Azərbaycanın Avrasiyada geoiqtisadi rolunu gücləndirən Bişkek sammiti
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti Avrasiyanın dəyişən geoiqtisadi xəritəsi baxımından mühüm hadisədir. Təşkilatın 25 illik yubileyinə təsadüf edən Zirvə Görüşü yalnız təhlükəsizlik və siyasi məsələlərin müzakirəsi ilə məhdudlaşmır. ŞƏT məkanında iqtisadi əlaqələrin, nəqliyyat-logistika dəhlizlərinin, enerji və rəqəmsal bağlantıların inkişafı üçün yeni imkanların formalaşması Azərbaycan və bütövlükdə Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan üçün ŞƏT-in əhəmiyyəti ilk növbədə təşkilatın əhatə etdiyi geniş iqtisadi və coğrafi məkanla bağlıdır. ŞƏT-in 10 üzv ölkəsinin - Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Hindistan, Pakistan, İran və Belarusun - ümumi iqtisadi gücü 2025-ci ildə təxminən 30 trilyon dollar səviyyəsinə çatıb. Həmin göstərici ŞƏT-i yalnız təhlükəsizlik və siyasi dialoq platforması deyil, həm də böyük iqtisadi potensiala malik çoxtərəfli əməkdaşlıq məkanı kimi xarakterizə edir: "Azərbaycanın bu platformada dialoq tərəfdaşı kimi iştirakı ölkənin çoxşaxəli geoiqtisadi siyasətinin mühüm elementidir. Azərbaycanın 2015-ci ildə dialoq üzrə tərəfdaş statusu əldə etməsi, 2022-ci ildə Prezident İlham Əliyevin Səmərqənd sammitində iştirakı, 2024-cü ildə Astanada Azərbaycan-Çin strateji tərəfdaşlığının rəsmiləşdirilməsi və 2025-ci ildə dövlətimizin başçısının "ŞƏT Plyus" formatında çıxışı Bakı ilə bu platforma arasında əməkdaşlığın ardıcıl şəkildə genişləndiyini göstərir.
Bişkek sammitində Azərbaycan üçün əsas məsələlərdən biri ŞƏT məkanında formalaşan yeni nəqliyyat və iqtisadi bağlantıların ölkəmizin inkişaf strategiyası ilə uzlaşdırılmasıdır. Azərbaycanın məqsədi yalnız tranzit ölkə olmaq deyil, Avrasiyanın mühüm logistika, ticarət, enerji və rəqəmsal bağlantı mərkəzlərindən birinə çevrilməkdir. ŞƏT-in genişlənən iqtisadi coğrafiyası bu strategiya üçün əlavə imkanlar yaradır.
Xüsusilə Çin-Mərkəzi Asiya iqtisadi əlaqələrinin sürətli inkişafı Azərbaycanın maraqları baxımından diqqətəlayiqdir. 2025-ci ildə Çinlə Mərkəzi Asiyanın beş ölkəsi - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan arasında mal ticarətinin həcmi 106,3 milyard dollara çatıb. Bu, əvvəlki illə müqayisədə 12 faiz artım deməkdir və Çin-Mərkəzi Asiya ticarətinin ilk dəfə 100 milyard dollar həddini keçdiyini göstərir. Həmin rəqəm yalnız ticarət göstəricisi deyil, eyni zamanda, regionda yeni nəqliyyat infrastrukturu və logistika xidmətlərinə artan tələbatın göstəricisidir.
Çinlə Mərkəzi Asiya arasında ticarət genişləndikcə həmin yüklərin müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarılması məsələsi daha da aktuallaşır. Azərbaycanın üstünlüyü isə Xəzər dənizinin qərb sahilində yerləşməsi və Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən nəqliyyat sisteminin mühüm hissəsinə malik olmasıdır. Bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.
ŞƏT-in fəaliyyəti enerji əməkdaşlığı baxımından da Azərbaycan üçün əhəmiyyətlidir. Azərbaycanın enerji infrastrukturu və Xəzər regionundakı mövqeyi ölkəmizə Avrasiyanın enerji bağlantılarında mühüm rol oynamaq imkanı verir.
Digər mühüm istiqamət rəqəmsal bağlantılardır. Gömrük prosedurlarının rəqəmsallaşdırılması, elektron sənədləşmə, yükün real vaxt rejimində izlənilməsi və sərhəd prosedurlarının sürətləndirilməsi də logistikanın səmərəliliyinə birbaşa təsir göstərir. Çin-Mərkəzi Asiya-Azərbaycan-Türkiyə marşrutunda rəqəmsal logistika mexanizmlərinin genişləndirilməsi gələcəkdə həm vaxt, həm də əməliyyat xərclərinin azalmasına səbəb ola bilər.
Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ - Rəqəm açıqlandı
Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN
Bakıda mal əti bahalaşdı - YENİ QİYMƏT
Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi - ŞAD XƏBƏR
Azərbaycanda toylar üçün YENİ ŞƏRTLƏR - 2 saat, maksimum 100 nəfər!
Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Pensiyalar gələn il KƏSKİN ARTACAQ: Məbləğ açıqlandı - BÖYÜK MÜJDƏ
Bakının mərkəzində gənc qız diqqət çəkdi - VİDEO
"Mənə qutab verməyən o qayınanamı heç yada salmaq istəmirəm" - VİDEO
İntensiv yağışlardan daha təhlükəli havalar başlayır - Azərbaycan hazır olmalıdır
Yuxuda ilan görmək əslində nə deməkdir? - 10 fərqli yozum
Vəfa Şərifovaya ərindən 12 min avroluq hədiyyə - VİDEO
Bu şəxslər pullarını GERİ ALA BİLƏCƏK - YENİLİK
Bu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik MƏLUMAT YAYDI