İşini itirən vətəndaş kredit borcunu dondura bilər? - AÇIQLAMA
İşini itirən və gəlir mənbəyindən məhrum olan şəxslərin kredit ödənişlərini davam etdirməsi ciddi maliyyə çətinliyi yarada bilər. Mövcud qaydalar çərçivəsində işsiz qalmaq kredit ödənişlərinin avtomatik dayandırılması üçün ayrıca əsas kimi nəzərdə tutulmur. Bununla belə, borcalanın maliyyə çətinliyi yarandıqda bankla razılaşma əsasında kredit şərtlərinin dəyişdirilməsi, o cümlədən restrukturizasiya imkanları mövcud ola bilər.
Bəs, işini itirən vətəndaş kredit ödənişlərini müvəqqəti dondurmaq, müddəti uzatmaq və ya aylıq ödənişi azaltmaq üçün banka necə müraciət etməlidir və bank belə müraciətə hansı hallarda müsbət cavab verə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, bu növ güzəştlər nə qanunvericilikdə, nə də bankların daxili qaydalarında mövcud deyil.
"Təəssüf ki, şəxs kredit götürdükdən sonra işini itirərsə, biznesində geriləmə baş verərsə, biznesi bağlanarsa və ya müflis olarsa, yaxud iş yeri bağlandığı və ya ixtisara düşdüyü üçün əməkhaqqında azalma baş verərsə, bu hallar kredit müqaviləsində və ya ödəniş cədvəlində kredit ödənişindən azadolma və ya güzəşt müddətinin verilməsi üçün əsas kimi nəzərdə tutulmur. Belə hallarda müəyyən sığorta mexanizmlərindən istifadə etmək mümkündür. Məsələn, şəxs həyat sığortasına malikdirsə və ödəniş qabiliyyətini itirirsə və ya vəfat edirsə, müəyyən hallarda sığorta hesabına kompensasiya mümkündür. Amma sırf işsiz qalma, iş yerini itirmə, biznesin bağlanması və ya kiçilməsi səbəbindən hər hansı güzəştin avtomatik tətbiq edilməsi nəzərdə tutulmur. Bununla belə, şəxs fərdi qaydada banka müraciət edərək işini və ya biznesini itirdiyini, əvvəlki gəlirlərinin olmadığını əsaslandıra bilər. Bu halda bank tərəfindən müəyyən şərtlərlə restrukturizasiya təklif oluna bilər".
Ekspert bildirib ki, restrukturizasiya kreditin tam dondurulması demək deyil:
"Məsələn, şəxs 10 min manat kredit götürüb, 24 ay müddətinə ödəniş nəzərdə tutulub və altı ay ödəniş etdikdən sonra işini itirib. Banka müraciət etdikdə kreditin müddəti 48 aya qədər uzadıla, faiz dərəcəsi müəyyən qədər aşağı salına və daha aşağı aylıq ödəniş müəyyən edilə bilər. Yəni kredit daha yumşaq şərtlərlə ödənilir, lakin tamamilə dayandırılmır. Hətta bəzi hallarda müəyyən müddət ərzində yalnız faiz ödənişlərinin həyata keçirilməsi mümkün ola bilər. Məsələn, aylıq 100 manat ödənişin 30 manatı faiz, 70 manatı əsas borc üzrədirsə, müəyyən müddət ərzində yalnız faiz hissəsinin ödənilməsi tətbiq edilə bilər. Lakin bu da kreditin tam dondurulması deyil. Bankların da öz öhdəlikləri var. Bankların vəsaitlərinin formalaşma mənbələri müxtəlifdir. Buraya depozitlər, digər banklardan və Mərkəzi Bankdan cəlb olunan vəsaitlər daxildir. Bank bu vəsaitləri müəyyən faizlə cəlb edir və kreditlərə müəyyən marja tətbiq etməklə gəlir əldə edir. Buna görə də bankın öz öhdəliklərinə güzəşt tətbiq olunmadığı halda, onun müştərilərə tam güzəşt verməsi də çətinləşir".
Onun sözlərinə görə, əgər gələcəkdə dövlət təminatı və ya dövlət dəstəyi ilə müəyyən kredit güzəştləri mexanizmi yaradılarsa, bu, müsbət addım ola bilər:
"Amma burada sui-istifadə hallarının qarşısını alan mexanizmlər də nəzərdə tutulmalıdır. Şəxs həqiqətən işini və ya biznesini itirdiyini sənədlərlə əsaslandırmalıdır. Məsələn, sahibkar biznesinin dövriyyəsinin azaldığını və ya fəaliyyətinin dayandığını müvafiq hesabatlarla göstərə bilər. Fiziki şəxs isə iş yerini itirdiyini, işsiz kimi qeydiyyatda olduğunu və ya rəsmi gəlirinin olmadığını təsdiq edən sənədləri təqdim edə bilər. Hazırda mövcud mexanizm əsasən restrukturizasiya formasındadır və bu halda da ödənişlərin müəyyən hissəsinin həyata keçirilməsi tələb olunur. Gələcəkdə daha çevik güzəşt mexanizminin yaradılması həm problemli və qeyri-işlək aktivlərin yaranmasının qarşısını ala, həm müştəri məmnuniyyətini qoruya, həm də bankların maliyyə dayanıqlığına müsbət təsir göstərə bilər. Bu cür güzəştlərin olmaması isə problemli və qeyri-işlək aktivlərin yaranmasına, kredit işlərinin məhkəmələrə daşınmasına, həm banklarda, həm də məhkəmələrdə iş yükünün artmasına səbəb ola bilər. Buna görə də problemin həlli üçün müəyyən tənzimləyici tələblərin hazırlanmasına və qanunvericilikdə bu istiqamətdə addımların atılmasına ehtiyac var".
Ekspert qeyd edib ki, ümumilikdə, belə mexanizmlər həm bank sektorunun qorunmasına, həm əhalinin həddindən artıq borclanmasının qarşısının alınmasına, həm də işsiz qalan şəxslərin bank öhdəlikləri səbəbindən daha ağır vəziyyətə düşməməsinə xidmət etməlidir:
"Şəxsin gəliri olmadığı halda gündəlik xərclərlə yanaşı, bank qarşısında öhdəliklərinin də qalması onu çıxılmaz vəziyyətə sala bilər. Buna görə də bu vəziyyətin yüngülləşdirilməsi üçün daha effektiv mexanizmlərin hazırlanmasına ehtiyac var. Belə vəziyyətə düşən şəxslər adətən banka müraciət edirlər. Mənim öz təcrübəmdə də kifayət qədər belə hallar olub. Lakin bankların hazırda təklif etdiyi şərtlər - ödənişin gecikdirilməsi nəticəsində faiz və cərimələrin hesablanması və ya mövcud restrukturizasiya imkanları - hər zaman real çıxış yolu olmur. Bu, bəzən kritik vəziyyətin sadəcə uzadılması və ya daha da çətinləşdirilməsi ilə nəticələnir. Ona görə də düşünürəm ki, bu problemdən çıxış yolu kimi həmin mexanizmlərin müəyyən dərəcədə dövlət dəstəyi ilə tənzimlənməsinə hazırda böyük ehtiyac var".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya