Azərbaycan qlobal bağlantıların mərkəzində
Qlobal iqtisadi münasibətlərin yeni mərhələsində Azərbaycan investisiya qəbul edən ölkə olmaqla yanaşı, kapitalın, texnologiyanın, enerjinin və ticarət axınlarının birləşdiyi mühüm regional platformaya çevrilməsi ilə diqqət çəkir. Dünya iqtisadiyyatında son illər baş verən proseslər də investisiyaların istiqamətinə və mahiyyətinə ciddi təsir göstərir.
Təchizat zəncirlərinin yenidən qurulması, geosiyasi dəyişikliklərin baş verməsi, yeni nəqliyyat marşrutlarının meydana çıxması, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması, rəqəmsal transformasiya və süni intellektin iqtisadi fəaliyyətə sürətlə nüfuz etməsi kapitalın hərəkətində yeni meyarlar formalaşdırır. Artıq investor üçün təkcə yüksək gəlirlilik deyil, həm də sabitlik, təhlükəsizlik, etibarlı logistika, enerji təminatı, bazarlara çıxış və uzunmüddətli proqnozlaşdırma imkanı mühüm əhəmiyyət daşıyır.
Məhz belə bir qlobal şəraitdə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mövzusu - "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal əlaqəliliyin və investisiya sabitliyinin dayağı kimi" - xüsusi aktuallıq kəsb edir. Prezident İlham Əliyevin forum iştirakçılarına 24 sentyabr 2026-cı il tarixli müraciəti də bu reallıq haqqında aydın təsəvvür yaradır. Dövlət başçısı qlobal iqtisadi münasibətlərin sürətlə dəyişdiyini, təchizat zəncirlərinin yenidən formalaşdığını, yeni nəqliyyat, enerji və texnoloji əlaqələrin yarandığını vurğulayaraq, belə şəraitdə sabitlik, əlaqəlilik və etibarlı tərəfdaşlığın investisiyalar üçün əhəmiyyətinin artdığını diqqətə çatdırır.
Bu baxımdan Bakının ev sahibliyi etdiyi forumun gündəliyi Azərbaycanın iqtisadi inkişafının mövcud mərhələsi ilə səsləşdiyi üçün mühüm əhəmiyyət kəsb edir. Çünki ölkənin qarşısında duran əsas vəzifələrdən biri daxili investisiya imkanlarının genişləndirilməsi ilə yanaşı, respublikamızı regional və qlobal kapital üçün daha cəlbedici mərkəzə çevirmək, xarici sərmayəni yeni texnologiyalar, istehsal imkanları, insan kapitalı və qlobal dəyər zəncirləri ilə əlaqələndirməkdir.
İnvestisiya mühitinin ən mühüm komponentlərindən biri etimaddır. Kapital sahibinin uzunmüddətli layihəyə vəsait yatırması üçün, ilk növbədə, həmin ölkənin iqtisadi və institusional sabitliyinə inanması lazımdır. Bu mənada Azərbaycanın son illər formalaşdırdığı makroiqtisadi sabitlik və biznes mühiti xarici investorlar üçün mühüm baza yaradır.
Prezident İlham Əliyevin müraciətində də Azərbaycanın qlobal qeyri-müəyyənlik və geosiyasi çağırışlar fonunda dayanıqlıq nümayiş etdirdiyi vurğulanır. Ölkənin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri məhz iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi və yeni artım mənbələrinin formalaşdırılmasıdır.
Rəsmi məlumatda qeyd edildiyi kimi, 2020-ci ildən etibarən, qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla illik 5 faiz səviyyəsində olub, qeyri-neft sənayesi 1,5 dəfə, qeyri-neft ixracı isə təxminən iki dəfə çoxalıb. Nəticədə 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə yüksəlib. Bu rəqəmlərin iqtisadi mahiyyəti isə ondan ibarətdir ki, Azərbaycanın inkişaf modeli tədricən yalnız karbohidrogen gəlirlərindən asılı strukturdan daha çoxşaxəli iqtisadi sistemə transformasiya olunub.
Bununla belə, beynəlxalq qiymətləndirmələr respublikanın qarşısında duran vəzifələrin də miqyasını göstərir. Beynəlxalq Valyuta Fondu 2026-cı il üzrə Azərbaycanla bağlı qiymətləndirməsində iqtisadi şaxələndirmənin, özəl sektorun inkişafının, məhsuldarlığın artırılmasının, maliyyə bazarlarının dərinləşdirilməsinin və dövlət müəssisələrinin səmərəliliyinin yüksəldilməsinin orta müddətli inkişaf baxımından mühüm olduğunu bildirir. Fond, eyni zamanda, keçən il qeyri-hidrokarbon sektorunda artımın 2,7 faiz olduğunu, cari il üçün isə qeyri-neft artımını 3,7 faiz proqnozlaşdırdığını açıqlayır.
Deməli, investisiya siyasətinin yeni mərhələsi üçün əsas məsələ təkcə kapitalın həcmini artırmaq deyil. Burada söhbət həmin kapitalın iqtisadiyyatın məhsuldarlığını, ixrac imkanlarını və texnoloji səviyyəsini yüksəldən layihələrə istiqamətləndirilməsindən gedir.
Azərbaycanın investisiya siyasətində qeyri-neft sektorunun xüsusi yer tutması təsadüfi xarakter daşımır. Çünki əvvəlki mərhələdə ölkəyə böyük həcmdə investisiyalar əsasən enerji sektoruna yönəldilirdisə, indi investisiya gündəliyi daha geniş sahələri əhatə edir. Emal sənayesi, metallurgiya, kənd təsərrüfatı və qida sənayesi, logistika, turizm, rəqəmsal texnologiyalar, süni intellekt, bərpa olunan enerji, su təsərrüfatı, maliyyə xidmətləri, infrastruktur və digər yüksək əlavə dəyər yaradan sahələr yeni investisiya xəritəsinin əsas istiqamətlərindəndir.
Bu baxımdan sənaye parklarının və Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti getdikcə artır. İnvestor üçün hazır infrastrukturun, vergi və gömrük güzəştlərinin, istehsal və logistika imkanlarının mövcudluğu layihənin reallaşma xərclərinə və vaxtına birbaşa təsir göstərir.
Azərbaycanın investisiya siyasətində dövlət-özəl tərəfdaşlığı mexanizminin genişləndirilməsi də bu prosesin mühüm hissəsidir. Dövlətin infrastruktur və institusional imkanları ilə özəl sektorun maliyyə və idarəetmə təcrübəsinin birləşdirilməsi iri layihələrin həyata keçirilməsi üçün əlavə imkan yaradır.
Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri bunun konkret nümunəsidir. 2025-ci ildə keçirilən forum çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlərin imzalanması da bunun bariz ifadəsidir. Həmin göstəricinin 7 milyard dollardan çox hissəsinin qeyri-neft sektorunda xarici investisiya hesabına həyata keçirilməsi isə nəzərdə tutulan layihələrin payına düşməsi həyata keçirilən siyasətin məntiqi nəticəsidir.
Mütəxəssislərin fikrincə, burada əsas diqqətçəkən məqam investisiyaların həcmi ilə yanaşı, həm də strukturu ilə bağlı olub. Məsələn, Daşkəsən Dəmir Filizi Müəssisəsi ilə xarici investisiya şirkəti arasında yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmir istehsalına dair, təxminən, 700 milyon dollarlıq birgə müəssisə barədə razılaşma əldə edilib. Səudiyyə Ərəbistanının ACWA Power şirkəti ilə Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə dair 407 milyon dollarlıq dövlət-özəl tərəfdaşlığı müqaviləsi də imzalanıb.
Bu layihələr investisiyanın Azərbaycanın xammal ixrac edən iqtisadiyyatından daha çox emal, sənaye, infrastruktur və texnoloji əməkdaşlıq modelinə keçidindəki rolunu nümayiş etdirir. İnvestisiya qərarlarında coğrafi mövqenin əhəmiyyətinin son illər daha da artmasının başlıca səbəblərindən biri isə qlobal təchizat zəncirlərinin dəyişməsidir.
Azərbaycan Şərq - Qərb və Şimal - Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Bu mövqe ölkəyə təkcə tranzit gəlirlərinin artırılması deyil, həm də logistika, anbar, emal, istehsal və ticarət fəaliyyəti üçün əlavə imkanlar yaradır.
Orta Dəhliz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Azərbaycan və Cənubi Qafqaz vasitəsilə Türkiyə və Avropa ilə birləşdirən marşrutun inkişafı regionun iqtisadi xəritəsində Azərbaycanın rolunu gücləndirir. Tranzit yolunun üzərində olmaq, əlbəttə, özlüyündə kifayət deyil. Əsas məsələ həmin marşrutun ətrafında əlavə iqtisadi dəyərin formalaşdırılmasıdır. Başqa sözlə, Azərbaycan üçün hədəf yalnız yükün ərazidən keçməsi yox, logistika mərkəzlərinin, sənaye müəssisələrinin, anbar komplekslərinin, xidmət sektorunun və ixracyönümlü istehsal sahələrinin bu nəqliyyat sisteminə inteqrasiyasıdır.
Prezidentin müraciətində Zəngəzur dəhlizi - TRIPP marşrutu kimi tanınan layihə də bu baxımdan Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək amillərdən biri kimi təqdim edilir. Bu infrastrukturun reallaşdırılması nəqliyyat bağlantıları ilə yanaşı, ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanların meydana çıxmasına şərait yarada bilər. Beləliklə, Azərbaycanın coğrafi üstünlüyü tədricən iqtisadi üstünlüyə çevrilən strateji aktiv kimi diqqət çəkir.
Adil Hüseynov - Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?