörmət və ehtiram qazanmışdır. Adı musiqi tariximizə böyük hərflərlə həkk olunmuş müdrik sənətkarın bənzərsiz yaradıcılığı xalqımız tərəfindən həmişə yüksək tutulacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 576   Tarix: 04 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi

18 sentyabr Milli Musiqi Günü münasibətilə Azərbaycan Hava Yolları və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə "Səmanın ritmi" musiqi müsabiqəsi keçirilib. Layihənin əsas məqsədi Azərbaycan Hava Yollarının uçuşdaxili musiqilərinin yenilənməsi və aviaşirkətin brend kimliyin

18 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr
.

Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?

Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar

19 sentyabr
.

Qızıl yenidən bahalaşdı

Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında

19 sentyabr
.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Pensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI

İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın

19 sentyabr
.

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı - 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. Kampaniya çərçivəsində 13 həftə ərzində hər həftə bir avtomobil oynanılıb və nəticədə 13 iştirakçı "Changan Q05" avtomobilini

18 sentyabr