Tarixi qardaşlıqdan strateji müttəfiqliyə

Tarixi qardaşlıqdan strateji müttəfiqliyəAzərbaycan və Özbəkistan münasibətləri son illərdə türk dünyasında ən sürətlə inkişaf edən və ən çoxşaxəli əməkdaşlıq modellərindən birinə çevrilib. Bu münasibətlərin təməlində yalnız müasir dövlətlərarası maraqlar deyil, əsrlər boyu formalaşmış tarixi, mədəni və mənəvi yaxınlıq dayanır. Bakı ilə Daşkənd arasında siyasi dialoqun intensivləşməsi, iqtisadi və nəqliyyat layihələrinin genişlənməsi, Qarabağın bərpasında Özbəkistanın iştirakı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi və nəhayət, münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi iki ölkənin gələcək perspektivlərinin kifayət qədər geniş olduğunu göstərir.

Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin 23-24 avqust 2026-cı il tarixlərində Özbəkistana dövlət səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə həyata keçirilir. Özbəkistan Prezidentinin rəsmi məlumatına görə, səfər çərçivəsində yüksək səviyyəli danışıqların, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi, beynəlxalq və regional məsələlərin müzakirəsi, həmçinin yeni sənədlər paketinin imzalanması və bir sıra iqtisadi-humanitar layihələrin başlanması gözlənilir.

Azərbaycan və özbək xalqları arasındakı münasibətlərin kökləri müasir diplomatik əlaqələrdən çox-çox əvvələ gedib çıxır. Böyük İpək Yolunun əsas marşrutlarından biri məhz Azərbaycanı Mərkəzi Asiyanın qədim şəhərləri ilə birləşdirib. Bakı və Xəzər sahilləri ilə yanaşı, Buxara, Səmərqənd və Xivə kimi şəhərlər əsrlər boyu ticarət, elm və mədəniyyət mübadiləsinin mühüm mərkəzləri olub. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatlarında da xalqlarımız arasında tarixi ticarət və elmi əlaqələrin mövcudluğu, İçərişəhərdəki Buxara karvansarası kimi nümunələr qeyd olunur.
Bu tarixi yaxınlıq ortaq dil, mədəniyyət, adət-ənənələr, mənəvi dəyərlər və türk-islam sivilizasiyasının ümumi irsi ilə daha da möhkəmlənib. Ona görə də Azərbaycan-Özbəkistan münasibətlərini yalnız diplomatik və iqtisadi əlaqələr çərçivəsində qiymətləndirmək kifayət deyil. Burada xalqlar arasında formalaşmış xüsusi mənəvi bağlılıq da mühüm rol oynayır.

Müasir dövlətlərarası münasibətlərin hüquqi əsası isə 2 oktyabr 1995-ci ildə diplomatik əlaqələrin qurulması ilə yaradılıb. Azərbaycanın Özbəkistandakı səfirliyi 1996-cı ildə, Özbəkistanın Azərbaycandakı səfirliyi isə 1998-ci ildə fəaliyyətə başlayıb.

Müstəqilliyin ilk illərindən etibarən iki ölkənin liderləri arasında qarşılıqlı səfərlər münasibətlərin siyasi dayaqlarını möhkəmləndirib. 1996-cı ilin mayında Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə də daxil olmaqla, mühüm sənədlər paketi imzalanıb. 1997-ci ilin iyununda isə Azərbaycan Prezidenti Heydər Əliyevin Özbəkistana rəsmi səfəri əlaqələrin daha da inkişafına mühüm impuls verib. Heydər Əliyev-İslam Kərimov münasibətləri Azərbaycan-Özbəkistan dostluğunun siyasi tarixində xüsusi yer tutur. Bu münasibətlər sonrakı dövrlərdə iki ölkənin liderləri arasında yaranan etimad mühitinin də əsasını qoyub. 2022-ci ildə Daşkənddə Heydər Əliyev meydanının açılması bu tarixi irsə verilən yüksək qiymətin simvolik ifadələrindən biri oldu.

Azərbaycan-Özbəkistan əlaqələrinin xüsusilə sürətlə inkişaf etdiyi dövr Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti kimi fəaliyyətə başlamasından sonra daha aydın nəzərə çarpır. İlham Əliyev və Şavkat Mirziyoyev arasında formalaşan şəxsi dostluq və qarşılıqlı etimad münasibətlərin praktiki məzmununun genişlənməsinə ciddi təsir göstərib.
Son illərdə prezidentlər arasında qarşılıqlı səfərlərin və görüşlərin intensivliyi diqqət çəkir. Azərbaycan Prezidentinin 2026-cı il avqustun 21-də Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə bildirildiyi kimi, son beş ildə iki ölkə liderləri səviyyəsində 15 qarşılıqlı səfər və çoxsaylı təmaslar həyata keçirilib. Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan münasibətlərinin hazırda ən yüksək mərhələyə - müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb.
2025-ci ildə Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətlərinin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün "Yol Xəritəsi"nin qəbul edilməsi də mühüm hadisə oldu. Beləliklə, siyasi bəyanatlar konkret fəaliyyət istiqamətləri ilə tamamlandı.

Azərbaycan-Özbəkistan münasibətlərinin emosional və mənəvi baxımdan ən mühüm istiqamətlərindən biri Özbəkistanın Qarabağın bərpasında iştirakı olub. Özbəkistan işğaldan azad edilmiş Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikintisini həyata keçirib. Məktəbin açılışı 23 avqust 2023-cü ildə Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə baş tutub.

2025-ci ildə isə Bakı ilə Daşkənd arasında bu mənəvi körpünün başqa bir simvolik ifadəsi ortaya çıxdı: Bakıda "Özbəkistan" parkının təməli qoyuldu. Beləliklə, Daşkənddə Heydər Əliyev meydanı və Bakıda "Özbəkistan" parkı iki xalqın qarşılıqlı ehtiramının şəhər məkanındakı simvollarına çevrilir.

Azərbaycan-Özbəkistan münasibətlərinin gələcəyində iqtisadiyyat və nəqliyyat xüsusi yer tutur. Prezident İlham Əliyevin 2026-cı il müsahibəsində açıqladığı məlumatlara görə, 2024-cü ildə Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları olub. 2025-ci ilin yanvar-sentyabr aylarında isə ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon dollara çatıb. Bundan başqa, 2023-cü ildə 500 milyon ABŞ dolları kapitalı nəzərdə tutan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb.

Sənaye kooperasiyası da sürətlə genişlənir. Xankəndidə Azərbaycan və Özbəkistanın birgə iştirakı ilə yaradılan tikiş fabriki iki ölkə arasında sənaye əməkdaşlığının simvolik nümunələrindəndir. Özbəkistan şirkətlərinin Azərbaycanda müxtəlif sahələrə sərmayə qoyması, Azərbaycan şirkətlərinin isə Özbəkistan bazarında fəallaşması qarşılıqlı iqtisadi maraqların genişləndiyini göstərir.

Nəqliyyat sahəsində isə əsas perspektiv Orta Dəhlizlə bağlıdır. Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə və Avropa istiqamətində formalaşan bu marşrut Özbəkistanın dünya bazarlarına çıxış imkanlarını genişləndirir, Azərbaycanın isə Xəzər üzərindən Mərkəzi Asiya ilə Avropa arasında mühüm tranzit həlqə kimi rolunu gücləndirir.
2024-cü ildə Azərbaycanla Özbəkistan arasında tranzit daşımaların həcmi 1,3 milyon tondan çox olub və əvvəlki illə müqayisədə 18 faizdən artıq artım qeydə alınıb. Bu əməkdaşlıq yalnız yükdaşımalarla məhdudlaşmır. Dəmir yollarının, limanların, logistika mərkəzlərinin və rəqəmsal gömrük sistemlərinin inkişafı iki ölkənin iqtisadiyyatlarını daha sıx bağlaya bilər.

Avqustun 23-24-də baş tutan Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası keçirilib.

Səfər çərçivəsində siyasi dialoqla yanaşı, iqtisadi, investisiya, sənaye, nəqliyyat, logistika və humanitar əməkdaşlığın yeni mərhələsi müzakirə edilib. Səfərin Bakının və Daşkəndin daha geniş regional gündəliyi baxımından da əhəmiyyəti var. Azərbaycan Cənubi Qafqazı Xəzər və Mərkəzi Asiya ilə birləşdirən əsas nəqliyyat və enerji qovşaqlarından biri kimi çıxış edir. Özbəkistan isə Mərkəzi Asiyanın ən böyük və strateji əhəmiyyətli dövlətlərindən biri olaraq bu coğrafiyanın iqtisadi potensialında mühüm rol oynayır. İki ölkənin əməkdaşlığının dərinləşməsi beləliklə yalnız ikitərəfli münasibətlərə deyil, Xəzər-Mərkəzi Asiya əlaqələrinin bütövlükdə inkişafına təsir göstərə bilər.

Tufan Məmmədov - iqtisadçı ekspert


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 250   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

30 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30 oktyabr
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

30 oktyabr
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30 oktyabr
.

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Qaynarinfo xəbər verir ki, bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. O, Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bu barəd

30 oktyabr
.

"VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi

"VİP Motors" MMC-nin təsisçisi Usubov Zeynal Mütəllim oğlu şirkət direktorunun fəaliyyətindən narazıdır. Qaynarinfo xəbər verir ki, məhkəmədə müəssisənin gəlirlərinin mənimsənildiyini, dividend almadığını və şirkətin icarə borcunu öz vəsaiti hesabına ödəməli olduğunu iddia edir. Məhkəmə Zeyna

29 oktyabr
.

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Sea Breeze"in birgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafat olaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayış kompleksində mənzil qazanıb. xəbər verir ki, lotereya "AZA

29 oktyabr
.

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit öldü

Kəlbəcərdə ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Kəlbəcər şəhərində qeydə alınıb. Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquq məsləhətçisi Bilal Nuriyevin idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə

29 oktyabr