İşğaldan azad edilmiş ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ - Təhlükə DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də insanların həyat və sağlamlığı üçün ciddi risk olaraq qalır. Son günlər Kəlbəcər və Xocavənddə baş verən mina partlayışları bu problemin aktuallığını bir daha göstərib. Ərazilərin mərhələli şəkildə bərpa olunması, kənd təsərrüfatı və tikinti işlərinin genişlənməsi fonunda minalarla çirklənmiş sahələrdə çalışan vətəndaşların təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır.
Bəs, davam edən mina partlayışları təhlükənin real miqyasını necə göstərir və bu ərazilərdə çalışan insanların həyatını qorumaq üçün mövcud tədbirlərlə yanaşı hansı əlavə təhlükəsizlik mexanizmlərinin tətbiqinə ehtiyac var?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə mina partlayışları hələ də davam edir və insanlar xəsarət alırlar. Baxmayaraq ki, bu məsələ ilə bağlı Azərbaycan Minalardan Təmizləmə Agentliyi - ANAMA, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və digər müvafiq qurumlar dəfələrlə müraciətlər ediblər, bəzi hallarda insanlar səhlənkarlıq edir, təhlükəni ciddiyə almırlar.
"Unutmaq olmaz ki, bu gün də SSRİ dövründən və İkinci Dünya müharibəsindən qalan aviasiya bombaları və minalar axtarılır, tapılır və bəzən onların fəsadları da özünü göstərir. Biz isə torpaqlarımızı cəmi 3-4 ildir işğaldan azad etmişik. Təəssüf ki, torpaqlar işğal altında olduğu dövrdə ermənilər və onlara havadarlıq edənlər həmin ərazilərin mina xəritələrini və formulyarlarını Azərbaycana təqdim etməyiblər. Ona görə də mina partlayışları dünən də olub, bu gün də var və sabah da ola bilər".
Ekspert vurğulayıb ki, insanlarımız maksimum diqqətli olmalıdırlar:
"Xüsusilə son vaxtlar minalardan təmizlənməmiş ərazilərdə ağır texnikanın iştirakı ilə hadisələr baş verir. Yay aylarında yanğınların baş verdiyi ərazilərdə də mina partlayışları qeydə alınır. Vətəndaşlarımız öz təhlükəsizliklərini qorumalıdırlar. Bildiyim qədər, bu gün də Qarabağa köçən insanlara evlərinin açarları ilə birlikdə ANAMA əməkdaşları tərəfindən təhlükəsizlik qaydaları izah edilir. Bəzən insanlar həmin qaydalara əməl etmirlər, hadisə baş verdikdən sonra isə bunu bədbəxt hadisə kimi qiymətləndirirlər. Kimsə ayağını, kimsə gözünü, kimsə qolunu itirir".
Onun sözlərinə görə, əlavə tədbirlər məsələsinə gəldikdə isə, ilk növbədə gündəlik məlumatlandırma aparılmalıdır:
"İşğaldan azad olunmuş ərazilərdə daha çox xəbərdarlıq lövhələri, plakatlar və bilbordlar olmalıdır. İnsanların köçdüyü həyətlərdə də minalardan ehtiyatlı olmaqla bağlı xatırlatmalar yerləşdirilməlidir. Partlamamış sursat aşkar edildikdə isə vətəndaşlar dərhal müvafiq qurumlara, yaxınlıqdakı polis bölməsinə və ya hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər. Heç bir halda partlamamış sursata toxunmaq, onu başqa yerə aparmaq və ya özləri zərərsizləşdirməyə çalışmaq olmaz".
Ekspert qeyd edib ki, ötən həftələrdə absurd bir hadisə baş verib:
"Paytaxtda yaşayan, Qarabağda çalışan bir şəxs partlamamış sursatın bir hissəsini tapıb. Onu çantasına yerləşdirmək istəyib, lakin dəmir hissə çantaya sığmayıb. Bundan sonra həmin metalı mişarla kəsməyə başlayıb və partlayış baş verib. Nəticədə özü həyatını itirib, yanındakı şəxs isə ömürlük əlil olub. Belə hallara da rast gəlirik. Ona görə hesab edirəm ki, Azərbaycan insanı bu məsələlərdə son dərəcə diqqətli və ehtiyatlı olmalıdır. Vətəndaşlarımız onlara verilən məlumatlara ciddi yanaşmalıdırlar".
Ekspert həmçinin bildirib ki, Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziya da Qarabağa köçən insanlar üçün hər həftə maarifləndirici roliklər, xəbərlər və təlimatlar hazırlamalıdır. Heç nə insan həyatından önəmli sayıla bilməz. İnsanlarımızın həyatını qorumaq üçün onları mütləq məlumatlandırmalıyıq.
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib