Ölkədə baş verən bıçaqlanma və zorakılıq hadisələrində cəza mexanizmləri kifayət qədər sərtdirmi? - AÇIQLAMA
Son illər Azərbaycanda bıçaqlanma və digər zorakılıq halları ilə bağlı xəbərlərin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu tip hadisələr təkcə ictimai təhlükəsizlik məsələsi deyil, eyni zamanda cinayət hüququnun preventiv (qarşısınıalan) rolunun nə dərəcədə effektiv olması ilə bağlı suallar yaradır. Əsas müzakirə mövzusu isə budur: mövcud cəza mexanizmləri bu cür ağır əməllərin qarşısını almaq üçün yetərlidirmi?
Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, bıçaqlanma və zorakılıq əməlləri törədilmə formasından, nəticəsindən və təqsirin ağırlıq dərəcəsindən asılı olaraq müxtəlif maddələrlə tövsif edilir.
Əgər bıçaqlanma nəticəsində qəsdən sağlamlığa ağır zərər vurulubsa, Cinayət Məcəlləsinin 126-cı maddəsinə əsasən, təqsirli şəxs 5 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər. Hadisə nəticəsində zərərçəkmişin ölümü baş verdikdə və bu ölüm qəsdən törədilibsə, əməl artıq qəsdən adam öldürmə kimi tövsif olunur və 120-ci maddəyə əsasən 9 ildən 14 ilədək, ağırlaşdırıcı hallarda isə ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Əgər bıçaqlanma qəsdən sağlamlığa az ağır və ya yüngül zərər vurma ilə nəticələnibsə, bu halda müvafiq olaraq 127-ci və 128-ci maddələr tətbiq olunur və azadlıqdan məhrumetmə ilə yanaşı, alternativ cəzalar da mümkündür.
Zorakılıq halları xuliqanlıq niyyəti, ictimai asayişin kobud şəkildə pozulması, bir qrup şəxs tərəfindən törədilmə, yetkinlik yaşına çatmayanlara qarşı, yaxud silah qismində bıçaqdan istifadə ilə müşayiət olunarsa, bu hallar ağırlaşdırıcı hallar hesab edilir və daha sərt cəza tətbiqinə səbəb olur (CM-nin 61-ci maddəsi).
Bu baxımdan, qanunvericilikdə nəzərdə tutulan cəzaların özü kifayət qədər sərtdir və beynəlxalq praktikaya uyğun hesab edilə bilər. Lakin problemin kökü yalnız cəzanın sərtliyində deyil.
Əsas məsələ cəzanın labüdlüyü prinsipinin tam təmin olunmamasıdır. Yəni, cinayət törədən hər bir şəxs istisnasız olaraq vaxtında aşkarlanmalı, məsuliyyətə cəlb edilməli və cəza real şəkildə icra olunmalıdır. Təcrübədə bəzi hallarda istintaqın gecikməsi, sübutların toplanmasında çətinliklər və ya barışıq mexanizmlərindən sui-istifadə cəmiyyətdə "cəzasızlıq" təəssüratı yarada bilər.
Nəticə etibarilə, demək olar ki, Azərbaycan qanunvericiliyində bıçaqlanma və zorakılıq hallarına görə nəzərdə tutulan cəza mexanizmləri formal olaraq kifayət qədər sərtdir. Lakin bu mexanizmlərin effektivliyi hüquq-mühafizə orqanlarının operativ fəaliyyəti, məhkəmə təcrübəsində vahid yanaşma və preventiv tədbirlərin gücləndirilməsi ilə birbaşa bağlıdır. Yalnız cəzanın mövcudluğu deyil, onun qaçılmaz olması zorakılıq hallarının azalmasına real təsir göstərə bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
Salyanda ağır qəzada ölən şəxslərin FOTOLARI
Qədim Şuşada gözəllik yaradılır