"Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir" - DEPUTAT

"Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir" - DEPUTATUlu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlər yaşanmağa başladı.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet hakimiyyətində olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri həmin gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, erməni millətçiləri heç vaxt bu çirkin əməllərə əl atmağa cürət etməzdilər.

AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-cü ilin əvvəllərindən başlayaraq törətdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyillərinin baş qaldırması, bütün bunların ölkə daxilində qardaş qırğınına və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

AXC-Müsavat cütlüyünün səriştəsiz idarəetməsi ölkəni uçuruma aparırdı. AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciələr gətirmiş, günahsız insanların həlak olmasına səbəb olmuşdu. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı vəziyyətə salmışdı. Dövlət idarəçiliyində heç bir təcrübəsi olmayan şəxslərin vəzifələrə gətirilməsi suverenliyimizə təhdid yaradırdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı irəli sürülən iddialar Azərbaycanı onlarla düşmən etmiş və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı.

Vəzirov-Mütəllibov rejimi, daha sonra isə Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışıb. Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asılıb böyük siyasi xadim respublika rəhbərliyinə dəvət edilsəydi, Azərbaycan 20 Yanvar və Xocalı faciələrini yaşamaz, Laçın və Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi.

Real təhdidlər qarşısında suverenliyin müdafiəsi və möhkəmləndirilməsi mühüm vəzifəyə çevrilmişdi. 1991-1993-cü illər ərzində dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdı. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı. Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmişdi. Kriminal təfəkkürlü şəxslər dövlət vəzifələrinə gətirilir, ölkədə mənəvi aşınma hökm sürürdü.

Hakimiyyətə gəldikdən sonra AXC üzvləri dərhal bir-biri ilə mübarizəyə başlamışdılar. Daxildə qruplaşmalar yaranmış və birincilik uğrunda bir-birinə qarşı mübarizə aparılmışdı. Prezident ölkədəki real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş Komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi.

Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiyanın, xaosun və özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması və torpaqların işğalı ilə nəticələndi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal edildi.

Belə bir vəziyyətdən çıxış yolu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından uzaq olan və hərbi birləşmələri şəxsi məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən çəkinən, bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən kömək istədi.

Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə və zəngin təbii sərvətlərə malik ölkənin tam müstəqil olması bəzi xarici dairələri qane etmirdi. Ermənistanın Azərbaycana qarşı təcavüzü və bunun nəticəsində ölkəmizin zəifləməsi, məğlubiyyətə uğraması, eləcə də daxildə hakimiyyət çəkişmələrinin dərinləşməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələrin bir ildən sonra hakimiyyətdən getməsi ilə nəticələndi.

Ulu Öndərin qayıdışı və ölkəni sabitliyə aparan ilk addımlar

1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edərək Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəni ictimai-siyasi pərakəndəlikdən və anarxiyadan xilas etdi, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyənləşdirdi.

Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət uğrunda mübarizənin getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq Gəncəyə yollandı və baş qaldırmış qiyamın qarşısının alınmasında mühüm rol oynadı.

Nüfuzlu siyasi liderə ehtiyac duyulurdu. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının davam etməsi, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin sosial durumunun ağırlaşması ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu göstərirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü günlərdən biridir. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifəsinə çevrilmişdir.

1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın möhkəm təməlləri qoyuldu. Həmin gün Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. 1993-cü il iyunun 24-də isə Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyun ayında Milli Məclis 15 İyun gününü rəsmi bayram elan etdi.

1993-cü ilin 15 iyun tarixi Azərbaycanın tənəzzüldən çıxaraq tərəqqi yoluna qədəm qoyması, beynəlxalq miqyasda müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması və dünya birliyində layiqli yer tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyini qoruması, ölkəni parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etməsi olmuşdur.

Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim uca tutur. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bu gün də Azərbaycanın simvollarından biri kimi qəbul edilir.

Ulu Öndər hər zaman andına sadiq olub. 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimində demişdir:

"Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm."

Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsini uğurla davam etdirir.

1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin formalaşmasına təkan verdi. Çünki Yeni Azərbaycan Partiyası o vaxtkı iqtidara qarşı müxalif siyasi qüvvə kimi meydana çıxmışdı.

Partiyanın yaradılması ölkə miqyasında böyük əks-səda doğurmuş, Azərbaycanın müxtəlif bölgələrindən ona qoşulmaq istəyənlərin sayı sürətlə artmışdı. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvəsinə çevrilmişdi.

Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılmışdır. Cəmiyyətdə belə bir ümumi fikir formalaşmışdı ki, ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş müdrik dövlət xadiminin adı tariximizə həm də müstəqilliyimizin memarı və müasir Azərbaycanın banisi kimi həkk olunmuşdur.

"Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır", - deyən Ümummilli Lider problemlərin həlli üçün ilk növbədə ölkədə vətəndaş həmrəyliyinin və sabitliyin təmin olunmasına çalışdı və buna nail oldu.

Ulu Öndərin tarixi missiyasının əsas amilləri bunlar idi:

1. Xalqın Heydər Əliyevə olan sarsılmaz inamı və dəstəyi;
2. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və siyasi nüfuzu;
3. Onun mənsub olduğu xalqa və Vətənə sonsuz sevgisi.

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan və parçalanmaqdan xilas etdi. Ölkədə asayiş və qanunçuluq bərpa olundu, soyğunçuluq və özbaşınalığın qarşısı alındı.

Nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı, Qarabağ müharibəsində atəşkəs əldə olundu və münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlara başlanıldı. Dövlət idarəetmə sistemi formalaşdırıldı, insanlarda öz dövlətinə inam hissi yenidən möhkəmləndirildi.

Neft müqavilələrinin imzalanması Azərbaycanın iqtisadi inkişafının əsasını qoydu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. İlk parlament seçkiləri keçirildi, referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi, dünya birliyinə inteqrasiya prosesi sürətləndi, siyasi islahatlara başlanıldı və çoxpartiyalı sistem formalaşdı.

1993-2003-cü illərdə Azərbaycanın inkişafı bugünkü uğurların təməlini təşkil etdi. Həmin dövrdə həyata keçirilən siyasət nəticəsində ölkə beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirdi və böyük nüfuz qazandı.

Ulu Öndərin ən böyük arzularından biri Azərbaycanı bütöv görmək idi. O, çıxışlarının birində demişdi:

"Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir..."

Bu gün həmin arzular gerçəkləşib. Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə və Xankəndidə Azərbaycan bayrağı dalğalanır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan güclü və nüfuzlu dövlət kimi mövqeyini daha da möhkəmləndirib. Vətən müharibəsində qazanılan Zəfər də Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun uğurla davam etdirilməsinin nəticəsi kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin ifadə etdiyi kimi:

"Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!"

Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu gün də ölkəmiz inkişaf yolunda inamla irəliləyir, azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir və Böyük Qayıdış proqramı uğurla icra olunur.

Cavanşir Paşazadə
Milli Məclisin deputat


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 929   Tarix: 10 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI

Auditorlar Palatasının üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Auditorlar Palatasının aşağıdak

16 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Ermənilərin tarixi alban irsinə sahib çıxmaq cəhdləri çoxdan başlayan prosesdir - ŞƏRH

"Tarixi alban irsinin dünyada məhz Azərbaycanın irsi kimi tanınmasının və tanıdılmasının müstəsna əhəmiyyəti var. Bunun əhəmiyyəti təkcə milli, etnik, mədəni və dini tariximizin bütövlüyünün bərpa edilməsi ilə məhdudlaşmır. Alban irsinin Azərbaycan-Türk irsi kimi tanıdılmasının böyük strateji əhəmiyyət

16 sentyabr
.

İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. AZƏRTAC-a istinadən xəbər verir ki, energetika naziri Pərviz Şahbazov, Çin Xalq Respublikasının ölkəmizdəki səfir

16 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Azərbaycanda İslam həmrəyliyi güclənməkdədir

Müasir dünyada baş verən sürətli geosiyasi dəyişikliklər, regional münaqişələr və artan gərginliklər beynəlxalq müstəvidə həmrəylik və qarşılıqlı dəstək prinsiplərini hər zamankından daha aktual edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2026-cı il tarixində Türk Dövlətlər

16 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Azərbaycanın sülh diplomatiyası və Türk dünyasının mənəvi birliyi

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən söylədiyi nitq Azərbaycanı

16 sentyabr