"Odissey"in kitab satışları 1400 faiz artdı
Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə bazar araşdırması şirkəti "NielsenIQ"nun məlumatlarında bildirilir.
Qeyd edilib ki, Böyük Britaniyada "Odissey"in çap nəşrlərinin satışı 25 iyula qədər olan dörd həftə ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 1400 faiz artıb.
Filmin təsiri yalnız Homerin əsəri ilə məhdudlaşmayıb. "İliada", Medlin Millerin "Sirse"si və Marqaret Atvudun "Penelopa"sı kimi qədim yunan mifologiyası ilə bağlı digər əsərlərin satışında da ciddi yüksəliş qeydə alınıb.
Britaniya-Amerika klassik filoloqu Emili Uilsonun 2017-ci ildə yayımlanan "Odissey" tərcüməsi də satışlarda böyük artım əldə edib.
Böyük Britaniyanın ən böyük kitab mağazaları şəbəkələrindən biri olan "Waterstones"un məlumatına görə, Uilsonun əsərlərinin satışı 2025-ci illə müqayisədə 1000 faizdən çox artıb. Şəbəkə digər "Odissey" tərcümələrinə marağın da hər həftə yüksəldiyini bildirib.
Audiokitab bazarında da oxşar tendensiya müşahidə olunur. "Spotify" platforması "Odissey"in müxtəlif tərcümələri ilə bağlı axtarışların 310 faiz artdığını açıqlayıb.
Yazıçı və aktyor Stiven Freyin "Odissey" əsəri isə "Amazon"un Britaniyada tarix kateqoriyası üzrə ən çox satılan kitablar siyahısında ilk pilləyə yüksəlib. Freyin "Mifologiya" və "Troya" kitabları da eyni siyahıda ön sıralarda qərarlaşıb.
Ekseter Universitetinin klassik antik dövr üzrə mühazirəçisi Riçard Kendall satışlardakı artımı "fantastik" adlandırıb.
Onun sözlərinə görə, qədim yunan və Roma mifologiyasının hekayələri əsrlər keçməsinə baxmayaraq, oxucuları cəlb etməkdə davam edir.
Kendall hesab edir ki, bu marağı sadəcə kino ilə bağlı qısamüddətli tendensiya kimi qiymətləndirmək düzgün deyil. Onun fikrincə, insanlar minilliklərdir bu hekayələrə qayıdır və gələcəkdə də onları oxumağa davam edəcəklər.
London Universitet Kollecinin Yunan və Latın Tədqiqatları şöbəsinin rəhbəri Firoze Vasunia da Nolanın filminə olan böyük marağın qarşıdakı illərdə klassik antik dövr üzrə təhsil alan tələbələrin sayına təsir göstərə biləcəyini düşünür.
Homerin eramızdan əvvəl VII və ya VIII əsrdə qələmə aldığı epos əsasında çəkilən "Odissey" Troya müharibəsindən sonra Odisseyin vətəninə qayıdarkən qarşılaşdığı sınaqlardan bəhs edir.
Filmdə Odisseyi Mett Deymon, onun həyat yoldaşı Penelopanı Enn Heteuey, oğlu Telemaksı isə Tom Holland canlandırır.
"Odissey" Kristofer Nolanın 2023-cü ildə "Oppenheimer" filmi ilə qazandığı "Oskar"dan sonra çəkdiyi ilk ekran işidir. Film ABŞ-də iki həftə ardıcıl olaraq kassada lider olub, dünya üzrə isə 640 milyon dollar gəlir əldə edib.
Filmin uğuruna baxmayaraq, onun ssenarisi ilə bağlı tənqidlər də səslənib.
Emili Uilson Nolanın "Odissey"inin ssenarisini sərt şəkildə tənqid edərək, filmdə dastanın psixoloji, emosional, siyasi və etik dərinliyinin kifayət qədər əks olunmadığını bildirib.
Britaniyalı tarixçi Meri Bird də filmə ehtiyatlı yanaşaraq, Homerin əsərindəki mürəkkəb mövzuların Hollivudun daha ağır və sadələşdirilmiş mesajları ilə əvəzləndiyini vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bəyin atası da idarə rəisi işləyib - Foto
Bu fənnlər ONLAYN tədris olunacaq - AÇIQLAMA
Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Miras qoyan şəxsin borcları varsa, vərəsələr həmin borclara görə məsuliyyət daşıyırlarmı? - AÇIQLAMA
Sabah bu ərazilərdə qaz olmayacaq
Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tələbələrə ŞAD XƏBƏR: Təhsil krediti ilə bağlı yeni meyarlar formalaşır - Deputatdan AÇIQLAMA
"Bilik günü"nün havası açıqlandı
İnsan zərərini bildiyi halda niyə eyni vərdişi təkrar edir? - AÇIQLAMA
Məhsul üzərindəki bu sözlər diqqət cəlb etmək üçün yazılır - AÇIQLAMA
Kaliforniyada salmonella epidemiyası qeydə alınıb
Atatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi